Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş verən yanğının tam söndürüldüyü bildirilir.
Bu haqda SOCAR-dan bildiriblər.
Yanğının səbəbləri və dəymiş ziyan haqda rəsmi hər hansı bilgi verilməyib.
Dekabrın 27-si səhər saat 9-55-də başlayan yanğının qarşısının alınması işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 6-dan artıq texnikasının, xeyli canlı qüvvəsinin cəlb olunduğu bildirilirdi.
Ancaq FHN hələ ki, yanğının söndürülməsi ilə bağlı rəsmi bilgi yaymayıb.
Buna da bax: Bakıda qaz borusu partladı
Sumqayıtın bəzi yerlərində işıqlar sönüb
«Səngəçaldakı magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində «Azərenerji» ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub».
Bunu APA-ya açıqlamasında «Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib. Onun deməsinə görə, qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 350 meqavatlıq «Şimal» və 450 meqavatlıq «Sumqayıt» stansiyalarıdır: «Qaz təchizatının məhdudlaşdırılması enerji sistemində qəza ilə nəticələnib».
Y.Babanlı əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonunun bir hissəsinə təbii qazın verilişində qısamüddətli məhdudiyyətlər yaranıb. «Tez bir zamanda istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq», - deyə dövlət şirkətinin rəsmisi bildirib.
Buna da bax: Sumqayıtın bəzi yerlərində işıqlar sönüb
Abşeronda qaz kəsilib
Dekabrın 27-si qaz kəmərində baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.
Xəbəri Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
Xəbərə görə, yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.
Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş verib. Yanğın, hələ ki, söndürülməyib.
Buna da bax: 'Tarif Şurası 10 qəpiyinizi oğurlayıb, 1 qəpiyini geri qaytardı'
Evlərin şüşələri sınıb, dam örtükləri qırılıb...
Bakının Qaradağ rayonu ərazisində dekabrın 27-si səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğının davam etdiyi bildirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, «Massiv 3» adlanan yaşayış sahəsində evlərin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaqdan ötrü tədbirlər davam etdirir.
Buna da bax: Abşeronda qaz kəsilib
FHN: Yaşayış yerlərinə təhlükə yoxdur
Fövqəladə Hallar Nazirliyi (FHN) də Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayışla bağlı məlumat yayıb. Həmçinin mobil telefonlara mesaj göndərib.
Məlumatda qeyd edilir ki, partlayış nəticəsində yaranan yanğının söndürülməsi prosesi davam edir.
«Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb», - deyə məlumatda qeyd edilir.
FHN bildirir ki, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələrinə təhlükə yoxdur.
SOCAR: Xəsarət alan yoxdur
SOCAR qaz kəmərində baş verən yanğınla bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib.
«Xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaqdan ötrü hazırlıq işləri görülür»,- şirkətin məlumatında deyilir.
Səngəçal qəsəbəsində qaz kəmərində yanğın
Dekabrın 27-si səhər saatlarında Səngəçal qəsəbəsinin Əzimkənd ərazisində 125 atmosferlik qaz kəmərində baş verən partlayışla bağlı yanğının, hələlik, söndürülmədiyi bildirilir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosu-na bildirib ki, hadisə «Azəriqaz» İstehsalat Birliyi Qaz İxracı İdarəsinin kompressor stansiyasında baş verib: «Xəbərlərə görə, alov evlərə də sirayət edib. Orada təhliyə işləri aparılır. Xəsarət alanların olması məsələsini araşdırırıq. İnsan itkisi olduğu deyilsə də, hələ ki, bunu təsdiq edən informasiya almamışıq. Hələ ki, hadisəyə nəyin səbəb olduğu məlum deyil».
Buna da bax: Çarxı sakinləri: 'Qaz xətti var, nə olsun, qaz ki yoxdur...'
Bakıda qaz borusu partladı
Dekabrın 26-da Səngəçalda partlayış baş verib. Ərazidə yanğın var.
Bu haqda AzadlıqRadiosuna orda çalışanlardan biri məlumat verib.
İlkin məlumata görə, insan tələfatı yoxdur.
Lent.az saytı yazır ki, yanğın Səngəçal qəsəbəsi yaxınlığından keçən qaz borusunda baş verib. Boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.
Buna da bax: İstixanaların qazlaşmasına 30-40 min manat istəyirlər
Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsilə bildirib ki, hadisə Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib. Burada «Azəriqaz»ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə məlumat yoxdur.