Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

“Komitə dini qurumlara məhdudiyyət qoymur”


Sultan Əli Məscidi
Sultan Əli Məscidi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Human Rights Watch”ın hesabatını şərh edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Human Rights Watch” təşkilatının illik icmalını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir və bu təşəbbüsü müsbət dəyərləndirir.

Bununla belə, komitə hesabatda Azərbaycanda dini etiqad azadlığı ilə bağlı bəzi məqamlara aydılıq gətirib. Qurumun mətbuat xidmətindən AzadlıqRadiosu-na bildiriblər ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

“Hesabatda qeyd olunur ki, qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulur. Əslində İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilib”.

Dini etiqad azadlığı üzərində məhdudiyyətlər barədə olan hissə ilə bağlı hissəyə gəlincə, Komitə hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoymadığını bəyan edir.

“Sadəcə, onlardan qanun çərçivəsində fəaliyyət göstərmələri tələb olunub”.

“YEHOVA ŞAHİDLƏRİ” QEYDƏ ALINMAYAN TƏŞKİLATDIR

2010-cu ilin iyununda Gəncədə “Yehovanın şahidləri”nin toplantısının qarşısının alınması ilə bağlı fakta da münasibətini açıqlayıb. Komitə “Dini etiqad azadlığı haqqında” qanuna (12-ci maddə) istinad edərək bildirir ki, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində (DQİDK-da) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.

2010-cu ilin iyun ayında Gəncədəki “Yehovanın şahidləri” icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd etdiyinə görə, bunun qarşısı polis tərəfindən alınıb.

HİCAB MƏSƏLƏSİ TƏHSİL NAZİRLİYİNƏ AİDDİR

İcmalda vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair məsələlər də yer alıb. Buna cavab olaraq Komitə bildirir ki, bu məsələ Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir və “Təhsil haqqında” Qanunun 14.10-cu maddəsi ilə tənzimlənir.

“Qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Möhsüm Səmədovun və digərlərinin həbsinə dair qeydlə bağlı bildiririk ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır”.

HESABATDA NƏLƏR VARDI?

Yanvarın Human Rights Watch təşkilatı dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı yaydığı illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, 2010-cu ilin iyununda qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliklərə görə, icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr qaldırılıb. Dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunur.

İyun ayında Yehova Şahidləri dini icmasının 40 üzvünün iştirak etdiyi yığıncağın qarşısını polis alıb. Polis onları 10 saat sorğu-sual edib. Polis Sumqayıtdakı baptistlərə də icazəsiz toplaşmayla bağlı xəbərdarlı edib.

2010-cu ilin dekabr ayından orta və ali məktəblərə hicabla getmək qadağan olunub. Hicab qadağasına etiraz edənlərdən 5 nəfəri polisə müqavimət göstərməkdə ittiham olunaraq 2 il yarım azadlıqdan məhrum edilib.

2011-ci ilin yanvarında qeydə alınmamış İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub. O, prezident İlham Əliyevi tənqid edəndən sonra həbs edilib. 12 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG