Keçid linkləri

2024, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 15:01

Türkiyə Rusiyaya daha bir terror aktını önləməkdə kömək edib


"Crocus City Hall" zalına terror hücumunda ittiham olunan tacikistanlılar
"Crocus City Hall" zalına terror hücumunda ittiham olunan tacikistanlılar

Türkiyə Moskvadakı Crocus City Hall konsert zalına terror hücumundan sonra daha bir hücumun qarşısını almaqda Rusiyaya kömək edib.

Crocus konsert zalında terror aktı 2024-cü ilin 22 martında törədilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə hücum nəticəsində azı 145 nəfər həlak olub.

Bu da qeyd olunur ki, adamların bir qismi güllə yaralarından, digər qismi isə yanğın zamanı yaranmış boğucu qazlardan həlak olub.

Terror aktına görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist qruplaşmasının əfqan qolu - Vilayət Xorasan götürüb.

Türkiyənin Hurriyet qəzeti yazır ki, Vilayət Xorasan təşkilatının üzvləri Rusiyada, izdihamlı ticarət mərkəzində daha bir terror aktı törətməyi planlaşdırsalar da, Türkiyə kəşfiyyatı bu barədə məlumatı rusiyalı həmkarlarına vaxtında çatdırıb.

Santa Mariya kilsəsinə hücum edənlər

Qəzet yazır ki, Rusiyada hazırlanan terror aktı barədə məlumatı Türkiyə xüsusi xidmətlərinə 2024-cü ildə İstanbuldakı Santa Mariya kilsəsinə silahlı hücumdan sonra saxlanmış qruplaşma üzvləri dindirilərkən veriblər.

Crocus zalına hücuma görə 20 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 18-i həbsdədir. Daha iki şübhəli ölkəni tərk etməmək barədə yazılı iltizamla evə buraxılıb.

Rusiya istintaqı terror aktının birbaşa icraçıları kimi dörd tacikistanlını – Muxammedsobir Fayzovu, Dalerjon Mirzoyevi, Saidakram Racabalizodanı və Şamsidin Farudunini tanıyıb.

Crocus City Hall hücumuna görə məsuliyyəti Vilayət Xorasan öz üzərinə götürsə də, Rusiya məmurları, o cümlədən Vladimir Putin hansısa “Ukrayna izindən” danışırlar.

Bloomberg agentliyinin mənbələri bildiriblər ki, terror aktının arxasında Ukraynanın olmasına Rusiya siyasətçiləri və işgüzar elita da inanmır.

XS
SM
MD
LG