Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:36

Norveç Neft Fondu necə işləyir?


Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır
Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır

Norveçdə neft gəlirlərini idarə edən fond Dövlət Pensiya Fondu adlanır. Fondun adı keçən ildən dəyişdirilib. Əslində, məntiqidir, çünki bu fond xalqa məxsus gəlirin idarəsiylə məşğuldur. Amma fondun funksiyası dəyişməyib. Norveç fondu neft gəlirlərinin xərclənməsinin şəffaflığını təmin edir.


Fondun iki məqsədi var; Neftdən gələn gəlirin düzgün xərclənməsini təmin etmək və Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək üçün vəsait toplamaq.


Dövlət Pensiya Fondunun sahibi xalqdır, idarə edəni isə Norveçin Bank İnvestisiyaları İdarəsi. Bu idarə ölkə neftindən gələn gəlirin bir hissəsini sərmayəyə qoyub neft fondunun vəsaitini artırmaqla məşğul olur.


Hər il dövlətin neft əməliyyatlarından gələn gəlir neft fonduna gedir. Məsələn, keçən il Norveç hökuməti fonda 14 milyard dollar köçürüb. Fond isə bu vəsaiti idarə etmək, sərfəli sərmayələr qoymaq üçün işə əcnəbi ekspertləri də götürür. Onlar da vəsaiti Avropa ölkələrində, Asiyanın səhm bazarlarında bərabər bölürlər.


Sərmayənin limiti keçməməsinə Maliyyə Nazirliyi nəzarət edir, fonda görə nazirlik məsuliyyət daşıyır.


Fondun sərmayənı hara qoyduğuna da nəzarət var. Buna fondun Etik Şurası nəzarət edir. Şura 2004-cü ildə yaradılıb və iki ildən sonra fondun sərmayə qoyduğu şirkətlərin siyahısı dəyişib. Məhz Etik Şuranın tələbinə uyğun olaraq, 2006-cı ildən fond nüvə raketləri, silah, tütün istehsalıyla məşğul olan şirkətlərə sərmayə qoymur. Keçən il dünyanın ən böyük supermarketlər şəbəkəsi - Amerikanın «Wal-Mart» korporasiyası fondun siyahısından çıxarıldı, çünki bu korporasiya işçilərin haqlarını pozmaqda, ayrı-seçkilikdə, uşaq əməyindən istifadədə günahlandırılırdı.


Deyirlər ki, norveçlilər neft istehsal edəndən 20 il sonra başa düşdülər ki, onların sərvəti daimi deyil və 1990-cı ildə Norveç parlamentinin qərarıyla Neft Fondu yaradıldı. O vaxtdan fond neft gəlirlərinin səhm və istiqrazlara çevrilməsiylə məşğuldur. 1998-ci ildən isə fonda icazə verildi ki, vəsaitinin 50 faizini beynəlxalq səhm bazarına qoysun. İndi fondun 292 milyard yarım dolları var və Avropada ən nəhəng pensiya fondu hesab olunur. İki ildən sonra fondun 500 milyard dolları olacağını gözləyirlər. Hazırda fondun vəsaitini əhali arasında bölsələr, hər norveçliyə 30 min dollara yaxın pul düşür.


Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır. Amma bu ölkənin neft gəlirlərinin idarəsi göstərir ki, neft stabilliyə, uzunmüddətli inkişafa həmişə maneə deyil.


XS
SM
MD
LG