Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Uşaqlar Şaxta Babadan İlham Əliyev haqqında nələri öyrəndi?


Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012
Mehriban Əliyeva Yeni il şənliyində, 28 dekabr 2012
-

Qar Qız:

– Uşaqlar, siz gözəl bağçalarda, gözəl məktəblərdə oxuyursunuz. Buna görə də Azərbaycanın Birinci xanımı olan Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk, gurultulu alqışlar!.


2013-cü il ilk həftəsini bitirir. Yeni il ab-havası öz yerini adi günlərin ovqatına buraxır. Amma uşaqlar hələ də bu bayramın dadını çıxarmaqda, Şaxtababanı, Qar Qızı alqış tufanına tutmaqdadırlar... Ancaq uşaqlar üçün keçirilən Yeni il şənliklərində ilk alqış Şaxtababanın payına düşməyə də bilər:

– Uşaqlar, gəlin, prezidentimizi alqışlayaq!..

– Azərbaycanın Birinci xanımı olan Mehriban Əliyevaya minnətdarlığımızı bildirək!..
Bu mənzərənin canlı səslərini dinlə:

Əl Oyunları İdman Sarayında keçirilən Yeni il şənliyinin açılışı prezidentin tərifi ilə başladı. Aparıcı xanım saraya toplaşan uşaqlara və valideynlərə İlham Əliyevin daxili və xarici siyasətindən danışıb çıxışını sualla bitirdi:

– Bütün bunlar prezidentin apardığı məqsədyönlü siyasətin nəticəsindədir. Elə deyilmi, uşaqlar?

Uşaqlar xorla: – Bəli!..

Prezident İlham Əliyevin ad günü də unudulmadı:

– Prezidentimiz, 51 yaşı tamam olan prezidentimiz cənab İlham Əliyevə bu şərəfli işdə uzun ömür, cansağlığı və böyük-böyük uğurlar arzulayaq, uşaqlar! Bir alqışlayaq öz prezidentimizi!..

Axır ki, tamaşa zalına Qar Qız da gəldi, daha doğrusu, ənənəyə görə alqışlarla gətirdildi və... Sevimli Qar Qız dedi ki:

– Uşaqlar, siz gözəl bağçalarda, gözəl məktəblərdə oxuyursunuz. Buna görə də Azərbaycanın Birinci xanımı olan Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk, gurultulu alqışlar!..

Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.
Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.
YOLKANIN İŞIQLARI NİYƏ YANMIR?

Nəhayət, alqışlardan Şaxtababaya da pay düşdü.

Şaxtababa: – Buzlardan sürüşərək meşələrdə dincəldim, sizlə görüşə gəldim!..

Aparıcı: – Alqışlayaq Şaxtababanı, uşaqlar!..

Şaxtababa da alqışlandı. Bundan sonra Zuzu adlı Klounla Şaxtababanın arasında işıqpulu haqqında dialoq başladı:

Şaxtababa: – Bəs bu yolkanın işıqları niyə yanmır?

Kloun: – Həəə, gəldin əsas məsələyə... Ona görə yanmır ki, sən keçən il bu qapıdan çıxan kimi işıq idarəsi gəlib işıqları xırp kəsib getdi.

Şaxtababa: – Yox, mənim əzizlərim, özüm bilərəkdən bu sualı sizə verdim. Bu yolkanın işıqlarını yalnız və yalnız babanın söylədiyi sehrli sözün gücü və bu çomağın təsiri ilə yandırmaq mümkündür.

Kloun: –Ay Baba, Ay ağsaqqal, ay Şaxtababa, o söhbətlərin hamısı nağıldır. Bu dəqiqə pulunu ver, işığın olsun.

Şaxtababa yolkanın işıqlarını yandırandan sonra Kloun ona deyir:

– Qurban olum sənə, gedək bizə, düz bir ildir işıqları söndürüb gediblər. Onları da yandır gəl də, nə olar. Axı sənin işıq idarəsindən icazən var.

Şaxtababa: – Sənin işıqlarını ona görə söndürüblər ki, mənim balam, sən işıqpulu ödəmirsən, vergidən yayınırsan...
Elmir Əkbər
Elmir Əkbər

SSRİ DAĞILIB, ANCAQ...

Psixoloq Elmir Əkbər bütün bunları postsovet ölkələrin Yeni il ənənəsinə tam uyğun sayır:

«O dövrlərdə uşaqlar Şaxtababadan çox Stalini sevdiklərini deməliydilər. SSRİ dağılıb, ancaq postsovet respublikalarında bayramın siyasiləşdirilməsi məqamı hələ yaddan çıxmayıb. Yenə o ənənələr qalır. Bu da qətiyyən arzulanan şey deyil, çünki bayramlar dindən, siyasətdən uzaq olmalıdır. Ona görə bayrama digər elementlərin gətirilməsi artıqdır. Mən düşünmürəm ki, bu, nədəsə rol oynaya bilər. Bəyəm SSRİ-yə qarşı çıxanlar Lenin baba haqqında şeir əzbərləyənlər olmadı? Guya o şeirlər keçmiş Sovetlər Birliyini xilas etdi?».

Başqa bir psixoloq Dəyanət Rzayevin fikrincə, Şərqdə belə şeyləri daha çox sevirlər, Azərbaycan da Şərqdir, axı:

«Bizim ideologiya belə qurulub ki, kiməsə arxalanmaq lazımdır. Uşaqları da belə tərbiyə edirlər. Təbii ki, belə olmamalıdır. Amma necə olmasını insanların özü müəyyənləşdirməlidir».

Adıçəkilən şənliyin sonunda uşaqlar Türkiyənin estrada müğənnisi Serdar Ortaç-ın «Dansöz» (Rəqqasə) mahnısının sədaları altında rəqs etdilər. Aparıcı onu da dedi ki, bəs, yolkadan pul da asmaq lazımdır ki, il bərəkətli olsun. Bunu yəqin çoxları ilk dəfə idi eşidirdi...
XS
SM
MD
LG