Keçid linkləri

2024, 03 Avqust, şənbə, Bakı vaxtı 20:24

Bayden Zelenskiyə çaşıb 'Putin' dedi


Volodimir Zelenski Co Baydenin onu "Rusiya prezidenti Vladimir Putin" kimi təqdim etməsinə reaksiya verir.
Volodimir Zelenski Co Baydenin onu "Rusiya prezidenti Vladimir Putin" kimi təqdim etməsinə reaksiya verir.

ABŞ prezidenti Co Bayden iyulun 11-də Vaşinqtonda NATO sammitinin bağlanışından sonra çoxdan gözlənən mətbuat konfransında danışıb. O, Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı hərtərəfli işğala qarşı tərəfdaşlıq qurmaq səylərindən danışıb, NATO-nu gücləndirəcəyini vurğulayıb.

"NATO-nun vaxtının keçdiyini düşünənlər (Rusiya prezidenti Vladimir) Putin Ukraynanı işğal edəndə bərk məyus oldular", -- Bayden söyləyib.

Bayden daha öncə Rusiyanın qonşusunu işğal edəcəyi ilə bağlı dünyanı xəbərdar etdiyini, buna qarşı tərəfdaşlar koalisiyası yaratdığını fəxrlə yada salıb.

Bayden deyib ki, Putin Ukraynanın bir həftədən də az vaxta çökəcəyini düşünürdü, ancaq ölkə "hələ də ayaq üstdədir".

Prezidentin səkkiz dəqiqəlik açılış nitqi onun ikinci müddətə bu vəzifəyə namizədliyi açıq sual altına alındığı bir dönəmə düşüb. İki həftə öncə Baydenin noyabrda prezident seçkisində respublikaçılardan gözlənən rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra bu mətbuat konfransı onun performansı baxımından vacib sayılırdı.

81 yaşlı Baydenin həmin debatda yorğun görünməsi, bəzən danışığında səhvləri onun Trampa qalib gələcəyi sarıdan şübhələri artırıb. Demokratlar Partiyasının tərəfdarları arasında Baydeni seçki kampaniyasından çəkilməyə çağıranların sayı artır, amma partiyanın aparıcı rəsmiləri onun ikinci müddətə prezidentliyə namizədliyinə dəstək verməyə davam edirlər.

Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə Vaşinqtonda NATO sammitinin ikinci iş sessiyasının əvvəlində söhbət edir.
Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə Vaşinqtonda NATO sammitinin ikinci iş sessiyasının əvvəlində söhbət edir.

Özü "yaxşı formada" olduğunu deyir

Baydendən ötrü bəzilərinin hətta "ölüm-qalım" məsələsi adlandırdığı bu mətbuat konfransında o, Ukrayna prezidenti Volodimir Zelenskiyə səhvən "prezident Putin" deyib.

Bundan əvvəl isə Trampı yanlış olaraq "vitse-prezident" adlandırıb.

50 dəqiqəlik sual-cavab sessiyasında reportyorlar onun ikinci prezidentlik müddətinə yararlılığını soruşanda isə Bayden kampaniyasını davam etdirəcəyini əsaslandırıb, deyib ki, nevroloji testlər onun "yaxşı formada" olduğunu göstərir. O israr edib ki, Birləşmiş Ştatları idarə etməkdən ötrü "ən yaxşı" keyfiyyətlərə malikdir.

NATO öz sammitində Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsinə dəstəyini gücləndirdiyini açıqlayıb. Çini "həlledici yardımçı" adlandırıb. Bayden mətbuat konfransında deyib ki, Putin, yaxud Çin prezidenti Si Cinpin ilə "indi də, üç ildən sonra da işləməyə hazırdır".

Amma, onun sözlərinə görə, "Putin davranışını dəyişməyə hazır olmayınca" onunla danışmağa hazır deyil: "Bizim yaxın perspektivdə Rusiyanı fundamental dəyişə biləcəyimiz real deyil. Ancaq bir şey dəqiqdir, Rusiyaya Ukraynanı işğal etməyə imkan versək, onlar Ukraynada dayanmayacaqlar".

Rusiyanın daha dərin ərazilərini vurmaq

Bayden onu da əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiya ərazisinin dərinliklərini vurmağa icazə vermək məsələsində ehtiyatlı yanaşma tutacaq.

Ukrayna prezidenti Zelenski NATO liderlərini Kiyevə verdikləri silahlardan Rusiya ərazisinə uzaq məsafəli zərbələr endirməyə qoyduqları məhdudiyyətləri qaldırmağa çağırıb.

"Onun (Zelenskinin) Moskvanı vurmaq, Kremli vurmaq qabiliyyəti olsaydı, bunun mənası olardımı? Olmazdı", -- bunu isə Bayden deyib.

Birləşmiş Ştatlar mayın əvvəlində Kiyevə ABŞ silahlarından Rusiyanın sərhəd ərazisini vurmaq icazəsi verib, məqsədin Ukraynanın Xarkov yaxınlığında Rusiyanın böyük hücumunun qarşısını almaq olduğu deyilib.

Baydenin Zelenskini "Prezident Putin" kimi təqdim etməsi, dərhal da səhvini düzəltməsindən sonra NATO-nun bəzi liderləri onun müdafiəsinə qalxıb.

Fransa prezidenti Emmanuel Makron deyib ki, Bayden ikigünlük sammit üçün məsuliyyət daşıyıb. Almaniya kansleri Olaf Şolts isə deyib ki, "dil dolaşması olan şeydir".

Sual-cavab sessiyası zamanı azı bir reportyor deyib ki, NATO rəsmiləri öz aralarında Baydenin geriləməsinin nəzərə çarpdığını söyləyiblər.

XS
SM
MD
LG