Keçid linkləri

2024, 30 İyun, bazar, Bakı vaxtı 01:37

KTMT: Ermənistan nəhayət son qərarını verməlidir


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov

Ermənistan bütün öhdəlikləri ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır.

Bunu iyunun 21-də KTMT ölkələri xarici işlər nazirləri Şurasının Almatıda keçirilən iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

Tasmaqambetov vurğulayıb ki, KTMT Ermənistana münasibətdə öz öhdəliklərinə sadiqdir, amma Yerevan bu təşkilatda üzvlüyünə dair son qərarını qəbul etməlidir.

Xəbər verildiyi kimi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Almatı iclasında iştirak etmir.

Bunun əvəzində Ermənistan həmin görüşə Belarusdakı səfiri Razmik Xumaryanı göndərib.

Lakin Rusiya mediası bildirir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan MDB-nin Moskvada keçirilən növbəti iclasında iştirak edib.

Bu iclasda Azərbaycanı baş nazirin müavini Yaqub Eyyubov təmsil edirdi.

KTMT ilə çətin münasibətlər

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə parlamentdəki çıxışında yenidən ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə etmişdi.

Azatutyun yazır ki, KTMT-dən narazılığından başqa Yerevan bu yaxınlarda Moskvaya qarşı çox ciddi ittihamlarla çıxış edib.

Baş nazir Nikol Paşinyan iki KTMT ölkəsini 2020-ci ilin müharibəsinə hazırlıqda iştiraka görə ittiham edib.

Bundan başqa Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Bütün bunlara baxmayaraq Moskva Ermənistanın KTMT üzvü olaraq qaldığını dəfələrlə və israrla bəyan edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG