Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:34

Zərərçəkənin ziddiyyətli ifadələri hakimi də güldürdü


Sentyabrın 16-da Səbail Rayon Məhkəməsində bloqqerlər Emin Milli və Adnan Hacızadənin işi üzlə məhkəmə prosesi davam etdi
Sentyabrın 16-da Səbail Rayon Məhkəməsində bloqqerlər Emin Milli və Adnan Hacızadənin işi üzlə məhkəmə prosesi davam etdi
Sentyabrın 16-da Səbail Rayon Məhkəməsində bloqqerlər Emin Milli və Adnan Hacızadənin işi üzlə məhkəmə prosesi davam etdi. Proses başlayana qədər isə məhkəmə zalının qarşısında toplaşanlarla polis arasında daha bir qarşıdurma yaşandı. Polis prosesi izləməyə gələn və üzərində «Mən də xuliqanam» yazılan köynəklər geyən 6 nəfəri saxlayıb polis bölməsinə apardı. Binanın qarşısına məhkəmə prosesini izləmək istəyən xeyli vətəndaş toplaşsa da, onların çoxunu məhkəmə zalına buraxmadılar. Məhkəmə nəzarətçiləri yalnız təqsirləndirilən şəxslərin yaxınlarının, beynəlxalq qurumların yerli nümayəndəliklərinin təmsilçilərinin və bir neçə jurnalistin zala keçməsinə imkan verdi.

İTİRİLƏN AÇAR

Daha sonra Emin Milli və Adnan Hacızadə məhkəmə zalına gətirildi. Onların əlləri arxa tərəfdən qandallanmışdı. Onlar dəmir barmaqlıqlar arasına salınandan sonra da bəlli oldu ki, qandalların açarı yoxa çıxıb. Bir neçə dəqiqədən sonra isə açar tapıldı. Elə proses başlayanda vəkillərin ilk etirazı da bununla bağlı oldu.

Bloqqerlərin vəkilləri İsaxan Aşurov və Elton Quliyev etiraz edərək bildirdilər ki, onların ictimaiyyət arasına əlləri arxadan qandallanmış şəkildə çıxarılması qanunvericilikdə pis rəftar sayılır və yolverilməz hesab olunur. Onlar bərabər məhkəmə hüququnun təmin edilməsi üçün bloqqerlərin əllərinin qandallanmaması və dəmir barmaqlıqlar arasına salınmaması ilə bağlı vəsatət qaldırdılar. Hakim prosesin gedişində qanunvericiliyin tələblərinə uyğun qərar qəbul ediləcəyini bildirdi.

Daha sonra isə İsaxan Aşurov sübutların siyahısı ilə bağlı vəsatət qaldırdı. O bildirdi ki, olay baş verən ərazilərdəki videonəzarət qurğularından görüntülərin alınması, işdə zərərçəkmiş kimi tanınan şəxslərin mobil telefonlarının yoxlanması, bloqqerlərin polisə gətirilərkən çəkilən şəkilləri sübutlara əlavə edilməlidir.

Hakim vəsatətin qismən təmin etdi. Daha sonra isə prokuror ittiham aktını elan etdi. İttiham aktına görə, bloqqerlər iyulun 8-də «Livan» restoranında Babək Hüseynov və Vüsal Məmmədovu döyüb və onlara az ağır bədən xəsarəti yetiriblər.

Bloqqerlər isə ittihamı qəbul etmədiklərini və özlərini bu məsələdə təqsirli bilmədiklərini dedilər. Bundan sonra məhkəmə prosesi zərərçəkmiş kimi tanınan Vüsal Məmmədovun ifadələrilə davam etdi. O bildirdi ki, restoranda qarşı masada əyləşən qızların bloqqerlər əyləşən masaya acıqlı nəzərlərlə baxmasından başa düşüb ki, qız onların söydüyü söyüşdən xoşlanmayıb. Buna görə də Emingilin masasında əyləşənlərə irad tutub. Nəticədə oradakı 7-8 nəfər hücum edərək onu və Babəki döyüb. Bir neçə dəqiqədən sonra olay yerinə 2 polis maşını gəlib və onları 9-cu polis bölməsinə aparıb.

SANKT-PETERBURQ UNİVERSİTETİNİN BAKI KORPUSU

İfadəsi boyu Vüsal bir neçə ziddiyyətli fikir səsləndirdi. Vəkillərin suallarına cavab verəndə isə bir neçə dəqiqə öncə söylədiyi fikirləri xatırlamadığını dedi. Şəxsiyyətinin təsdiq edilməsilə bağlı İsaxan Aqşurovun suallarına cavab verən Vüsal Məmmədov bildirdi ki, ali təhsillidir. Vəkilin «siz hansı ali məktəbi bitirmisiniz» sualına isə çox düşündükdən sonra «Sankt-Peterburq Universitetinin Bakı korpusunu» cavabını verdi. Daha sonra isə dedi ki, İdman Akademiyasının yüngül atletika fakultəsini bildirib.

Çox cüssəli görünüşü olan Vüsalın bu sözündən sonra hakim də daxil olmaqla zaldakılar xeyli güldü. Vəkilin «siz bədəninizin hansı nahiyəsindən zədə almısınız» sualına isə Vüsal «başımdan» cavabını verdi. Ancaq başına konkret nəyin dəydiyini heç cür yadına sala bilmədi. Yalnız onu xatırladı ki, davadan bir neçə gün sonra özünü pis hiss edib və öz sözləri ilə desək, «xəstəxananın başdan xəsarət alanlar üçün olan bölməsində» müalicə alıb.

İstintaq materiallarına görə, onun xəstəxanadakı müalicə həkiminin adı Fərid Məmmədbəyovdur. Ancaq o, Elton Quliyevin bununla bağlı sualına cavabında bu adda həkim tanımadığını dedi.

Daha sonra Babək Hüseynov ifadə verdi. Vüsalın dediklərini təkrarlayan Babək bildirdi ki, o, 9-cu bölmədə və Səbail rayon polisinin binasında Adnanın üzündə, Eminin isə əlində xəsarət olduğunu görüb. İş günü başa çatdığı üçün hakim Azad Hüseynov prosesi sentyabrın 18-i saat 15-dək təxirə saldı.
XS
SM
MD
LG