Keçid linkləri

2024, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 14:52

Ukrayna Rusiyanın 'tısbağa tank'ını ələ keçirib (Video)


Ukrayna əsgərləri üzərində "Çar manqalı" qurulmuş T-62 tankının - "tısbağa tank"ın qarşısında
Ukrayna əsgərləri üzərində "Çar manqalı" qurulmuş T-62 tankının - "tısbağa tank"ın qarşısında

Ukrayna ordusunun 22-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçiləri Donetsk vilayətinin Kleşşeyevka rayonunda Rusiyanın məşhur “tısbağa-tank”ını ələ keçiriblər.

Bu tankların üzərində dron hücumlarından müdafiə üçün xüsusi zirehli kamera qoyulur.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı videodan görünür ki, ukraynalılar həm də tankın ekipajını ələ keçiriblər.

Bundan əvvəl sosial şəbəkədə belə bir tankın minaya düşməsini göstərən video yayılmışdı.

Bu arada Ukrayna silahlı qüvvələrinin bu ilin 23 fevralında Rusiyanın A-50U uzaq radiolokasiya və idarəetmə təyyarəsini vurduğu təsdiqlənib.

Bu, Ukrayna ordusu 138-ci zenit-raket briqadasının komandiri polkovnik Nikolay Dzyamanın qiyabi həbsinə dair Rusiya İstintaq Komitəsinin və məhkəmələrin sənədlərindən məlum olub.

İstintaqın versiyasına görə Dzyaman “sözü gedən təyyarənin döyüş əməliyyatlarında iştirak etmədiyini, silahsız olduğunu və əslində Rusiyanın hava məkanında uçmasını bilsə də döyüşçülərinə onun məhvinə dair əmr verib”.

Məlumata görə təyyarənin vurulması nəticəsində onun 10 nəfərdən ibarət bütün heyəti həlak olub.

Rusiya Dzyamanı federal axtarışa verib.

A-50 Kəşfiyyat təyyarəsi (Arxiv fotosu)
A-50 Kəşfiyyat təyyarəsi (Arxiv fotosu)

Rusiya Müdafiə Nazirliyi bu xəbəri şərh etməmişdi

Məhkəmədə Ukrayna polkovniki üçün dövlət tərəfindən verilmiş vəkil Viktor Abaşin deyib ki, o Ukrayna vətəndaşının qiyabi həbsinə etiraz edib.

A-50U təyyarəsi vurulandan sonra onun qalıqları Krasnodar diyarının Kanevski rayonunun Trudovaya Armeniya xutorunun ərazisinə düşüb.

O vaxt Rusiya Müdafiə Nazirliyi bu təyyarənin vurulması barədə məlumatı şərh etməmişdi.

Krasnodar diyarının operativ qərargahı yalnız bunu bildirmişdi ki, “iki uçuş aparatının düşməsi nəticəsində qamışlıq yanıb”.

А-50U – A-50 kəşfiyyat təyyarəsinin modernləşdirlmiş modifikasiyasıdır.

Kommersant qəzetinin məlumatına görə dəyəri 300 milyon dollar təxmin edilən bu təyyarələr eyni vaxtda yerdə və göydə onlarca hədəfi müşahidə edə bilir.

Bu, Ukrayna silahlı qüvvələrinin vurduğu ikinci A-50 təyyarəsidir. Birinci təyyarə yanvar ayında Azov dənizi üzərində vurulmuşdu.

XS
SM
MD
LG