Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:50

Yazıçılar haqqında lətifələr


Məzuniyyət təşnəsi

Tənqidçi Əsəd Cahangir dostlarının yanında şikayətlənir.

- Yaman yorulmuşam, məzuniyyətə çıxsaydım, bir az istirahət eləyərdim, tənqid elədiyim kitablardan heç olmasa birini oxuyardım.


Seymur Baycanın unutqanlığı

Gənc yazıçı Seymur Baycan papaq dükanına girir, təzə kepka almaq istəyir.
Satıcı Seymurdan başının ölçüsünü soyuşur.

- Yadıma gəlmir, ya 45, ya da 54...
- Əgər yadına gəlmirsə, onda 45-di...


Anarın məzuniyyəti

Şair-geoloq Oqtay Rza gəlir Anarın yanına və başlayır ona “Ulduz” jurnalında az qonorar yazılmasından, təzə kitabının çapına pul tapmamasından, dolanışığın çətinliyindən gileylənməyə.

Anar təxminən 1 saat Oqtay Rzanı dinləyəndən sonra deyir:

- Oqtay müəllim, indi mən məzuniyyətdəyəm.


Yafəs Türksəsin vedrəsi

Şair Yafəs Türksəsin gənc olanda yolu təsadüfən şəhərə düşür.

Kəndə əliboş qayıtmaq istəmir. Çox fikirləşəndən sonra gedib bir vedrə alır. Sonra nə fikirləşirsə, mismarla təzə vedrənin altını deşir, aparıb dəmirçiyə verir ki, təmir eləsin. Dəmirçi təzə vedrəyə baxıb deyir:

- Olmazdı ki, elə bunun deşik olmayanını alasan.

Yafəs ustanın sözünü ağzında kəsir:

- Usta, alanda deşik deyildi, fikirləşdim ki, bu vedrə əvvəl-axır deşiləcək. Mənim yolum bir də allah bilir şəhərə nə vaxt düşəcək, odur ki, dedim, şəhərə gəlmişkən elə birdəfəlik düzəltdirib aparım.


Dostu belə yoxlayarlar

Pullu yazıçı Hüseynbala Mirələmov yoldaşlarıyla birgə növbəti romanını "yuyur". Bir restorandan çıxıb o birisinə girirlər. Hüseynbala müəllimin pulu qurtarır. Hamısı birlikdə Hüseynbala müəllimgilə - pul götürməyə gedirlər.

Ev sahibi kserokopiya maşınının qapağını qaldırıb pul götürür.

Başqa bir restoranda yeyib-içmək davam edir. Ordan çıxanda Hüseynbala məllimin yenə pulu qurtarır, yenə dostlarıyla bilikdə evinə baş çəkir. Yenə kserokopiya maşınından pul götürür...

Səhər MTN Mirələmovun başının üstünü kəsdirir ki, sən saxta pul kəsirsən.

- Yox sadəcə, mən pullarımı kserokopiya maşınının içində saxlayıram.

- Elə isə dostlarına niyə göstərirsən?

- Bilim də kiminlə dostluq edirəm...


Ana südü zavodu

Yazıçı Həmid Herisçini qonaq qismində verilişlərdən birinə dəvət edirlər. Mövzu da bu olur: «İnsan həyatında ana amilinin rolu».

Dəvət olunan digər qonaqlar ananın övlada süd verməsindən, ana südünün orqanizmə xeyirindən ağızları sulana-sulana danışırlar. Axırda söz yazıçıya verilir. Həmid üzünü aparıcıya tutub deyir:

- Mən ana südünün xeyiri barədə heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, ana südü belə matah olsaydı, çoxdan Azərbaycanda onun zavodunu açmışdılar


Rafiq Tağının xəstələri

Yazıçı və həkim Rafiq Tağı Bakının xəstəxanalarının birində psixiatr işləməyə yenicə başladığı vaxtlarda yanına bir xəstə gəlib şikayətlənir:

- Doktor, mən gecə səhərə kimi yuxuda burdan Moskvaya, ordan da geriyə paravoz itələyirəm, səhər yuxudan duranda yorulub ölürəm, mənə bir köməklik göstərin.

Rafiq Tağı bir xeyli fikirləşəndən sonra pasientinə deyir:

- Sən belə elə, paravozu yuxuda Moskvaya qədər itələ, yıxıl yat. Geri mən itələyib qaytararam

Xəstə razılaşıb gedir. Rafiq bəy özünə bir çaşka çay süzməmiş ikinci xəstə gəlir və şikayətlənir:

- Doktor, mən gecələr səhərə kimi yuxuda yüz qadınla cinsi əlaqədə oluram, səhər yuxudan duranda eşşək kimi yorğun oluram, elə bil daş daşımaqdan gəlirəm, mənə bir əlac…

Məşhur yazıçı yenə bir xeyli fikirləşib xəstəyə deyir:

- Gəl belə razılaşaq, sən yuxuda əlli qadını bir təhər yola ver, yat, qalan əlli qadın mənlikdir.

Xəstə bir az fikirləşib:

- Yox e… doktor, olmaz ki, elə qadınların yüzü ilə də siz məşğul olasınız?

Gənc psixiatr tez onun sözünü kəsir:

- Yox qardaş, mən hələ paravoz da itələməliyəm…


Dümanın yaxşılığı

Bir gün məşhur fransız yazıçısı Aleksandr Dümanın yanına bir oxucusu gəlib ultimatum verir:

- Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm.

Düma isə təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.

- Yox, mənə ancaq 300 frank lazımdır, - deyə oxucu təkid edir.

Düma isə əlacsız qalıb deyir:

- Sizə bir məsləhət verə bilərəm. Götürün bu 200 frankı. Özünüzü öldürün amma uşaqlara toxunmayın.


İkisini dəfn eləyin

Dümadan tanınmış ədəbi tənqdiçinin dəfni üçün 5 frank yardım istəyirlər.

- Alın - 10 frank – Düma pulu uzadır, - imkan varsa lap ikisini basdırın.


Şeiri özüm yazaram

Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane bir gün bir şeir alır. Şeirlə bərabər göndərilən məktubda müəllif izahat verərək yazırdı:

- Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazim bilmədim. Xahiş edirəm lazım bilsəniz, yeri gəldikcə vergülləri siz ozünüz qoyun.

Fontane isə cavabında şeir müəllifinə belə yazmışdı:

- Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz, şeiri isə mən özüm yazaram.

Mənbə: “Oxu zalı”, adyazar.az, mix.az...
XS
SM
MD
LG