Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:48

Ayı kababı, Dubay qalmaqalı və nazir oğlunun məhkəmə iddiası


Nazir oğlu ayı kababı yeyib, yoxsa yeməyib? Bunu məhkəmə araşdıracaq
Nazir oğlu ayı kababı yeyib, yoxsa yeməyib? Bunu məhkəmə araşdıracaq
Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini onun bir restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib,

Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin edilib.

Yasamal rayon Məhkəməsinə müraciət edən nazir oğlu hər iki qəzetin ayrı-ayrılıqda 250 min manat cərimə edilməsini və həmin yazıların təkzib olunmasını istəyir.

ÜÇ VƏKİL

Məhkəmədə Anar Məmmədovun iddialarını üç vəkil müdafiə edəcək. Həmin vəkillərdən birinin, Nihad Axundovun AzadlıqRadiosuna dediyinə görə, onlar qəzetlərə qarşı iki iddia qaldırıblar. İddialardan biri “Azadlıq” qəzetindəki ayı məsələsi ilə bağlı, digəri isə “Yeni Müsavat” qəzetində gedən bu və daha digər bir neçə yazı ilə əlaqəlidir.

Belə ki, “Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıda qeyd olunur ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra “Yeni Müsavat” qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.

Bundan başqa, “Yeni Müsavat ” qəzeti Anar Məmmədovun Dubaydakı hotellərin birində qalmaqal yaratdığı barədə yazı dərc edib. Bu il sentyabrın 14-də dərc olunan “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” sərlövhəli yazıda azərbaycanlı kişilərin Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışının səbəb olduğu qeyd edilib.

250 MİN MANAT ƏLİLLƏR EVİNİN HESABINA KÖÇÜRÜLSÜN


Vəkil Nihad Axundovun dediyinə görə, “ayı” qalmaqalı ilə bağlı yazını ilk dəfə “Azadlıq” qəzeti yazıb. “Dubay” qalmaqalı barədə yazını isə ilk olaraq “Turan” İnformasiya Agentliyi yayıb. Vəkil deyir ki, agentlik həmin yazıda ad çəkməyib, amma bu yazıya istinad edən “Yeni Müsavat” qəzeti dərc etdiyi məqalədə yazılanları Anar Məmmədovla əlaqələndirib:

Qənimət Zahid
“İddia ərizəsində qəzetlərin yazdıqlarını təkzib etməsini istəyirik. Bundan başqa, həm də istəyirik ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin hər birindən 250 min manat tutulub Buzovna qəsəbəsindəki əlillər evinin hesabına ödənilsin”.

Onu da qeyd edək ki, bu yazıların dərcindən təxminən ay yarım sonra “Bizim Yol” qəzetinə verdiyi müsahibəsində Anar Məmmədov Qəbələdə ayı kəsdirib kabab bişirtdirməsi barədə xəbərləri qeyri-ciddi söhbət adlandırıb. “Bunlar yalan söhbətlərdir. Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm” - deyə o bildirib.

AYI ƏTİNƏ GÖRƏ MƏHKƏMƏ, KORRUPSİYA İDDIALARINA SÜKUT

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid beş ay əvvəl gedən yazıya nazir oğlunun indi reaksiya verməsinə təəccüblənir. O baş verənləri seçkidən sonra qəzetlərə qarşı hücum hesab edir:

“Bu, daha ciddi səbəbdir ki, seçkilərdən sonra salamat qalan bir-iki qəzeti də tamamilə sıradan çıxarmaq istəyirlər. Və bu mərkəzləşdirilmiş qaydada ola bilər”.

Baş redaktora görə, təəccüblü həm də odur ki, kiminsə ayı əti yeməsinə reaksiya verilir, amma ölkənin nəqliyyat sektorundakı korrupsiya ilə bağlı çoxsaylı yazıların üstündən sükutla keçilir:

“Çox maraqlıdır ki, Ziya Məmmədov yaxud hansısa başqa oliqarx mətbuatda haqqında gedən korrupsiya halları ilə bağlı yazılanlara qarşı məhkəmə iddiası qaldırıb təmiz olduğunu və korrupsiya məsələsinin ona aid olmadığını sübut etməyə çalışmır. Amma hansısa ayı ətilə bağlı məhkəmə skandalı yaradılır. Hərçənd ki, mən hesab eləmirəm ki, hansısa məmurun ayı əti yeməsi barədə məlumatın yayılması onun işgüzar nüfuzuna xələl gətirsin. Dünyanın bahalı restoranlarının menyusunda ayı əti də var. Məncə, canavar ətini yemək kiminsə işgüzar nüfuzuna xələl gətirə bilər, ayı əti yemək yox”.

“MƏSƏLƏ SADƏ DEYİL. BU NAZIR, OLIQARX ÖVLADIDIR...”

Rauf Arifoğlu
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da baş verənləri seçki sonrası mətbuata hücumun başlanğıcı hesab edir. Onun sözlərinə görə, Anar Məmmədovla bağlı yazılanlar gündəlikdən çıxdığı vaxtda bu məsələnin yenidən məhkəmə səviyyəsində gündəmə gətirilməsi əslində qəzetlərin yox, iddiaçının əleyhinə olan bir məsələdir:

“Sadəcə, yeganə qorxu maliyyə sanksiyası, eyni zamanda bu işin hakimiyyətdəki vahid mərkəzdən qaynaqlanması, həm də başqa iddiaçıların da qəzetlərin üstünə qaldırılması məsələsidir. Başqa narahatlığımız yoxdur”.

Rauf Arifoğlu bir iddianın da bu yay dənizdə batan yaxtanın Anar Məmmədova məxsusluğu barədə yazdıqları yazıya görə qaldırıldığını desə də, vəkil Nahid Axundov bunu təkzib edir. Vəkil bildirir ki, onların hazırladıqları iddia ərizəsində bu məsələ yoxdur.

Rauf Arifoğlu deyir ki, yaxın günlərdə hər iki qəzetlə bağlı müdafiə komitəsi yaratmağı planlaşdırırlar.
XS
SM
MD
LG