Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 17:14

Ötən il Azərbaycanda təbii artım 15 faiz azalıb


Ötən il Azərbaycanda doğulan uşaqların 53 faizi oğlan, 47 faizi qızdır.
Ötən il Azərbaycanda doğulan uşaqların 53 faizi oğlan, 47 faizi qızdır.

Dövlət Statistika Komitəsi (DSK) 2023-cü illə bağlı yekun demoqrafiq göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərə görə, ötən il Azərbaycanda 112 min 620 uşaq dünyaya gəlib. Bir il öncə - 2022-ci ildə ölkədə 122 min 846 doğum qeydə alınmışdı. Deməli, 2023-cü ildə Azərbaycanda doğum sayı 10 mindən çox azalıb.

Belə azalma 2011-ci ildən bəri özünü göstərir. Həmin il ölkədə 176 min uşaq doğulmuşdu. Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 141 minə enmişdi. Pandemiya dövründə doğum sayındakı azalma bir qədər də artdı. 2021-ci ildə Azərbaycanda 112 min 284 nəfər doğuldu. Bu baxımdan, ötən il doğulanların sayı 2021-ci illə, az qala, eynidir. Ancaq fərq ondan ibarətdir ki, 2021-ci ildə pandemiya üzündən ölkədə toylara qadağa qoyulduğundan nikah sayları kəskin azalmışdı, ötən ilsə belə məhdudiyyət yox idi.

Əhalinin hər min nəfərinə düşən doğum sayı Dağlıq Şirvan (14 nəfər), Mil-Muğan və Şərqi Zəngəzur (13.2 nəfər) və Lənkəran-Astara (13.1 nəfər) iqtisadi rayonlarında daha yüksək olub. Ötən il Azərbaycanda doğulan uşaqların 53 faizi oğlan, 47 faizi qızdır. Unutmaq olmaz ki, Azərbaycan dünyada doğumda cins nisbətinin ən çox pozulduğu ölkələrdən biridir.

Təbii artımda rekord azalma

Ötən il doğulanların sayı ciddi ölçüdə azalsa da, ölənlərin sayında kəskin artım baş verməyib. 2023-cü ildə Azərbaycanda 60 min 150 nəfər dünyasını dəyişib. 2022-ci ildə bu say 60 min 810 nəfər idi. Doğumun 10 min nəfərdən çox azalması Azərbaycanda təbii artımı da aşağı salıb.

Təbii artım ölkədə bir il içində doğulanlarla ölənlər arasındakı fərqi bildirir. Ötən il Azərbaycanda təbii artım 52 min 470 nəfər olub. Bu, 2022-ci illə müqayisədə 15 faiz azalma deməkdir. Pandemiya üzündən ölümlərin kəskin artdığı 2020 və 2021-ci illər nəzərə alınmasa, müstəqillik dövründə Azərbaycanda təbii artımın ən aşağı olduğu il 2023-cü ildir.

Müqayisə üçün: 2016-cı ilədək Azərbaycanda təbii artım göstəricisi 100 mini aşırdı. Son illərdə təbii artımın azalması özünü əhalinin median yaşının artmasında da göstərir. Belə ki, 1990-cı ildən bəri Azərbaycanda əhalinin median yaşı həm kişilər, həm də qadınlar üzrə təxminən 10 il artıb. Başqa deyimlə, 1990-cı ildə Azərbaycanda yaşayan kişilərin yarısının yaşı 22 yaşdan, qadınların isə 25 yaşdan az idisə, hazırda bu göstəricilər, uyğun olaraq, 33-ə və 35-ə yüksəlib. Medianın yaşın yüksəlməsi əhalinin orta yaşının artmasını göstərir.

Nikah azalıb, boşanma çoxalıb

Rəsmi rəqəmlər ölkədə nikah və boşanma sayına dair göstəricilərin də pisləşdiyini göstərir. Ötən il Azərbaycanda 54 min 200 nikah qeydə alınıb. Daha bir il öncə bu say 62 minə yaxın idi. Deməli, 2023-cü ildə Azərbaycanda nikah sayında təxminən 14 faiz azalma var. Əhalinin hər min nəfərinə düşən nikah sayı 6.1-dən 5.3-ə enib. Pandemiya üzündən toyların yasaqlandığı 2020-ci ili nəzərə alınmasa, son 20 ildə ölkədə ən az nikah ötən il bağlanıb. Əhalinin hər min nəfərinə düşən nikah səviyyəsi Bakı (5.6), Şərqi Zəngəzur (6.2), Qarabağ (6.1), Mil-Muğan (5.9) iqtisadi rayonlarında nisbətən yüksək olub.

Boşanmalarda isə, əksinə, kəskin artım baş verib. Ötən il Azərbaycanda 21 min 688 boşanma qeydə alınıb. 2022-ci ildə bu say 15 min 983 idi. Demək, ötən il ölkədə boşanma sayı 36 faiz artıb. Əhalinin hər min nəfərinə düşən boşanma sayı 1.6-dan 2.1-ə yüksəlib. Müstəqillik illərində Azərbaycanda bir il ərzində ən çox boşanma 2023-cü ildə qeydə alınıb. İndiyədək ölkədə bir il ərzində ən yüksək boşanma sayı 17 min 191 olmuşdu. Bu, ötən illə müqayisədə 26 faiz az deməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG