Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:36

İlham Əliyev BP-ni ittiham edir


Arxiv foto
Arxiv foto
«Biz BP şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir».

BP şirkəti haqqında bu sözləri prezident İlham Əliyev oktyabrın 10-da Nazirlər Kabinetində ilin 9 aylıq yekunlarına həsr olunmuş müşavirədə deyib.

«GÖZLƏNİLMƏYƏN TƏNƏZZÜL SIRF BP ŞİRKƏTİNİN KOBUD SƏHVLƏRİ NƏTİCƏSİNDƏ MÜMKÜN OLUB»

İlham Əliyev bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyinin neft sənayesi olduğunu vurğulayıb. O, bu, sahədə gözlənilməyən tənəzzülün sırf «Azəri», «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olduğunu deyib.

İlham Əliyev
İlham Əliyev
«Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay BP tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir».

BP HANSI VƏDLƏRİ VERİBMİŞ?

Prezident BP-nin verdiyi vədləri sadalayıb.

«Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm».

«CİDDİ ÖLÇÜLƏR, TƏDBİRLƏR GÖRÜLMƏLİDİR VƏ GÖRÜLƏCƏKDİR»

«Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir»- deyə İ.Əliyev bildirib.

Prezident neft hasilatının azalmasınin «Azəri», «Çıraq» üzrə kontrakt şərtlərində pay bölgüsünün Azərbaycanın xeyrinə dəyişməsində sonra baş verdiyini deyib. İlham Əliyev bildirib ki, 2008-ci ilin ortalarına qədər xarici investorların payı 75-25 faiz təşkil edib, həmin dövrdən sonra isə Azərbaycanın payı 75-25 faiz olub.
«..Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra «Azəri», «Çıraq» neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır».

Dövlət başçısı bu azalma nəticəsində 2009-cu ildən 2012-ci ilə qədər Azərbaycanın 8.1 milyard dollar az gəlir əldə etdiyini deyib.

İlham Əliyev bildirib ki, «əgər iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir».

«BU, SIRF BİZNES LAYİHƏDİR»

Prezident deyib ki, 2009-cu ildə «Azəri», «Çıraq» yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP «Azəri», «Çıraq» yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.

İlham Əliyev tənqidi fikirlərlə yanaşı, «Azəri», «Çıraq» neft yataqlarına böyük investisiyalar yatıran bütün investorlara minnətdarlığını bildirib. Və qoyulan investisiyalar sayəsində Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu deyib.

Çıraq platforması
Çıraq platforması
«Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. «Azəri», «Çıraq» neft yataqlarına əvvəldən bu günə qədər BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur. Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür».

«İQTİSADİYYATIN QAYNAR QAZANI»

Bəzi iqtisadçılar BP-ni Azərbaycan üçün «iqtisadiyyatın qaynar qazanı» adlandırır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan iqtisadiyyatını BP üzərində qurulmuş iqtisadiyyat hesab edir:

«Milli Bankın Tədiyyə balansına əsasən, 2011-ci ildə Azərbaycanın ümumi ixracı $34,49 mlrd. təşkil edib. Bunun 86,4% və ya $29,8 mlrd.-ı xam neftin payına düşüb. Həmin vəsaitin isə $28,2 mlrd-ı (94,6%) «Azəri-Çıraq-Günəşli» yataqlarından ixrac edilən neftdən gələn vəsaitlər hesabına formalaşıb. $1,6 mlrd. isə SOCAR və digər şirkətlərin neft satışından əldə etdikləri gəlirdir. Ümumiyyətlə isə, BP-Azerbaijan şirkətinin «Şah-dəniz» yatağından qaz ixracatı ($1,27 mlrd.) da nəzərə alınmaqla ölkənin 2011-ci ildəki ixracatındakı payı 85,4% təşkil edib».

«ƏSRİN MÜQAVİLƏSİ»

18 il əvvəl, 1994-cü il sentyabrın 20-də «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalanıb.

Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adını alıb.

«Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti («Amoco», BP, «McDermott», «Unocal», ARDNŞ, «LUKoil», «Statoil», «Ecson», «Türkiye Petrollari», «Pennzoil», «Itochu», «Remco», «Delta») iştirak edib.
BP: «BİZ AZƏRBAYCANA TAM SADİQİK»

Tamam Bayatlı
Tamam Bayatlı
BP şirkətinin ictimaiyyətlə əlaqələndiricisi Tamam Bayatlı isə AzadlıqRadiosuna şirkətin Azərbaycana sadiq olduğunu deyir.

«Biz Azərbaycana tam sadiqik və «Azəri-Günəşli-Çıraq» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik».

Tamam Bayatlı prezidentin müşavirədə BP barədə dediklərinə bundan artıq münasibət bildirmək istəmədiklərini deyib.

Prezidenti 2011-ci ilin iyulunda neft sənayesinin inkişafındakı xidmətlərinə görə BP Azərbaycan şirkətinin rəhbəri Rəşid Cavanşiri «Şöhrət» ordeni ilə təltif edib.

BP Azərbaycanda ofisini 1992-ci ildə açıb.

İLHAM ŞABAN: «BP-NİN HÖKUMƏT İCLASINDA TƏNQİDİ BAŞA DÜŞÜLƏNDİR»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bp şirkətini digər payçı şirkətlərdən daha önəmli şirkət hesab edir:

«Bu şirkətin hasilatında 1 faiz belə azalma həm Azərbaycanın ticarət dövriyyəsi, həm də mənfəət gəlirləri üçün böyük təsirə malikdir».
Azərbaycanın ixrac etdiyi 86 faiz xam neftin 82 faizi bp-nin payına düşür.

Elə bu baxımdan da Mərkəz rəhbəri bp-nin hökumət iclasında tənqidini başadüşülən sayır.

Qaldı ki, hasilatın azalması ilə əlaqədar bp-nin ünvanına səslənən tənqidlərə, İlham Şaban hesab edir ki, əslində hasilatın azalması ucuz çıxarıla bilən neft dövrünün artıq arxada qalması ilə bağlıdır.

İlham Şaban deyir ki, bp şirkəti 1997-ci ildən indiyə qədər müqavilə sahəsindən 2.1 milyard barel neft çıxarıb. Halbuki Azərbaycan geoloqlarının son məlumatlarına görə, həmin sahədə çıxarıla biləcək 8.8 milyard barel ehtiyat var:

«Bundan sonrakı neft baha başa gələcək, baha çıxarılan neft olacaq».

«QISA MÜDDƏTDƏ HASİLATININ STABİLLƏŞMƏSİ AZ İNANDIRICIDIR»

Prezidentin iradlarının yaxın vaxtlarda aradan qaldırılmasını isə İlham Şaban mümkün saymır.

O, 2013-cü ildə «Qərbi Çıraq» platformasının işə düşməsinə qədər «Azəri-Çıraq»da hasilatın stabilləşəcəyini düşünmür.
XS
SM
MD
LG