Bakının Səngəçal qəsəbəsində qaz xəttində baş verən yanğının söndürüldüyü bildirilir.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
+++
Səngəçal qəsəbəsində 5 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yenidən partlayış olduğu bildirilir.
Hadisənin bu gün - yanvarın 2-si saat 7 radələrində kəmərin eyni yerində baş verdiyi bildirilir.
Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər yayıb.
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb, tam söndürülməsindən ötrü tədbirlər davam etdirilir.
Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.
Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.
Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.
«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», - şirkət qeyd edirdi.