Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:07

Niyə musiqili od fəvvarəmiz olmasın?..


İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə baxır
İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə baxır
Saat on iki-bir arası. Bakının göbəyində, metronun “Nizami” stansiyasının yaxınlığındakı zibil yeşikləri. Qısa vaxt içində bir-birindən xəbərsiz üç adam bu yeşiklərin altını-üstünə çevirib yeyəcək, geyəcək axtarır. Axırıncılar əliboş gedir, onlara qədər zibillikdə kimsə əməllicə axtarış aparıbmış...

- Banka axtarıram. Çay içməyə.

- Yeməyə bir şey tapsa yeyəcək. Acdı. Tək o deyil, gündə 7-8 adam gəlib ordan yemək yeyir...

- Qıraqdan baxsaz görərsiz nə qədər adam bu zibillikdən çörək yeyir. Bu da bizim ölkənin vətəndaşıdır.

...Sentyabrın 30-u. Prezident İlham Əliyev Bakının Nizami rayonunda quraşdırılacaq musiqili od fəvvarəsinin yeri ilə tanış olur. Həmin fəvvarə metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı yeni salınacaq parkda quraşdırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dövlət başçısına verdiyi məlumata görə, fəvvarə təxminən 60 metr hündürlükdə olacaq. O 500 beton dayaq üzərində qurulacaq.

Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı büllur və paslanmayan metaldan hazırlanacaq. Tikinti işlərində ABŞ-ın və Almaniyanın “Schott Class”, İngiltərənin “Aspinallis” şirkətləri iştirak edəcək. Büllur işlərini İngiltərənin “Wilkinson pls” şirkəti həyata keçirəcək. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər.

OD QİYMƏTİNƏ OD FƏVVARƏSİ

Od fəvvarsəinin layihəsi
Bənzər fəvvarə Dubayda, Yaponiyada, ABŞ-da da quraşdırılıb. Qiyməti də milyonlarla ölçülür. Təxminən 15 milyon dollardan tutmuş 200 milyona qədər. Azərbaycanda quraşdırılacaq musiqili od fəvvarəsinin neçəyə başa gələcəyi hələlik ictimaiyyətə bəlli deyil. Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü Nuranə Mərdanova deyir ki, bu haqda hələlik onlarda da məlumat yoxdur.

Nizami rayon icra başçısının birinci müavini İldırım Mehdiyevdə də fəvvarə haqda informasiya yoxdur. Deyir ki, sadəcə, meydana ilkin baxış keçirilirdi:

- Təqdimatı da Bakı Şəhər İcra Hakimiyyəti aparırdı. Yer ayrılandan sonra bizə məlumat verilir ki, filan yerdə tikiləcək. Hələ bizə məlumat daxil olmayıb...

BU LAYİHƏLƏRİN QİYMƏTİ NİYƏ DÖVLƏT SİRRİNƏ ÇEVRİLİR Kİ?


Bu cür bahalı layihələrin dəyərinin gizlin saxlanması birinci dəfə deyil. Məsələn, Heydər Əliyev Mərkəzinin qiyməti uzun müddət az qala dövlət sirri kimi ictimaiyyətdən saxlandı.
İqtisadçı Natiq Cəfərli bunu korrupsiya ilə bağlayır:

- Bunu deməyə haqqımız var. Günah hökumətdədir. Rəqəmləri, smetanı açıqlasalar, hər bir manatın hesabını versələr, biz də bu suçlamaları söyləməzdik. Azərbaycan qanunvericiliiyinə görə, 50 min manatdan yuxarı layihələrlə bağlı açıq tender keçirilməlidir. Tenderin nəticələri, iştirakçıların təklifləri açıqlanmalıdır. Bu olmur və qaranlıq smetalar tərtib edilir. Bu cür layihələrlə də hökumət büdcəni mənimsəyir.

FƏVVARƏLƏR ALTINDA QAYNAYAN YALANLAR


İqtsadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də həmkarı ilə şərikdir. Ona görə, bu cür fəvvarələr məhz Azərbaycan kimi ölkələrdə tikilir:

- Ona görə ki, burda söhbət böyük neft pullarından gedir. Şəhərin gözəlləşdirilməsi adı altında böyük pulların xərclənməsi bir tərəfdən böyük miqdarda vəsaitlərin mənimsənilməsinə xidmət edirsə, o biri tərəfdən təbliğat vasitəsinə çevrilir. Əhalinin həyat səviyyəsi qalır qıraqda, möhtəşəm binalar təbliğ olunur. Son zamanlar binalara möhtəşəm görkəm verməklə və ya möhtəşəm binalar tikmək adı altında yalanlar qaynayır. Musiqili od fəvvarəsi də bu silsilədəndir.

Azər Mehtiyev
Azər Mehtiyevə görə, neft milyonlarının hara və necə xərclənməsi hökumətin əxlaqi yanaşmasından irəli gəlir. O bu pulu səhiyyəyə, təhsilə, gəlir gətirən sahələrə də qoya bilər, belə od tutub yanan od fəvvarələrinə də.

BU CÜR LAYİHƏLƏR SONRADAN NİYƏ BAHALAŞIR?


Təcrübə göstərir ki, od fəvvarəsi kimi bahalı layihələrə adətən büdcədən bir yox, bir neçə dəfə vəsait ayrılır. Məsələn, Bayraq Meydanının tamamlanması üçün hökumət bir neçə dəfə böyük pullar ayırmal oldu. İqtisadçı Natiq Cəfərli:

- Məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi ilkin qiymətindən 2,5 dəfə, Əzizbəyov yol qovşağının tikintisi 2 dəfə baha başa gəlib. Qaraşəhərdə tikilən körpünün ilkin smeta dəyəri ilə son tikinti xərcləri arasında böyük fərqlər var. Yəni Azərbaycanda hökumət tərəfindən elə layihə yoxdur ki, tikinti zamanı qiyməti artmasın. Bu da korrupsiya mənbəyidir. Bu layihəni də eyni aqibət gözləyə bilər.

ŞİRİNÇAYA QƏND TAPMAYAN SARIGÜL XALA


Sarıgül xala təqaüdçüdür. Musiqili od fəvvarəsi haqda eşidəndə bunları deyir:

- Camaat acından qırılır ey. Aclıqdır. Tiksə də, özü bilər, tikməsə də. Pulu kasıba xərcləsin, noolar. İki oğlum var, hərəsinin də üç uşağı. Onlara nə sosial yardım ala bilirəm, nə də uşaq pulu verirlər. Bu uşağı nəynən dolandırsınlar. Allah haqqı elə vaxt olur o uşaqlara qənd tapmıram şirinçay eləyim...Vallah çatdırmaq olmur, dolanmaq çətindir.

PULU VAR Kİ, TİKDİRİR DƏ...


Fikrini soruşduğum Bakı sakinlərininsə bu musiqili od fəvvarəsinə münasibəti fərqlidir:

- Şəhər gözəlləşir. Turistlər də gəlib gəzəcək...

Natiq Cəfərli
- Fəvvarəyə münasibətim pis deyil. Amma həddən artıq, şəhərin hər küncündə tikməyə dəyməz. Əhalinin hardasa 30 faizi kasıbdır, onun halını yaxşılaşdırmaq lazımdır.

- Yəqin pulu var ki, tikdirir də...

- Bu fəvvarə hamımızın xeyrinədir.

Natiq Cəfərlinin qənaətincə isə, bu layihələrin pis cəhəti odur ki, əlavə dəyər yaratmır, gəlir gətirmir. Bu da o deməkdir ki, hökumət torpaqdan çıxan neftin gəlirini elə torpaq, beton, armatur şəklində yenidən torpağa gömür...
XS
SM
MD
LG