Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:35

71 yaşlı siyasi mühacir İrana deportasiya olunub


Arxiv foto
Arxiv foto
İranlı mühacir, 71 yaşlı Mahmud Ərdəhali İrana deportasiya edilib. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Gülər Mirsalayeva məlumat verib.

Onun sözlərinə görə, Mahmud Ərdəhali ev dustağıdır. Qohumunun evində yaşayan Ərdəhali məhkəmənin qərarını gözləyir. Bu edam qərarı da ola bilər.

Gülər Mirsalayeva danışır ki, onlar Mahmud Ərdəhalini Azərbaycanda axtardıqları halda sorağı İrandan gəlib. Ərdəhali Qızının «Facebook» səhifəsində yazıb:

«Atanızı əbəs yerə axtarmayın, o İrandadır».

Daha sonra onlar Ərdəhali ilə bir neçə dəfə internetlə əlaqə yaradıblar.

İSTİRAHƏTƏ GEDİBMİŞ, DEPORTASİYA OLUNUB

Xanımının dediyinə görə, Mahmud Ərdəhali iyulun 13-də dostu Rəhim Cavadbəyli ilə Zaqatalaya istirahətə gedib, ordan da Qazaxa yollanıblar. İki gün sonra Qazaxda Candargölü yaxınlığında onu Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar. Bir neçə gündən sonra isə sənədi olmadığından İrana göndəriblər:

«Candargöldə Rəhim bəyi buraxırlar. Beşinci gün onu buraxıblar, amma bazar ertəsi bizə gəlmişdi. Dedi ki, sənəd lazımdır. Amma dərk eləmədim ki, bu sənədi ora çatdırmaq lazımdır. Mən şübhələr içindəyəm. Mahmud bəy zəng elədi ki, mənimlə bağlı niyə sənəd göndərmədin. Dedim ki, axı mənə heç nə demədilər. Rəhim bəy mənə izah etmədi ki, vəziyyət o qədər ağırdır ki, bir sənəd ver. Sənəd- yəni uşaqların doğum şəhadətnaməsi, mən... Ayın 19-da isə Mahmud ağanı İrana deportasiya ediblər. Onu da deyim ki, Mahmud bəy idarə qalmayıb sənəd üçün müraciət etməsin. Axı qanun var ki, neçə il ölkəni tərk etməyənlərə vətəndaşlıq verilməlidir. Nə vətəndaşlıq verildi, nə miqrasiya idarəsindən sənəd».

DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN CAVABI

Dövlət Miqrasiya Xidmətinin idarə rəisinin müavini Zərnişan Əhmədova məlumatı araşdırmaq üçün öncə vaxt istədi. O dedi ki, Mahmud Ərdəhalinin deportasiya olunması haqda məlumatsızdır, həmin şəxsin adını birinci dəfədir eşidir.

Araşdırma üçün nə qədər vaxt tələb olunduğunu xəbər aldıqda tövsiyə verdi:

«Mahmud Ərdəhalinin xanımı xidmətə müraciət etsin».

2002-Cİ İLDƏ İRANDAN EDAMDAN QAÇSA DA...

Gülər Mirsalayevanın sözlərinə görə, Mamud Ərdəhali nəinki İranda, elə Azərbaycanda da dəfələrlə ölümlə, təhlükələrlə üzləşib. Hətta on bir il əvvəl onu aldadıb İrana aparıblar və orda həbsə atılıb:

İran. Təbriz
«Mahmud ağa tutuldu, nə qədər zindanda qaldı. Sonra ev dustağı oldu. Məhkəmə ərəfəsində, ölüm hökmü veriləcəkdi ona, qaçıb gəlmişdi. Təsadüfən qaça bildi 2002-ci ildə. O yaşda. Amma indi bu ehtimal yoxdur. Nə halı var, nə canı, həm də ölüm hökmündən qaçıb. İndi orda təkdir. İndi hara gedim, kimə müraciət edim? İran müstəqil dövlətdir. İran onu verməz. Siyasi əqidəsinə görə, məhkum olunmuş adamdır. Bu, şah dövründə olub, inqilabdan sonra 5 il yatıb, sonra onu buraxıblar. Daha sonra siyasi rəhbər olub, siyasi, silahlı hərəkatın rəhbəri olub, bu rejimə qarşı vuruşub».

«BU, PİS TENDENSİYADIR, GÜNEYLİLƏR NARAHATDIRLAR»

«Uzun illərdir Bakıda yaşayan iranlı azərbaycanlılar son hadisədən çox narahatdırlar. Onları da eyni aqibətin gözləməsindən qorxurlar».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyir:

«Çox təəsüsüfləndirici haldır ki, Azərbaycanda yaşayan güneylilərin çoxuna, fəallara nə vətəndaşlıq verilir, nə doğru-dürüst sənəd verilir. Buna görə də Mahmud bəy həbs olunanda üstündə sənəd tapılmayıb. Əgər doğrudan da, onu İrana veriblərsə, bu, Azərbaycana başucalığı gətirməyəcək. Azərbaycan beynəlxalq anlaşmalar imzalayıb. Siyasi mühacirlərlə bağlı öhdəliklər götürüb. Ərdəhalinin təhvil verilməsi təsdiqlənsə, bu o deməkdir ki, son hadisə Azərbaycanın imzaladığı sənədlərə daban-dabana ziddir. Azərbaycan hakimiyyəti bu məsələyə aydınlıq gətirməlidir».

«BİZİM HÖKUMƏT AVROPA KONVENSİYASINI POZUR»

Erkin Qədirli
İndi gələk məsələnin hüquqi tərəfinə. Hüquqşünas Erkin Qədirli: «Beynəlxalq öhdəliklər baxımından Avropa İnsan Haqları Konvensiyasında üçüncü maddə qeyri-insani rəftarı, işgəncəni qadağan edir. Avropa İnsan Haqları Məhkəməsinin təfsirlərində həmin maddə genişləndirilib. Hər hansı ölkə siyasi mühacirin qaytarılacağı ölkədə real təhlükələrlə üzləşəcəyini bilirsə və bunu bilə-bilə geri verirsə üçüncü maddəni pozmuş sayılır. Yəni sizin dediyiniz şəxs İranda təhlükələrlə üzləşəcəksə və bunu bizim hökumət bilə-bilə qaytarırsa, deməli, üçüncü maddəni pozmuş sayacaq».

TANITMA

Siyasi hakimiyyətə müxalifətdə olan Mahmud Ərdəhali 1988-ci ildə İranı tərk edib. Bir müddət Türkiyə və Almaniyada yaşadıqdan sonra Azərbaycana gəlib.
17 ildir Bakıda kirayədə yaşayır. Xanımı şəkər xəstəsidir. Özü də beyin əməliyyatı keçirib. 15 və 13 yaşında bir oğlu, bir qızı var. Uşaqlarının da səhhətlərində anadangəlmə problem olduğu deyilir.
XS
SM
MD
LG