Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:33

Kəndlərin Azərbaycana qaytarılmasına etiraz edən keşiş Yerevana yürüşə başlayıb


Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan (Sarbazyan)
Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan (Sarbazyan)

Ermənistanda yerli arxiyepiskop Baqrat Qalstanyanın (əls soyadı Sarbazyandır-red) başçılığı ilə bir neçə yüz etirazçının paytaxt Yerevana yürüşü davam edir.

Onlar Azərbaycana aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına dair Ermənistan hökumətinin qərarına etiraz edirlər.

Yürüş ötən şənbə günü Ermənistanın sərhədyanı Tavuş mərzindən başlanıb.

Baqrat Qalstanyan deyib ki, onun etiraz aksiyası “gözlənilmədən güc toplayır” və xalq kütlələrinin dəstəyini qazanır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, yürüşçüləri yavaş sürətlə bir qrup avtomobil müşayiət edir.

Yürüşçülərin Yerevana mayın 9-da çatacaqları gözlənilir.

Yürüş müxalifət və Kilsə tərəfindən dəstəklənir

Baş nazir Nikol Paşinyan hakimiyyətinin tənqidçiləri deyirlər ki, Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhədin demarkasiyası təkcə Tavuş bölgəsi üçün deyil, bütünlükdə Ermənistan üçün kəskin təhlükə yaradır.

Arxiyepiskopun başcılıq etdiyi yürüşçülər Ermənistanın kəndləri Azərbaycana qaytarmasına və bütövlükdə iki ölkə arasında sərhədin demarkasiyasına etiraz edirlər.

Azatutyun yazır ki, keşişin aksiyası müxalifət tərəfindən güclü şəkildə dəstəklənir.

Yürüşçülər mayın 6-da
Yürüşçülər mayın 6-da

Azatutyunun yazdığına görə Qalstanyan Yerevandakı hərəkətlərinin təfərrüatlarını hələki açıqlamayıb.

O və tərəfdarları baş nazir Nikol Paşinyanın istefasını tələb edib-etməyəcəklərini də bildirmirlər.

Qalstanyan bu barədə deyib:

“Bu hərəkatın bütün məğzi ruhani xarakter daşıyır. Həqiqət ölkəmizdəki yalanı məğlub etməlidir. Artıq yetər. Görək bu nəyin bahasına başa gələcək”.

Erməni Kilsəsi arxiyepiskopu tam dəstəklədiyini bəyan etsə də, onun heç bir siyasi ambisiyaya malik olmadığını əlavə edib.

İqtidar çəkinmədiyini deyir

İki həftədir ki, arxiyepiskopu son dərəcə ağır sözlərlə tənqid edən Paşinyan tərəfdarları bildirirlər ki, onları Ermənistan paytaxtında keçiriləcək hər hansı antihökumət aksiyası narahat etmir.

Onlardan biri, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib ki, hökuməti devirməyə yönəlmiş bütün cəhdlər əbəsdir:

“Mən heç başa düşə bilmirəm ki, bu nə hərəkatdır. Çünki bizdə teokratiya quruluşu mövcud deyil”.

Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Narek Babayan deyib:

“Bu Ermənistanı müharibəyə aparan və Rusiyanın ucqar vilayətinə çevirən prosesdir. Ona görə də düşünmürəm ki, Ermənistan vətəndaşları onu dəstəkləyəcəklər”.

Hakim partiyadan millət vəkili Aruşak Culakyan da yürüşü “qeyri-ciddi hərəkət” adlandırıb.

Qalstanyan isə iddia edir ki, Paşinyan və partiyası onun başçılıq etdiyi hərəkatdan qorxub.

O iddia edib ki, guya hakim partiyanın vəzifəli üzvləri ona qoşulmaq niyyəti ilə məxfi mesajlar göndərirlər.

Hökumət sərhəd bölgəsində güclü polis kontingenti saxlayır

Azatutyunun yazdığına görə Yerevana yürüş qərarı hakimiyyət həmsərhəd Kirants kəndində etirazı dağıtdıqdan və qısa müddət üçün 30-dək etirazçını saxladıqdan sonra qəbul edilib.

Onlar hakimiyyət orqanlarının ərazini minalardan təmizləməsinə mane olmağa çalışırdılar. Etirazçılar deyirdilər ki, bu, həmin ərazilərin Azərbaycana verilməsinə hazırlıqdır.

Bu da xəbər verilir ki, Tavuş rayonu ərazisində güclü polis və təhlükəsizlik kontingenti hələ də saxlanmaqdadır.

Yürüş edənlərin arasında azı iki müxalifət deputatının olduğu bildirilir. Onlar iki gecəni Tavuşda orta əsrlərə aid Hağartsin monastırında keçiriblər.

Azatutyun yazır ki, Paşinyanın siyasi müttəfiqləri və tərəfdarları Qalstanyanın hərəkətlərini sərt tənqid və hətta təhqir edirlər.

Aprelin 30-da Ermənistan Milli Məclisində keçirilən sessiyada hakim partiya deputatları 52 yaşlı yepiskopu “Rusiya casusu” olmaqda ittiham ediblər.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.

Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 40 dirək artıq vurulub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG