Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:38

Z. Əsgərov:«Onsuzda beynəlxalq aləmdə kişilik qalmayıb»


Ziyafət Əsgərov
Ziyafət Əsgərov

«Avropa Parlamentində qəbul edilən qətnamə «Nabucco» kəməri ilə bağlı Azərbaycana təzyiqlərin tərkib hissəsidir».

Bunu Milli Məclisin mayın 17-də keçirilən iclasında parlamentin birinci vitse spikeri Ziyafət Əsgərov deyib. O hesab edir ki, Avropa təzyiqlərlə Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər.

«AZƏRBAYCANA TƏZYİQ ETMƏK KİŞİLİK DEYİL»

««Nabucco» Qərbin öz layihəsidir, buyursun həll etsin. Azərbaycanın buna heç vaxt etiraz etməyib. Amma bundan istifadə edib Azərbaycandan əlavə güzəştlər qoparmaq və bu alınmayanda insan hüquqları, demokratiya, qanunun aliliyi adı altında Azərbaycana təzyiq etmək kişilik deyil. Onsuzda beynəlxalq aləmdə kişilik qalmayıb. Amma hər halda bizim də öz standartlarımız var».

Milli Məclisin iclasında cari məsələlər üçün ayrılan vaxt demək olar ki, Avropa Parlamentinin qətnaməsini tənqid etməyə sərf olunub. Deputat İqbal Ağazadənin fikirləri istisna olmaqla. Millət vəkilli Azay Quliyevin çıxışı ilə start götürən bu mövzunu deputatlar Əli Əhmədov, Fəzail Ağamalı, Gülər Əhmədova vitse spiker Bahar Muradova və digərləri inkişaf etdiriblər. Ümumilikdə onların hamısı Avropa Parlamentinin qətnaməsinin qeyri obyektiv, qərəzli olduğunu söyləyiblər.

İqbal Ağazadə
«AVROPA PARLAMENTİ FAKTA MÜNASİBƏT BİLDİRİR»


Deputat İqbal Ağazadə isə dedi ki, əslində bu cür qətnamələrin səbəbini ölkə daxilində baş verən hadisələrdə axtarmaq lazımdır. Onun fikrincə Avropa Parlamenti fakta münasibət bildirir. İqbal Ağazadə fakt dedikdə Bakı Şəhər İcra Hakimiyyətinin «Sərbəst Toplaşma Azadlığı Haqqında» qanunu pozduğunu, mitinq keçirmək istəyənlərin həbs edildiyini, gənclərin narkotiklə şərlənib həbsə atıldığını qeyd etdi.

«Universitet tələbəsi Cabbar Savalanlının qanında heç bir narkotika əlaməti olmadığı halda bu adla həbs olunaraq şərlənib içəri salınıb. Bu hadisə vaxtı ilə Mirzə Sakitlə də baş vermişdi. Belə şeylərə görə Avropa İttifaqı təbii ki, yazasıdı. Axı o gəncin həbsi nəyi dəyişir. O gənc Azərbaycanda dəhşətli dərəcədə çevriliş, terror hazırlayırdı ki, həbsə atılıb? Onun ailəsi uşağının yanına getməyə pul tapmır. Bu kimi faktları yığışdırmaq lazımdır ki, Avropa İttifaqı və digər təşkilatlar da deyilən o ikili standartları dəyişsin».

İqbal Ağazadə hesab edir ki, beynəlxalq aləmdə Azərbaycan dövlətinin əleyhinə işləyən kifayət qədər bu cür faktlar var. Hakimiyyət bu barədə ciddi düşünməlidir. Onun fikrincə hakimiyyət Avropa İttifaqını qınamaqdansa mayın 28-i, Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyində amnistiya aktı qəbul edib, ölkədə vəziyyəti normallaşdırmaq haqda düşünməlidir.

Oktay Əsədov
AVROPA PARLAMENTİNƏ CAVAB VERMƏK ÜÇÜN...


Bütün fikirlərdən sonra spiker Oqtay Əsədovun təklifi ilə Avropa Parlamentinə cavab vermək üçün Milli Məclisdə xüsusi komissiya yaradılıb. 7 nəfərdən ibarət komissiya günün ikinci yarısı məlum qətnaməni pisləyən müraciət hazırlayıb.

«ƏVVƏL BƏHANƏ VERMƏYƏK, SONRA TƏNQİD EDƏK»

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, əgər Qərb dünyası insan hüquqları ilə bağlı səsini ucaldırsa, bunun bir siyasi astarı olmamış deyil. Amma eyni zamanda o qeyd edir ki, insan haqları demokratiyanın olmadığı ölkələrdə pozulur:

«Odur ki, çalışmaq lazımdır Azərbaycanda qanunsuz hökmlər, qanunsuz təzyiqlər üçün bəhanə olmasın. Ondan sonra əgər Qərb dünyası bu cür siyasət yürütsə biz onları tənqid edərik».

Zərdüşt Əlizadənin fikrincə hələlik hakimiyyət tam əsas verir ki, Qərb Azərbaycanı haqlı olaraq tənqid etsin, dövlətin siyasətini pisləyən qətnamələr qəbul etsin.

Mayın 12-də Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyib. Vətəndaş cəmiyyəti, sosial şəbəkə fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən «dərin narahatlıq» keçirdiyini bildirib.
XS
SM
MD
LG