Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:45

«ATƏT həbsdəki gənclərlə bağlı Məmmədyarova iki məktub göndərib»


Mark Perrin de Brişambo
Mark Perrin de Brişambo
«ATƏT-in iki rəsmisi həbsdə olan gənclər - Emin Milli və Adnan Hacızadə ilə bağlı Azərbaycanın Xarici İşlər nazirinə (Elmar Məmmədyarov -red) məktub göndərib, narahatlıqlarını bildiriblər». Bu haqda ATƏT-in baş katibi Mark Perrin de Brişambo Bakıda jurnalistlərə deyib:

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru və media azadlığı üzrə nümayəndəsi bu barədə məktub yazıblar. Azərbaycan rəsmiləri ilə görüşlərimdə də mən həmin bu iki məktuba istinad etdim və bir faktı əsas götürdüm ki, ATƏT-ə üzv olan ölkələrdə qanunun aliliyinə tamamilə hörmət olunmalıdır və öhdəliklər yerinə yetirilməlidir».

Amma Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxov «Azadlıq» radiosuna deyir ki, nazirliyə belə bir məktub daxil olmayıb.

Gənc fəallar Emin Milli və Adnan Hacızadə barəsində xuliqanlıq ittihamıyla iki aylıq həbs-qətimkan tədbiri seçilib. Gənclərin vəkilləri və yaxınları deyirlər ki, onları internetdə hakimiyyəti tənqid edən materiallar yaydıqlarına görə tutublar.

«Azadlıq» radiosunun müxbirinin «Azərbaycanda söz azadlığı məsələsini və konkret gənc bloqqerlərin həbsi məsələsini İlham Əliyevlə görüşdə müzakirə etdinizmi» sualına cavabında ATƏT-in baş katibi deyib:

«Prezidentlə danışıqlarının gizliliyini pozmaq istəməzdim. Amma məncə, Azərbaycan rəsmilərinə bir daha xatırlatmağa lüzum yoxdur ki, ATƏT-in standartları və öhdəliklərinə əməl etmək lazımdır».

Brişambo deyir ki, indi onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri, media azadlığı üzrə nümayəndəsi vasitəsilə gənc bloqqerlərin həbsi ilə bağlı dialoq aparırlar:

«Ümid edirəm ki, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq. Hesab edirəm ki, mənim mövqeyim başa düşüldü».
XS
SM
MD
LG