Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Şərq Tərəfdaşlığı sammiti ticarəti və iqtisadi inteqrasiyanı önə çəkir


M.Saakaşvili, İ.Əliyev, V.Yanukoviç Varşava sammitində
M.Saakaşvili, İ.Əliyev, V.Yanukoviç Varşava sammitində

Varşavada sentyabrın 29-30-u başa çatan Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində deyilir ki, Şərq Tərəfdaşlığı azadlıq, demokratiya, insan haqlarına hörmət, qanunun aliliyi kimi dəyərlərin bölüşdürülməsinə əsaslanır.

Avropa Birliyi ilə Şərq Tərəfdaşları arasında ticarət və iqtisadi inteqrasiya artır.
Avropa Birliyi və Şərq Tərəfdaşları bu təmayülü saxlamaq və gücləndirmək əzmindədirlər.

BELARUS SAMMİTİN AXIRINI GÖZLƏMƏDİ

İnsan haqlarına görə tənqidlərdən sonra Belarus Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitindən çıxdı.

Polşanın baş naziri Donald Tusk sammitin ikinci gününü açıq elan edəndə bildirdi ki, Belarus nümayəndə heyəti sammitdə yoxdur.

BELARUSUN XƏTRİNƏ DƏYƏN NƏDİR?

Belarusun xarici işlər nazirliyi bəyanat verib ki, “əməkdaşlıq ayrı-seçkiliyə əsaslana bilməz, ona görə də iştirak mümkün deyil”.

Belarusun xarici işlər nazirliyi sammitin təşkilatçılarını ittiham edir ki, Belarus prezidenti Lukaşenkonu sammitə dəvət etməməklə və Belarus nümayəndə heyətini iştirakını məhdudlaşdırmaqla təşkilatçılar “görünməmiş ayrı-seçkiliyə yol veriblər”.
Belarus nümayəndə heyətinin sammiti bilavasitə tərk etməsi isə sammitin birinci günü Polşanın baş naziri Donald Tuskun Belarusa müraciətindən sonra baş verdi.

Tusk Belarusu “bütün siyasi məhbusları azad etməyə” çağırırdı.

Belarusla Avropa Birliyi arasında gərginlik
zirvə toplantısının birinci günü başqa məsələdə də yaşandı.

Belarus sammit ərəfəsi bildirdi ki, onun nümayəndə heyətinə xarici işlər naziri yox, Varşavadakı səfir başçılıq edəcək.

Sammitin birinci günü isə Polşa və Avropa Birliyi diplomatları bəyan etdilər ki, bəzi görüşlərə Belarus səfiri buraxılmaya bilər. Şünki həmin görüşlər səfir səviyyəsində yox, yüksək rütbəli hökumət rəsmiləri səviyyəsində olacaq.

“MİNSKDƏKİ HÖKUMƏT XALQI TƏCRİD EDİR”

Sammitə ev sahibliyə edən Polşa Belarusun sammiti tərk etməsindən öz təəssüfünü bildirib.
Hazırda Avropa Birliyinə sədrlik edən Polşanın nümayəndəsi Konrad Niklewicz Azadlıq Radiosuna deyir:
“Biz təəsüflənirik ki, Minskdəki hökumət 10 milyon əhalisi olan ölkəni Şərq Əməkdaşlığı proqramının verdiyi imkanlardan təcrid edir.”

ƏSAS DİQQƏT UKRAYNAYADIR

Polşanın paytaxtı Varşavada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrlə Birliyin iki günlük zirvə toplantısı Belarussuz davam edib.

Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələr bunlardır- Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarus.

2009-cu ildə təsis olunan proqramın məqsədi siyasi və ticarət sazişləri ilə bu ölkələri Avropa Birliyinə yaxınlaşdırmaqdır.

İndiki sammit əsas diqqətini Ukraynada cəmləyib.
Birlik Ukraynanın Avropa Birliyi ilə ticarətini genişləndirmək və asanlaşdırmaq istəyir.
Bu da öz növbəsində 46 milıyon əhalisi olan Ukraynaya Avropa investisiyalarını artıra bilər.

YEKUN BƏYANNAMƏ

Sammitin yekunu olaraq qəbul olunan bəyannamənin Azərbaycana aid hissəsində deyilir ki,
“Ukrayna və Moldova ilə vizasız rejim haqda dialoq gedir. Gürcüstanla belə sazişlər bağlanıb, eyni sazişlər ətrafında danışıqlar Ermənistan və Azərbaycanla da başlanmalıdır”.
Bu sazişlərdən sonra o cümlədən, “tələbələrə, iş adamlarına, tədqiqatçılara viza verilməsi işi yaxşılaşacaq”.

“Azərbaycanla Assosiasiya sazişləri haqda danışıqlarda böyük irəliləyiş var”.
Assosiasiya sazişləri islahatları nəzərdə tutur və deyilir ki, bunlar “lazım gələndə dərin və tam ticarət zonaları”nı tərkib hissəsi kimi əhatə edə bilər.

“Xəzər dənizindən Avropa bazarlarına enerji yollarının çoxşaxəli” olmasını təmin etmək istəyən “Avropa Birliyi və tərəfdaşları Cənub Dəhlizinin reallaşmasında konkret addımlar atılması işindən narahatdırlar”.

“Varşava sammiti iştirakçıları münaqişələrin həllində Avropa Birliyinin rolunun artmasını müsbət qarşılayırlar.”
“Münaqişələr isə beynəlxalq qanunlar çərçivəsində həll olunmalıdır”.

Bəyannamədə həmçinin deyilir ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının həyata keçirilməsinə 2010-2013 cü illər üçün 1 milyard 900 milyon avro ayırıb.
XS
SM
MD
LG