Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:40

Lerik rayonunda vəziyyət [Video]


Lerik rayonu
Lerik rayonu
-


Martın 6-da AzadlıqRadiosunun «İşdən Sonra» verilişində əslən Lerikdən olan jurnalist İdrak Abbasov, rayon fəalı Azər Kazımzadə və Lerik rayonundan deputat seçilmiş İqbal Məmmədov rayonun problemləri haqda danışıblar.




Jurnalist İdrak Abbasovun sözlərinə görə, Lerikdə də Azərbaycanın digər bölgələrində olduğu kimi bir sıra problem var. Yol əsas problemlərdəndir, rayon mərkəzinin özündə də yolların halı bərbaddır. Kəndlərdə isə yollar yox səviyyəsindədir:

«Lerikin çoxlu sosial-iqtisadi problemi var, insanlar rayonu tərk edərək iş dalınca gedirlər, kəndlər sürətlə boşalır, məktəblərdə də şagirdlərin sayı sürətlə azalır».

İ. Abbasov qeyd edib ki, Lerik rayonunda SSRİ dövründə çox gözəl infrastruktur olub, amma daha sonra hamısı dağıdılıb:

«Lerikdə üzümçülük, taxılçılıq, tütünçülüklə məşğul olmaq üçün kifayət qədər şərait var idi, ancaq diqqətsizlik, laqeydlik nəticəsində dağıdıldı».

«Lerikdə sadə insanların istirahət etməsi üçün heç bir şərait yoxdur, oradakı istirahət mərkəzləri yalnız məmurların istirahət edə bilməsi üçün əlverişlidir».

Jurnalist Lerikdə turizm sahəsində lazımi işlərin görülməməsindən də şikayətlənib:

«Lerikin turizm üçün kifayət qədər potensialı var, sadəcə, inkişaf etməsi üçün lazımi işlər görülməlidir».

İdrak Abbasov rayondakı su probleminə də toxunub:

İdrak Abbasov
İdrak Abbasov
«Mən dəfələrlə rayonun su problemi ilə bağlı müvafiq orqanlara şikayətlər etmişəm, buraya artezian quyularının qazılması üçün texnika cəlb olunub, ancaq sonradan işçilərin əmək haqqının verilməsi üçün yerli əhali vəsait topladı, dövlətdən ayrılan pulun hara getdiyini isə bilmirəm».

İNSANLARA SAVADI DAHA SONRA VERƏ BİLMƏRİK...

Millət vəkili İqbal Məmmədovun sözlərinə görə, Lerikə dövlət tərəfindən kifayət qədər dəstək verilir:

«2012-ci ildən başlayaraq Lerikdə elektrik stansiyasının tikintisi üçün 30 milyon manat, Lerikin su-kanalizasiya işlərinin görülməsi üçün 28 milyon manat vəsait ayrılmışdır».

Lerikdə təhsilə də dövlət tərəfindən qayğının olduğunu deyən millət vəkilinin sözlərinə görə, 10 il ərzində Lerikdə 40 məktəb tikilib, 8 məktəb isə təmir olunub:

«Bu gün Lerikdə işıq, su, qaz çəkməsək də, daha sonra da çəkə bilərik, amma insanlarımıza savadı daha sonra verə bilmərik. İlk öncə, təhsildə olan problemləri aradan qaldırmaq lazımdır».

Deputat rayonda abituriyentlər üçün həvəsləndirici kampaniya aparıldığını da bildirib.

«Mən özüm təklif etdim ki, Lerikdə universitetə qəbul imtahanlarında yuxarı bal toplayan tələbələrə təqaüdlər verilsin, yaxşı oxuyan şagirdlərə də həmçinin mükafatlar verilsin. Mən insanları təhsilə cəlb etmək üçün əlimdən gələni edirəm».

Millət vəkili qeyd edib ki, kəndlilərinə və rayon camaatına istənilən yardımı göstərməyə hazırdır.

«LERİKİN ADI TƏHSİL SAHƏSİNDƏ QARA SİYAHIDADIR»

«Hansı kəndli əkinçiliklə məşğul oldu, onun taxılı, buğdası satılmadı, gəlib mənə dedi, mən də ondan həmin məhsulu almadım?».

Lerik rayonu
Lerik rayonu
Deputat bildirib ki, rayonda turizm sahəsi inkişaf edir.

«Lerikdə turizm də sürətlə inkişaf edir, günə 800 turist qəbul edə bilən kiçik və böyük turizm müəssisələri fəaliyyət göstərir».

Rayon fəalı Azər Kazımzadə də təhsildə olan problemlərdən şikayətlənib:

«Rayonda təhsil yox səviyyəsindədir, TQDK-nın ali məktəblərə qəbul sayı ilə bağlı hesabatlarında da Lerikin adı qara siyahıda çəkilir».

Rayon fəalı deyib ki, inkişaf sözdədir, əməldə isə heç nə görünmür.

«Lerikli gənclərin bir çoxu Bakıda daş karxanalarında çalışırlar. Bəs bu deyilən inkişaf haradadır?».

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG