Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:59

Aslan İsmayılov korrupsiyaya resept yazdı


«Rüşvətxorluqla mübarizə haqqında kampaniyanı görəndə məni ürəkbulanma tutur»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bakı sakini korrupsiyaya qarşı mübarizədə nə təklif edir?» mövzusunda açdığı müzakirəyə qatılan tanınmış vəkil Aslan İsmayılov söylədi.

SƏN DEMƏ...

Vəkil alovlanmaqda olan antikorrupsiya kampaniyasından təəccübləndiyini gizlətmədi: «Hamının bildiyi və həyat normasına çevrilmiş, rüşvətxorluqla idarə olunan bir mexanizmi milləti axmaq yerinə qoyub yeni bir şey kimi təqdim edirlər. Sən demə, Kərəm Həsənov bilmirmiş ki, nazirlikdə rüşvət varmış! Sən demə, Vergilər Nazirliyində də rüşvət alan müfəttiş varmış! Sən demə, Gömrükdə də 4 nəfər korrupsioner varmış, Aydın Əliyev tutub onu cəzlandırıbmış!».

ÇOX PESSİMİSTƏM...


Qonağımız 27 yanvar tarixli müşavirədən sonra onda ürəkbulanmanın yarandığını iddia edir. «O qədər pessimistəm ki...28 yaşımda Stavropolda məhkəmə sədri olmuşam. 31 yaşımda Karaçay-Çerkez Diyar Ali Məhkəməsinin sədrliyindən imtina etdim. 1989-cu ildə imkan düşən kimi Azərbaycana sıravi bir işə gəldim. İnanırdım ki, müstəqil, demokratik, hüquqi bir dövlət qurulacaq. Firavan yaşayacağıq...İndi 3 uşağım var. Ona görə pessimistəm ki, onlar bu məmləkətdə necə yaşaycaqlar?».

ÖLKƏNİ İDARƏ EDƏNLƏRƏ DÜŞMƏN KİMİ BAXMIRAM


Son seçkilərdən sonra iqtidara «dövlətçilik məsuliyyətini və reallıq hissini itirməyin» -çağırışıyla müraciət imzaladığını deyən Aslan İsmayılov bu sözün böyük məna kəsb etdiyini dedi: «Çoxlarından fərqli olaraq ölkəni idarə edən nazirlərə də, Prezident Aparatının işçilərinə də düşmən kimi baxmıram. Çünki mənim dövlətim istəsəm də, istəməsəm də bunlardan asılıdır. Onlar mənə sağlam, ağıllı, ləyaqətli lazımdır. Bu məmurların bəzisi mənim qanımı içib. Amma istəmişəm ki, onlar nəhayət başa düşsün ki, belə olmaz! Hər şeydə əndazə, ölçü olmalıdır. Bu əndazə aşılanda, insanda ikrah hissi baş qaldırır».

BİLSƏYDİM, GƏLƏRDİMMİ?..

Aslan İsmayılov hərdən özünə belə bir sual verdiyini etiraf etdi: «O vaxt mən bilsəydim ki, Azərbaycan belə olacaq, gələrdimmi?”. Sualı cavabsız buraxan, amma hər sözündə bu sualın cavabı oxunan vəkil 1999-2000-ci illərdə ona sığınacaq təklif olunduğunu da söylədi: “Azərbaycanda olan Avropa diplomatları, səfirləri mənə sığınacaq təklif etdilər. Çox qəzəblə qarşıladım. Dedim, mən Vətənimdən hara gedəsiyəm? Yaşım belədir, balalarım burdadır. Bir də, bura Vətənimdir. Vətəni hara isə apara bilmərəm. Mən özümü 9 milyon kimi cavabdeh sayıram».

AZƏRBAYCAN SEÇKİLƏRİ AVROPAYA NÜMUNƏDİR?!

Aslan İsmayılov seçkilərdən sonra Baş Nazirin müavini Əli Həsənovun mətbuat konfransında söylədiyi fikirlərdən təsirlənərək ona müraciət etdiyini də xatırlatdı: «Dedi ki, niyə seçkilərdən narazısınız? Azərbaycandakı seçkilər Avropaya nümunədir. Sonra qayıtdı ki, mən məəttələm, Azərbaycan vətəndaşları nədən narazıdır? Hansı Avropa vətəndaşından pis yaşayır? Bunu normal adam normal qəbul edə bilərmi? Amma onlar buna qadirdir. Bəlkə də, Əli Həsənov kimi varlı məmur Avropada yoxdur. Ancaq Azərbaycan vətəndaşı pis gündə yaşayır, axı...Hər gün onlarla intihar hadisəsi baş verir. Bilinməyən ondan da çoxdur. Axı, bunlar qan-qadadır!»

ALLAHA ÜZ TUTURAM!

Aslan bəy bu üzdən tez-tez Allaha müraciət etdiyini etiraf etdi: «Deyirəm, Ya Rəbbim! Sən onların könlünə bir insanlıq işıltısı sal! Belə olmaz!».

DAHA İLHAM ƏLİYEVİ MÜDAFİƏ ETMƏYƏCƏM

Ölkə prezidentini 5 il müdafiə etdiyini deyən Aslan İsmayılov daha belə etməyəcəyini açıqladı: «Mən həmişə düşünmüşəm ki, cavan adamdır, kifayət qədər bilgilidir, məmləkətimlə bağlı bütün ümidləri ona bağlamışdım. Bu gün mən onu müdafiə etmirəm. Çünki o köhnə inam məndə yoxdur. Düzdür, Vikileaks saytından bildim ki, Qarabağla bağlı dünya ilə müəyyən qarşıdurmalalara gedir. Amma ölkədə baş verən bu biabırçılıqlara kim cavab vernəlidir?”
Aslan İsmayılov sualına özü də cavab verdi: “Yəqin ki, prezident cavab verməlidir!»

RAMİZ MEHDIYEV BİLMİRDi Kİ...


Aslan bəy Ramiz Mehdiyevin o iclası keçirənə qədər ölkənin vəziyyətindən xəbərsiz olduğu fikrini absurd sayır: «Xatırladım ki, hələ 2004-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmişəm ki, Azərbaycanda dövlət səviyyəsində cinayət törədilir- nazirliklərdə paket paylanılır. Onda Vergilər, Gömrük və İqtisadi İnkişaf nazirliklərində vardı. Sonra paket adi qaydaya çevrildi. İndi birdən rüşvəti yığışdırsalar, onlar necə dolanacaq? Axı, paket rüşvətdən verilir... ».

BELƏ DAVAM EDƏ BİLMƏZ!!!

Vəkil belə sualların çox olduğuna, amma onun bildiyi şeyin təkliyinə diqqət çəkdi: «Bildiyim odur ki, daha belə davam edə bilməz!» Qonağımız üzünü idarə edənlərə tutub bunları söylədi: «Aslan İsmayılovun bunu deməkdə məqsədi budur ki, minlərlə adam məni kimi düşünür. Mən bunu dilimə gətirirəm. Amma çoxları məqam gözləyir ki, hayıf alsın. Bilin ki, məqam düşəndə mənim evimə hücum çəkməyəcəklər. Bəsdir! Məmləkətin gününə ağlayın... ». Aslan İsmayılov kiminsə bu xəbərdarlığı etməsini tam normal saydı: «Bax, mən bu xəbərdarlığı edirəm. Ölkədə vətəndaş rəğbətini qazanmayan heç bir hakimiyyət, bütün dünya onu saxlamağa cəhd etsə də, qala bilməz!».

KORRUPSİYANIN KÖKÜ ONDA KƏSİLƏR Kİ...


Aslan İsmayılovun fikrincə, bütün seçkili orqanlarda ədalətli və azad seçki olsa, korrupsiyanın nəfəsini kəsmək olar: «Qalan istənilən halda, bu mümkünsüzdür!».

ÖLKƏDƏ SÖZ AZADLIĞI TƏMİN OLUNMALIDIR


A.İsmayılov korrupsiyanın ən vacib düşməninin söz azadlığının oturuşması olduğunu bildirdi. «Susdurulan kanallar əvvəlki vəziyyətə qayıtmalıdır». Bu mənada bir neçə il öncə ölkədə daha mülayim ab-hava olduğunu deyən qonağımız «Azərbaycan TV-lərinə baxanda, sizdə ikrah hissi oyanmırmı?» -deyə sordu. «Nə qədər toy olar, almaq-satmaq olar, əxlaqa zidd hərəkətlər olar? Niyə AzadlıqRadiosunun FM-ni bağladınız? Tənqidi fikirlərə imkan verin. Yaxşı, çağırın mütəxəssisləri, qoy TV-lərdə korrupsiya ilə bağlı müzakirələr aparsınlar. Niyə təkcə məmurları danışdırırsınız? Fikir verin, onların biri də danışanda adamın üzünə baxmır».

-Aslan İsmayılov korrupsiya xəstəliyini yenmək üçün reseptə daha hansı vasitələri yazdı?

-Qonağımız builki seçkiləri niyə «biabırçı» adlandırdı? Seçkiləri «Azərbaycanda demokratiyanın təntənəsi»adlandıranlara nə cavab verdi? Kimin «Ən pis oğurluq səs oğurluğudur» sözlərini misal çəkdi?

-Hansı tanınmış siyasətçinin «5 metr bez» ifadəsini və nədən xatırlatdı?

-Aslan İsmayılov «Sumqayıt—SSRİ-nin süqutunun başlanğıcı» kitabını yazandan sonra hansı tənələrə tuş gəldi? Onu nədə suçladılar?

-Vəkili 2005-ci ildə həbs olunmaqdan kim qurtardı? Vəkilin fikrincə, həmin şəxs onu bir də müdafiə edəcəkmi?

-Vəkil olduğu bir işlə bağlı Aslan İsmayılovun fevralın əvvəllərində Prezident Adminstrasiyasına göndərdiyi müraciətə niyə cavab verilmədi?

-Verilişə gələn suallar necə cavablandı?

«Can Bakı»nı elə bu səhifədən dinləyə bilərsiniz.
XS
SM
MD
LG