Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Səttar Bəhlulzadə sərgi salonu Qalereya-1969-a necə çevrildi?


Qalereya-1969 sərgi salonu
Qalereya-1969 sərgi salonu
Bir neçə il əvvələ qədər Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında Səttar Bəhlulzadə adına sərgi salonu yerləşirdi. Sərgi salonunun çöl hissəsində məşhur rəssamın barelyefi də vardı. İndi həmin binada müxtəlif şirkətlər yerləşir. Binanın əsaslı təmirindən sonra ancaq bir hissə sərgi salonu kimi fəaliyyət göstərir. Səttar Bəhlulzadənin də barelyefi götürülüb. Burdakı sərgi salonu isə Qalereya-1969 adı altında fəaliyyət göstərir.

Qalereya-1969 sərgi salonuna qalxan ikinci mərtəbənin sağ tərəfində divara Səttar Bəhlulzadənin “Dədə Günəş” və “Mənzərə” adlı əsərləri vurulub. Sərgi salonunda hazırda rəssam Sakit Məmmədovun əsərləri nümayiş olunur. Sərgi salonunun sol küncündə “Heydər Əliyev və Şərq” adlı 5 cildlik kitablar və Heydər Əliyevə həsr olunmuş daha iki kitab qoyulub. Salonun mərkəzi hissəsinə də Heydər Əliyevin iri portreti vurulub.

“HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ XİLASKARIDIR”

Qalereyanın sahibi, vaxtilə Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru olmuş rəssam Elçin Orucovdur. İndi bura özəl olduğundan Elçin Orucov deyir ki, təmirdən sonra öz istəyi ilə buranı Qalereya 1969 adlandırıb:

“Mərhum Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır. Qalereya şirkətimin adını onun hakimiyyətə gələn ilinə həsr eləmişəm”.

Sənətşünas Ziyadxan Əliyev isə deyir ki, bu sərgi salonu ətrafında baş verənlər Səttar Bəhlulzadəyə hörmətsizlikdir:

“BUNU SƏTTAR BƏHLULZADƏNİN XATİRƏSİNƏ BÖYÜK HÖRMƏTSİZLİK HESAB EDİRƏM”

Ziyadxan Əliyev
“Səttar Bəhlulzadə adına sərgi salonu dövlət təşkilatı olub. Necə olub ki, bu obyekt özəlləşdirilib, bu, sual doğurur. Səttar Bəhlulzadənin adının və barelyefinin götürülməsi orada baş verən təmirdən sonra olub. Bunu Səttar Bəhlulzadənin xatirəsinə böyük hörmətsizlik hesab edirəm”.

NAZİRLİK RƏSMİSİNİN MÖVQEYİ

Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə deyir ki, sərgi salonu özəlləşdirilib və təmirdən sonra nazirliyin tərkibində Səttar Bəhlulzadə adına sərgi salonu adında salon fəaliyyət göstərmir:

“2003-cü prezidentin sərəncamı ilə ildə bir sıra mədəniyyət ocaqları özəlləşdirməyə çıxarılmışdı. Onların içində bəzi kinoteatrlar, sərgi nümayiş salonları da vardı. Həmin vaxt bu salon da özəlləşdirməyə çıxarılıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən özəlləşdirilib”.

“BARALYEF MƏNDƏDİR, ANCAQ...”

Elçin Orucov
O ki qaldı Səttar Bəhlulzadənin çıxarılmış barelyefinə, İntiqam Hümbətov deyir ki, barelyef haqqında mülkiyyətçi məlumat verə bilər. Qalereya-1969-un sahibi Elçin Orucov isə deyir ki, Səttar Bəhlulzadənin barelyefini indi də özündə saxlayır:

“Baralyef məndədir. Onu mən hər zaman vurmağa hazıram. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti qoymur”.

MERİYA SUSUR

Bakı Şəhər İcra Hakimiyyətinin təhsil və mədəniyyət şöbəsindən isə bildirdilər ki, bu məsələ onlara aid deyil, bu haqda heç nə deyə bilməzlər.

Sənətşünas Ziyadxan Əliyev vaxtilə Səttar Bəhlulzadənin “yəqin ki, məni 20 ildən sonra başa düşəcəklər” ifadəsini xatırladıb deyir ki, 35 ildən sonra onun adı, barelyefi götürülürsə, heykəlinin qoyulması haqqında müsabiqə elan olunsa da, heykəli qoyulmursa, Səttar Bəhlulzadə yenə də qiymətləndirilmir, başa düşülmür.
XS
SM
MD
LG