Keçid linkləri

2024, 03 Avqust, şənbə, Bakı vaxtı 22:08

'Gürcü arzusu' seçkiləri oğurlamağa çalışa bilər, ancaq…


Bidzina İvanişvili seçkilərdə səs verir
Bidzina İvanişvili seçkilərdə səs verir

Uzun müddət Gürcüstanda çalışmış siyasət bilicisi Linkoln Mitçell bir neçə kitabın müəllifidir. Kitablarından biri "Qeyri-müəyyən demokratiya: ABŞ xarici siyasəti, Gürcüstanda qızılgül inqilabı və rəngli inqilablar" adlanır. Mitçell 2012-ci ildə Gürcüstanın indiki hakim partiyası "Gürcü arzusu"na müşavirlik də edib. O zaman partiya hələ seçkilərdə namizəd idi.

Mitçell AzadlıqRadiosuna müsahibəsində "Gürcü arzusu"nun o zamandan bəri geriləməsindən danışıb. O, Qərbin maliyyələşdirdiyi QHT-lərin Gürcüstan siyasətindəki roluna və "xarici agent" qanunu ətrafında yaranmış indiki böhrana, bu payız keçiriləcək parlament seçkiləri ilə bağlı perspektivlərə və amerikalıların Gürcüstan barədə anlamadığı məsələlərə də toxunub. Müsahibəni AzadlıqRadiosunun Tbilisidə fəaliyyət göstərən müxbiri Coş Kuçera qələmə alıb.

Linkoln MItçell
Linkoln MItçell

"Yalnız səriştəsiz hökumətlər seçkini seçki günü oğurlayır"

"İndiki Gürcüstanda əsas siyasi parçalanma "Gürcü arzusu" ilə keçmiş "Gürcü arzusu" arasındadır. "Gürcü arzusu"nda kimlər demokratik qüvvə, xeyir mələyi sayılırdısa, çoxu partiyadan sıxışıdırılıb çıxarılıb. Adlar da çəkə bilərik. Bunlar İrakli Alazaniya, Tina Xidaşeli, David Usupaşvili, Tedo Çaparidzedir, – siyahı uzundur. İlkin "Gürcü arzusu"nun simaları sadəcə artıq yoxdur. Çox uzun müddət hakimiyyətdə qalan bir çox rejimlər kimi, son nəticədə əsas liderdən asılıb qalan adamların hakimiyyəti ilə üz-üzə qalırsan. Bu halda əsas lider Bidzina İvanişvilidir. Onun qulağına pıçıldayan adamlar sadəcə vaxtının çox hissəsini onun qulağına çatıncayadək pıçıltıyla çalışan adamlardır.

Yüksək vəzifələrdə, özü-özlüyündə, hər hansı rezümesi, təməl siyasi gücü, siyasi təcrübəsi olan çox az adam var. Bəlkə, bəzi diplomatlar xaric. Eyni zamanda da güclü vəzifələrdə əsas kvalifikasiyası və qabiliyyəti Bidzinaya loyallığından ibarətdir. Məsələn, partiyanın indiki sədri, [İrakli] Qaribaşvili. [Baş nazir İrakli] Kobaxidze bir növ ortadadır, çünki mənə elə gəlir, o, çox faydalı olmasa da, müstəqil düşünən adamdır. Mən bunu geriləmə kimi görürəm", - Mitçell belə deyir.

Onun fikrincə, oktyabrda keçiriləcək parlament seçkilərində ciddi saxtakarlığa yol veriləcək: ""Gürcü arzusu"nun saxtakarlıqsız da qazana biləcəyini düşünsəm də, bu, məncə, baş verməyəcək. Düşünürəm ki, onlar daha böyük çoxluq istəyirlər. …Etirazçıları döyməyi xoşlayan hökumətlər nadir hallarda azad və ədalətli seçki ideyasına bağlı olur. Tezliklə seçkidən öncə qüvvəyə minəcək "xarici agent" qanunu, mənə görə, azad və ədalətli seçkilərə zərbədir. Heç anlamıram ki, müstəqil, qeyri-hökumət təşkilatlarına hücumu qanuna çevirdiyin halda – "xarici agent" qanunu isə məhz bunu edir – necə azad və ədalətli seçkilər keçirə bilərsən. Yalnız səriştəsiz hökumətlər seçkini seçki günü oğurlayır, elə deyil?".

Tbilisidə müxalifətin "Xarici agent" qanununa etiraz zamanı aksiyaçı parlament binasına gedən yolu bağlayan polislə mübahisə edir.
Tbilisidə müxalifətin "Xarici agent" qanununa etiraz zamanı aksiyaçı parlament binasına gedən yolu bağlayan polislə mübahisə edir.

"Hökumətlərin belə düşünməsi də səbəbsiz deyil"

"Vətəndaş cəmiyyətinin xaricdən böyük ölçüdə maliyyələşdirilməsi Gürcüstanda yaranmış bu böhrana nə dərəcədə təsir göstərib" sualını cavablayan Mitçell bunları deyib: "Biz bir neçə şeyə diqqət yetirməliyik. Onlardan biri Gürcüstanın vətəndaş cəmiyyətinin on illərlə Gürcüstan demokratiyasının güclü tərəfi olmasıdır. Mən hər zaman inanmışam ki, vətəndaş cəmiyyəti seçiciləri arxa sayanda daha güclü olur. On min üzvünüz varsa və onlar üzvlük haqqı ödəyirlərsə, bu, Amerika modelidir. Di gəl, bu, belə yoxsul ölkədə çox çətin olar.

Ancaq [vətəndaş cəmiyyəti] qeyri-adidir və onu həmişə Qərb maliyyələşdirib. Son səfərimdə Tbilisidə bəzi adamlarla görüş və naharlarım oldu. Onlar 20 ildir vətəndaş cəmiyyətində çalışırlar. Bu 20 il boyunca onların maaşını ABŞ, Avropa İttifaqı, britaniyalılar, hollandlar və b. ödəyib. Buna qəzəblənmirəm, ancaq bu, danılmaz gerçəkdir. Gürcüstan kimi müstəqil olandan bəri birpartiyalı sistemlə yönəldilən ölkədə …hökuməti hesabatlı saxlayan şey vətəndaş cəmiyyətidir. Bu üzdən, həmin cəmiyyət çox önəmlidir. Düzdür, nəticədə narazılıq yaranır, özəlliklə hökumət vətəndaş cəmiyyətinin onu təqib etdiyini düşünürsə. Hökumətlərin belə düşünməsi də səbəbsiz deyil".

XS
SM
MD
LG