Keçid linkləri

2024, 06 May, Bazar ertəsi, Bakı vaxtı 02:28

Sülhməramlılar Ermənistandan Qarabağa qayıdıblar?


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, aprelin 22-də Qarabağdan Ermənistana gələn Rusiya sülhməramlıları eyni yolla Qarabağa qayıdıblar.

Azatutyun yazır ki, bu hadisə onun Sünikdəki kamerası tərəfindən qeydə alınıb.

Xəbərdə deyilir ki, Azatutyunun Sünikdəki müxbiri aprelin 22-də Rusiya sülhməramlılarının maşın karvanının Qarabağdan çıxaraq Ermənistanın Gorus şəhərinə doğru hərəkət etdiyini bildirmişdi.

Müxbir karvanın Ermənistan hərbi polisi tərəfindən müşayiət olunduğunu xəbər verirdi.

Bunun ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armenpress agentliyinə bu hadisəni şərh etmişdi.

O demişdi ki, sülhməramlılar “bölgədən çıxışlarına hazırlıq üçün” müvəqqəti olaraq Gorus və Sisyan rayonlarında yerləşdirilib.

Gəlib qayıtmanın səbəbi

Azatutyun yazır ki, Ermənistan Milli Məclisi Xarici Əlaqələr Komitəsinin başçısı Sarkis Xandanyan sülhməramlıların daimi olaraq Ermənistanda qalacaqlarına dair şayiələri təkzib edib və belə bir razılaşmanın olmadığını bildirib:

"Sülhməramlıların bir neçə qrupu gəlib və onlar daimi dislokasiya yerlərindəki işin tamamlanmasının təşkili ilə məşğuldurlar”.

Azatutyun izah edir ki, sülhməramlıların Gorus və Sisyanda müvəqqəti dislokasiya yerləri olub.

Xəbərdə izah edilir ki, bu, keçmiş “Laçın dəhlizində” ikitərəfli hərəkətin təşkili üçün edilmişdi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib ki, “Qarabağdan çıxan sülhməramlı qoşunlar Ermənistanda da qala bilməzlər”.

Azatutyun yazır ki, Rusiya sülhməramlılarının Qarabağdan Ermənistana gəlib qayıtmalarının səbəbi aydın olsa da, Tavuş və Sünikdəki Rusiya hərbi bazalarının gələcək taleyi naməlum qalır.

Azatutyun yazır ki, bu bazalar 2020-ci il müharibəsindən sonra yerləşdirilib.

Peskovun nə demək istədiyi məlum oldu

Ötən şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Lori mərzində keçirdiyi brifinqdə demişdi ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasından sonra Tavuşdakı Rusiya hərbçilərinə ehtiyac qalmır.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu bəyanata münasibət bildirərkən demişdi ki, Yerevan Ermənistanda yerləşdirilmiş 102 nömrəli Rusiya hərbi bazasının ölkədən çıxaracağına dair heç bir bildiriş verməyib. Halbuki Paşinyan Gümrüdəki 102 saylı bazadan yox, Tavuşdakı Rusiya əsgərlərindən danışmışdı.

Azatutyun bu məsələyə də aydınlıq gətirib. Xəbər verilir ki, Tavuşdakı Rusiya hərbi bazaları 102 nömrəli bazanın əsasında yaradılıb və bazanın əsgərləri Tavuşda 17 iyun 2022-ci il tarixli hökumət qərarı ilə yerləşdirib.

Buna görə “Rusiya hərbi bazasının Ermənistandakı dislokasiya yerləri” adlı Ermənistan-Rusiya protokoluna müvafiq dəyişikliklər edilibmiş.

Politoloq: “Onlara artıq heç yerdə ehtiyac yoxdur”

Ermənistan politoloqlarından Areq Koçinyan Azatutyuna deyib ki, Rusiya bazalarına nəinki Tavuşda, heç Sünikdə də ehtiyac qalmayıb:

"Düşünürəm ki, onlar Ermənistanda risklər də nəzərə alınmaqla siyasi konyunkturla çoxdan bəridir artıq bir şeyə çevrilib. Bu risklər barədə çox danışılıb, amma düşünmürəm ki, onlar hər hansı əlavə faydalılıq əmsalı və ya nəticəsi nümayiş etdiriblər. Müəyyən bir mərhələ onların oradan çıxarılması məsələsi qalxmalıydı”.

Azatutyun yazır ki, baş nazir Paşinyanın Tavuşdakı Rusiya hərbçilərinə dair şənbə günü verdiyi bəyanata hələ ki rəsmi şərh verilməyib.

İki ölkə arşındakı sazişə əsasən Rusiyanın Gümrüdəki bazası orada 2044-cü ilədək qalmalıdır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu və bəzi başqa kəndləri işğal edilib.

2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG