Keçid linkləri

2024, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 19:19

Konstitusiya Məhkəməsindən növbədənkənar seçkilərə yaşıl işıq


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Bu gün, iyunun 27-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda parlamentin "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarına baxılıb.

Milli Məclis iyunun 21-də bununla bağlı prezidentə müraciət etmişdi. Prezidentdə öz növbəsində Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində sorğu vermişdi.

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri qərarı Konstitusiyaya uyğun sayıblar.

21 iyun

Milli Məclis prezidentə müraciət etdi

Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı prezidentə müraciət edib. Bununla bağlı məsələ parlamentin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

20 iyun

Milli Məclisin tərkibi buraxılır

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Bununla bağlı iyunun 20-də YAP İdarə Heyətinin iclası keçirilib.

YAP-dan belə bir təşəbbüsü zəruri edən amil kimi bu ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransı (COP29) və başqa tədbirlər göstərilib.

Vurğulanıb ki, Konstitusiyaya əsasən, konfransın gerçəkləşəcəyi vaxtda - 2024-cü ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçirilməlidir.

"Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır", - YAP-ın sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb.

İkinci dəfədir

Hakim YAP birinci dəfə deyil ki, belə bir təşəbbüslə çıxış edir. Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl keçirilmişdi.

Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG