Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Yerevan sərhədin demarkasiyası komissiyalarının birgə fəaliyyət sənədini açıqlayıb


Ermənistanın Tavuş rayonunda yeni sərhəd hasarı
Ermənistanın Tavuş rayonunda yeni sərhəd hasarı

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Azərbaycanla sərhəd demarkasiyasının tənzimlənməsi qaydalarına dair sənədi sentyabrın 2-də, onun imzalanmasından üç gün sonra açıqlayıb.

Bu sənədə görə Yerevan və Bakı delimitasiyanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun şəkildə icra etmək barədə razılığa gəliblər, lakin bu, yekun razılaşma deyil.

Tənzimləmə sənədinə görə proses gələcəkdə sülh müqaviləsi qəbul edildikdən sonra başqa prinsiplərlə də davam etdirilə bilər:

"Əgər gələcəkdə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası sülh və münasibətlərə dair razılaşma başqa tənzimləmələri nəzərdə tutarsa, bu təməl prinsip yuxarıda adı çəkilən razılaşmaya uyğun olmalıdır”.

Azatutyun yazır ki, qaydalar 7 maddədən ibarətdir və bunlar da əsasən proseslə bağlı texniki məlumatlarla əlaqəlidir.

Məsələn 4-cü maddədə deyilir ki, sərhəd xəttinin “optimallaşdırılması” mümkündür. Bu ilk növbədə sərhədyanı yaşayış məntəqələrinin qəbirstanlıqlarının, mədəniyyət və tarixi irsinin saxlanmasını, mühəndislik və nəqliyyat işlərini nəzərdə tutur.

Xəritəşünas nə deyir

Azatutyunun yazdığına görə, xəritəşünas Ruben Qalçyanın fikrincə, bu o deməkdir ki, komissiyalar yerdəki real vəziyyəti nəzərə alaraq sovet dövrü xəritələrindəkindən kənara çıxa bilərlər:

"Əgər bir məzarlıq demarkasiya və sərhədin çəkilməsi vaxtı orada olubsa və bir qədər genişlənibsə, komissiya deyə bilər ki, sərhəd böyüyüb və məsələn bu qədər metr irəli çəkilməlidir”.

Azatutyun bildirir ki, sözü gedən sənəddə tərəflərin demarkasiyanı hansı ilin xəritəsi əsasında aparacaqları göstərilmir. Burada Bakı və Yerevanın növbəti demarkasiyanı harada keçirəcəkləri də göstərilməyib.

Baş nazir Nikol Paşinyan ötən həftəsonu bu məsələdə hələ qərar qəbul edilmədiyini demişdi.

Azatutyun yazır ki, qaydalar təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə təqdim edilməli, daha sonra isə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Bu da qeyd olunur ki, bu məsələ Ermənistan hökumətinin növbəti iclasının gündəliyinə qapalı bənd kimi daxil edilib.

Ermənistanın Kirants kəndindən keçən yolu Azərbaycan ərazisindən ayıran divar
Ermənistanın Kirants kəndindən keçən yolu Azərbaycan ərazisindən ayıran divar

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrı vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, nəticə əldə edilməyib.

Amma ötən ildən başlayaraq tərəflər sərhədin delimitasiyası üzrə birbaşa danışıqlara başlayıblar. Bu danışıqlar çərçivəsində bu ilin aprelində Azərbaycana nəzarətində olmayan dörd kəndin, Ermənistana isə müəyyən ərazilərin qaytarıldığı açıqlanıb.

Bu ilin aprelinə qədər Azərbaycan səkkiz kəndinin, Ermənistan isə 30-dan çox kəndinin ərazilərinin işğalda olduğunu deyirdi.

XS
SM
MD
LG