Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:51

Prezident veto qoymaqla hədələyirdi...


Martin Lüter Kinq prezident Lidon Consonun əlini sıxır, Vaşinqton. 3 iyul 1964
Martin Lüter Kinq prezident Lidon Consonun əlini sıxır, Vaşinqton. 3 iyul 1964
Yanvar ayının hər üçüncü bazar ertəsi Amerikada iş günü deyil, bayramdır. Bu, Martin Lüter Kinq günüdür. Birləşmiş Ştatlar yanvarın 15-də anadan olmuş məşhur insan haqları fəalının xatirəsini hər il belə yad edir.

35 YAŞLI NOBEL SÜLH MÜKAFATI LAUREATI

Kim idi Martin Lüter Kinq?
Bir cümlə ilə deyilsə, vətəndaş haqları uğrunda fəal, ancaq qeyri-zorakı mübarizənin carçısı.

Ona 1964-cü ildə Nobel sülh mükafatı da məhz irqi ayrıseçkiliklə qeyri-zorakı üsullarla mübarizə aparmasına görə verildi.

O vaxt Martin Lüter Kinqin cəmi 35 yaşı var idi.

Ancaq qeyri-zorakı üsul qətiyyən aktivliyi azaltmaq mənasında deyildi. Nobel sülh mükafatı komitəsi qeyri-zorakı üsullar arasında məsələn, vətəndaş itaətsizliyini göstərirdi.

1968-ci il aprelin 4-də öldürüldüyü ərəfədə isə Martin Lüter Kinq Vyetnam müharibəsinə etiraz edirdi. O bu etirazını dini, mənəvi yanaşma ilə əsaslandırırdı.
AMERİKANI SÖZLƏ DƏYİŞDİRƏN MÜBARİZ

«Vaşinqton Post» qəzeti yazır ki, Amerikanı son yarım əsrdə irqi cəhətdən dəyişdirən məhz Kinqin mübarizəsi oldu.

İndi qara dərili prezidenti olan Amerikada cəmi 50 il əvvəl qara dərili uşaq ağ dərili uşaqların məktəbinə gedə bilmirdi.

Virciniya ştatında qara dərililərin səsvermə hüququ yox idi. Arlinqton dairəsində irqlər arasında nikah qadağan idi.

Paytaxt Vaşinqtonun futbol klubunda bir nəfər də olsun qara dərili yox idi.

REYQAN ƏVVƏLCƏ MARTİN LÜTER KİNQ GÜNÜNÜN BAYRAM OLUNMASININ ƏLEYHİNƏ OLUB

Maraqlıdır ki, Martin Lüter Kinq günü bəzi ştatlarda başqa adlarla qeyd olunur - Yuta ştatında 2000-ci ilə kimi bu günün adı İnsan Haqları Günü idi.
Nyu Hempşir ştatında isə bu günün adı Martin Lüter Kinq, Vətəndaş Haqları Günüdür.

O da maraqlıdır ki, Martin Lüter Kinq Gününün bayram olunması haqda qanunu 1983-cü ildə o vaxtki Amerika prezidenti Ronald Reyqan imzalayıb.
Halbuki bu günün bayram olması təşəbbüsü ilə həmkarlar ittifaqları və insan haqları fəalları çıxış edəndə bunun əleyhinə olanlardan biri də məhz Reyqan idi.

O hətta Konqresin qərarına veto qoyacağı ilə hədələyirdi. Ancaq Konqres böyük səs çoxluğu ilə qərara səs verəndə prezident imzalamağa məcbur oldu.
XS
SM
MD
LG