Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:30

3G mübarizəsində kim qalib gəldi?


2009-cu ilin dekabrında «Azerfon» abunəçilərinə 3G xidməti göstərməyə başlayacaq

2009-cu ilin dekabrında Azərbaycanın mobil operatorlarından «Azerfon» abunəçilərinə 3G xidməti göstərməyə başlayacaq. Şirkət artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xidmətin göstərilməsi üçün gərək olan lisenziyanı alıb. Dekabrın 2-də keçirilən mətbuat konfransında şirkət başçısı Gido Helbix bildirib ki, 2010-cu ilin yanvarında artıq bütün ölkə üzrə abunəçilər 3G xidmətindən yararlana biləcəklər.

«HANSI SƏBƏBLƏRLƏ LİSENZİYA «AZERFON»A VERİLİR, BU, BƏLLİ DEYİL»

İqtisadçı Zöhrab İsmayıl isə deyir ki, 3G-nin Azərbaycana gəlişini texnoloji yenilik olaraq bəyənir. Ancaq bu xidmətin hansı səbəblərlə Azərbaycan mobil rabitə bazarının ən gənc operatoruna verilməsi prinsipləri ekspert üçün qaranlıq qalıb:

- Hamıya bəllidir ki, ölkənin ən böyük operatoru olan «Azercell» neçə illərdir 3G xidməti göstərilməsinə lisenziya almaq üçün Rabitə Nazirliyinə müraciət edir. Ancaq hansı səbəblərlə lisenziya məhz hələ də bu xidməti göstərmək üçün yeni nəsil texnologiyaları sonadək quraşdırılmayan şirkətə verilir, bu, bəlli deyil.

Ekspert bildirir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsələ ilə bağlı açıqlama verməməsi mobil rabitə bazarının hakim ailə üzvləri arasında bölüşdürülməsi,
Prezident İlham Əliyev «Bakutel-2009» sərgisində 3G texnologiyasını yoxlayır, 4 noyabr 2009
ailənin ən sevimli üzvünə xüsusi imtiyazlar verilməsi haqda versiyaların dövriyyəyə girməsinə səbəb olur.

«BU MƏSƏLƏDƏ ŞƏFFAFLIQ QORUNUR»

Adıçəkilən nazirlik isə məsələ ilə bağlı hər hansı qaranlıq məqam və xüsusi sövdələşmə olması haqda deyilənləri qəbul etmir. Nazirliyin mətbuat xidmətinin başçısı Müşfiq Əmirov bildirir ki, bu məsələdə şəffaflıq qorunur:

- Azərbaycan mobil operatorlarından kiməsə xüsusi münasibətdən söhbət gedə bilməz. Lisenziya ilk olaraq ona görə «Azerfon» mobil operatoruna verilib ki, şirkətin 3G xidmətini göstərmək üçün tələb olunan bütün sənədləri qaydasında olub. Əgər digər operatorlar da müraciət edərkən sənədləri qaydasında olsa, bu xidmət hüququ onlara da veriləcək.

«AZERCELL»Ə LİSENZİYA VERİLMƏMƏSİNİN SƏBƏBİ AÇIQLANMIR

Azərbaycanın mobil rabitə bazarında uzun illərdir hökmranlıq edən və abunəçilərinin sayı «Azerfon» abunəçilərindən təxminən 2 milyon çox olan «Azercell» isə bildirir ki, onlar 2 ildən çoxdur 3G xidməti göstərmək üçün bütün avadanlıqlarını quraşdırsalar da Rabitə Nazirliyindən lisenziya ala bilmirlər. Lisenziyanın verilməməsinin dəqiq səbəbi isə şirkətə açıqlanmır.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, bu xidmət artıq bazardakı hər üç şirkətə təqdim olunmalıdır. Yalnız bu, rəqabət mühiti yaradar və abunəçilərə keyfiyyətli xidmət göstərilməsi mümkün olar.
Zöhrab İsmayıl
Əks halda bu, yalnız ölkədə yeni inhisarçılığın əsasını qoyacaq.

«DEYİLƏNLƏR SADƏCƏ QISQANC YANAŞMANIN NÜMUNƏSİDİR»

«Azerfon»dan isə bildirirlər ki, şirkət lisenziya alsa da hələlik xidməti göstərməyə tam hazır deyil. Şirkətin mətbuat xidmətinin başçısı Əziz Axundov:

- Yeni nəsil texnologiyaların tətbiqi böyük vəsaitlər tələb edir. İndi sistemin testləşdirilməsi davam edir. Göstəriləcək xidmətin dəyəri də hələlik kommersiya sirri olaraq qalır. Qiymətlər bütün sistem işə hazır olarkən açıqlanacaq. Bütün hallarda sistemin ilin sonunadək işə düşməsinə və abunəçilərin maddi imkanlarına uyğun olmasına çalışacağıq.

Şirkət rəsmisi mobil rabitə bazarında ən aşağı keyfiyyətli xidmət göstərmələri ilə bağlı iddiaları da qəbul etmir:

- Belə iddiaları əsassız sayıram. 2 ildir yaranmağımıza baxmayaraq artıq abunəçilərimizin sayı 1,5 milyona çatıb, 196 şirkətlə rouminq müqaviləmiz var. Ölkə içərisində bir neçə uğurlu layihə həyata keçirmişik. İndi isə 3G-nin tətbiqinə başlayırıq. Deyilənlər sadəcə qısqanc yanaşmanın nümunəsidir.

- Sizcə, müştərilərinizin sayının artması göstərdiyiniz xidmətin daha ucuz olması ilə bağlı deyil ki?

- Bu da istisna deyil. Bizim qiymətlər digər mobil operatorların qiymətlərindən ucuzdur. Ola bilər ki, bu, əhali üçün cəlbedici görünsün.
XS
SM
MD
LG