Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 17:20

Kitabi-Dədə Qorqud (Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy)


əvvəli

Bir gün Ulaş oğlu Qazan bəy yerindən durmuşdu. Qara yer üzərində
otaqlarını tikdirmişdi. Min yerdə ipək xalça döşətmişdi.

Hündür alaçıq göy üzünə dirənmişdi. Doxsan dəstə gənc oğuz məclisinə
toplaşmışdı. Ağzı böyük şərab küpləri ortalığa qoyulmuşdu. Doqquz
yerdə kef məclisi qurulmuşdu, qızıl qədəhlər, sürahilər düzülmüşdü.
Doqquz qara gözlü, hörmə saçlı, əlləri biləyindən xınalı, barmaqları
naxışlı, boğazları bir qarış kafir qızları al şərabı qızıl qədəhlə Qalın Oğuz bəylərinə paylayırdılar. Ulaş oğlu Salur Qazan hər bir şərab küpündən içmişdi. Qızılı sapla tikilmiş çadır-otaqlar, qatar-qatar dəvələr
bağışlayırdı. Oğlu Uruz, qarşısında yay kimi söykənib durmuşdu. Sağ
yanında qardaşı Qaragünə oturmuşdu. Sol yanında dayısı Aruz
oturmuşdu.
Qazan sağına baxdı, qah-qah güldü. Soluna baxdı, çox sevindi.
Qarşısına baxdı, oğlu Uruzu gördü. Əlini əlinə çalıb ağladı. Oğlu Uruza
bu iş xoş gəlmədi. İrəli gəldi, diz çökdü. Çağırıb atasına soylayır,
görək, xanım, nə soylayıb deyir:
Sözümü anla mənim, sözümü dinlə, ağam Qazan
Sağına baxdın qah-qahla güldün.
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
Səbəbi nədir, söylə mənə,
Qara başım qurban olsun, ata, sənə!
Deməzsənsə, qalxıb yerimdən duraram,
Qara gözlü igidlərimi öz dəstəmə qataram,
Qanlı Abxaz elinə mən gedərəm,
Qızıl xaça mən əl basaram,
Pilon geyən keşişin əlini öpərəm,
Qara gözlü kafir qızını mən alaram,
Daha sənin üzünə mən gəlmərəm.
Ağlamağına səbəb nədir? Söylə mənə!
Qara başım qurban olsun, ağam, sənə!
Qazan bəy qızardı. Oğlanın üzünə baxdı. Çağırıb soylayır, xanım,
görək, nə soylayır:
Bəri gəl, qulunum oğul!
Sağ tərəfə baxanda mən
Qardaşım Qaragünəni gördüm –
Baş kəsib – qan tökübdür,
haqqın alıb, ad qazanıbdır.
Sol tərəfə baxdıqda dayım Aruzu gördüm, –
Baş kəsib – qan tökübdür,
haqqın alıb, ad qazanıbdır.
Qarşıma baxanda səni gördüm.
On altı yaşın oldu
Bir gün ola, düşüb öləm, sən qalarsan, –
Yay çəkməmisən, ox atmayıbsan,
baş kəsməyibsən, qan tökməyibsən.
Qanlı Oğuz yurdunda bir mükafat almayıbsan.
Sabahkı gün vaxt gələr, mən ölüb sən qalanda taxt-tacımı birdən
sənə verməzlər, – deyə sonumu andım, ağladım, oğul, – dedi.
Uruz burada soylamış, görək, xanım, nə soylamışdır:
Dəvəcə böyümüşsən, köşəkcə ağlın yox!
Təpəcə böyümüşsən, darıca beynin yox!
Hünəri oğul atadanmı görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənir?
Sən məni götürüb haçan kafir sərhədinə çıxardın,
qılınc çalıb baş kəsdin?
Mən səndən nə gördüm, nə öyrənim? – dedi.
Qazan bəy əlini əlinə vurub qah-qah güldü. Dedi: “Ay bəylər,
Uruz yaxşı deyir. Siz yeyiniz-içiniz, söhbətinizi eləyin. Mən bu oğlanı
götürüb ova gedim. Yeddi günlük azuqə ilə çıxaq. Ox atdığım yerləri,
qılınc çalıb baş kəsdiyim yerləri göstərim. Kafir sərhədində Cızıqlara,
Ağlağana, Göycə dağa götürüb aparım. Sonra oğlana gərək olar, a
bəylər!” Qonur atını çəkdirdi, mindi. Donu qaş-daşla bəzənmiş üç yüz
igidi seçdi, öz dəstəsinə qoşdu. Uruz da qırx ala gözlü igidini özü ilə
apardı. Qazan oğlunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı,
quş vurdu. Sığın-keyik yıxdı. Hündür və gözəl göy çəmənlikdə çadır
qurdu. Bir neçə gün bəylər eləcə yeyib-içdi.
Sən demə, Başı açığın Dadiani qalasından, Aq-saqa qalasından
kafirin casusu bunları görüb, təkura dedi: “Hey, nə oturursan, ay itini
ulatmayan, pişiyini miyoldatmayan! Albanların başçısı Qazan öz oğlu
ilə sərxoş olub yatır”.
On altı min qara donlu kafir ata mindi. Qazanın üzərinə irəlilədi.
Baxıb gördülər altı bölük toz endi. Kimi dedi: “Keyik tozudur”, kimisi
dedi: “Düşmən gəlir”. Qazan dedi: “Keyik olsaydı, bir ya iki bölük
olardı. Bilin ki, bu gələn düşməndir”. Toz yarıldı, gün kimi parıldadı,
dəniz kimi yayxandı, meşə kimi qaraldı. On altı min ip üzəngili, keçə
papaqlı, azğın dinli, quzğun dilli kafir gəlib çıxdı. Qazan Qonur atını
çəkdirdi, mindi. Oğlu Uruz bədəvi atının cilovunu çəkib oynatdı, onun
qarşısına gəldi, dedi:
Bəri gəl, ağam Qazan!
Dəniz kimi qaralıb gələn nədir?
Od kimi işarıb, ulduz tək parlayıb
gələn nədir?
Öz dilinlə beş kəlmə xəbər ver mənə!
Qara başım qurban olsun, atam, sənə!
Qazan deyir:
Bəri gəl, aslanım oğul!
Böyük dəniz kimi yayxanıb gələn
kafirin qoşunudur.
Gün kimi parlayıb gələn
kafirin papağındakı işıqdır.
Ulduz kimi işarıb gələn
kafirin nizəsidir.
Azğın dinli yağıdır, düşməndir, oğul!
Oğlan deyir: “Yağı” deyəndə nəyə deyirlər? Qazan dedi: “Oğul,
ona görə yağı deyirlər ki, biz onlara yetsək, öldürərik; onlar bizə yetsə,
öldürərlər”.
Uruz deyir: “Ata, onların içində bəy igidlərdən öldürülsə, qan
haqqı tələb edərlərmi?”. Qazan deyir: “Oğul, min kafir öldürsən də,
kimsə səndən qan iddiasında olmaz. Amma bunlar azğın dinli kafirdirlər,
yaxşı yerdə rast gəldilər. Ancaq sən yaman yerdə mənə buxov oldun,
oğul!”.
Uruz burada soylamışdır, görək, xanım, nə soylayıb demişdir:
Bəri gəl, ağam Qazan!
Qalxıb yerimdən
bədəvi atımı saxlayırdım bu gün üçün.
Günü gəldi, hündür meydanda səyirdim mən sənin üçün!
Uzaq vuran sür nizəmi
saxlayırdım bu gün üçün.
Günü gəldi, qarınlara-kökslərə sancım mən sənin üçün.
Böyük, iti polad qılıncımı saxlayırdım bu gün üçün,
Günü gəldi, murdar dinli kafir başın kəsdirim sənin üçün!
Əynimdə bərk dəmir donumu saxlayırdım bu gün üçün.
Günü gəldi, qolçaq-yaxa tikdirib-taxım sənin üçün!
Günü gəldi, qaba toppuz altında yoğurdum sənin üçün
Qırx igidimi saxlayırdım bu gün üçün.
Günü gəldi, kafir başını kəsdirim sənin üçün!
Aslan adımı saxlayırdım sənin üçün.
Kafirlə əlbəyaxa tutaşım mən sənin üçün!
Ağız-dildən bir neçə söz söylə mənə!
Qara başım qurban olsun, ağam, sənə!
Qazan burada soylamış, görək, xanım, nə soylamışdır, – deyir:
Oğul, oğul, ay oğul!
Səsimi anla, sözümü dinlə!
O kafirin oxçusu var,
atdığı üç oxdan biri boşa çıxmaz.
“Hı!” demədən başlar kəsən cəlladı var.
Adam ətindən qovurma edən aşbazı var.
Bu, sən deyən düşmən deyil,
Mən yerimdən qalxıb durum.
Qonur atın belinə qoy mən minim.
Düşmən mənimçin gəlir, qoy mən gedim.
Böyük, iti polad qılıncı mən çalım.
Kafir azğın dinlidir, başların kəsim.
Dönə-dönə savaşım, dönə-dönə döyüşüm.
Qılınc çalıb baş kəsməyi gör, öyrən.
Başın bəlaya düşsə, gərəyin olar...
Uruz burada soylamış, görək, xanım, nə soylamış, nə demişdir:
A bəy ata, eşidirəm,
Ərafatda erkək quzu qurban kəsilər.
Ata oğul qazanar ad üçün.
Oğul da qılınc qurşanar ata qeyrəti üçün.
Mənim də başım qurban olsun səninçün.
Qazan burada soylamış, görək, xanım nə soylamış. Qazan dedi:
Oğul, oğul, ay oğul!
Düşmən arasına girib baş kəsməyibsən,
Adam öldürüb qan tökməyibsən,
Ala gözlü qırx igidi götür özünlə,
Köksü gözəl dağ başına çıx.
Mənim necə savaşaraq döyüşdüyümə,
Mənim necə qılınc çalıb çəkişdiyimə
Həm bax, öyrən, həm göz olub, pusquda dur sən!
Uruz atasının sözünü sındırmadı, geri döndü. Yoldaşlarını da
götürüb uca dağların başına çıxdı. O zamanlar oğul, ata sözünü iki eləməzdi.
İki eləsəydi, o cür oğulu qəbul etməzdilər. Uruz süngüsünü gen
yaxasından keçirib, yerə sancdı, durdu.
Qazan bəy gördü ki, kafir yaxınlaşdı. Atından endi, təmiz suda yuyundu.
Ağ alnını yerə qoydu, iki rükət namaz qıldı. Adı gözəl Məhəmmədi
yada saldı. Qara dinli kafirin gözünə qaranlıq çökdürdü. Hayqırıb
at sürdü, irəli gedib qılınc vurdu.
Gumbur-gumbur nağaralar çalındı,
Burması qızıl tunc borular çalındı.
O gün igid bəy ərənlər dönə-dönə savaşdı.
O gün iti polad qılınclar çalındı.
O gün qarğı dilli bərk oxlar atıldı.
Uzaq vuran sür nizələr sancıldı.
O gün namərdlər xəlvət yer gözlədi.
O gün Uruz baxa-baxa cuşə gəldi.
Dedi: “Bəri gəlin, qırx yoldaşım,
Qurban getsin yolunuzda mənim başım!”
Görürsünüz ki, ağam Qazan baş kəsdi, qan tökdü. Mənə də heç
oğul-uşağın yeməyi qədər təsir etmir. Amma atam, elə bil, bəzi
kafirləri bağışlayır. Məni sevən igidlərim, nə durmusuz, düşmən
qoşununun bir ucuna hücum edək!” Qaracıq atını oynatdı. Uruz kafirin
sağ cinahına at sürdü. Sağlı-sollu düşməni yaxşıca dağıtdı. Sanki dar
yolda dolu düşdü, ya qaz sürüsünə şahin girdi. Kafirin bir cinahı
basıldı. Azğın dinli kafir əldən düşüb ox atmağa başladı. Qovulanlardan
biri Uruzun bədəvi atını oxladı. At yıxıldı. Kafirlər qayıdıb Uruzun
üstünə yığışdılar. Uruzun qırx igidi atdan endi. Böyük qalxan bağını
qısa düyünlədilər. Qılınc siyirdilər. Uruzun üstündə çox vuruşdular.
Lakin çoxluq qorxudur, dərinlik batırır. Piyada yolçunun ümidi olmaz.
Uruza sağdan-soldan hücum etdilər, qırx yoldaşını həlak etdilər. Oğlanın
üstünə düşüb tutdular. Qollarını bağladılar. Ağ boynuna qıl örkən
taxdılar. Üzü üstə salıb sürüdülər. Ağ ətindən qan çıxınca döydülər.
“Ata” deyə ağlatdılar, “ana” deyə inlətdilər. Əli bağlı, boynu bağlı,
üzü üstə salıb sürüyərək apardılar. Uruz dustaq oldu. Qazan xəbər tutmadı.
Elə sandı ki, düşmən basılıb. Atın yüyənini döndərib geri qayıtdı.
Gəldi, oğlanı qoyduğu yerdə tapa bilmədi. “A bəylər, oğlan hara
getmiş ola?” – dedi. Bəylər dedilər: “Oğlan quş ürəkli olur. Qaçıb anası
yanına getmişdir”. Qazan qaraldı döndü. Dedi: “Bəylər, Allah bizə
bir fərasətsiz oğul vermişdir. Gedək, onu anası yanından alaq, qılıncla
paralayaq, altı bölük edək, altı yolun ayrıcına ataq. Bir daha kimsə
çöllük yerdə yoldaş qoyub qaçmasın!”. Sonra Qonur atını dizləri ilə
vurub yola düşdü. Evinə gəldi.
Xan qızı Boyu uzun Burla xatun Qazanın gəldiyini eşitdi. Atdan
ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi. “Oğlancığımın ilk
ovudur, ovu qanlı oğuz bəylərini sevindirib-şənləndirim!” – dedi.
Xan qızı gördü ki, Qazan gəlir, özünü yığışdırıb yerindən cəld durdu.
Samur cübbəsini əyninə geydi. Qazanın qarşısına gəlib üz örtüyünü
qaldırdı. Qazanın üzünə sarı baxdı. Sağ-soluna göz gəzdirdi. Oğlu
Uruzu görmədi. Qara bağrı sarsıldı, ürəyi yerindən oynadı, qara qıyılmış
gözləri qan-yaşla doldu. Qazana soylamış, görək, xanım, nə
soylamış, demişdir:
Bəri gəl, Salur bəyi, Salur göyçəyi!
Başımın bəxti, evimin taxtı!
Xan atamın kürəkəni,
Xanım anamın seviləni,
Ata-anamın verdiyi,
Göz açaraq gördüyüm,
Könül verib sevdiyim.
İgid bəyim Qazan!
Qalxıb yerindən sən durdun,
Oğlunla gözəl qara yallı Qazlıq atını mindin.
Boynu uzun vəhşi keyiki vurub-yıxdın,
Sən atını yüklətdin, geri döndün?
İki getdin, bir gəlirsən, balam hanı?
Qara dövranda tapdığım oğlum hanı?
Təkcə bəyim görünmür, bağrım yanır.
Asılan uçurum qayalardan
Qazan, oğlumu uçurdunmu?
Talı sazın aslanına yedirtdinmi?
Ağ əllərini qollarından sarıtdınmı?
Kafirlər önündə qaçırtdınmı?
Dörd yanına baxdırdınmı?
Dil-damağını qurutdunmu?
Qara gözdən acı yaşlar axıtdınmı?
“Xanım ana, bəy ata!” – deyib ağlatdınmı?
Yenə soylayıb deyir:
Oğul, oğul, ay oğul! Evimin dirəyi oğul!
Qarşı yatan qara dağın yüksəyi, oğul!
Qaralıca gözlərimin işığı, oğul!
Acı yellər əsmədən, Qazan, qulağım cingildəyir.
Sarımsaq otunu yemədən, Qazan, içim göynəyir.
Sarı ilan sancmadan ağ bədənim qalxır-şişir.
Qurumuşca sinəmdə südüm oynayır.
Yalqızca oğul görünmür, bağrım yanır.
Yalnız oğul xəbərini, Qazan, söylə mənə!
Deməzsənsə, yana-yana qarğayaram, Qazan, sənə!
Anası bir soy daha soylayıb deyir:
Qarğı nizə oynadanlar getdi, gəldi.
Qızıl nizə oynadana, yarəb, nə oldu?
Qaracıq ata minənlər getdi, gəldi.
Bədəvi atlı bir oğula, yarəb, nə oldu?
Nökər gəldi, naib gəldi.
Yalnız bir oğula, yarəb, nə oldu?
Yalnız oğul xəbərini, Qazan, söylə mənə!
Deməzsənsə, yana-yana qarğayaram sənə!
Bir daha soylamışdır:
Quru-quru çaylara su buraxdım;
Qara donlu dərvişlərə nəzir verdim.
Yan-yörəmə baxdıqda qonşuma yaxşı baxdım.
Umub-küsənə, dilənçiyə yemək verdim.
Ac görsəm, doyurdum; çılpaq görsəm, geyindirdim.
Dilək ilə bircə oğul güclə tapdım.
Yalnız oğul xəbərini, a Qazan, söylə mənə!
Deməzsənsə, yana-yana qarğayaram sənə!
Bir daha soylamışdır:
Qarşı yatan uca dağdan
Bir oğul uçurdunsa, de mənə,
külünglə yıxdırım!
Coşğun axan yüyrək sudan
Bir oğul uçurub-axıtdınsa, de mənə,
Mənbəyini-mənsəbini dağıdım!
Azğın dinli kafirlərə
Bir oğul tutdurdunsa, de mənə;
Xan atamın yanına gedim mən,
Böyük qoşun, bol xəzinə alım mən.
Yaralanıb Qazlıq atımdan enməyincə,
Ətəyimlə alca qanımı silməyincə,
Qol-bud olub yer üzünə düşməyincə,
Bircə oğlumun xəbərini almayınca
Kafir yollarından dönməyim mən! – dedi.
Yoxsa, a Qazan, ayaqdan başmağımı çıxarım?
Ağ üzümə uzunca dırnaqlarımı çalım?
Payız alması kimi yanağımı yırtımmı?
Öz çadrama, donuma qanımı axıdımmı?
Sənin yurduna ağır bir şivən salmayımmı?
“Oğul, oğul!” deyərək hamını ağladımmı?
Qızıl dəvə sürüsüylə burdan keçdi;
Köşəkləri mələyərək ordan keçdi.
Balacığazımı itirmişəm, mələyimmi?
Bir Qaracıq Qazlıq at da burdan keçdi,
Quluncuğu kişnəyərək ordan keçdi.
Quluncuğumu itirmişəm, kişnəyimmi?
Yaylaqdakı ağca qoyun burdan keçdi,
Quzucuğu mələşərək ordan keçdi.
Quzu balamı itirmişəm mələyimmi?
“Oğul” deyə hıçqırımmı, inləyimmi?
Bir daha soylamışdır:
Qalxıb yerimdən durum, deyirdim.
Qara yallı Qazlıq atıma minim, deyirdim.
Qalın Oğuz içində gəzim-arayım, deyirdim, –
Oğluma bir ala gözlü gəlin alım, deyirdim.
Qara yerdə ağ otaqlı çadırlar qurdurum, deyirdim.
Oğlumu həvəslə bəy otağına keçirim, deyirdim.
Muradına, mətləbinə yetirim, deyirdim.
Muradıma, arzuma yetirmədin məni,
Dərdli başımın qarğışı tutsun, Qazan, səni!
Bir bəyim görünmür, bağrım yanır,
Neylədin, söylə mənə!
Deməzsənsə, yana-yana qarğaram, Qazan, sənə!
Oğlanın anası belə dedikdə Qazanın ağlı başından getdi. Qara bağrı
sarsıldı, ürəyi yerindən oynadı. Qaranlıq çökmüş gözləri qan-yaşla
doldu. Dedi: “Əzizim, oğul gəlsəydi, səndənmi soruşardım? Qorxma,
fikir eləmə, ovdadır. Ovda qalan oğul üçün qəmlənmə! Mən Qazana
yeddi gün möhlət ver! Yerdə isə oğlunu yerdən çıxarım; göydə isə,
göydən endirim. Tapa bildim, tapdım; tapmasam, Tanrı verdi, Tanrı
aldı, neyləyək? Səninlə birlikdə qara şivənə girək”.
Xan qızı deyir: “Qazan, oğlanın ovda olduğuna onda inanaram ki,
yorğun atınla, kütləşmiş nizənlə ardına düşəsən”.
Qazan geri döndü. Gəldiyi yolu alıb çapdı. Gecəni gündüzə qatdı.
Oğlanın anası duymadan əlaltı buyurdu: “Doxsan dəstə gənc oğuz
ardımca gəlsin! Bəylər bilsin ki, Uruz dustaqdır”, – dedi.
...O yerə gəldi ki, düşmən basılmışdı. Gördü oğlanın ala gözlü qırx
igidi qırılmışdır. Oğlanın bədəvi atı oxlanmış yatır. Meyitlər arasında
oğlunu tapmadı. Qızıl dəstəkli qamçısını tapdı. Yəqin bildi ki, oğlu
kafirlərə dustaqdır, ağladı:
Uca dağımın zirvəsi oğul!
Coşğun sularımın daşqını oğul!
Qocalığımda itirdiyim yalnız oğul! – dedi,
hıçqırdı. Kafirin izinə düşdü. Kafir Dərbənddə sakin olmuşdu.
Oğlana qara yapıncı geydirmişdilər. Eşikdə, qapı ağzında quru yerdə
qoymuşdular; girən basır, çıxan basırdı. Fikirləşirdilər: “Bu qarı düşmən,
yad oğlu əlimizə düşmüşkən əzabla öldürək!”. Uruzun belə quru
yerdə atıldığı vaxtda Qazan xan yetişdi. Qonur atını oynatdı. Kafirlər
Qazanın gəldiyini görüb təşvişə düşdülər. Kimi at minir, kimisi zirehli
paltar geyir. Oğlan başını qaldırıb soruşdu: “Ədə, kafir, nə olub?”
Kafir dedi: “Atan gəlib, tutmaq istəyirik.” Oğlan deyir: “Aman, ay kafir,
aman! Tanrının birliyinə şübhə yoxdur!”. Kafirlər oğlana aman
verdilər, əlini-gözünü açdılar. Oğlan atasına qarşı gəldi, soyladı,
görək, nə soyladı;
Uruz dedi:
Bəri gəl, a bəy ata!
Haradan bildin dustaqlığımı?
Ağ əllərimin bağlandığını?
Ağ boynuma qıl sicimin taxıldığını?
Qaragöz igidlərimin qırıldığını?
Sən gəlincə, ata, kafirlər danışdılar:
“Qonur atlı Qazanı tutun,
Ağ əllərini, qollarını bağlayın.
Səs-səmirsiz gözəl başını kəsin.
Alca qanını yer üzünə tökün.
Oğlu ilə özünü bir yerdə öldürün.
“Ocağını söndürün!” – deyə söylədilər.
Xan ata, qorxuram səyirdərkən
Qonur atını sürüşdürəsən,
Vuruşarkən özünü tutdurasan,
Xəbərsizcə gözəl başını kəsdirəsən.
Ağ birçəkli anamı “oğul” deyərkən
“Başım bəxti Qazan” – deyə ağladasan.
Qayıdaraq, ata, geriyə dön!
Sür atını, qızıl tağlı evinə get!
Qocalmış anamın ümidi ol!
Qara gözlü bacımı ağlatma!
Qarımış dərdli anamı sızlatma!
Ata ölsə oğlu üçün, eyibdir,
Yaradana and verirəm səni, ata,
Qayıdaraq geriyə dön, evinə get!
Qoca anam qarşılayıb soruşsa,
ata, doğru xəbər ver:
Sənin oğlunu dustaq gördüm, de!
Ağ əllərini qollarından bağlı gördüm, de!
Qıl sicimi ağ boynuna taxılı gördüm, de!
Qara donuz damında yatırdırlar, de!
Qıl yapıncı boynunu sürtmüşdür, de!
Ağır buxov topuğunu döyənək edib, de!
Yanmış arpa çörəyi, acı soğandır yeməyi, de!
Anam məni özü üçün dərd etməsin!
Bir ay yola baxsın, gəlməsəm, iki ay baxsın!
İki ayda gəlməsəm, üç ay baxsın!
Üç ayda gəlməsəm, o vaxt bilsin ölmüşəm.
Ayğır atımı kəsdirib, aşımı versin!
Yad qızıdır, arvadıma izn versin,
Mənim bəy otağıma ayrısı girsin!
Mənim anam göy geyinib qara sarınsın!
Qalın Oğuz elində yasımı tutsun!
Mənim başım sənin yolunda qurban olsun!
Geri dön, ata!
Oğlan bir daha soylamışdır, görək, xanım, nə soylamışdır:
Qarşı yatan uca dağlar istəsə, el yaylar.
Aşqın-daşqın sellər-sular istəsə, axar-çağlar.
Qaracıq atlar sağlam olsa, qulun verər.
Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər.
Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar.
İgid bəylər sağlam olsa, oğlu doğular.
Sən sağ ol, anam sağ olsun,
Allah sizə məndən yaxşı oğul verər.
Anam mənə halal etsin ağ südünü,
Vuruşma, sən, qayıt, ata, qayıt geri!
Qazan xan burada soylamış, görək, xanım, nə soylayıb demişdir:
Oğul, oğul, ay oğul!
Qarşıdakı uca dağımın zirvəsi oğul!
Güclü belimin qüvvəti, canım oğul!
Qaranlıq gözlərimin işığı oğul!
Dan söküləndə yerimdən səninçin durmuşam.
Qonur atı çaparaq səninçin yormuşam.
Kirə-toza sənə görə bulamışam ağ donumu.
Qurban verim qoy səninçin mən başımı, bu canımı.
Sən gedəli uca taxtım göydə ikən yerə endi.
Nağaralar, təbillər də gumbur-gumbur döyülmədi.
Əzəmətli divanımda bütün işlərim dayandı.
Tanıdığım bəyzadələr ağ çıxarıb qara geydi.
Qaza bənzər qız-gəlinim ağ çıxardı, qara geydi.
Qarımış anan qan-yaş tökdü.
Ağsaqqal atanın huşu başından getdi.
Oğul, burdan qayıdaraq evə getsəm,
Ağca üzlü anan gəlib “oğul” desə,
Deyimmi ki, qıl örkən də ağ boynuna taxılıdır?
Deyimmi ki, ağ əlləri arxasında bağlıdır?
Deyimmi ki, necə səni yüyürdürlər ayaqla?
Onda mənim bəs namusum hara getsin, de, bala?
Qıl yapıncı necə sürtmüş boyuncuğunu, deyimmi?
Ağır buxov necə döyüb topuğunu, deyimmi?
Arpa çörəyi, acı soğan naharıdır, deyimmi?
Qazan yenə deyir:
Qarşıdakı uca dağlar.
Qurusa, otu bitməz, el yaylamaz.
Axıntılı gözəl sular
Qurusa, aşıb-daşmaz.
Dəvələr qarısa, nəsil verməz.
Qaracıq atlar qarısa, qulun verməz.
İgid ərlər qocalsa, oğlu olmaz.
Atan qoca, anan qarı
Səndən yaxşı Allah bizə oğul verməz.
Versə belə, sənin yerini tuta bilməz.
Qara bulud olub göy asimanda,
Kafirin üstündə qoy gurlayım mən.
Ağ ildırım olub qoy çaxım mən.
Kafiri qamış kimi od olub yandırım.
Bir nəfərin yerinə doqquzunu saydırım.
Vuruş, döyüş səsiylə qoy aləmi doldurum.
Yaradan Allah köməyim olsun!
Qonur atından yerə endi, axıb gedən təmiz suda yuyundu. Ağ
alnını yerə qoydu. Namaz qıldı, ağladı. Qadir Allahdan güc istədi.
Məhəmmədə salavat çəkdi. Dəvə kimi kükrədi. Aslan kimi nərə çəkib
hayqırdı. Ata kafirlərə yalqız hücum etdi, at sürüb qılınc vurdu. Dönədönə
yaxşıca vuruşdu, kafiri məğlub etmək istədi, bacarmadı. Bir saat
ərzində atla üç dəfə hücum etdi. Birdən göz qapağına qılınc toxundu.
Qara qanı şoruldayıb, gözünə töküldü. Özünü xəlvət yerlərə saldı.
Görək, indi yaradan neyləyir.
Boyu uzun Burla xatun oğlunu andıqca qərarı qalmadı. Qırx incə
belli qız-oğlanla Qara ayğırını çəkdirib mindi. Böyük qılıncına qurşandı.
“Başımın tacı Qazan gəlmədi”, – deyə izinə düşüb getdi. Gəlib, gəlib
Qazana yaxınlaşdı. Qazan öz arvadını tanıya bilmədi. Deyir:
Qara ayğırın cilovunu mənə ver, igid!
Ayaq saxla, üzümə bax bir, igid!
Altındakı qara ayğırı mənə ver, igid!
Əlindəki sür nizəni
Yanındakı göy polad silahı mənə ver, igid!
Bu günümdə kömək ol mənə!
Qala-ölkə verim sənə!
Burla xatun deyir:
Qarşımı alıb, igid, məni nə saxlayırsan?
Mənim keçmiş günümü nə yadıma salırsan?
Qalxıb yerindən duran Qazan!
Qaragöz atın belinə yatan Qazan!
Apararaq uca dağımı yıxan Qazan!
Kölgəsi tək iri ağacımı kəsən Qazan!
Bıçaq alıb qanadlarımı qıran Qazan!
Yalnız oğlum Uruza qıyan Qazan!
At üstündə oturmayıb, ayaq üstə çapan Qazan!
Üzəngiyə yığışmazdı dizin sənin
Xan qızını, – arvadını tanımayır gözün sənin!
Nə olmuşdur sənə belə, öz huşunu itirmisən?
Çal qılıncını, yetdim, Qazan!
Bu zaman oğuz igidləri bir-bir yetişdi. Görək, xanım, kimlər
yetişdi:
Qaradərə ağzında Allah verən, qara buğa dərisindən beşiyinin
örtüyü olan, acığı tutanda qara daşı kül eyləyən, qara bığını ənsəsində
düyünləyən, Qazanın qardaşı Qaragünə çapar yetdi: “Çal qılıncını,
Qazan qardaş, çatdım!” – dedi.
Onun ardınca görək, xanım, kimlər yetişdi:
Dəmir qapı Dərbənddəki dəmir qapını alan, altmış tutamlıq böyük
nizəsinin ucunda igidləri böyürdən, Qazan kimi pəhləvanı bir savaşda
üç dəfə atından yıxan Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq yetdi:
“Çal qılıncını, ağam Qazan, çatdım!” – dedi.
Onun ardınca, görək kimlər yetdi:
Gedib Bayındır xanın düşmənini icazəsiz basan, altmış min kafirə
qan qusduran Qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetdi: “Çal qılıncını,
ağam Qazan, çatdım!” – dedi.
Onun ardınca, görək, kimlər yetdi:
Parasarın Bayburd hasarından sıçrayıb aşan, atı böyük gəlin otağının
qarşısına gələn, Qalın Oğuz sevimlisi, Qazan bəyin dostu –
silahdaşı Boz ayğırlı Beyrək çaparaq yetişdi: “Çal qılıncını, xanım
Qazan, çatdım!” – dedi.
Onun ardınca, görək, kimlər yetişdi:
Çaya baxsa, qılınc çalan, qaraquş ərdəmli, qurama qurşaqlı,
qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atdan yıxan Qazılıq
qoca oğlu Yeynək bəy çaparaq yetdi: “Çal qılıncını, ağam Qazan,
çatdım!” – dedi.
Onun ardınca, görək, kimlər yetişdi:
İyirmi dörd boyunu tərif edib oxşayan Dəli Dondaz yetdi. Onun
ardınca min nəfərin başçısı Düyər yetdi. Onun ardınca minbaşı Bügdüz
Əmən yetdi. Onun ardınca doqquz tayfanın başçısı Aruz yetdi. Saydıqca
Oğuz bəyləri tükənən deyil.
Qazanın bütün bəyləri yetdi, ətrafına yığıldılar. Təmiz suda
yuyundular. İki rükət namaz qıldılar. Adı gözəl Məhəmmədə salavat
gətirdilər. Cəsarətlə kafirin üstünə at saldılar, qılınc çaldılar. O gün
ciyərli, cəsur igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer
axtardı. Bir qiyamət savaş oldu, meydan başla doldu. Bir qiyamət günü
oldu, bəy nökərdən, nökər bəydən ayrıldı.
Oğuz bəyləri ilə Dəli Dondaz sağdan hücum etdi. Cəsur igidlərlə
Qarabudaq soldan hücum etdi. Qazan özü düşmən qoşununun mərkəzinə
hücum etdi. Təkur ilə Şöklü Məlikə çatdı. Böyürdüb atdan saldı.
Al qanını yer üzərinə tökdü.
Sağ tərəfdə Dondaz Qara Tükənə qarşı gəldi. Qılınclayıb yerə
saldı. Sol tərəfdə Buğacıq Məlikə qarşı Qarabudaq gəldi. Nizəsiylə
sancıb yerə çaldı, bir anda başın kəsdi.
Boyu uzun Burla xatun kafirin qara bayrağını qılıncladı, yerə saldı.
Təkur basıldı, qalan düşmənlər qaçdı. Dərələrdə kafirlərə qırğın
düşdü. On beş min kafirdən kimi qırıldı, kimisi tutuldu.
Qazan, oğlunun yanına gəldi. Atından düşüb, əllərini açdı. Ata ilə
oğul qucaqlaşıb görüşdülər. Oğuzlardan üç yüz igid həlak oldu. Qazan,
öz oğlunu xilas edib geri döndü. Hamı bir-birini təbrik etdi. Oğuz bəyləri
sevindilər, böyük qənimət əldə etdilər.
Qazan Ağca qala Sürməliyə gəlib, qırx otaq tikdirdi. Yeddi gün,
yeddi gecə yemək-içmək oldu. Qazan qırx evli qulla qırx xidmətçi qızı
oğlunun başına çevirib azad eylədi. Qəhrəmanlıq göstərənlərə böyük
ölkə verdi, cübbə-çuxa verdi.
Dədəm Qorqud gəlib qopuz çaldı, oxudu: bu Oğuznaməni düzdü
qoşdu. Belə dedi:
İndi hanı o dediyim bəy ərənlər?
Dünya mənimdir deyənlər!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Xeyir-dua verək, xanım:
Yerli uca dağın yıxılmasın!
Kölgəli iri ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Qanadlarının ucu qırılmasın!
Allah səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Vuruşanda iti polad qılıncın gödəlməsin!
Allah verən ümidin üzülməsin!
Axır gündə arı imandan ayırmasın!
Ağ alnımızı yerə qoyub beş kəlmə dua etdik, qəbul olsun!
Ulu Tanrı yığışdırsın, saxlasın günahınızı,
Adı gözəl Məhəmmədə bağışlasın, xanım, hey!!!

davamı
XS
SM
MD
LG