Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:31

İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir


İlham Əliyev
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də "Euronews" televiziyasına müsahibə verib.

İlham Əliyev ertəsi gün – iyunun 24-də Kazanda Rusiya və Ermənistan prezidentləri ilə müzakirə edəcəyi Qarabağ danışıqlarına dair Baza Prinsipləri barədə suallara cavab verib. Müsahibəni təqdim edirik:




İlham Əliyev:
- Rusiya prezidenti Dmitri Medvedevin şəxsən bu prosesdə iştirakı tərəflərin razılığa gəlməsinə imkan verir. Ona görə də bizim optimist gözləntilərimiz var. Əgər Ermənistan konstruktiv mövqe, irəliyə doğru addım atılması üçün siyasi iradə nümayiş etdirərsə, münaqişə tezliklə həll oluna bilər.

Euronews:
- Ermənistan Sizin dediyiniz konstruktivlik üçün nə etməlidir?

İlham Əliyev:
- Danışıqlar prosesi beynəlxalq səviyyədə qəbul edilən baza prinsiplərinə əsaslanır. Vasitəçilərin hər iki tərəfə təqdim etdikləri bu prinsiplər dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratlarını təyin etmələri hüququna əsaslanır. Bu prinsiplər bir-birinə zidd deyil və sülh müqaviləsində nəzərə alına bilər.

Euronews:
- Dağlıq Qarabağdan erməni qüvvələri çəkilərsə, bunun əvəzinə Azərbaycan nə təklif edir?

İlham Əliyev:
- Əslində bizdə olan bir şey yoxdur ki, onu geri verək. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və beynəlxalq aləm tərəfindən tanınmış ərazisidir.

Euronews:
- Bəli, amma məncə, ermənilər deyirlər ki, yalnız müəyyən şərtlər altında, məsələn, öz müəqddəratını təyinetmə, ya da güclü muxtariyyət əldə edərlərsə, qüvvələrini geri çəkə bilərlər.

İlham Əliyev:
- Uzun illərdir ki, bizim mövqeyimiz kifayət qədər açıq ifadə edilib. Mən özüm şəxsən dəfələrlə bəyan eləmişəm ki, biz Dağlıq Qarabağ sakinləri və ora qayıdacaq əhaliyə ən böyük muxtariyyət verə bilərik.

Euronews:
- Sizcə, bu muxtariyyət necə ola bilər?

İlham Əliyev:
- Bu, gələcək danışıqların mövzusu olacaq. Biz hesab edirik ki, bu, ağlabatan muxtariyyət ola bilər. Avropada mövcud olan muxtariyyətlər nümunə kimi istifadə edilə bilər. Çünki yeni nəsə tapmaq əlavə çətinliklər yarada bilər. Ona görə də Avropa ölkələrinin müsbət təcrübələri götürülə bilər.

Euronews:
- Məsələn?

İlham Əliyev:
- Məsələn, İtaliya və Avstriyada Tyrol, eləcə də mərkəzi hakimiyyətin böyük diqqət ayırdığı başqa yerlər. Yəni, mərkəzi hakimiyyət bu muxtariyyətin əhalisinə daha yaxşı həyat şəraiti qurmaq üçün daha çox maliyyə yardımı edir.

Biz də eyni şeyi edə bilərik. Azərbaycanın böyük maliyyə imkanları var və Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramlarını həyata keçirmək bizim üçün problem deyil.

Euronews:
- Ermənistanın indiki rəhbərliyinin bu problemə yanaşması haqqında nə deyə bilərsiniz? Sizcə, indiki hakimiyyət bu mənada əvvəlkindən daha açıqfikirlidirmi?

İlham Əliyev:
- İndiyə qədər də Ermənistanda belə bir fikir var ki, onlar status-kvonu nə qədər mümkündürsə saxlaya biləcəklər. Amma son aylar hadisələrin inkişafı göstərdi ki, beynəlxalq aləm, Minsk Qrupu həmsədri olan ölkələrin – ABŞ, Rusiya, Fransanın liderləri də status-kvonu yolverilməz sayırlar. Dünyada aydın başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb və atəşkəs çox kövrəkdir.
Təmas xəttində atəşkəsin davamlı şəkildə pozulması hamıya – Azərbaycana da, Ermənistana da, məncə, hətta beynəlxalq ictimaiyyətə də təhlükə yaradır.
Başqa bir vacib məqam da odur ki, son illər Azərbaycanla Ermənistan arasında güc balansı əhəmiyyətli dərəcədə dəyişib. Bu gün, məsələn, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün büdcəsindən daha çoxdur, bu bir reallıqdır. Zaman keçdikcə, iki ölkə arasında fərq daha böyük olacaq.
HƏMÇİNİN OXUYUN:
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG