Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 16:30

'Bank Respublika'da müştərilərin əmanətləri 'Tik-Tok' hədiyyələrinə xərclənib


Tik-Tok
Tik-Tok

Sabirabad sakinlərinin banka yatırdığı əmanətlər "Tik-Tok" sosial şəbəkəsində hədiyyə paylanmasına xərclənib. "Bank Respublika"nın Sabirabad filialında səkkiz əmanətçinin başına belə bir olay gəlib. Toplam 160 min manata yaxın yeyintidən söhbət gedir.

"Bank Respublika"nın Sabirabad filialının korporativ müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynov əmanətçilərin pulları hesabına "Tik-Tok"da istifadəçilərə hədiyyələr göndərməkdə suçlanır. Bu bankda 13 il çalışmış mütəxəssis ötən ilin mayında – əmanətlərlə bağlı problemin üstü açılandan sonra işdən çıxarılıb. Ardınca onun haqqında 158 min 969 manatlıq yeyinti ittihamı ilə cinayət işi başlanıb. R.Hüseynova külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi ittihamlar verilib. Özü həbs edilməsə də, haqqında istər istintaq, istərsə məhkəmə dövrü üçün polis nəzarəti qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarına görə, səkkiz Sabirabad sakininin bankdakı pulları ilə bağlı müqavilələrə onlardan xəbərsiz xitam verilib. İddia edilir ki, təqsirləndirilən bank əməkdaşı bu işi görüb. Sözügedən sakinlərin hesabındakı pullar ya özünün, ya da anasının adına olan bank hesabına köçürülüb və həmin hesablardan da "Tik-Tok"a yönləndirilib.

"Öyrənmişdim ki, pulla alınan virtual hədiyyənin dəyərini…"

Təqsirləndirilən şəxsin 40 yaşı var. O, məhkəmədə bildirib ki, məqsədi "Tik-Tok" vasitəsilə pul qazanmaq olub. Onun sözlərinə görə, bu sosial şəbəkədə istifadəçilərin paylaşımlarına pulla müxtəlif nişanlar alınır, hədiyyə göndərilir. Hədiyyəni alan istifadəçi həmin nişanları "Tik-Tok"dan pul şəklində nağdlaşdıra bilir. Bir sıra hallarda hədiyyəni alan şəxs onu göndərənə də eyni formada qarşılıq verir – o da nişan şəklində pul göndərir: "Öyrənmişdim ki, pulla alınan virtual hədiyyənin dəyərini "Tik-Tok"dan iki ay ərzində geri qaytarmaq mümkündür. "Tik-Tok"a yazırsan ki, həmin hədiyyə səhvən alınıb, bu üzdən pulun geri qaytarılmasını xahiş edirəm. Pul geri qaytarılır. Belə olan halda, həm hədiyyəyə xərclədiyin pulu geri alırsan, həm də müxtəlif istifadəçilərin, qarşılıq olaraq, sənə göndərdiyi nişanları nağdlaşdırıb pula çevirirsən".

"Bilmirdim ki, bu şəbəkədə belə qayda var..."

R.Hüseynovun sözlərinə görə, bu yolla öncə kiçik məbləğlərlə pul qazanmağı sınaqdan keçirib və uğurlu alındığından daha böyük məbləğlər yatırmaq qərarına gəlib. Özünün pulu olmadığına görə bank müştərilərinin pullarından yararlanmaq istəyib. Amma bu dəfə cəhdi uğursuz olub – nişanları almağa xərclədiyi vəsaiti "Tik-Tok"dan geri ala bilməyib: "Bildirildi ki, həmin hədiyyələri "Tik-Tok"un elektron mağazasından yox, saytından almışam. Buna görə də hədiyyələrə xərclənın pulu geri qaytarmaq mümkün deyil. Bilmirdim ki, bu şəbəkədə belə qayda var...".

O, əməlindən çox peşman olduğunu vurğulayaraq əlavə edib ki, banka vurduğu zərərin məbləği artıq hesablanıb. Məsələn, hesabda qalan 22 min manat toplam ziyandan çıxılmayıb.

7 il həbs cəzası kəsilib

"Bank Respublika"dakı sistemə görə, yalnız bir işçi müştəri ilə müqaviləyə xitam verə bilməz. Onun hazırladığı müqaviləni başqa mütəxəssis də imzalamalıdır.

Digər mütəxəssislər məhkəmədə dindirilərkən Railin uzun müddətdir iş yoldaşları olduğunu, ona güvəndiklərini deyiblər. Elə bu üzdən onun hazırladığı sənədə şübhə ilə yanaşmadıqlarını, ayrıca yoxlamaya ehtiyac duymadıqlarını, yönləndirilən sənədi imzaladıqlarını bildiriblər.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və bank əməkdaşı məhkəmə zalındaca həbs olunub. Ona 7 il həbs cəzası kəsilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG