Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Əli və Nigar [1-ci hissə]


General Əliağa Şıxlinski və həyat yoldaşı Nigar xanım Mirzə Hüseyn qızı, 1909-cu il Maqilyov şəhəri

Avqust ayı Azərbaycanın iki görkəmli şəxsiyyətinin – general Əliağa Şıxlinskinin və onun xanımı Nigar xanım Qayıbova - Şıxlinskayanın xatirə günüdür. Lap gənc yaşlarından Nigar xanıma aşiq olan gələcək «Artilleriya allahı» sanki ölüm ayını da özü seçmiş, sevimli Nigarından ayrı qala bilməmişdi. 1931-ci il avqustun 15-də vəfat etmiş Nigar xanımın 12-ci ayrılıq ilini qeyd etmişdi general Şıxlinski. 1943-cü il avqustun18-də isə Musa Nağıyev adına xəstəxanada dünyaya vida deyib Yasamal qəbiristanlığında uyuyan ömür dostuna əbədi yol yoldaşı olmuşdu...

Əslində, general Nigar xanımdan heç ayrılmamışdı da. Fiziki ayrılığın 12 ilini, demək olar ki, hər cümə axşamı onun qəbrini ziyarət etmiş, hər il ehsan vermişdi. Hətta vəsiyyətnaməsində olub-qalanını satıb, özü üçün qəbir daşı qoymağı da istəməsində bir məqsədi var idi: «Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın». Və son rica: «Qəbrimi mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı, yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil».

Bu nə qəribə eşq idi...

... bu nə sehrli bağlılıqdı, bu nə unudulmaz sevda idi, əziz oxucum? Dastan olacaq bir hekayətdir, deyilmi? Biz, «İz» proqramının yaradıcıları elə belə də etdik. «Əli bəy və Nigar xanım» dastanını hazırladıq. Qoy bu, iki sevən ürəyə, iki vətənsevər insana, iki eloğlu-elqızına xatirə günündə bir ərməğan olsun dedik. Ə.Şıxlinskinin araşdırıcısı, hərb tariximizin bilicisi Şəmistan Nəzirli bu işdə bizə yardımçı oldu. Beləliklə, «Əli bəy və Nigar xanım» dastanı qarşınızdadır...

Əliağa ilə Nigar qohum idilər

Nigar xanımın atası Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbzadə, Əliağanın anası Şahyəmən xanımla (Şair Vidadinin nəvəsi) əmioğlu-əmiqızı idilər. Əliağa 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı kəndində, özü demiş, «ağalıq nəslində» doğulmuşdu. Nigar xanım ondan 6 yaş kiçik idi - 1871-ci il oktyabrın 10-da Tiflisdə ziyalı ailəsində dünyaya göz açmışdı. Atasının Zaqafqaziya müftisi olduğunu dedim. Anası Səadət xanım da Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. Nigar xanım ilk təhsilini evdə almışdı, sonra Tiflis Nəcib Qızlar İnstitutunu (1889) qızıl medalla bitirmişdi. O, fransız və rus dillərində sərbəst danışırdı, ərəb və fars dillərini də kamil bilirdi. Atası - məşhur din xadimi, həm də şeir-sənət aşiqi Hüseyn Əfəndinin Nigar xanımın yetişməsində xüsusi rolu olmuşdu. Onun zəngin kitabxanası sayəsində Nigar xanım İran klassiklərini, Azərbaycan şairlərini oxumuş, ərəb dili və ərəb ədəbiyyatını, fars dili və fars ədəbiyyatını dərindən öyrənmişdi.

Əliağa hərbçi olur

Əliağanın atası hərbçi idi. İsmayıl ağa hətta Rusiya-İran müharibəsində süvari dəstənin tərkibində döyüşüb fərqlənmişdi də. Amma atası oğluna Avropa üsulu ilə tam hərbi təhsil vermək istəyirdi. Odur ki, 1876-cı ildə -11 yaşında Əliağanı götürüb Tiflisə, qohumu Hüseyn Əfəndigilə gəlir. O vaxtdan Əliağa «tamamilə Mirzə Hüseyn Əfəndinin himayəsinə» keçir. Özü sonralar belə yazır: «Mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam». Əvvəl Tiflis Hərbi Gimnaziyasında oxuyur, sonra Sankt-Peterburqda Mixaylovski Artilleriya Məktəbinə daxil olur, məşhur artilleriyaçılardan dərs alır. Məktəbi bitirəndən sonra da böyük uğurlara imza atır, artilleriya bilicisi kimi tanınır. Təkcə onu deyim ki, 1900-cü ildə o artıq Əlahiddə Zabaykalye Artilleriya Divizionunun batareya baş zabiti idi. Onu dünyada məşhurlaşdıracaq Port-Artur döyüşünə hələ 4 il qalırdı...

«Bizimkisi bir aşk hikayəsi...»

Lap o məşhur türk mahnısındakı kimi, siyah-bəyaz film kimi bir az...Onlar Əliağanın Peterburqda oxuduğu illərdə məktublaşırlar. Müfti də məsələdən haliymiş. Hər halda razı imiş. Hamı - bütün Şıxlinskilər bu sevgidən xəbərdarmış. Nə yazıq ki, bütün sevgi hekayələrindəki qara yellər burda da əsir. Əhvalat belə olur...

«Qara keşiş» kim ola?

Milliyyətcə acar, dincə müsəlman olan knyaz Məmməd bəy Palavandov. İş elə gətirir ki, o vaxt onu Qazax qəzasına hakim təyin edirlər. Sən demə, Məmməd bəy Nigarın atasının dostu imiş. Hüseyn Əfəndi onu Qori Seminariyasında dərs dediyi vaxtdan tanıyırmış. Dostunun Qazağa təyinatından şadlanan Müfti onu Tiflisə qonaq çağırır. Kaş çağırmayaydı...Məmməd bəyin xanımı Nigarı görən kimi ondan xoşlanır, onu oğlu Dərviş bəyə istəyir. Səadət xanım nə qədər deyirsə ki, qız bibisioğluna istəklidir, qonaqlar əl çəkmirlər. Dəfələrlə gəlib-gedəndən sonra, nağıllarda deyilən kimi, «qızı verirlər keçələ...»

Şıxlinskilər bir-birinə dəyir: «Bir qızı da bizə çox gördüz?». Xəbər Sankt-Peterburqa da çatır...Əliağanın nələr çəkdiyini özünüz təsəvvür edin. Əlindən nə gələsidir? Gücü küsməyə çatır. O vaxtdan Qazağa gəlmir.

Müfti qızı niyə sevdiyinə vermədi?

Nəsildən-nəslə ötürülən söz-söhbətə görə, bütün atalar kimi, Müfti də sevimli qızını öz yanında görmək istəyirmiş. Nigar ona bütün yazı-pozu işlərində kömək edirmiş. Əliağa hərbçi olduğundan, qızının ömrü-günü çöllərdə keçəcəkdi, yad məmləkətlərdə dolaşacaqdı, gavurlar arasında yaşayacaqdı...Qismət, özü də cəlbedici qismət öz ayağı ilə gəlib qızı tapmışdı. Knyaz nəslindən, üstəlik, hakim oğlu...Hüseyn Əfəndi dostuna «yox» deyə bilməmişdi. Hər şey bu qədər bəsitdi.

Doğma Qazax lap yaxındadır...

İllər ötdü...Port-Artur qəhrəmanının adı hər yana yayıldı. Onu «Artilleriyanın allahı» çağırmağa başladılar. Tərtib etdiyi «Üçbucaq» nəzəriyyəsi dünya hərb tarixinə «Şıxlinski üçbucağı» kimi düşdü. Sarskoe Seloda yerləşən «Artilleriya Zabitləri Məktəbi»ndə dərs deməyə başladı. 1908-ci ildə imperator ona «Müqəddəs Georgi» ordenini təqdim edəndə, niyə axsadığını soruşdu. Müharibədə aldığı yaradan olduğunu biləndə, onu 6 ay xəzinə hesabına Qafqaz mineral sularında müalicəyə göndərdi. Yarası iki aya sağaldı. Doğma Qazax lap yaxındaydı. Çoxdandı ki, qohum-əqrəbadan uzaq düşmüşdü. Hər şeyi unudub vətənə getməyə qərar verdi...

Əliağa Qazağa getməyində olsun, sizə kimdən deyim, Nigar xanımdan....

Yazının ardı burada
XS
SM
MD
LG