Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Bavariyada nazirlik sələfiliyə qarşı videonu sosial şəbəkədən silməli oldu


Almaniyanın Köln şəhərində məscid
Almaniyanın Köln şəhərində məscid

Almaniyanın cənubundakı Bavariya torpağının hakimiyyəti kəskin tənqidlərlə üzləşdikdən sonra İslam ekstremizminin təhlükələri haqqında xəbərdarlıq edən videonu X platformasından çıxarmalı olub.

AzadlıqRadiosunun təhlilçisi Karl Şrek yazır ki, videonu tənqid edənlər onu “irqçi cəfəngiyat” adlandırıblar və “nasist zəmanəsinin propaqandasına” bənzədiblər.

Bavariya Daxili İşlər Nazirliyi bu videonu sentyabrın 2-də X platformasında dərc etmişdi. Videoda vahiməli musiqi fonunda bir müsəlman ruhani dəhşətli qəhqəhələr çəkərək gənc bir qadını udur və daha sonra çoxarvadlı evdə hönkürərək döşəməni silən hicablı qadına çevrilir.

Videoda onun sünni İslamın ifrat mühafizəkar sələfilik təriqətini tənqid etməsi iddia olunsa da, video demək olar dərhal millət vəkillərinin sərt tənqidi ilə üzləşib.

Onlar nazirliyi kobud təbliğatda və antimüsəlman sentimentini qızışdırmaqda ittiham ediblər.

Solçu millət vəkillərinin tənqidi

Almaniya parlamentində Sol Partiyanı təmsil edən Nikol Qölke X platformasında yazıb:

“Bavariya Daxili İşlər Nazirliyindən sırf irqçi bir video parçası! Özü də belə bir zamanda! Biz təcridetmə və qızışdırma əvəzinə antimüsəlman iqrçiliyinə qarşı çıxmalıyıq”.

Şərhçilər qeyd edirlər ki, bu video Almaniya cəmiyyəti boyunca islamofobiyanın yüksəldiyi və antimüsəlman insidentlərin artdığı bir vaxtda üzə çıxıb. Videonun çıxması həm də Almaniyanın iki torpağında sentyabrın 1-də keçirilən seçkidə Almaniya üçün Alternativ (AfD) antimühacirət partiyasının uğuru ilə eyni vaxta təsadüf edib.

Berlin dövlət parlamentinin Sol Partiyadan olan deputatı Ferat Koçak X platformasında yazıb:

“AfD-nin yaxşı nəticələrindən təəccübümüz bitmədən nazirlikdən belə bir nifrət və qızışdırıcılıq”.

Koçak Bavariya nazirliyinin bu videosunu yəhudilərə qarşı nasist dövrü təbliğatı və karikaturaları ilə müqayisə edib.

Sol partiyadan daha bir deputat – Niema Movassat videonu “inanılmaz irqçilik” kimi səciyyələndirib.

Movassat deyib ki, Bavariya daxili işlər naziri Yoaxim Hermandan məhkəməyə şikayət verə bilər.

Nazirlik heç də tam şəkildə geri çəkilməyib

Nazirlik sentyabrın 3-də videonu sosial şəbəkədən silib və AzadlıqRadiosuna deyib ki, “qıcıqlanma və anlaşılmazlıq yaratdığına görə bu video ilə bağlı təəssüf hissi keçirir”.

Nazirliyin sözçüsü bildirib ki, bu video sələfilik və İslamın başqa ekstremist təriqətlərinin təhlükələrindən agah etmək məqsədilə keçirilən media kampaniyasının bir hissəsi olub:

“Deradikalizasiya və sələfiliyə qarşı mübarizə bizim üçün çox mühüm olduğuna görə biz bu video parçasını yenidən işləyəcəyik. Sələfiliyin təhlükələrinə göz yumula bilməz”.

Cizgi filmi şəklində çəkilmiş videoda müsəlman qadınlara kosmetikadan istifadə icazəsi olub-olmadığına dair axtarış aparan gənc qadın nəticədə sosial medianın tələsinə düşür.

Avropa Komissiyası AzadlıqRadiosuna bildirib ki, video ilə bağlı heç bir spesifik şərhi yoxdur.

Almaniyada yaşayan 5.5 milyon müsəlmandan 3 milyonu Almaniya vətəndaşıdır.

Bavariya Sosial-Demokrat Partiyasının sözçüsü Kristian Feyxtmeyer (Christiane Feichtmeier) dpa agentliyinə bildirib ki, video onda da təəssüf hissi doğurub.

O deyib ki, sələfiliyə qarşı mübarizə mühümdür, amma vergiödəyənlərin pulu belə ixtilaf yaradan işlərə xərclənə bilməz.

XS
SM
MD
LG