Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:26

Taleh Bağırzadəyə məktub: 'Səni ömürlük zindana məhkum etmək istəyənlər...'


İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Joe Biden.
İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Joe Biden.

Dövlət başçısı İlham Əliyevin xarici səfərləri, həbsdə olan Taleh Bağırzadəyə məktub, ölkədə turizmin problemləri və maliyyə bazarındakı qeyri-sabitlik bu gün medianın aparıcı mövzusudur...

UĞURLU XARİCİ SİYASƏT

«Azərbaycan» qəzetində dərc edilən «12 ölkəyə 16 səfər» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin 2016-cı ildə xarici səfərləri dəyərləndirilir.

Müəllif yazır ki, yürüdülən xarici siyasət nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazda yox, Şərqi Avropada da güclü dövlət kimi qəbul edilir: «Məhz prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Azərbaycan beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etdiyi kimi, xaricdə də aktiv şəkildə təmsil edilir. Bu özünü 2016-cı ildə də göstərib».

Bu sırada müəllif dövlət başçısının Münhen Təhlükəsizlik Konfransında, Davos Forumunda. Vaşinqton Nüvə Sammitində iştirakını xatırladır.

Məqalədə vurğulanır ki, İ.Əliyevin 2016-cı ildə xarici ölkələrə etdiyi səfərlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin, xalqın maraqlarına xidmət etdiyini göstərir: «Prezident İlham Əliyevin son 13 ildə Azərbaycan dövlətinin xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun dünyanınayrı-ayrı subyektləri ilə siyasi və iqtisadi əməkdaşlığı tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurulub və keyfiyyətcə yeni mərhələyə yüksəlib».

Müəllif qeyd edir ki, dövlət başçısı ötən il ümumilikdə 12 ölkəyə 16 uğurlu səfərlər edib.

Zümrüd Yağmur
Zümrüd Yağmur

TALEH BAĞIRZADƏYƏ MƏKTUB

Azadliq.info saytında «İlham Əliyev və komandası özünü təbrik edə bilər» sərlövhəli yazı diqqət çəkir. Zümrüd Yağmurun müəllifi olduğu yazıda hazırda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadəyə xitab edilir.

Z.Yağmur yazır ki, 2016-ci ildə, az qala, bütün insanlara ümidinin qırıldığı vaxt onu tanıyıb: ««Nardaran işi» adı ilə gedən məhkəmədə və ilk vaxtlardan formalaşan səmimi münasibətlərimiz sonra elə bir doğmalığa çevrildi ki, hətta məni «32 il sonra tapdığın bacın» elan etdin. Sən də mənim 32 il sonra tapdığım qardaşım oldun. Bioloji deyil, heç özüm belə anlamadığım bir bağla, duyğu ilə bağlandım sənə qardaşım…».

Müəllif Taleh Bağırzadəyə yazır ki, «hakimiyyət səni dustaq etməyib, sən cəsarət və dözümünlə onları dustaq etmisən».

«Səndən, səninlə bərabər (Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlı da T.Bağırzadə ilə həbsdədir) bu ölkədəki zülmü dəf etməyə çalışan və səmimi olan hər kəsdən əminəm. Sən və zindanlarda yatan gerçək, səmimi qəhrəmanların cəsarəti bu gün ölkəni idarə edənlərin zülm zirvəsini fəth etməsinəzəmin yaratdı. Bu gün onlar qalib sayıla bilər, amma hələ son deyil. Heç deyil, hələ sonun gəlməsinə var. Səni ömürlük zindana məhkum etmək istəyənlər, əslində, özlərini tarixin qara səhifələrinə həbs etdilər, xəbərləri yox… Və əgər bu qələbədirsə, qoy onda İlham Əliyev və komandası özünü təbrik etsin».

Muzey.
Muzey.

AŞAĞI SERVİS, BAHA QİYMƏT

«Exo» qəzetində «Azərbaycanın milli muzeyləri turist qəbuluna hazır deyil» sərlövhəli məqalə oxumaq olar. Yazıda mövzu ekspert Əli Abuzərovla müzakirə edilir:

«Azərbaycan milli muzeyləri turistləri, xüsusilə ərəb ölkələrindən olan turistləri qəbul etməyə hazır deyil. Ölkədə ərəb dilində danışanlara kəskin ehtiyac var. Təbii ki, bu da Azərbaycanın turizm bazarının imicinə müsbət təsir göstərmir»,-deyə Ə.Abuzərov qeyd edir.

Ekspert deyib ki, muzeylərin qiymət siyasəti də ürəkaçan deyil. Onun fikrincə, qiymətlərin qaldırılması düzgün deyil: «Bu gün biletlərin qiymətlərinə yenidən baxılması üçün əlverişli vaxt deyil. Birincisi ona görə ki, iqtisadi böhran bir çox ölkələrin əhalisinin cibinə zərbə vurub. Hətta istirahət zamanı belə, turistlər artıq pullarına qənaət edirlər. İkincisi, Azərbaycanın turizm sektoru kifayət qədər inkişaf etməyib. Odur ki, qiymətlərin qaldırılması, hələ, çox tezdir. İndiki halda 8 manata bir bilet satmaqdansa, 2 manatdan 10 bilet satmaq daha sərfəlidir».

Ə.Abuzərov deyib ki, ərəb turistlər Azərbaycanın tarixi yerləri ilə çox az maraqlanırlar. Ekspertə görə, ərəb turistləri Azərbaycana daha çox əyləncədən ötrü gəlirlər

Ə.Abuzərov hesab edir ki, otellərdəki şişirdilmiş qiymətlər, xidmətin yüksək olmaması da Azərbaycan turizm sektorunun inkişafını ləngidən başlıca amillərdəndir.

Manat
Manat

SABİTLƏŞMƏYƏN MALİYYƏ BAZARI

«Novoye Vremya» qəzetində isə «Maliyyə sektorunu necə sabitləşdirməli?» sualına cavab axtarılır.

Müəllif yazır ki, maliyyə və bank sektoru bir-birini tamamlayır. Onların birində problemlər, istər-istəməz, digərinə də sirayət edir.

Yazıda qeyd edilir ki, devalvasiyalar zamanı bu məsələ özünü kəskin şəkildə göstərib: «Təkcə maliyyə sabitliyi pozulmamışdı, bütün maliyyə sistemi dağılmaq həddində idi...».

Müəllifə görə, bəzi tədbirlərə baxmayaraq, maliyyə bazarının sabitləşdiyini söyləmək olmaz.

Yazıda vurğulanır ki, 2016-cı ildə Azərbaycanın maliyyə və sığorta sektoruna investisiya qoyuluşu azalıb: «Burada nə demək olar ki? Əgər əhalinin maliyyə sektoruna inamı itirsə, başqa nəticə gözləməyə dəyməz».

Yazıda Azərbaycanın maliyyə sektorunun acınacaqlı hala düşməsi bütünlükdə ölkədəki iqtisadi vəziyyətlə izah edilir: «Odur ki, nə yerli, nə də xarici investorlar maliyyə sahəsinə yatırım qoymaqla riskə getmək istəmirlər».

Azərbaycanın sığorta bazarına gəlincə, müəllif bu bazarın həmişə zəif olduğunu düşünür: «Maliyyə sektoruna investisiyanı bütün iqtisadiyyat sağlamlaşdırıldıqda cəlb etmək olar».

XS
SM
MD
LG