Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 09:58

Gürcüstan parlamenti 'xarici agent' qanununu ikinci oxunuşda qəbul etdi


Gürücstan parlamenti “xarici təsirin şəffaflığı” qanununu ikinci oxunuşda qəbul edib.

Onun leyhinə 83, əleyhinə 23 deputat səs verib.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, sənədin qəbul edilməsi hakim çoxluq və müxalif azlıq deputatları arasında dava-dalaşla müşayiət olunub.

Bundan əvvəl, mayın 1-də səhər Gürcüstanın baş naziri İrakli Kobaxidze demişdi ki, qanun layihəsinə üçüncü və sonuncu oxunuş iki həftədən sonra keçiriləcək:

"Nümayişlər əlbəttə, bugün də, üçüncü oxunuş zamanı da, prezidentin vetosunun ləğvi zamanı da olacaq. Amma biz bu qanunu bir neçə günün narahatlığına baxmayaraq əlbəttə, qəbul edəcəyik. Çünki əvəzində biz bu ölkəni uzunmüddətli perspektivdə qütbləşmə və radikallaşmadan qoruyacağıq”.

Aşırı gücdən istifadə

Prezident Salome Zurabişvili qanun layihəsi üçüncü oxunuşda da qəbul edilərsə, ona veto qoyacağını deyib. Lakin o bunu da etiraf edib ki, hakim “Gürcü arzusu” partiyası bu vetonu aşmaq üçün parlamentdə kifayət qədər deputat çoxluğuna malikdir.

Bununla belə parlamentin qarşısındakı etiraz aksiyası fasiləsiz davam edir. Paper Kartuli yazır ki, parlamentin ətrafı polis və təhlükəsizlik əməkdaşları ilə doludur.

Bu da xəbər verilir ki, gündüz adamlar axşamkı mitinqə hazırlıq üçün respirator növbəsinə dayanmışdılar. Aksiya zamanı polisin gözyaşardıcı qazdan istifadə edəcəyi gözlənilirdi.

Aprelin 30-da güc strukturları Gürcüstan paytaxtında etiraz aksiyasının 63 iştirakçısını saxlayıblar.

Polis etiraz edənləri suvuranlardan, rezin güllələrdən və istiot qazından istifadə etməklə dağıtmağa çalışıb.

Sosial şəbəkələrdə polisin etirazçıları döyməsini görüntüləyən videolar yayılır.

Nümayiş zamanı habelə ana müxalifət partiyası Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də döyülüb.

Qərbdən Gürcüstan hökumətinə xəbərdarlıq

Prezident Salome Zurabişvili aksiyaçılar;n müdafiəsinə qalxıb və X platformasında yazıb:

"Tbilisidə dinc etirazçılara qarşı heç bir əsası olmayan gücdən qeyri-mütənasib istifadə davam edir. Bunun məsuliyyəti tamamilə hökumətin üzərinə düşür. Gürcü xalqı dinc etiraz hüququndan məhrum edilib”.

ABŞ-ın hər iki partiyadan olan senatorları aprelin 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə məktublarında xəbərdarlıq ediblər ki, ölkə parlamenti “rusiyasayağı qanunu” qəbul edərsə, Vaşinqtonun Tbilisiyə münasibətdə siyasəti dəyişə bilər.

Avropa İttifaqı rəsmiləri isə xəbərdarlıq ediblər ki, qanunun qəbulu Gürcüstanın İttifaqa üzvlük prosesini dayandıra bilər.

Ötən il Gürcüstana müəyyən şərtlər daxilində Aİ üzvlüyünə namizədlik statusu verilib.

Xəbər verilir ki, qanun layihəsi üzrə son debatlar mayın 17-ə təyin edilib.

Buna niyə “Rusiya qanunu” deyirlər?

Tənqidçilər bu qanunun Rusiyada qəbul edilmiş bədnam “xarici agent” qanununun analoqu olduğunu iddia edirlər.

Rusiyada sözü gedən qanun qəbul edildikdən sonra mütərəqqi qüvvələrə qarşı repressiyalar artıb, müstəqil medialar bağlanmağa məcbur olub.

“Xarici təsirin şəffaflığı” qanunu layihəsinə Gürcüstan parlamentinin 83 deputatı səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər.

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG