Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:59

Bir de görüm A!


Ədəbi tənqidçi Əsəd Cahangir Milli Kitab Müsabiqəsinin qalibi olmuş Elxan Qaraqanın "A" romanı ilə bağlı Azadlıq Radiosunun "Oxu zalı"nda gedən diskussiyaya qoşulur.

BİR DE GÖRÜM A!

Elxan Qaraqanın “A” romanı Milli Kitab Müsabiqəsində birincilik qazanmaqla böyük mübahisələrə səbəb oldu.

Bəziləri bunu qanuni nəticə, bəziləri isə ədalətsizlik kimi dəyərləndirdi.

Məncə, Elxanın romanını bəyənməyənlər çağdaş dünya ədəbi-bədii prosesi, xüsusən də nəsrin ən son nailiyyətlərindən sadəcə xəbərsiz olmaları, yaxud ən adi filoloji terminləri belə dəqiq anlamadıqlarını göstərdilər.

Roman haqqında fikirlərimizə keçməzdən öncə, E.Qaraqana qarşı irəli sürülən ittihamlara ötəri də olsa, nəzər salaq.

Əvvəla, plagiat məsələsi barədə.

Bəziləri romanın məşhur portuqal yazıçısı Paolo Koelyonun “Portobelli cadugər” romanı, bəziləri isə Çak Palanikin “Döyüş klubu” romanı, yaxud da kinossenarist Cim Ulsun roman əsasındakı ssenarisi üzrə rejissor Devid Finçerin eyni adlı filmindən plagiat olduğunu sərgilədilər.

Bir müəllifin digərinə münasibətinin sözügedən konuda üç dərəcəsi var: plagiat, təqlid, yaradıcı təsirlənmə.

Məncə, “A” romanı ilə “Portobelli cadugər” arasında sözün ciddi mənasında bunların heç biri yoxdur.

Sadəcə olaraq, portuqal yazıçısının qəhrəmanı Afina xanım doğrudan da qaraçı əsillidir. Anası onu qeyri-qaraçı bir oğlandan dünyaya gətirib və atmaq zorunda qalıb.

“A”nın qəhrəmanının da qaraçı əsilli olduğu zənn olunur. Amma bu, onun mənşəyi, şəxsiyyəti haqqında çoxsaylı versiyalardan sadəcə biridir.

Birinci romanın qəhrəmanı cadugərdir, ikincisinin isə cadugər olduğu zənn olunur. Amma bu da onun haqqındakı çoxsaylı zənlər, gümanlardan sadəcə biridir.

Bununla da iki roman arasındakı münasibətlər bitir. Və burda nəinki plagiat, heç təqliddən də danışmaq çətindir.

Uzaq başı zəif təsirlənmə ola bilər, özü də ayrı-ayrı faktlar səviyyəsində.

Çak Palanikin “Döyüş kliubu” romanına gəlincə isə, Dərviş Məstəli şahın diliylə desək, bu hekayət xeyli deraz əst, yəni bu xeyli uzun hekayədir. Çakın romanı ilə “A” arasında müqayisəolunmaz dərəcədə ciddi paralellər aparmaq olar. Nədir bunlar?

- hər iki roman alternativ nəsr nümunəsidir;

- hər iki roman klassik nəsr ənənələrinə etinasızlığın ifadəsi olan yüngül, çaparaq üslubda, vulqarizmlərlə zəngin dildə yazılıb;

- hər iki romanın qəhrəmanında ikiləşmə baş verir:

“Döyüş klubu”nun qəhrəmanı özünü Tayler adlı bir nəfərlə əlaqələndirir: “A”nın qəhrəmanı Anar isə A ilə: finala doğru məlum olur ki, Tayler “Döyüş” klubunun qəhrəmanının, A isə Anarın alter eqosu, gizli, daxili mənidir; yeri gəlmişkən müxtəlif xalqların simvolik ədəbiyyatında çox zəngin anlamlara malik A hərfinin ən geniş yayılmış mənalarından biri də onun insanın ruhu, daxili məni, eqosunu bildirməsidir;

Elxan Qaraqan Azadlıq Radiosunun Bakı studiyasında. 12 iyul 2010
- hər iki romanın ideyası da oxşardır: dünyanı dağıtmaq və yenidən, daha ədalətlə qurmaq;

indiyə qədər formalaşmış, daşlaşmış, stereotipləşmiş düşüncəyə qədər kontrkultura mövqeyindən çıxış etmək; odur ki, hər iki romanın qəhrəmanları üçün nitsşeçi-anarxist ruh səciyyəvidir.

Bu məqsədi həyata keçirmək üçün Palanikin qəhrəmanları “Döyüş klubu”, Elxanın qəhrəmanları isə “Episentr” yaradırlar və s.

- hər iki romanın sonunda qəhrəmanların yeni dünya qurmaq illüziyaları alt-üst olur: “Döyüş klubu”nun qəhrəmanı ölür, “A”nın qəhrəmanına isə məlum olur ki, bütün bunlar sadəcə bir qallüsinasiya imiş.

Amma bütün bunlar doğrudanmı, “A” müəllifinin Çak Palanikdən plagiat etdiyini göstərir. Məncə, yox! Sadəcə, olaraq plagiat anlayışına münasibəti dəqiqləşdirmək lazımdır.

Bunun üçün ədəbiyyatşünaslıq terminləri lüğətinə baxmaq kifayət edər.

Başqasının mətnini oğurlayıb öz adına dərc etdirmək! Məsələn, F.Bodenştet M.Ş.Vazehin şeirlərini Almaniyaya aparıb öz adına dərc etdirdiyi kimi.

Bu baxımdan E.Qaraqanın Ç. Palanikdən plagiat elədiyini demək, ən azı nadanlıqdır.

Burda ancaq təqlid və təsirdən danışmaq olar.

Bu da elə bir dəhşətli hadisə deyil.

M.Cəlal “Dirilən adam”ı yazanda O.Balzakın “Polkovnik Şaber”indən, İ.Əfəndiyev “Dağlar arxasında üç dost”u yazanda E.M.Remarkın “Karl və üç dost”undan, İ.Şıxlı “Dəli Kür”ü yazanda M.Şoloxovun “Sakit Don”undan, Y.Səmədoğlu “Qətl günü”nü yazanda” M. Bulqakovun “Ustad və Marqarita”sından, Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazanda Q.Floberin “Madam Bovari”sindən, M.Süleymanlı “Köç”ü yazanda Q.Q.Markesin “Yüz ilin tənhalığı”ndan, A.Məsud “Azadlıq”ı yazanda Q.Q.Markesin “Patriarxın payızı”ndan, Ə.Əmirli “Köhnə ev”i yazanda A.P.Çexovun “Albalı bağı”ndan təsirləndiyi kimi... Misalların sayını istənilən qədər artırmaq da olar.

Amma yuxarıda göstərilən nümunələr də fikrimizin təsdiqi üçün artıqlaması ilə kifayət edir.

Əgər bu qədər adlı-sanlı, yaşlı-başlı yazıçılar belə dünya ədəbiyyatının bu və digər nümayəndələrindən təsirlənirsə, onda nə üçün ədəbiyyatda hələ ilk addımlarını atan on doqquz yaşlı bir gənci hansısa yazıçıdan təsirlənməkdə ittiham edək, bunu onun ayağına ədəbi oğurluq kimi yazaq?!

Bəli, ən ümumi süjet və ideya, obrazlar, stilistika, emosional və sadə təhkiyə üslubu baxımından “A” ilə “Döyüş klubu” arasında danılmaz oxşarlıq və paralellər var. Amma sadəcə parallellik və oxşarlıq, daha eyniyyət yox.

Çünki Elxan Amerika yox, Azərbaycan həyatından yazıb.

Üstəlik o, yaşının azlığına baxmayaraq diqqətimizi dünya bədii nəsrinin ən son nailiyyətlərinə cəlb edir, nəsr təfəkkürümüzün gələcək inkişafına öz töhvəsini verir və buna görə hətta onu alqışlamaq olar.

“525-ci qəzet”də bu günlərdə işıq üzü görəcək yazımda “A” romanı ilə bağlı fikirlərimi geniş ifadə edəcəyimdən indi roman barədə ən qısa mülahizələrlə kifayətlənmək fikrindəyəm.

Bu roman son illər dünya nəsrində getdikcə daha geniş yayılmağa başlayan, Duqlas, Stoqaff, Palanik və s. kimi dünya çapında tanınmış nümayəndələri olan kontrkultura və alternativ nəsr xəttinin miili bədii nəsrdə ilk təzahür cəhdidir.

Alternativ nəsrin postmodernizmə oxşar cəhətləri var (dekonstruktivizm, ironiya, avtoritetlərə qarşı qiyam və s.).

Bəzi tənqidçiləri öz “dahiyanə” şərhlərində “A”nı postmodernist roman sayması da bu oxşarlıqlardan irəli gəlir.

Alternativ nəsr nəinki postmodernizmlə üst-üstə düşmür, hətta bəzi məsələlərdə (xüsusən də postmodernizmə məxsus cansıxıcı intellektualizm məsələsində) ona qarşı çıxır.

Bu xəttin təmsilçilərinin həddən artıq sadə, axıcı üslubda yazmalarının səbəbi də budur.

Mən indi romanın məzmununu təkrar etmək fikrində deyiləm.

Sadəcə, bunu demək kifayətdir ki, həyatdan, sosial ədalətsizlikdən narazı bir dəstə gənc gizli HOST adlı inqilabi dərnək yaradaraq yaşlarına uyğun bir sadəlövhlük və çılğınlıqla fəlaiyyətə başlayırlar: əxlaqsız qadınların sifətinə “A” hərfini damğalayır, rüşvətxor müəllimləri liftdə tutub döyürlər və s.

Yeni ədalətli cəmiyyət uğrunda mübarizə proqramı getdikcə genişlənərək siyasi quruluşa qarşı açıq çıxış həddinə qədər gəlib çatır...

Finala yaxın məlum olur ki, bütün bu inqilab olayları MTN-nin rəhbərliyi və göstərişi ilə həyata keçirilən oyun imiş.

Lakin məsələ bununla bitmir.

Final bütün bunların psixuşkada yatan paranoik bir gəncin qallüsinasiyaları olduğunu ortaya qoyur. (Əlbəttə, belə final gənc müəllifin konspirasiya, özünü sığortalamaq məqsədindən də irəli gələ bilər).

Odur ki, finalın guya zəif olmasına dair “tənqidçilərin” fikirləri də özünü doğrultmur. Çünki finalda bir-birinin ardınca şok effekti doğuran iki gözlənilməz dəyişiklik baş verir.

Roman maraqla, birnəfəsə oxunur, yaşının azlığına baxmayaraq müəllifin ən müxtəlif elm sahələrinə (tarix, ədəbiyyat, sosiologiya, ezoterik simvolika, fəlsəfə, dinlər tarixi və s.) bilgiləri xüsusi razılıq doğurur.

Romanla bağlı əsas irad ondan ibarət ola bilər ki, Elxan bütün bu olayları göstərməkdən daha çox danışır.

Yəni olaylar sanki diktor mətni ilə nəql olunur. Biz isə radio yox, artıq yarım əsrdir ki. televiziya erasında yaşayırıq.

Burda Folkner, ya Heminqueyəmi məxsus olduğunu dəqiq xatırlaya bilmədiyim bir fikri vurğulamaq yerinə düşərdi.

Yazıçı fikirlərini deməməli, yazmalı, göstərməlidir. Onun demək istədiyi qənaətləri isə oxucu mətndə göstərilənlərin bilavasitə özündən hasil etməlidir.

Elxan düşünmək, nəsə tapmaq üçün oxucuya şans qoymur. Məsələn, Elxandan fərqli olaraq, Palanik deməkdən daha çox, göstərmə yolu ilə gedir.

Amma nəzərə alsaq ki, “A” vur-tut on doqquz yaşlı gəncin kompyuterindən çıxıb, bunu tamamilə təbii qarşılamaq lazımdır.

Bizim ondan Dostoyevski, Kafka qələmi tələb etməyə haqqımız yoxdur.

Amma Elxanın bu yaxınlarda işıq üzü görən “Bir milyon dollarım olsaydı” romanı göstərir ki, gənc müəllif xeyli irəliləmiş, püxtələşmişdir.

Əgər hər növbəti romanda bu qədər irəliləyiş olsa, düşünməyə əsas var ki, yaxın beş ildə Azərbaycan nəsri Elxanın timsalında özünün ən maraqlı imzalarından birinə sahib olacaq.

“A”nın müəllifini qələbə münasibətilə təbrik edir, öna öz nəsr əlifbasının B, C, və s. hərflərini də yaratmaqda uğurlar diləyirəm, ta ki, Z-yə qədər.

İnanmaq istəyirəm ki, bunlar həm də yeni Azərbaycan nəsrinin əlifbası olacaq.

Həmçinin oxu
Elnarə Tofiqqızı: "Qaraqanın "A" romanında bütün obrazlar yarımçıqdır"
Tehran Əlişanoğlu "Ekspertlərin səhvi "
Elxan Qaraqan: "Kim istəyir əsərimi plagiat saysın, kim istəyir saymasın"
Rəşad Məcid: "Plagiat iddiası mənasızdır - Qaraqana paxıllıqdan irəli gəlir"
Cavid Ramazanov: "Müsabiqədə birinci olan "A" romanı plagiatdır"
XS
SM
MD
LG