Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:07

«Elxan Qaraqanın qalib elan edilməsi, münsiflərin protesti idi»


şahbaz Xuduoğlu
şahbaz Xuduoğlu
ÖTƏN DƏFƏ NAŞİR YOX İDİ

“Elxan Qaraqanın Milli Kitab Mükafatında qalib elan edilməsi əslində münsiflərin bir protest seçimi idi”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Milli Kitab Mükafatının builki seçimlərində münsiflər heyətinə daxil olan, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib. O kitabla bağlı bütün layihələrə həmişə dəstək verməyə hazır olduğunu bildirib.

Şahbaz Xuduoğlu deyib ki, ötən dəfəki çatışmazlıqlardan biri də münsiflər heyətində naşirin olmaması idi:

“Keçən ilki münsiflər heyətində naşir yox idi. Mənim demək istədiyim odur ki, naşirlər müsabiqəyə təqdim edilən əsərləri həm də bir kitab halında təsəvvür edə, onların cəmiyyətdə nə dərəcədə maraq doğura biləcəyini təxmin edə bilirlər.”

Şahbaz Xuduoğlu bildirib ki, birinci seçim münsiflər heyətinin müsabiqəyə göndərilən əsərlərin ümumi keyfiyyətinə bir protesti idi:

ƏSƏRLƏRİN KEYFİYYƏTİNƏ PROTEST

“Məncə, kitabın nə dərəcədə satılması bir faktor kimi nəzərə alınmalıdır, amma bu, ən yaxşı kitabın müəyyən edilməsində 51 faiz rol oynamamalıdır. Kitabın yaxşı satılması faktı bu məsələdə 15-25 faiz rol oynaya bilər. Heç Milli Kitab Mükafatı müsabiqəsində də satış faizinin ən yaxşı əsərin seçilməsində əsas rol oynaması haqda qayda da yoxdur. Sadəcə, o məsələ ilə bağlı Nigar xanımgilin çox yaxşı bir fikri var idi ki, Qaraqanın qalib elan edilməsi əslində münsiflərin bir protest seçimi idi. Bu, müsabiqəyə göndərilən əsərlərin ümumi keyfiyyətinə bir protest idi”.

Nigar Köçərli
Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli isə müsabiqədə bu il nəzərdə tutulan dəyişikliklərdən danışıb. O deyib ki, bu il münsiflərin sayı 12 yox, 17 nəfərdir. Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, tarix elmləri doktoru, professor Cəmil Həsənli, kinorejissor Ayaz Salayev, telerejurnalist Mehriban Ələkbərzadə və fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi də münsiflər heyətinin yeni üzvlərindəndir. Müsabiqəyə həm çap edilmiş, həm də edilməmiş əsərlər təqdim oluna bilər. Nigar xanım kitabların satış məsələsinə də münasibət bildirib:

HEÇ KİM DEMİR Kİ, MÜNSİFLƏR SATIŞ FAKTINI NƏZƏRƏ ALSIN

“Heç kim demir ki, münsiflər satış faktını nəzərə alsın. Hər bir münsif seçimini öz ədəbi zövqünə görə edir. Mən heç başa düşmürəm ki, kitabın yaxşı satılması ilə onun seçimi arasında niyə ziddiyyət axtarılmalıdır”.

Gənc yazar Aqşin Yenisey isə bu müsabiqənin təşkilinə tənqidi yanaşıb. O deyib ki, budəfəki müsabiqə də əvvəlki kimi keçirilsə, o müsabiqəyə qatılmayacaq:

ƏDƏBİYYATIN TALEYİ TƏSADÜFİ ADAMLARA TAPŞIRILMAMALIDIR

“Ədəbiyyatın taleyi təsadüfi adamlara tapşırılmamalıdır. Keçənilki Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri bu təsadüfiliyi üzə çıxardı. Təsadüfi adamlar təsadüfi bir kitabı Azərbaycanın milli kitabı elan etdilər. Və bu məsələ istər gənc yazarlarda, istərsə də orta yaşlı yazarlarda bir ümidsizlik yaratdı. Əgər seçimi köhnə münsiflər köhnə dəyərlər əsasında edəcəklərsə, mən belə bir müsabiqəyə qatılmayacağam. Əgər Milli Kitab Müsabiqəsinin təşkilatçıları keçənilki xoşagəlməz mərasimdən nəticə çıxarıb yeniliklər edəcəklərsə, ədəbiyyata münasibətlərində hansısa dəyişikliklər etməyə meylli olacaqlarsa, sözsüz ki, mən bu müsabiqədə ikiəlli iştirak edəcəyəm. Ona görə yox ki, qalib olum. Sadəcə, Azərbaycan insanının ədəbiyyata münasibətinin dəyişməsi naminə qatılacam. Mən hələ bununla bağlı qərar verməmişəm”.

Aqşin Yenisey
Aqşin Yenisey deyib ki, istəyi odur ki, bu il beynəlxalq təcrübə, bu tip müsabiqələrin necə keçirilməsi qaydaları öyrənilməklə müsabiqə təşkil edilsin. Əgər belə olsa, həmin müsabiqədə nəinki romanı ilə, hətta öz tapmacaları ilə iştirak edəcək ki, ilin tapmacası seçilsin. Yazar öz təkliflərini təşkilatçıya verib:

SƏSVERMƏ HÜQUQU BƏRABƏR PAYLANSIN

“Əgər bu, milli mükafatdırsa, qoy orda ölkədəki ədəbi təşkilatların hər birindən münsiflər heyətində bərabər sayda nümayəndə təmsil olunsun. Yəni, səsvermə hüququ bərabər paylansın. Münsiflər heyətində Azərbaycan Yazıçılar Birliyi və ona yaxın olan dairələrdən 15 nəfər adam olur, bir nəfər də gözünə belə deyək də, alternativ ədəbiyyat nümayəndəsi qatırlar. Bu, bərabərsizlikdir. Ona görə də hansı əsərin qalib elan ediləcəyi bəri başdan məlum olur. Keçən il mətbuatda müsabiqədəki seçim haqda kifayət qədər tənqidi və haqlı yazılar yazıldı. Özü də bu, təkcə mənim fikrim deyil”.

Aqşin Yeniseyin təkliflərinə münsiflər heyətinin üzvü Şahbaz Xuduoğlu münasibət bildirərək deyib ki, əgər ədəbiyyat adına bir tədbir keçirilirsə, ədəbiyyatda olan insanlar bunu ümumilikdə gərək müsbət hal kimi qiymətləndirsinlər:

BÜTÜN PROSES SON DƏRƏCƏ ŞƏFFAF OLMALIDIR

“Münsiflər heyətində Azərbaycan Yazıçılar Birliyinin səs çoxluğuna malik olması fikri də düzgün deyil. Çünki orada səhv etmirəmsə, Yazıçılar Birliyindən iki katib təmsil olunur. Mən belə hesab edirəm ki, Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatında hələ ki ən böyük mükafatdır. Və bu prosesə qatılmaq lazımdır. Mən inanmıram ki, orda şəffaf olmayan hansısa proseslər baş verəcək. Əgər orada qeyri-şəffaf bir prosedur olacaqsa, mən onu gizlətməyəcəm. Bizim şərtlərimiz də belə olub ki, bütün proses son dərəcə şəffaf olmalıdır”.

Elxan Qaraqan
Müsabiqənin ötən dəfəki qalibi “A romanı”nın müəllifi Elxan Qaraqan isə müsabiqənin yenidən başlanmasını sevindirici hal adlandırıb:

MÜSABİQƏYƏ QATILACAM

“Yəqin ki, müsabiqəyə qatılacam. Ondan əlavə də əsərim vardı. İndi də rus dilində bir əsər bitirmişəm. Yəqin o da müsabiqəyə təqdim ediləcək. Ümumiyyətlə, sevindirici haldır ki, belə müsabiqələrin davamı gəlir. Yəni, Azərbaycanda çox vaxt olduğu kimi bir dəfə olub-bitmir”.

Elxan Qaraqan yeni əsəri barədə detalları isə gizli saxlamağı üstün tutub:

MƏNƏ HƏR ŞEY EDƏ BİLƏRLƏR

“Bu barədə heç nə demək istəmirəm. Çünki bunun özü çox sensasiyalı bir mövzudur. Mənim deməyimin artıq, sensasiyalılığı öldürür. Amma hər halda başım çox böyük bəlalara düşəcək. Bu mövzudan sonra mənə hər şey edə bilərlər. Məncə, yazıçı hər hansı əsərini yazanda onu sonuncu əsəri kimi yazmalıdır. Yəni, tam şəkildə ürəyini qoymalısan. Keçən dəfə çobandan yazdım, bu dəfə keçidən yazım – belə yox. Tam inanıram ki, bütün gücümü qoyduğum bir əsərdir”.

Nigar Köçərli isə deyib ki, müsabiqə üçün əsərlər yanvarın 10-na qədər qəbul ediləcək. Bundan sonra peşəkar ekspertlər əsərləri oxuyub qiymət verəcəklər. 2 ay 10 gün müddətində onlar əvvəlcə 20 ən yaxşı əsəri – “long list”i seçəcəklər, daha sonra 10 gün müddətində isə 10 ən yaxşı əsəri – “short list”i səsləndirəcəklər.

FİNALÇILAR MARTIN 27-DƏ MƏLUM OLACAQ

Beləliklə - “qısa siyahı”ya düşənlər – finalçılar gələn il martın 27-də məlum olacaq. Ondan sonra 17 nəfərlik münsiflər heyəti öz işinə başlayacaq və mayın 31-də mükafatlandırma mərasimi keçiriləcək. Birinci yerin sahibi 3000 manat, ikinci yerin sahibi 2000 manat, üçüncü yerin sahibi isə 1000 manat qazanacaq. Əsərləri həm internetlə, həm də poçtla göndərmək olar. Nigar Köçərli deyib ki, bu dəfə belə bir yeni nominasiya olacaq: “Ən yaxşı bədii tərcüməyə görə”. Amerika səfirliyi ingiliscədən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə, 1000 manat mükafat verəcək.

Günel Movlud
Gənc yazar Günel Mövlud həm bu müsabiqəyə, həm də onun münsiflər heyərinə tənqidi yanaşıb:

BİABIRÇILIQ

“Mən indiyə qədər adında milli olan hər şeydən qorxurdum. Və keçən dəfəki Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri sübut etdi ki, mən öz qorxumda haqlıymışam. Bilirsiz, keçən il müsabiqənin onluğu elan ediləndə mən və mənim bir neçə yazar dostlarım heyfsiləndik ki, kaş ki bu müsabiqəyə əsərimizi təqdim edərdik. Amma yekun nəticədə şəxsən mən özümü böyük bir biabırçılıqdan qurtarmış adam kimi hiss etdim ki, nə yaxşı bu müsabiqəyə əsər təqdim etməmişəm. Orada Rafiq Tağı, Şərif Ağayar kimi çox ciddi, çox yaxşı nasirlərin bir kənarda qalıb da, yüngül cari mövzularda yazıb özünü ədəbiyyata təqdim edən bir adamın qalib elan edilməsi nəsr üçün biabırçılıq idi. Mənim Nigar xanıma böyük hörmətim var. O öz yerində. Amma sadəcə bir şeyə təəccüblənirəm. Keçən il Milli Kitab Mükafatı ilə bağlı bizim iradlarımızı paylaşan Şahbaz Xuduoğlu indi münsiflər heyətindədir. Bunu heç cür anlaya bilmirəm”.

Şahbaz Xuduoğlu isə deyib ki, ötən dəfə keçirilən müsabiqə ilə bağlı səsləndirdiyi fikirlərində qalmaqdadır:

NÖQSAN HƏR BİR İŞDƏ OLA BİLƏR

“Mən yenə də həmin iradları bölüşürəm. Amma nəzərə alsaq ki, Milli Kitab Mükafatı müsabiqəsi kitabla bağlı ən böyük layihədir, mən hesab edirəm ki, bu layihəyə dəstək vermək lazımdır. Nöqsan hər bir işdə ola bilər. Amma biri var ki, bu iş heç görülməyə, bir də var ki, bu iş görülür. İndi mən bilirəm ki, sənin bu müsabiqədə iştirak etmək imkanın bir qədər azdır, çünki şeir yazırsan. Əgər nəsrin olsaydı, mən bir dost olaraq, sənin kitabını nəşr edən bir naşir olaraq məsləhət görərdim ki, bu müsabiqəyə qatılasan. Və əlavə olaraq nəzərə almaq lazımdır ki, indi münsiflər heyətində dəyişikliklər olubdur”.

Nigar Köçərli isə bildirib ki, bütün irad və tənqidlərə baxmayaraq, o öz işimə inanır və buna davam edəcək.

XS
SM
MD
LG