ABŞ dövlət katibi John Kerry 2016-ci il üçün İnsan Alverinə dair Hesabatı (2016 Trafficking in Persons (TIP) Report) təqdim edib.
ABŞ-ın Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa (Trafficking Victims Protection Act -TVPA) uyğun olaraq hazırlanan illik hesabat bütün dünyada hökumətlərin insan alveri və müasir quldarlıqla mübarizəsini dəyərləndirir.
Hesabatın təqdimatı mərasimində John Kerry müasir quldarlıqla qlobal mübarizəyə xüsusi töhfə vermiş fəalları – 9 kişi və qadını mükafatlandırıb.
Ölkələr necə qiymətləndirilir?
Bu hesabatda dünya hökumətlərinin qiymətləndirilməsi üç paradiqm əsasında aparılıb – insan qaçaqmalçılığının mühakiməsi, qurbanların müdafiəsi və trefikinqin profilaktikası.
Bu təsnifat əsasında bütün dünya ölkələri üç dəstəyə bölünüb.
Azərbaycan hakimiyyət orqanları 2015-ci ildə seks və əmək trefikinqi ilə bağlı 29 araşdırma aparıb. 2014-cü ildə bu rəqəm 23 idi
Burada trefikinqlə bağlı görülən tədbirlərə görə ən yaxşı dəstə birinci dəstədir. Əksər Avropa ölkələri, Kanada və Birləşmiş Ştatlar bir qayda olaraq bu dəstəyə salınır. Ötənilki hesabatda keçmiş Sovet İttifaqından bu dəstəyə yalnız Ermənistan daxil idi. Builki hesabatda Gürcüstan da ikinci dəstədən 1-ci dəstəyə keçib.
Azərbaycan keçən il olduğu kimi ikinci dəstədə qalıb. Bu dəstədə keçmiş sovet məkanından Estoniya, Qırğızıstan, Latviya, Moldova, Tacikistan və Ukrayna var. Türkiyə də bu dəstəyə aid edilib.
Bu dəstəyə daxil ölkələrin, Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa tam riayət etməsələr də, insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli səylər göstərdiyi bildirilir.
Rusiya, Belarus, Türkmənistan, Özbəkistan və İran üçüncü dəstədədirlər.
Gürcüstan 1-ci dəstəyə keçib
Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, bu ölkə məcburi əməyə və seks trefikinqinə cəlb olunan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır.
Hesabatda qeyd olunur ki, azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və elə Azərbaycanın özündə məcburi əməyə cəlb olunurlar.
Azərbaycandan olan qadınlar və uşaqlar ölkənin özündə, habelə Türkiyə, Rusiya, BƏƏ-də seks trefikinqinə məruz qalırlar.
Bu da qeyd olunur ki, Azərbaycan seks və əmək trefikinqi üçün həm də mənzil ölkədir və buraya trefikinq qurbanları Türkiyə, Özbəkistan, Türkmənistan və Ukraynadan gətirilir.
Hesabatda deyilir ki, Azərbaycan Mərkəzi Asiya ilə BƏƏ və Türkiyə arasında trefikinq tranziti rolunu oynamaqda davam edir.
Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti terfikinqin ləğvi üçün minimum tələbləri yerinə yetirmir, hərçənd bu sahədə əhəmiyyətli irəliləyişə nail olub.
Hökumət QHT-lərə dəstək vermir
Hesabatda bildirilir ki, ötən bir il ərzində Azərbaycanda trefikinqlə bağlı araşdırmaların sayı artıb və cinayət məsuliyyəti (5 ildən 15 ilədək azadlıqdan məhrumetmə) sərtləşdirlib.
Buna baxmayaraq hökumət trefikinq qurbanlarının reabilitasiyası sahəsində işləyən QHT-lərə lazımi maliyyə dəstəyi vermir.
Azərbaycan hakimiyyət orqanları 2015-ci ildə seks və əmək trefikinqi ilə bağlı 29 araşdırma aparıb. 2014-cü ildə bu rəqəm 23 idi.
Hesabatda deyilir ki, seks və əmək trefikinqi üzrə məsuliyyətə cəlb edilmiş şəxslərin hamısına həbsxana cəzaları verilib.
Sənəddə bu da qeyd olunur ki, qurbanlara dəstək mərkəzlərinə ötən il cəmi 44 min manat vəsait verilib və bu olduqca azdır.
Azərbaycan hökuməti insan alveri qurbanlarına dəstək verən QHT-lərə heç bir maliyyə yardımı göstərmir. Bununla belə bu QHT-lər 40-dək insan alveri qurbanını himayə etməyə çalışıb. Başqa sözlərlə bu iş könüllülük səviyyəsində qalır.
Müəyyən tədbirlər görülüb
Hesabatda deyilir ki, Azərbaycanda trefikinq qurbanlarına nazirlik və komitələrarası vahid dəstək proqramı yoxdur, hərçənd əsasən Mərkəzi Asiya ölkələrindən olan qurbanlara, vətənlərinə qayıda bilmələri üçün birdəfəlik pul yardımları göstərilib.
Maraqlı faktlardan biri də budur ki, insan alveri qurbanları cinayət axtarışına kömək etməyə məcbur edilir və onlar bundan imtina etdikdə, onlara Bakıdakı itkinlər üçün sığınacaqda qalmaq icazəsi verilmir.
Hesabatda bildirilir ki, hökumət insan alveri və məcburi əməyin önlənməsi üçün 2014-2018-ci illəri əhatə edən milli hərəkət planı tərtib edib.
2016-cı ilin aprelində milli antitrefikinq əlaqələndiricisi parlamentə hesabat təqdim edib.
Hesabatda qeyd olunur ki, bir sıra nazirliklər paytaxtda və rayon yerlərində antitrefikinq maarifləndirməsi işi aparıblar.
Dövlət Miqrasiya Xidməti 198 qanunsuz mühacirə məskunluq sənədləri təqdim edib və daha 2039 mühacirin məskunluq statusları leqallaşdırılıb.
Azərbaycan diplomatlarına xaricdə trefikinq qurbanı olan vətəndaşlara hüquqi yardımın göstərilməsinə dair təlim keçilib.