Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 10:36

Azərbaycan şirkətinin ABŞ sanksiyalarına düşməsinin ölkəyə ziyanı... (Video)


Sanksiya qoyulan Azərbaycan şirkətinin təmsilçisi AzadlıqRadiosuna danışdı
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Sanksiya qoyulan Azərbaycan şirkətinin təmsilçisi Azadlıq Radiosuna danışdı

ABŞ Maliyyə Nazirliyi mayın 1-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora 200-dən artıq şəxs və şirkəti əlavə edib.

Onlardan biri də Azərbaycanda mənzilləndiyi bildirilən "Lahic Energy" şirkəti və onunla əlaqəli Yevgeni Əliyevdir. Sənəddə Y.Əliyev Rusiya hərbi sənayesi ilə sıx əlaqələri olan vasitəçilər şəbəkəsini koordinasiya edən təchizat agenti kimi göstərilir. "Əliyevin təchizat şəbəkəsinə "Lahic Energy" MMC, "GMM FZE" və "GMM Management" şirkətləri daxildir", - ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Sanksiya siyahısında adı çəkilən şirkətlərin birindən anonimlik şərti ilə AzadlıqRadiosuna bildirilib ki, Azərbaycanda layihə həyata keçirməyi planlaşdırıblar: "Biz avadanlığın alınması üçün Rusiyadan partnyoru götürmək istəyirdik. Layihəni dayandırıblar, icazə verməyiblər. Bütün bunlar bir il əvvəl olub. Amma buna baxmayaraq bir il sonra belə bir anlaşılmaz qərar çıxıb".

Mənbənin sözlərinə görə, hərbi-sənaye yardımından heç bir söhbət gedə bilməz: "Burada işıq-diod layihəsi üçün avadanlıqdan söhbət gedir. Ola bilsin ki, bütün bunlar əməkdaşlıq etdiyimiz Rusiya şirkətinə görədir".

Şirkət qərardan apellyasiya verilməsi barədə düşünür.

"Lahic Energy" şirkətinin rəsmi internet səhifəsi ötən günə qədər fəaliyyətdə olsa da, bu gün, mayın 2-dən sayta girişdə müxtəlif texniki problemlər yaranıb.

Rasim Musabəyov
Rasim Musabəyov

"Azərbaycana heç bir mənfi təsiri olmayacaq"

Milli Məclisin deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, ilk növbədə sözügedən şirkətin rəhbərliyinin kimliyini araşdırmaq lazımdır. Onun ehtimalina görə, çox güman ki, o, Rusiyada yaşayan Azərbaycan əsilli şəxsdir: "Ukrayna ilə müharibə başlayandan, sanksiyaların tətbiqindən sonra bir çoxları gəlib Qazaxıstanda, Azərbaycanda, Ermənistanda, Gürcüstanda şirkət açıblar. Axtarmaq lazımdır ki, bu adam Azərbaycana nə dərəcədə aiddir".

Deputat hesab edir ki, bu sanksiyaların Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Bu şirkətə qarşı sanksiyalar qəbul olunubsa, sadəcə həmin şirkətin bank hesablarını bağlayacaqlar, bununla da Azərbaycan ərazisində bütün əməliyyatlar dayandırılacaq. Ancaq mən istisna etmirəm ki, onun bundan başqa bir neçə şirkəti qeydiyyatdan keçib".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Dövlətimiz də zərər görə bilər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra ona qarşı sanksiyalar da getdikcə sərtləşir: "Sanksiyaların içində Rusiyanın vətəndaşları, oliqarxları, şirkətləri zaman-zaman yer alır. Amerika o şirkətləri və iş adamlarını hədəf alır ki, onlar Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirlər. Buna görə hətta Çin və Türkiyə ehtiyatlı mövqeyə keçiblər, Hindistan Rusiya ilə ticarət əlaqələrini azaldıb".

Politoloqun fikrincə, Azərbaycan da bu məsələdə diqqətlidir: "Baxmayaraq ki, Rusiya ilə müəyyən münasibətlərimiz var, amma Ukraynada müharibə davam etdikcə Rusiya ilə hərbi sənaye sahəsində əməkdaşlığın riskləri böyükdür".

O hesab edir ki, "Lahic Energy" şirkəti ilə bağlı araşdırma aparılmalıdır: "Baxılmalıdır ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirmi? O nəticəyə gəlinsə ki, bu şirkət, həqiqətən, Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir, onda qəti qərar verilməlidir. Yox, bilinsə ki, elə deyil, açıqlama olmalıdır. Şirkət sanksiyalar altına düşübsə, onun Amerika və Avropa ilə əlaqələrində ciddi problemlər yaşanacaq, üstəgəl, bundan dövlətimiz də müəyyən qədər zərər görə bilər".

Ərəstun Oruclu
Ərəstun Oruclu

"...özlərinə haqq qazandırmağa çalışırlar"

"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, bütün sanksiyaya düşən şirkətlər məlumatları təkzib etməklə özlərinə haqq qazandırmağa çalışırlar: "Ortada konkret müqavilə yoxdursa, həmin müqavilə əsasında məhsullar çatdırılmayıbsa, sonradan onlar üçüncü bir ünvana göndərilməyibsə, adətən sanksiyalar tətbiq olunmur. Sanksiya hüquqi aktdır. Bu hüquqi akt həyata keçirilməzdən əvvəl bütün bu məsələlər aydınlaşdırılır və diqqətlə öyrənilir. Söhbət o məhsulu göndərən şirkətin özünün də yoxlanmasından gedir. Fərqi yoxdur, istər ABŞ şirkəti olsun və ya başqa bir ölkənin şirkəti olsun. Mütləq bütün bu məsələlər araşdırılır".

Oruclunun sözlərinə görə, əldə tutarlı faktlar olmasaydı, hansısa şirkətin adı sanksiya siyahısına salınmazdı.

Xatırlama

Hələ 2014-cü ildə Rusiya Ukraynaya məxsus Krim bölgəsini ilhaq edəndə bu ölkəyə qarşı Qərbin sanksiyaları başlayıb. 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra sanksiyalar genişlənib. Azərbaycan sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır.

2022-ci il fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə iki ölkə arasında siyasi, iqtisadi, bank əməliyyatları və bir sıra başqa sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG