Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:50

Şimal axını çəkilir, Ukrayna və Belorus narahatdır


Almaniya kansleri Merkel və Rusiya prezidenti Medvedev "Şimal axını" layihəsinin ilk bölümünün təməlqoyma mərasimində. 8 noyabr 2011
Almaniya kansleri Merkel və Rusiya prezidenti Medvedev "Şimal axını" layihəsinin ilk bölümünün təməlqoyma mərasimində. 8 noyabr 2011
Qərbi Avropa liderləri və Rusiya prezidenti Dmitri Medvedev noyabrın 8-də Almaniyada – Lubmində görüşərək “Şimal axını” qaz kəməri layihəsinin birinci bölümünün təməlqoyma mərasimində iştirak ediblər. Amma regiondakı dövlətlərin heç də hamısı buna sevinmirlər.

Uzunluğu 1200 kilometrdən çox olacaq qaz kəməri 10 milyard dollara başa gələcək və hər il Avropa bazarlarına 55 milyard kub metr qaz daşıyacaq.

XƏZİNƏYƏ GƏLƏN PULLAR KƏSKİN AZALA BİLƏR

İndi Rusiya qazı Avropaya əsasən Ukrayna və Belorus ərazisindən keçməklə daşınır. Bu ölkələr qazın tranzitindən bir neçə milyard dollar pul qazanırlar. Yeni kəmər tikiləndən sonra onların bu gəliri kəskin azala bilər.

Bundan başqa, Ukrayna və Belorus üçün Rusiya qazının onların ərazisi ilə daşınması həm də siyasi alətdir. Bu dövlətlər Avropa enerji sisteminin bir hissəsidirlər. Həmin rıçaq da onların əlindən çıxa, yaxud əhəmiyyəti azala bilər.

Sentyabrda çıxış edərkən Medvedev yeni kəmərin Ukrayna və Belorusdan yan keçəcəyini “riskin azaldılması” kimi qiymətləndirmişdi.

Belorusdan olan enerji eksperti Stanislav Husak hesab edir ki, yeni kəmərin Ukrayna və Belorusa təsiri faciəvi olacaq:

“”Şimal axını” kəməri Rusiyaya Belorus və Ukraynanı 18-ci əsr tipli müstəmləkəyə çevirmək üçün lazımdır. Vahid gömrük zonası, “Şimal axını” və buna oxşar başqa layihələr Belorus və Ukraynanın əsl müstəqil dövlət olma imkanlarını azaltmağa yönəlib. Anlamaq gərəkdir ki, bunların hamısı eyni siyasətə xidmət edir – regionun müstəmləkəyə çevrilməsi siyasətinə”.

AVROPA ATOM ENERJİSİNDƏN İMTİNA EDİR...

“Şimal axını” layihəsinin Rusiyanın qonşularına dəqiq təsiri gələcəkdə bilinəcək. Yaponiyadakı zəlzələ və Fukuşima AES-dəki qəzadan sonra Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya və Avropa Birliyinin bir sıra başqa üzvləri
Rusiyanın Avropaya gedən qaz kəmərləri
Rusiyanın Avropaya gedən qaz kəmərləri
atom enerjisindən imtina siyasətinə qərar veriblər. Belə bir şəraitdə qarşıdakı illərdə Avropanın başqa enerji mənbələrinə nə qədər ehtiyac duyacağını dəqiq proqnozlaşdırmaq çətindir.

İndi rus qazının 80 faizi Avropaya Ukrayna marşrutu ilə daşınır, qalan 20 faizin çoxu isə Belorus vasitəsilə.

Rusiyanın qaz nəhəngi olan “Qazprom” şirkəti bildirib ki, “Şimal axını” işə düşəndən sonra Ukrayna ərazisi ilə daşınan qazın 20 faizi “Şimal axını”na yönəldiləcək. Təkcə bu, Ukrayna büdcəsinin hər il 700 milyon dollar itirməsi deməkldir.

Amma ukraynalı enerji eksperti Valentin Zemlyanski deyir ki, Ukrayna marşrutu bütün hallarda öz mühümlüyünü qoruyacaq:

“Ukrayna daim əsas marşrut olaraq qalacaq. Çünki onun bütün başqa marşrutlarla, o cümlədən, Belorus marşrutu ilə müqayisədə üstünlükləri var. Bu, yeraltı qaz anbarlarıdır. Yeraltı anbarlar qazın Avropa istiqamətdə axınını təmin etmək üçün sistemdə təzyiqi lazımi səviyyədə saxlamağa imkan verir”.

ƏN ÇOX ZİYAN UKRAYNAYA DƏYƏ BİLƏR, YOXSA BELORUSA?

Ekspert Vladimir Saprıkin də deyir ki, “Şimal axını” əsasən Almaniya bazarı üçün nəzərdə tutulub.

"Şimal axını" kəmərinin Baltik dənizi sahilindəki terminalı. 8 noyabr 2011
"Şimal axını" kəmərinin Baltik dənizi sahilindəki terminalı. 8 noyabr 2011
İndi həmin bazara gedən qaz Belorus və Polşa ərazisindən keçir.

Buna görə də, onun fikrincə, yeni layihənin Ukraynaya təsiri minimal olacaq.

Beloruslu enerji eksperti Ales Mex hesab edir ki, Kreml Belorus ərazisi ilə ötürülən qazın miqdarını azaltmaq təhdidləri ilə Belorus hökumətindən daha çox güzəşt qoparmağa, ölkədəki strateji müəssisələrin səhmlərinin rus şirkətlkərinə satılması üçün yerli hökumətə təzyiq edə bilər.

Amma başqa bir beloruslu ekspert Syarhey Çali hesab edir ki, “Şimal axını”nın ən böyük ziyanı Ukraynaya dəyəcək:

“Məncə, “Şimal axını” daha çox siyasi layihədir. Avropaya qazın daşınmasında ən qısa yol Belorus yoludur. Rusiya qazın tranziti ilə məşğul olan “Beltranzitqaz” şirkətində 50 faiz səhmə sahibdir, bununla da qazın nəqli şərtlərini özü üçün sərfəli hala gətirib. Amma Ukrayna ilə belə bir razılaşma əldə edilməyib. Buna görə də yeni layihə daha çox Kiyev üçün təhlükədir”.
XS
SM
MD
LG