Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:02

Seçki eksperti: 'Hakimiyyətdə yaşı 35-dən aşağı kim var ki?'


Anar Məmmədli
Anar Məmmədli

«Əgər bir ölkə rəhbərliyi Konstitusiyaya dəyişikliklər etmək istəyirsə, bunun üçün ictimai-siyasi ehtiyac olmalıdır. Azərbaycanda isə biz belə bir ehtiyacın olduğunu görmürük».

Bunu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Konstitusiyaya yeni dəyişikliklər təklifini AzadlıqRadiosuna şərh edərkən bildirib.

«Konstitusiyaya dəyişikliklərlə bağlı referendum aktı gözlənilmədən, heç bir müzakirə aparılmadan ortaya çıxdı. Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması universal, beynəlxalq seçki prinsiplərinə ziddir. Çünki Azərbaycan prezident üsul-idarəsi olan bir ölkədir. Belə bir ölkədə prezidentin səlahiyyətlərinin artırılması bir siyasi hakimiyyətin daha da möhkəmlənməsinə, onun hegemoniyasına yol açan məsələdir. Ümumiyyətlə, 7 illik dönəmə keçmək daha çox avtoritarizmin möhkəmlənməsinə yönəlmiş bir akt sayıla bilər. Heç bir demokratik, yaxşı idarəçiliyin təmin olunması ilə bağlı məramdan söhbət belə gedə bilməz», - A.Məmmədli vurğulayır.

Buna da bax:

S.Novruzov: 'Fransada prezident 7 illiyə seçilir'

'İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki...'

'Monarxiya qurulur' - Arif Hacılı

««NƏ BAŞ VERİR» SUALI ORTAYA ÇIXIR»

Anar Məmmədli prezident seçilməyə yaş həddi məhdudiyyətinin götürülməsi haqda deyir ki, bunun da birdən ortalığa çıxması suallar yaradır: «Dünyada qəbul olunmuş belə bir prinsip var – ali təhsil almış, əmək qabiliyyəti, iş bacarığı, təcrübəsi olan insanlar üçün bir yaş var, insan nə zaman bu yaşa çata və ali rəhbərlikdə təmsil oluna bilər. Bu baxımdan, 35 yaş dünyada qəbul olunmuş orta yaş əmsalı kimi götürülür. Azərbaycana baxanda, indi hakimiyyətdə yaşı 35-dən aşağı, karyerası olan bir şəxsə rast gəlmək olmur. Azərbaycan hakimiyyəti qocalardan ibarətdir. Birdən-birə bu yaş senzini azaltmaq niyyəti haradan ortaya çıxır? Hakimiyyət öz çevrəsinə baxsın. Nazirlər, strukturlar, komitə rəhbərlərinin böyük əksəriyyətinin yaşı 50-dən, 60-dan yuxarıdır. Öz təcrübələrində bunu eləmirlər, birdən-birə Konstitusiyaya gətirirlər. Bu da «nə baş verir» sualını ortaya çıxarır».

Dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilənReferendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Aparıcı müxalifət partiyaları bu dəyişikliyi Azərbaycanda cümhuriyyət sistemindən monarxiya sisteminə keçid kimi dəyərləndirib. Müxalifətin fikrincə, prezident bununla ailə üzvilərini hakimiyyətin özündən sonrakı yüksək pillələrinə gətirmək istəyir.

XS
SM
MD
LG