Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:09

Hakimiyyət bp-dən şübhələnir


bp
bp
-
Hakimiyyətə yaxın agentlik və rəsmi mətbuat bir neçə gündür Britaniya mediası və bp şirkəti ilə bağlı tənqidi yazılar dərc edir.

Prezident Administrasiyasına yaxınlığı ilə seçilən «1news» agentliyi Britaniya mətbuatında Azərbaycanla bağlı gedən tənqidi yazıların arxasında bp şirkətinin dayandığını iddia edir.

Agentliyin redaksiya məqaləsində bu yanaşmanın Prezident İlham Əliyevin bp-ni tənqidindən sonra başlandığı qeyd edilir.

«1news» bp ilə bağlı keçmişə də baş vurur və 20-ci əsrdə bu şirkətin böyük qalmaqalların mərkəzində olduğunu bildirir. Özəlliklə 1953-cü ildə İrandakı hakimiyyət dəyişikliyini vurğulayır.

Yazıda Britaniya mediasının Rusiya xüsusi xidmətləri ilə bağlantılarına da diqqət çəkilir. Azərbaycanla bağlı Almaniya mediasındakı tənqidi yazıların da eyni qaynaqdan gəldiyi bildirilir.

Agentlik sonda hakimiyyətə yaxın mənbəyə istinad edir və bp-nin «Azəri-Çıraq-Günəşli» neft konsorsiumunda başqa şirkətlə əvəzlənməsi ilə bağlı müzakirə aparıldığını vurğulayır.

«HAKİMİYYƏT BP-Nİ ÖLKƏDƏN ÇIXARA BİLMƏZ»

Politoloq Ərəstun Oruclu bp əleyhinə gedən bu yazını hakimiyyətin mövqeyi sayır və bunu həm də Qərbdən, Rusiyadan gələn təzyiqlərə cavab hesab edir. O, bp-nin operatorluqdan uzaqlaşdırılması fikrinin gerçəkləşməyəcəyini deyir:

Ərəstun Oruclu
Ərəstun Oruclu
«Azərbaycanın bp kimi nəhəng transmilli şirkətə qarşı sərt addım ata bilməz. Xeyli pulu olsa da, Azərbaycan hakimiyyətinin bp kimi investoru çox sakit və heç bir cavab almadan ölkədən çıxara bilməz. Rusiya yenidən həmin şirkəti qaytarmağa məcbur oldusa, bunu Azərbaycan necə edə bilər? Bu, həm siyasi, həm də iqtisadi baxımdan düşünülməmiş bir şantajdır. Arxasında da heç bir real iş yoxdur. Bu, yetərincə təsirli əks-effekt verə bilər».

Ə.Oruclu hesab edir ki, vaxtilə güzəştli şərtlərlə razılaşan və bunu hakimiyyətdə qalmaq üçün sərfəli sayanlar mövcud şərtlərlə razılaşmaq məcburiyyətindədirlər:

«Deməli, qalır buna əməl etmək. Güman etmirəm ki, bp və ya hansısa transmilli neft şirkəti ilə kimsə üz-üzə gəlib qalib çıxa bilər».

«BİZ İNDİ DƏ BELƏ İŞLƏYİRİK, UZUN MÜDDƏT BELƏ İŞLƏYƏCƏYİK»

«bp Azərbaycan» şirkəti adıçəkilən yazıya hər hansı şərh vermək istəmir.

Şirkətin ictimaiyyətlə əlaqələndiricisi Tamam Bayatlı deyir ki, bp 1994-cü ildən indiyədək bütün layihələr çərçivəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edib:

«Biz indi də belə işləyirik, hələ gələcəkdə də hələ uzun müddət belə işləyəcəyik».

Natiq Cəfərli
Natiq Cəfərli
bp-nin hansısa media qurumunu maliyyələşdirməsinə gəlincə, şirkət rəsmisi bunu da yalanlayır:

«bp dünyanın 100-ə yaxın ölkəsində fəaliyyət göstərir və heç bir mətbu və ya elektron medianı maliyyələşdirmir».

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycan hakimiyyətini bp-ni heç də «Barmek» şirkəti və onun rəhbəri ilə eyniləşdirməməlidir.

İqtisadçıya görə, bp-ni hansısa şirkətlə əvəzləmək hakimiyyətə istər siyasi, istərsə iqtisadi baxımdan başağrısı gətirə bilər:

«bp-nin Azərbaycandan uzaqlaşdırılması 10 milyardlarla vəsait deməkdir. Azərbaycanın indiki valyuta ehtiyatları belə o itkini qarşılamaq gücündə deyil».

N.Cəfərli Azərbaycan hakimiyyətini tənqidə tutan yazıların arxasında bp-nin dayanması barədə fikirləri də məntiqli saymır.
XS
SM
MD
LG