Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Ermənistandakı etiraz və müqavimətə baxmayaraq, delimitasiya davam edir


Aprelin 23-də Tavuş rayonundakı Baqrataşen sərhəd keçid məntəqəsində (Ermənistan-Gürcüstan) yolu bağlamağa can atan etirazçılar
Aprelin 23-də Tavuş rayonundakı Baqrataşen sərhəd keçid məntəqəsində (Ermənistan-Gürcüstan) yolu bağlamağa can atan etirazçılar

“Harada beton dirək görsəniz, bilin ki, ora demarkasiya olunmuş sayılır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 25-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib:

"Orada sərhədçilər dayanacaqlar, hərbçilərə görə gərginlik olmayacaq və mənim böyük ümidlərim var ki, biz bu şəkildə bütün sərhədi demarkasiya edəcəyik”.

Ermənistan hökumətinin bu məsələdə Azərbaycana birtərəfli güzəşt etməsi ilə bağlı iddialara dair suala Alen Simonyan sualla cavab verib:

"Bizim sərhədimiz olacaq. Sərhədi olmaq birtərəfli güzəştdir? Potensial təcavüzkar bizim Ermənistan sərhədimizi tanıyacaq. Bu, birtərəfli güzəştdir?”.

Aprelin 19-da Bakı və Yerevan sərhədin Tavuş-Qazax sektorunda bəzi hissələrin müəyyənləşdirilməsinə dair “ilkin razılaşmanın” əldə olunduğunu elan ediblər.

Bu da qeyd olunur ki, bu proses keçmiş Sovet İttifaqı zamanında Azərbaycan və Ermənistan arasında mövcud olmuş sərhəd xəttinə uyğun və 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılır.

Həmin bəyannaməni imzalamış ölkələr, o cümlədən Azərbaycan və Ermənistan sovet dövründə mövcud olmuş sərhədləri tanıdıqlarını təsdiq ediblər.

10-12 kilometr artıq demarkasiya olunub

Azatutyun yazır ki, əldə olunmuş razılaşmaya əsasən Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri istiqamətindən geri çəkiləcək.

Razılaşmaya görə artıq müəyyənləşmiş sərhəd hissələri bu il mayın 15-dək imzalanacaq Təsvir-Protokolda təsbit olunacaq. Bundan sonra sərhədin bu hissələri demarkasiya edilmiş sayılacaq.

Yerevan-Tbilisi magistralı
Yerevan-Tbilisi magistralı

Azatutyun yazır ki, proses hələ ki, Ermənistanın Berkaber kəndinin qarşısındakı əraziyə toxunmayıb. Bu ərazi Azərbaycanın nəzarəti altındadır. Yerevan-Tbilisi magistral yolunun Kirants kəndinə bitişik hissəsi hələ ki Ermənistanın nəzarətindədir. Yolun bu hissəsi sovet dövrünün xəritələrinə görə Azərbaycanın ərazisidir.

Bakı və Yerevanın birgə bəyanatından ötən 4 gündə Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin ilk dirəyi vurulub.

Bakının verdiyi məlumata görə sərhədin 10-12 kilometri artıq demarkasiya edilmiş sayılır.

Etiraz, müqavimət və həbslər

Bu arada Ermənistanda Azərbaycana qaytarılmalı olan 4 kəndə qonşu erməni kəndlərində delimitasiyaya etiraz və müqavimət davam edir.

Bu həftə Ermənistanın iğtişaş polisi Yerevan-Tbilisi yolunu bağlamış 5 nəfəri həbs edib.

Etiraz edən yerli sakinlərə Erməni Kilsəsi nümayəndələrinin və müxalifət partiyaları fəallarının da qoşulduğu bildirilir.

Azatutyun xəbər verir ki, etirazların fəal iştirakçısı, Voskepar kənd sakini polkovnik Mihran Maxsudyan polislə toqquşmadan sonra xəstəxanaya aparılıb.

Xəbərlərdə deyilir ki, Yerevanda mənzillənmiş “Döyüşkən qardaşlıq” təşkilatının etirazlarda iştirak edən 7 üzvü həbs olunub.

Tavuş rayonunda sözü gedən kəndlərin sakinləri habelə ərazidə aparılan minatəmizləmə işlərindən narazıdırlar. Onlar bildirirlər ki, bu, həmin ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıqdır.

Aprelin 25-də Ermənistan Müdafiə Nazirliyi bir hərbi qulluqçusunun mina partlamasından xəsarət aldığını bildirib.

Nazirlik hadisənin yeri barədə heç bir məlumat vermir. Azatutyun Tavuş sakinlərinə istinadla minanın Kirants kəndi yaxınlığında partladığını yazır.

Yerevanda da həbslər

Azatutyun bu həftə etirazların Yerevanda da keçirildiyini yazır. Burada baş nazir Nikol Paşinyanın istefasını tələb edən Milli Demokratik Alyansın azı 96 üzvü həbs edilib.

Fəallar iğtişaş polisinin dinc nümayişə qarşı rəftarından təəccüb ediblər. Müşahidəçilər deyirlər ki, bir yürüşdə 96 nəfərin saxlanması kifayət qədər yüksək göstəricidir.

Azatutyun qeyd edir ki, 24 aprel anım günündə Tsitskanabert xatirə kompleksində keçirilən mərasim zamanı Paşinyanın ailə üzvlərini fitə basan məhz bu təşkilatın üzvləri olublar.

Baş nazir Nikol Paşinyanın ailə üzvləri 24 aprel anım mərasimində
Baş nazir Nikol Paşinyanın ailə üzvləri 24 aprel anım mərasimində

Xəbərdə bu da deyilir ki, Milli Demokratik Alyans 2016-cı ildə Yerevanın mərkəzindəki polis idarəsini zəbt etmiş silahlı qruplaşmaya bağları ilə tanınır.

Həmin insidentdə baş verən toqquşmada üç polis zabiti həlak olduqdan sonra 30 nəfərdən ibarət qruplaşma həbs edilmişdi.

Onların demək olar hamısı 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Paşinyanın hakimiyyətə gəlməsi ilə azad olunmuş, amma Sasna Tsrer adlanan bu qruplaşmanın 7 əsas üzvü 2022-ci ildə yenidən həbs edilmişdi.

'Ermənilər deyirdi ki, türkün meyvəsi dadlı olur'
Gözlə

No media source currently available

0:00 0:08:31 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi başqa kəndləri işğal edilib.

2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG