Keçid linkləri

2024, 28 İyun, Cümə, Bakı vaxtı 00:02

ABŞ Ukraynaya Amerika silahı ilə bütün Rusiya sərhədi boyunca zərbələrə icazə verdi


Pentaqonun nümayəndəsi general-mayor Patrik Rayder
Pentaqonun nümayəndəsi general-mayor Patrik Rayder

ABŞ Ukraynaya təkcə Xarkov vilayəti ilə həmsərhəd yox, bütün Rusiya sərhədi boyunca Amerika silahları ilə zərbələr endirilməsinə icazə verib.

Politico və Reuters yazırlar ki, prezident Co Bayden mayın sonlarında Ukraynaya Xarkov vilayəti ilə həmsərhəd Rusiya bölgələrinə Amerika silahından zərbə endirilməsinə məxfi qaydada icazə vermişdi.

Pentaqonun nümayəndəsi general-mayor Patrik Rayder deyib ki, bu məsələdə ABŞ siyasətinin dəyişməz olaraq qalmasına baxmayaraq, Ukraynanın Rusiya qoşunlarına qarşı ABŞ silahlarından istifadə etməsi yalnız Xarkov vilayəti ilə həmsərhəd Rusiya bölgələri ilə məhdudlaşmır.

Rayder deyib ki, bu, əslində “cavab atəşi açmaq siyasətidir”.

“Bu, özünümüdafiədir”

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan PBS telekanalına müsahibəsində demişdi ki, Ukrayna ilə razılaşmaya görə Kiyev ABŞ silahı ilə sərhədi keçməyə və əlavə ərazilər zəbt etməyə çalışan Rusiya hərbçilərinə istənilən yerdə zərbə endirə bilər.

Müşavir bildirmişdi ki, “bu, özünümüdafiədir və ona görə də belə bir imkana malik olmaq ağlabatandır”.

Media xəbərlərinə görə Ukrayna hərbçiləri Rusiya ərazisinə zərbələr endirilməsi üçün artıq Qərb silahlarından istifadə ediblər.

AFP mənbələrə istinadla bildirirdi ki, Ukrayna qoşunları Qərb silahları ilə Rusiyanın Krasnodar diyarına zərbələr endirib. Agentlik söhbətin konkret olaraq hansı silahdan getdiyini açıqlamamışdı.

Patriot, HIMARS və başqaları

Almaniyanın Bild qəzeti də mənbələrə istinadla yazırdı ki, Ukrayna azı bir dəfə Almaniyanın ona verdiyi Patriot raket sistemindən hücum edən Rusiya təyyarələrinə atəş açıb.

Associated Press respublikaçı senator Mayk Raundsa istinadla bildirib ki, Co Bayden Xarkov vilayəti ilə həmsərhəd Rusiya ərazisinə zərbələrə icazə verdikdən sonra Ukrayna silahlı qüvvələri Rusiya ərazisinə hücumlar üçün Amerika silahlarından istifadə ediblər.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə Ukrayna iyunun əvvəllərində ABŞ istehsalı HIMARS zenit-raket qurğusundan Rusiyanın Belqorod vilayətindəki S-300/400 qurğularına zərbələr endirib.

Bundan əvvəl bir sıra Avropa ölkələri də Ukraynaya onların silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə vermişdilər.

XS
SM
MD
LG