Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:37

Əli Əmirli. Sevən qadın


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


S e v ə n q a d ı n

(2 hissəli melodrama)


İştirakçılar:


Elmina
Qalib } hər iki rolu bir aktyor oynayır
Müxbir
Mina
Şölə


BİRİNCİ HİSSƏ

İncə zövqlə bəzədilmiş otaqdır: yığcam mebel, otağı isti işığa bələmiş torşer, yumşaq xalça, vazada narıncı işıqdan rəngini dəyişmiş ağ güllər. Hər şey sevgiyə, məhəbbətə xidmət edir. Pərdə açılanda tamaşaçı səhnədən gələn ilıq rahatlığı, komfortu hiss eləməlidir. Fon kimi səslənən lirik musiqi intim ovqat yaradır. Kiçik masanın üstü iki nəfərlik şam yeməyi üçün döşənib. Servirovka çox gözəl və zəngindir, büllur fucerlər göz qamaşdırır. Ziyafət geyimində olan Elmina bir şüşə şərabla gəlir. O, otuz yaşın arxada qoymuş çox gözəl qadındır. Dərhal gözə çarpmayan kübar maneraları var.

E l m i n a. Bu da sizin sevdiyiniz şərab, sevimli cənab. (Şüşəni süfrəyə qoyur və bir az aralanıb baxır) Yaxşıdır, mən deyərdim, okeydir. Belə… Bəs nəyi çatmır bu süfrənin, əlbəttə, şamı. Bir cüt şam. İki qəlbin məhəbbət alovu ilə yandığına şahid olan bir cüt şam… Qorxuram, durduğum yerdəcə qorxuram. Niyə Allah məni belə xoşbəxt yaradıb, axı nəyə görə, hansı keyfiyyətlərimə görə? Bəlkə bu özü bir sınaqdır, amma niyə? Kimin nəyinə lazımdır məni sınağa çəkmək? Bilmirəm… bilmirəm… bir onu bilirəm ki, yaşayıram, həyatdan zövq alıram. Mənasız-məzmunsuz bekara insanlardan sonra onu Allah özü göndərdi mənə, mükafat kimi. Beş ildir mən onunla hər görüşü bax beləcə həyəcanla, intizarla gözləyirəm: birdən gəlmədi, birdən… yox, mən dəliyəm, xoşbəxtlikdən dəli olmuşam. (Telefon zəng vurur. Diksinir) Həmişə diksindirir məni telefon zəngi. Cavab verməyəcəm. (Telefon zəngi) O heç vaxt mənə zəng elemirsə, başqa zənglər mənim nəyimə lazımdır? (Telefon inadla zəng vurur) Mən məşğulam, danışmağa vaxtım yoxdur. Gedim şamları gətirim. (Gedə-gedə danışır) İki sevən qəlbin rəmzi – bir cüt şam. (İki şamdanla qayıdır) Bura qoyaq? Birini də bura, olsun mənimki. Şamları yandırıb elektriki söndürəndə romantika başlayır. Bəlkə başqa cür qoyum, yerlərini dəyişim? Məsələn, bura… (Telefon zəng çalır) Yenə də telefon! Həmişə belədir, mən vacib, çətin bir iş görəndə telefon zəng eləyir. Yəqin mamadır, həmişə bivaxt zəng vurur. (Telefona sarı gedir) Əslində xoşum gəlir telefon zəngindən, xoş, bir az da həyəcanlı duyğu oyadır. (Dəstəyi qaldırır) Aluu… Əlbəttə, mənəm. Nahaq şübhə edirsiz… Özümə nə gəlib? Xeyr, mən qulluqçu saxlamıram. İmkanın nə dəxli var bura?.. Bəli, mən zətməhkeş qadınam… Dayanın… dedim, dayanın! Siz intervü alırsız? Xeyr, mən verəcəm sualı. Siz kimsiniz?.. Mıxbir? Olsun muxbir! «Məişət» adında qəzet olar?.. Neynək, istəyirsiz lap mətbəx qoyun, amma mənsiz. Xeyr, mən aşbaz deyiləm, «mətbəxə» də intervü vermirəm. Fərq eləməz… Başa düşün, mən aktrisayam, özü də dramatik aktrisa. Xeyr! Yalvarmayın, əlimdə vacib işim var… Bəli, mən düşünürəm bu şamı hara və necə qoyum? Tibbin bura nə dəxli var? Bilmirsiz, görürsüz, bilmirsiz, amma mən bilirəm… Mənim yalvaran kişilərdən zəhləm gedir… Tanıdım, əlbəttə, tanıdım… Xeyr, səsinizin xidməti deyil, mənim səs hafizəm yaxşıdır… Elədir, məni bircə səs maraqlandırır, onun da sahibi indilərdə gəlməlidir. Əlbəttə, o gəlincə bu şamlara yer eləməliyəm, bəli, şam işığında şam yeməyi. Əlvida! Neynək, olsun uzun bir xudahahahafizzz… (Dəstəyi qoyur) Sırtıq adamdı. Şamı neynədim, ah, əlimdədi. Əslində süfrədə şam yandırmağı xoşlamıram, bizdə ölü yuyulan yerdə şam yandırarmışlar, yeddisi çıxana qədər, nənəm deyərdi. Amma neynim, xoşu gəlir, şam yananda ürəyi gedir. Nə bilim, vallah, bank hara, bankir hara, romantika hara? (Telefon zəng vurur) Buna artıq həyasızlıq deyərlər. (Dəstəyi qaldırır) Bəli! Yenə də siz? Görünür, məni başa düşmədiniz. Xeyr, heç kimə! Heç televiziyaya da, ekrandan zəhləm gedir. Düz bir ay, bəlkə də iki ay heç yerdə görünməyəcəm, heç səhnəyə də çıxmayacam… bəli, teatr məni çiyrindirib. Fərq eləməz, yazın, kimdi sizin mətbəxi oxuyan. Özünüz bilərsiniz. Uuuu… yaxşı, söz verirəm ki, bu qısa taym-autdan sonra ilk intervünü sizin mətbəxə verəcəm… Məişətin əsas məkanı elə mətbəxdir. Okey? (Dəstəyi qoyur) Yordu məni… (Süfrəyə baxır) Səsi doğrudan da yaxşıdır, hətta adamı həyəcanlandırır. Onun səsinə oxşayır, özü də çox oxşayır. Rəhmətlik nənəm deyərdi ki, kişinin səsi çox şey deyir qanan arvada. Yox, şamın birini bura qoyacam, onda işığı fucerlərə çəpinə düşər. Nənəm də az aşın duzu deyildi. Birincinin səsini eşidən kimi dedi bekara kişidi, baxma boy-buxununa, bundan sənə ər olmayacaq, səsi nitodu. Elə beləcə də dedi – «nito». (Danışa-danışa gedir) Yazıq elə o gündən düşdü gözümdən. (Əlində meyvə dolu vaza ilə qayıdır) Bunu da qoyaq bura, meyvəsiz süfrə cansız görünür, bunu da yazıq Melya deyərdi, Allah rəhmət eləsin, yetmiş il yaşadı, amma bilmədi hara haradı. (Qapının zəngi çalınır) Gəldi! Axır ki, gəldi! (Tələsik gedir və səhnə arxasından səsi gəlir) Şölə?! Niyə sən?
Ş ö l ə. (Səsi gəlir) Bu nə deməkdi, Elya? Necə yəni niyə sən?

İrəlidə Elmina, dalınca Şölə gəlir.

E l m i n a. (Çaşqındır, hətta narazıdır) Gözlərimə inanmıram ey.
Ş ö l ə. Gözləmirdin məni?
E l m i n a. Heç ağlıma gəlməzdi. Gör haçandır görüşmürük.
Ş ö l ə. Dedim deşikdən baxıb açmayacaqsan qapını.
E l m i n a. Niyə elə deyirsən, Şölə?
Ş ö l ə. Nə bilim, deyirlər Elmina xanım hamıdan qaçır, nə bilim gizlənir.
E l m i n a. Hamının sözü qurtarıb.
Ş ö l ə. Bəs niyə məni görəndə çaşdın? Gözləmirdin də məni?
E l m i n a. Boynuma alım ki, gözləmirdim.
Ş ö l ə. Məni kim gözləyir ki, sən də gözləyəsən, Elka.
E l m i n a. Elə danışma, səni necə sevdiyimi bilirsən, bu da sübut. (Öpür)
Ş ö l ə. Bəh-bəh… (Otağa, süfrəyə baxır) Bura ev deyil, xanədir, məhəbbət yuvasıdır. Kimi gözləyirsən, a bəxtəvər?
E l m i n a. Bu sualın cavabını sən hamıdan yaxşı bilirsən.
Ş ö l ə. Boynuma qoyma.
E l m i n a. İndi mənim bu dünyada gözlədiyim bircə adam var. O da gecikir, nədisə gəlib çıxmır.
Ş ö l ə. Hayıf mən kişi deyiləm. (Qəhqəhə ilə gülür)
E l m i n a. Hayıfsılanmağa dəyməz. Mənim qəlbim, ürəyim, bütün varlığım işğal altındadır.
Ş ö l ə. Əcəb işğaldı! Billur qədəhlər, bir cüt şam, küncdən düşən torşer işığı, al qırmızı şərab, özün də aşiqini gözləyən məşuqə kimisən.
E l m i n a. Demə, Şölə! Aşiq-məşuq sözündən xoşum gəlmir. Bu sözlərdə nəsə bir haram var.
Ş ö l ə. Bəs nə deyək, lyubovnik, boy-frend?
E l m i n a. Ərinin gəlməyini gözləyən qadın.
Ş ö l ə. Bəlkə sevən ərini gözləyən xoşbəxt qadın desək, daha yaxşı olar?
E l m i n a. Şölə, mənə xoşbəxt qadın demə, qorxuram.
Ş ö l ə. Yoxsa yaman gözdən çəkinirsən?
E l m i n a. Çəkinmək nədir, Şölə, mən qorxuram, yaman gözdən yox, Allahdan qorxuram.
Ş ö l ə. Allahdan qorxursan? Sənə hər şeyi bol-bolluca verən Allah deyil? Sən onun sevimli bəndəsisən, mən deyərdim, ərköyün bəndəsisən.
E l m i n a. Şölə, qorxutma məni.
Ş ö l ə. Məşhur, gözəl, bu yaşda xalq artisti, sponsora ehtiyacın yox, istədiyin rolu alırsan. İndi sən yox, recissorlar sənə yalvarır. Oğlun da xaricdə oxuyur. Heç doğma ata eləməz.
E l m i n a. (Qorxur) Elə demə, Şölə! O, Fəridi məndən çox istəyir, deyir o mənə ögey deyil, doğmadır.
Ş ö l ə. Bəs mən nə deyirəm?
E l m i n a. Elə Fərid də ona ata deyir, özü də necə məhəbbətlə.
Ş ö l ə. Mən olsam ata nədir, lap atacan deyərdim.
E l m i n a. Sən elə bil məni nədəsə günahlandırırsan.
Ş ö l ə. Allah eləməsin, canım, mən səni doğma bacıdan artıq istəyirəm, yalan deyirəmsə bu canımdan xeyir görməyim, amma sən də məni sev də, öyrət də, aç də sirrini. Bəlkə mən də normal bir kişiyə rast gəldim, sevdirdim özümü. Yoxsa bu gəldi-gedərlər quru yerdə qoydular məni. Mənə əl uzadan lüt-lütqomdu, olan-qalanımı da dağıtdılar.
E l m i n a. Nə deyim, Şölə, elə bilirsən mənim bir elmim var, hər şey Allahdandır. Bu dünyada bəndə heç nəyi həll eləmir. Biz bu dünyaya əvvəlcədən düşünülmüş, müəyyən edilmiş proqramla gəlirik.
Ş ö l ə. Proqramla? Onu kim deyir, Elya, proqram nədi?
E l m i n a. Biz ha əlləşək, ha vuruşaq, o proqramı dəyişə bilmərik.
Ş ö l ə. Elmina, təzə roldandı bu sözlər? Sənə təzə pyes veriblər? Əli Əmirli yazıb?
E l m i n a. Nə rol, Şölə, rolun bura nə dəxli var?
Ş ö l ə. Bəs kim deyib, Elka, hardan bilirsən bu sözləri, tüklərim biz-biz oldu.
E l m i n a. O deyib, o gün gecə… İlahi, necə gözəl, necə əsrarəngiz gecəydi. Qaranlıq, ilıq, yasəmən ətirli hava, ulduzlar bax o xrüstallar boyda iri, parlaq, alışıb yanırlar. (İşıq azalır, qara fonda adda-budda ulduzlar görünür) Biz ovsunlanmış kimi uçunuruq. Danışıram, onun titrəyən əlinin istisini hiss edirəm.
Ş ö l ə. Ağəz, damda yatmışdınız?
E l m i n a. Onun nəfəsi, bariton səsi, qulağıma pıçıldadığı sözlər… Birdən üzüldüm yerdən, guya o məni caynaqlarına ilişdirib aldı yerdən, qırğı körpə quzunu çalıb aparan kimi. Mən öz çəkimi hiss etmirdim, elə bil yoxuydum mən.
Ş ö l ə. Nə qırğı, nə quzu, Elya, sən nə danışırsan, kim kimi qaldırırdı?
E l m i n a. O dəm mən həm varıydım, həm yox, hiss elədiyim bir o idi, onun varlığıydı, mən ona qovuşmuşdum. Bax, o gecə mən qadının necə xoşbəxt olduğunu bildim, bax, o gecədən mən sehirləndim, düşdüm onun tilsiminə, verdim ona ruhumu…
Ş ö l ə. Tər məni basdı, Elka, bu haçan olub, dünən?
E l m i n a. Dünən də, srağagün də, o biri gün də, ondan qabaqkı gün də…
Ş ö l ə. Bəxtəvərin qızı…
E l m i n a. İtirmişəm günlərin sayını, itmişəm həftələrin, ayların içində. Düz beş ildir mən ovsundayam, dünən-sabah qarışıb bir-birinə.
Ş ö l ə. Niyə çaş-baş salırsan, Elya? Demirsən beş ildir, vur də beşi üç yüz altmış beşə, onu da on ikiyə, sonra da bölürsən… neçəyə?
E l m i n a. Bilmirəm, mən həmişə riyaziyyatdan zəif olmuşam, Musa müəllim dəyərdi ki, Allah sənə beş verib, amma mən iki verəcəm.
Ş ö l ə. Mən həmişə beş almışam. İstəyirsən sayım?
E l m i n a. Nəyi sayırsan?

İşıq artır, ulduzlar itir.
Ş ö l ə. Onu də, o kosmosa uçduğun gecələri.
E l m i n a. Yox, Şölə, lazım deyil, mən qorxuram, bu sevgidən qorxuram. Onun məhəbbəti məni dağıdır, bir qadın, bir insan, nəhayət, şəxsiyyət kimi məni məhv eləyir, mən itirmişəm iradəmi. Beş ildir mən ondan başqa heç kimi, heç nəyi sevmirəm, sevə bilmirəm, hətta teatra olan məhəbbətimi itirmişəm, hiss eləyirəm ki, bir aktrisa kimi yoxam mən, istedadımı da itirmişəm.
Ş ö l ə. Elmina, sən nələr danışırsan, məni qorxudursan.
E l m i n a. Onun məhəbbəti mənə xoşbəxtlik gətirir, amma bu xoşbəxtlik tiryək payını almış narkoman xoşbəxtliyinə oxşayır. (Şölənin əlindən yapışır) Mən narkomanam, Şölə, məndə elə güclü bir asılılıq yaranıb ki… (Şöləni qucaqlayır) O məni atıb getsə ölərəm, şəksiz ölərəm, narkoman narkotikasız ölən kimi…
Ş ö l ə. (Onun əlindən çıxmaq istəyir) Danışma, Elka, tüklərim biz-biz oldu, danışma.
E l m i n a. Bəs mən necə qorxuram, görürsən necə əsirəm… (Pıçıldayır) Şölə sənə bir sirr də açacam…
Ş ö l ə. (Əlindən çıxır) Yox! Danışma, istəmirəm…
E l m i n a. Mən Fəridi də sevmirəm, hiss edirəm ki, uşaq hardasa uzaqdadır, məndən çox-çox uzaqda. Mən… (Əli ilə ağzını qapayır)
Ş ö l ə. Danışma, Elka, elə demə, günahdır, uşağın nə taqsırı? Mənim Fərid kimi bir oğlum olsaydı, tüpürərdim bütün kişilərə. Nəyimə lazımdı ac-yalavac, lütqom erkəklər. Olub-qalanımı da yeyib üstündən su içdilər.
E l m i n a. Nəyim yoxdu mənim, Şölə? Nələr verməyib mənə, sənin nədən xəbərin var? Banklarda hesabım, burda, orda… dəniz qırağında evim…
Ş ö l ə. Uy dad! Villadı?
E l m i n a. Bundan sonra o olsa da, olmasa da…
Ş ö l ə. Axı, bu necə olur, Elya? Sən məndən gözəlsən?
E l m i n a. Şölə, bu taledir, mənim proqramımdır, mən dünyaya bu proqramla gəlmişəm.
Ş ö l ə. Nə gözəl proqramın var, Elya.
E l m i n a. O deyir, Şölə, bu onun sözləridir.
Ş ö l ə. Qara gəlsin mənim proqramım, necə ki gəlib.
E l m i n a. Deyir, sən qadınlar içində seçilmişlərdənsən. Sənin kürəyindəki o xal da, deyir, seçilməyin əlamətidir.
Ş ö l ə. Nə yaxşı onda kəsdirmədin o xalı, Şölə. Yadındadı, getmişdik həkimə. Dedi sabah gəlin sivirim götürüm, gəlmədin, itdin birdən-birə. Teatrda hamı dəymişdi bir-birinə, neçə tamaşa təxirə salındı. O bədbaxt oğlu da tutub Fəridin əlindən xəcalət çəkə-çəkə yetirəndən səni soruşurdu.
E l m i n a. Onda mən özüm də nə iş tutduğumun fərqində deyildim. İtirmişdim özümü. Nə keçmişi, nə gələcəyi düşünürdüm. Mən o qəribə günü hiss edir, o günü yaşayırdım. Mən ona rast gəlmişdim.
Ş ö l ə. Axı bu necə ola bilərdi, Elka, axı sən?..
E l m i n a. Ah, hər şey göründüyü kimi sadə olsaydı.
Ş ö l ə. Bu sualın nəyi mürəkkəbdi?
E l m i n a. Onun qarşısında davam gətirə biləcək qadını görmək istərdim.
Ş ö l ə. Məni deyirsən?
E l m i n a. Bu mənim gücüm, iradəm xaricindədi.
Ş ö l ə. Bəs o bədbaxtı düşünmədin, Fəridin atasını?
E l m i n a. Orada üçüncü adama yer yox idi. Mən tərəddüd etmədən satdım ruhumu, Faust kimi.
Ş ö l ə. Yaxşı satmısan.
E l m i n a. Kim deyir iblis qorxuncdur, kifirdir? O, mələklərin ən gözəlidir. Aldı mənim ruhumu, əsir elədi məni.
Ş ö l ə. Axı, bu necə oldu?
E l m i n a. Soruşma, Şölə… (Danışa-danışa şkafa yaxınlaşıb plaşını çıxardır, geyinir. Başına şlyapa qoyur, sumkasını və vazadan gülləri götürür) Mən başımı itirmişdim. Elə teatrdan təzəcə çıxmışdım, üzüaşağı düşürdüm, Fəridin atası gəlməyəcəkdi, uşaq öskürürdü, qızdırması da varıydı, bir az. Yolu keçmək üçün yaşıl işığın yanmağını gözləyirdim. Qabağımda bir maşın dayandı, səssiz-səmirsiz.
Ş ö l ə. «Mersedes»?
E l m i n a. Sonra bildim ki, mersedesdi. Maşının qabaq şüşəsi yumşaqca aşağı sürüşdü.
Q a l i b. (Səsi eşidilir) Əyləşin!
E l m i n a. Yan-yörəyə baxdım görüm bu təklif kimə aiddir. Məndən başqa heç kəs yox idi. Həmin amir, amma kifayət qədər mehriban səsi bir də eşitdim.
Q a l i b. (Səsi eşidilir) Mən sizinləyəm, əyləşin.
E l m i n a. Mən artıq bilirdim ki, oturacağam, bu əmrə oxşayan xahişə əməl edəcəyəm, amma nəsə gözləyirdim.
Ş ö l ə. Qorxmusan.
E l m i n a. Yox, mən qapını necə açmağı bilmirdim. Qapı da açıldı.
Q a l i b. (Səsi eşidilir) Əyləşin, qorxmayın.
E l m i n a. Mən qorxmuram, dedim, özümü saldım yumşaq oturacağa. Elə o andaca başqa, mənə tanış olmayan bir mühitə düşdüyümü anladım, ordan geriyə – Fəridin atasına tərəf yol yox idi.

Səhnə fırlanır. Yerindən qopan maşın səsi eşidilir. Elmina bir, Şölə digər tərəfə gedir. Səhnə dayanır, əvvəlki məkandır. Həmin iki nəfərlik şam məkanıdır. İndi bura restoran kabineti kimi təqdim edilir.
Elmina və Qalib gəlir. Onları ofisiant geyimində Şölə qarşılayır. Qalib Elminaya plaşını soyunmaqda kömək eləyir. Şölə plaşı və sumkanı alır. Gülləri isə əvvəlki yerinə – vazaya qoyur. Şölə gedir.

E l m i n a. Bu stol, süfrə də təsadüfən döşədilib? Mənə elə gəlir ki, əvvəlcədən düşünülmüş, hətta qurulmuş bir tələyə düşmüşəm.
Q a l i b. Oxşayır, amma heç bir plan, qurğu yoxdur. Axır bir həftəni mən burda şam eləyirəm.
E l m i n a. Süfrə iki nəfərlikdir.
Q a l i b. Mən heç vaxt tək olmuram, tək yeməyi sevmirəm. Həmişə qonağım olur.
E l m i n a. Kim olur qonağınız? Mənim kimi yolunu azmış qadınlar?
Q a l i b. Daha çox kişilər.
E l m i n a. Kişilər? Bunu necə başa düşək?
Q a l i b. İşgüzar məsələləri çox vaxt şam süfrəsində həll edirəm. Əyləşək! İndi şamları da yandırarıq. Sizdə alışqan, ya kibrit olmaz?
E l m i n a. Çəkən deyiləm.

Şölə kiçik podnosda kibrit gətirir.

Ş ö l ə. Üzr istəyirəm, unutmuşdum.
Q a l i b. Siz gedə bilərsiz. (Kibriti götürür)
Ş ö l ə. İcazənizlə. (Gedir)
Q a l i b. Pencəyi soyunum, ağ köynəkdə daha yaraşıqlı görünürəm. (Pencəyi soyunub kürsünün çiyninə salır) Səhv eləmirəm?
E l m i n a. Müqayisə etməyə vaxtım az oldu.
Q a l i b. Düz demirsiz, çox diqqətlə baxırsız, ərsiz qadınlar adamı belə süzürlər, gizli, bir növ qiymət qoyan kimi, amma sizin əriniz var, hələ desəniz…
E l m i n a. Elədir, uşağımız da var. Nə qədər qəribə olsa da, özüm də yad kişiylə restoranın gözdən uzaq bir guşəsində onun ağ köynəkdə necə görünməsini müzakirə edirəm.
Q a l i b. Yad kişi, doğma arvad… Şamları yandıraq, bilirsiz niyə? (Kibriti çəkir)
E l m i n a. Əlbəttə, şamın funksiyası yanmağındadır, hətta bu barədə şer də deyə bilərəm.
Q a l i b. (Şamları yandırır) Yanmayan şam məhəbbətsiz qadın kimidir. Gördüz, hər şey dəyişdi, şam özü, ətraf, büllur qədəhlər, hətta biz özümüz də.
E l m i n a. Ah, hər şey göründüyü kimi sadə olsaydı.
Q a l i b. Siz aktrisasınız.
E l m i n a. Bu sizi təəccübləndirir, ya təəssüfləndirir?
Q a l i b. Nə odu, nə də bu. Mən teatrı sevmirəm.
E l m i n a. Bu məni kədərləndirmir. Bəs siz kimsiniz? Pullu olduğunuz eynəksiz də görünür. (İxtiyarsız gülür)
Q a l i b. (Gülümsəyir) Niyə güldünüz?
E l m i n a. (Gülməyini saxlamaq istəyir, amma müvəffəq olmur) Heç, elə bir şey deyil, söhbətimiz… boş şeydir.
Q a l i b. İstəmirsiz deməyin.
E l m i n a. Yox, gizli bir şey yoxdu, bizim dialoqumuz mənə duzsuz bir pyesi xatırlatdı, müəllif yalvarırdı ki, mən oynayım orda.
Q a l i b. Oynadız?
E l m i n a. Yox, o məndən küsdü.
Q a l i b. Niyə, necə oldu?
E l m i n a. Heç, dedim ki, bu pyes deyil, başdan ayağa uzaq süfrədən söz ishalı, fikir pəndəmidir. (Qəhqəhə ilə gülür)
Q a l i b. (Gülür) Bəs o nə dedi?
E l m i n a. Dedi siz tərbiyəsiz qadınsınız.
Q a l i b. Bəs siz? Onu cavabsız qoyduz?
E l m i n a. Yox, mən ona yaxşı bir şillə vurdum.
Q a l i b. Qorxmadınız?
E l m i n a. Mən adətən sonra qorxuram. İş işdən keçəndən sonra. Axı sualıma cavab vermədiniz, siz kimsiz, nəçisiz?
Q a l i b. Mən aktyor deyiləm, atamın yolu ilə getmişəm. Gözümü açandan hesab, naryad, balans, faktura sözlərini eşitmişəm. Çötkənin şaqqıltısı altında yuxuya getmişəm.
E l m i n a. Ona görə şam yandırırsınız?
Q a l i b. Mühasib idi atam, baş mühasib.
E l m i n a. Deməli, siz buxaltırsınız?
Q a l i b. Təxminən elə bir şeydir.
E l m i n a. Təxminən? Bunu necə başa düşək? Bəlkə kassirsiniz?
Q a l i b. Bankirəm mən.
E l m i n a. Baş bankir?
Q a l i b. Axırıncılardan deyiləm. (Qədəhlərə şərab tökür)
E l m i n a. Nə gözəl rəngi var şərabın.
Q a l i b. Bəlkə dadına da baxaq.
E l m i n a. Dünyada nə qəribə, maraqlı işlər olur.
Q a l i b. Mən heç fərqinə varmamışam.
E l m i n a. Mən indi evdə olmalıydım. Soyuqdəymədən öskürən oğlumun alnına qoymalıydım əlimi, onu əzizləyib yuxuya verməliydim, yeddi yaşı olacaq yaxınlarda. Atası ilə adi, gündəlik xırda söz mübadiləsi ola bilərdi, teleqraf üslubunda, əvəzində neynirəm? Mən buradayam, tamam tanımadığım yad kişi ilə şam işığında oturub onun özündən razı hərəktələrini izləyirəm, amma əlləri titrəyir, ona xəyanət edir, bu mənim xoşuma gəlir.
Q a l i b. Doğrudur, mənim əllərim, hətta bədənim də əsir, amma bu özünə inamsızlıqdan, yaxud qorxudan deyil, ehtirasdandır.
E l m i n a. Onda içək, şərab sərin su kimidir, əsəblərə sığal çəkir.
Q a l i b. İçək, susuzluqdan boğazım quruyub, hətta çətin danışıram.
E l m i n a. Mən içən deyiləm… (Bir qurtum alır) Yox, içirəm, kefim olmayanda.
Q a l i b. Mən, əksinə, tez-tez içirəm, amma həvəskarı deyiləm, çox vaxt dərddən içirəm.
E l m i n a. Sizin dərdiniz də var?
Q a l i b. Həyatın mənasını anlamıram.
E l m i n a. (Gülür) Əcəb!
Q a l i b. Axı nədi bu? Mən, siz, insanlar, heyvanlar, bu dünya? Bütün bunların mənası nədir?
E l m i n a. Maraqlı sualdır. Çox vaxt həyatın mənası haqqında kasıblar düşünür. Siz ki, dediyiniz kimi bankirsiniz, özü də baş bankir.
Q a l i b. Onda siz deyin, bəlkə siz bilirsiniz.
E l m i n a. Gecə, restoran, şam işığı, şərab və həyatın mənası.
Q a l i b. Siz də bilmirsiniz.
E l m i n a. Niyə ki? Mənim öz həqiqətim var: insan daim kamilləşməyə çalışmalıdır.
Q a l i b. (Gülür) Budur həyatın mənası?
E l m i n a. Bu azdır?
Q a l i b. (Əsəbi) Hanı o kamil insan? Niyə mən görmürəm?
E l m i n a. Həyatın mənasını dərk etmək üçün insan birinci özündən başlamalıdır. Yəni siz elə düşünürsünüz ki, bizim kimi qəlbi, ruhu kor, yalnız özünü, öz mənafeyini düşünən, qabağına çıxanı bastalayıb keçən insanlara həyatın mənası açıla bilər? İnsan kamilləşdiyi qədər anlaya bilər.
Q a l i b. Bu kiminsə monoloqudur?
E l m i n a. Bəlkə də! Aktyor çox vaxt özgələrinin sözü ilə danışır, amma əsas olan bu deyil, mahiyyətdir.
Q a l i b. Mən ağıllı qadına çoxdandır rast gəlmirəm, amma indi bu əsas məsələ deyil. Həyatın mənasını saxlayaq sonraya.
E l m i n a. Bəs onda nədi əsas məsələ?
Q a l i b. Mən sizi öpmək istəyirəm.
E l m i n a. Məni? Sən deyil siz dediyiniz qadını.
Q a l i b. Bu sizi təəccübləndirir?
E l m i n a. Yox, heç təəccübləndirmir, həyatın mənasından danışa-danışa sizə baxır və bu barədə düşünürdüm.

Hər ikisi birdən qalxıb üz-üzə gəlir. Öpüşürlər.

Q a l i b. Mən sizi səkidə görən kimi sevdim.
E l m i n a. Buraxın… (Əlindən çıxıb arxasını çevirir) Başımı itirmişəm, ağlım…
Q a l i b. Bəlkə…
E l m i n a. Axı biz heç tanış deyilik.
Q a l i b. Adəmlə Həvva dünyaya gələndən qadınla kişi bir-birini tanıyır, bir-birlərindən nə istədiklərini də bilirlər. (Qadını qəfil özünə tərəf çevirib ehtirasla öpür)
E l m i n a. Kifayətdir. (Qalibdən qopub masanın arxasına keçir və oturur)

İşıq azalır. Qalib pencəyini götürüb gedir. Musiqi səslənir. Şölə əvvəlki geyimində gəlir. Musiqi kəsilir. İşıq artır. Əvvəlki məkan bərpa olunur.

Ş ö l ə. Bəs sonra nə oldu?
E l m i n a. Sonrası sənə məlumdur. On günlüyə ayrıldıq bu dünyadan, düşünmədik həyatın mənası haqqında, ümumiyyətlə hansı dünyada olduğumuzun fərqində deyildik. Mən özgə, mənə məlum olmayan başqa bir həyatın qanunları ilə yaşayırdım. Doğrudan da insan xoşbəxt olanda həyatın mənası haqqında düşünmür, buna heç vaxtı olmur.
Ş ö l ə. Sənə paxıllığım tutur, Elka.
E l m i n a. O məni bütöv aldı, bütün varlığımı – keçmişimlə, gələcəyimlə. O mənim ruhumu aldı.
Ş ö l ə. Elka, havayı almayıb ki, pulunu verib də.
E l m i n a. Bu taledir, heç kəs taleyinin sahibi deyil, o özüdür bizim sahibimiz, ağamız.
Ş ö l ə. Yaxşı taleyə nökər-qulluqçu olmağa nə var?
E l m i n a. Bilmirəm, bilmirəm bu xoşbaxtlıqdır, yoxsa bədbaxtlıq? Axı ruhsuz insan ölüdür, əgər diriyəmsə ancaq onunla, ruhumun sahibi, ağasıyla diriyəm. Ona görə də qorxuram, daima içimdə bir titrəyiş, qara nigarançılıq var. Onun hər gəlişini qorxuyla, həyəcanla gözləyirəm. Həzz və iztirab arasında özümü, şəxsiyyətimi itirmişəm. Mən onun əlavəsinə çevrilmişəm, Şölə.
Ş ö l ə. Tanrına təpik atma, ağəz.
E l m i n a. Baxıram saata, səkkizə işləyir, onun təyyarəsi altıda enməliydi, artıq titrəyirəm, inan, Şölə, narkoman kimi lomkadayam, sınıram, çilik-çilik oluram… (Şöləni qucaqlayır)
Ş ö l ə. (Qorxur) Elmina, sən dəli olmusan? Narkoman nədi? Birdən sən…
E l m i n a. Biləndə ki, burda yoxdu, özgə ölkədədi, gələn vaxtı deyil, yenə də gözləyirəm, gərginlikdən beynim-başım çatlayır…
Ş ö l ə. (Əlindən çıxır) Mən getməliyəm, Elka, axşamdan keçir, teatra dəyməliyəm…
E l m i n a. Getmə, Şölə, qorxuram… (Qolundan tutur) O gələnəcən gözlə, istəsən bir yerdə şam edərik, üçlükdə…
Ş ö l ə. Yox! İstəmirəm!
E l m i n a. O qonaq sevməsə də… dinməz, təmkinlidir.
Ş ö l ə. (Qolunu əlindən çıxardır) İştaham yoxdur, Elka, mən getməliyəm, süfrə də iki nəfərlikdir, üçüncüyə yer yoxdur, vapşe mən hər yerdə artığam. Nəyə gəlmişdim yadımdan çıxdı. Getdim… (Qaçaraq gedir)
E l m i n a. (Şölənin dalınca çıxır və tez də qayıdır) Bir az da gec gəlsə huşumu itirəcəm, dəli olacam. (Telefon zəngi. Bərk diksinir) Bu kimdir? Kimdir? (Telefon aramsız cingildəyir) Telefon qəsdimə durub bu gün! (Dəstəyi əsəbi götürür) Aluu! Ah… tutaq ki tanıdım, sonra? Bura baxın… Mən sizinlə danışmaq istəmirəm. Heç bir ildən sonra da! (Dəstəyi aparata çırpır) Səfeh! (Var-gəl eləyir, əllərini ovcalayır, nəhayət siqaret tapıb yandırmağa çalışır. Divar saatı zəng vurur. Diksinib siqareti salır, tələsik siqareti döşəmədən qaldırıb külqabıya basır, əzir) Səkkizin yarısı oldu! (Qapının zəngi çalınır) Odur! Bu saat! Gəldim! (Qapıya tərəf qaçır, səhnə arxasından səsi eşidilir) Gəldim!
M i n a. (Səsi gəlir) Səni mən doğmamışam də?!
İrəlidə altmış yaşını tamam eləmiş ekstravaqant görkəmli Mina, dalınca xeyli məyus olmuş Elmina gəlir.

E l m i n a. Nə oldu buna? Harda qaldı? Bu nə zülümdü?
M i n a. Eşitmirsən, Elmina, ya məni saya salmırsan?
E l m i n a. Nədi, Mina, nə deyirsən?
M i n a. Deyirəm səni mən doğmamışam?
E l m i n a. Mina, bunu soruşmağa gəlmisənsə, məndən cavab gözləmə, yaxşısını sən bilirsən.
M i n a. Bəlkə sərf eləmir, ona görə cavab vermək istəmirsən.
E l m i n a. Onda mən çox balacaydım, kimin məni doğduğunu anlamırdım, sonradan bildim, onda da gec idi, geriyə yol yoxuydu.
M i n a. Nə demək istəyirsən, Elmina?
E l m i n a. Mama, onsuz da mənim içim titrəyir, halım yaxşı deyil, keç mətləbə, nəyə gəlmisən?
M i n a. Bilirəm niyə əsir için, bilirəm.
E l m i n a. Mama, mənim söz güləşdirməyə halım yoxdur.
M i n a. Elmina, day bu dünyada özgə kişi yoxdu də? Ya elə bilirsən göy yarılıb göydən düşüb o?
E l m i n a. Mina, o mənim ərimdir.
M i n a. Pah, əridir! Ağəz, o necə ərdir ki, səninlə yatmaq istəyəndən-istəyənə gəlir bura!
E l m i n a. Mina, ağ eləmə! Sənə dəxli olmayan işlərə qarışma. Mənim yaşım otuzu keçib.
M i n a. Nədi, bəlkə düz demirəm? Arvad burda, kişi Allah bilir harda: biz görmüşük ərlə arvad həmişə bir yastığa baş qoyar, bir dam altında yaşayar. Hamı sənə gülür, qızım.
E l m i n a. Kim gülür, Mina?
M i n a. Elə mən! (Qəhqəhə çəkib gülür) Ərin ömrü təyyarələrdə keçir, gələndə də otelə düşür. O səni aşnası hesab eləyir, arvadı yox. Kəbin-zad da boş şeydi, elə-belə, xalaxətrin qalmasın deyə.
E l m i n a. Bəsdi, mama, mən bu sözləri çox eşitmişəm, əzbər bilirəm.
M i n a. Uşaq istəmir, evdə qalmır, hara gedib-gəlir sənə demir, zəng də eləmir. Gör iş nə yerdədir ki, sənin ona zəng eləməyə, telefon açmağa ixtiyarın yoxdu.
E l m i n a. Mama, biz evlənəndə bütün bunların belə olacağını bilirdim.
M i n a. Bərəkallah, Elxan kişinin qızı, bilirmiş.
E l m i n a. Bəli, bilirdim, sözün qurtardısa get evinə, o indilərdə gəlməlidir. Bir-birinizi görməsəniz yaxşıdır.
M i n a. Əlbəttə, sənə ata-ana gərək deyil.
E l m i n a. Ay Allah! Mina, yorulmadın eyni şeyləri deməkdən? Beş ildir eyni sözləri, eyni mətni deyirsən. Bircə rolu olan aktrisa kimi. Heç improvizən də yoxdu. Yorulmadın?
M i n a. Neynək, bala, rişxənd elə, gül anova. Silmisən bizi dəftərdən. Sənin xəstə aton, mənim kimi anon yoxdu, bəs o tifilə nə deyirsən? Aparıb atmısınız dünyanın o başına ki, əl-ayağınıza dolaşmasın. (Ağlayır) Nətəər sənin ürəyin gəlir ki, təkcə balan internatlar küncündə qalır, özü də Londonda? Bir həftə qaldım orda ayaqlarıma yel düşdü.
E l m i n a. Mama, niyə qızışdırırsan özünü? Fərid Londonda ən bahalı məktəbdə oxuyur. Ora internatdı? Özü də kimin hesabına, məndən yaxşı bilirsən. Elə səni də belə havalandıran onun pulları deyil? Altmışında maşın alıb sürürsən, həmişə də protiv.
M i n a. Maşının bura nə dəxli var, Elmina.
E l m i n a. Çox dəxli var, mama, danışdırma məni, getsən yaxşıdı. Cipin səni gözləyir.
M i n a. Sən məni qapından qovursan, aldığın maşını başıma qaxınc eləyirsən? Səni doğan, sənə öz adını verən ananı küçəyə salırsan?
E l m i n a. Ada bax! Yetirənə başa salıram ki, bu nə addır, nə deməkdir. Elmina!
M i n a. Nədi, pis addı? «El»i atan Elxanın adındandı, «Mina» da mənim adımdı də: Elmina! Pis addı?
E l m i n a. Yaxşı də, sağ ol də! Olsun Elmina, indi nə deyirsən qaytarım geri, pasportumu dəyişim?
M i n a. Elika, axı səni mən doğmuşam. Düz üç gün-üç gecə ölüb ölümdən qayıtmışam.
E l m i n a. Yaxşı ki, yadıma salırsan vaxtaşırı, mama, yoxsa hərdən doğma anam olduğuna şübhə eliyərəm.
M i n a. Allah, Allah…
E l m i n a. Səndən mehriban, isti söz eşitdiyim çıxıb yadımdan. Niyə, mama, bəlkə məni heç sevmirsən. (Kövrəlir)
M i n a. Mən səni istəmirəm, Elika? Mən…
E l m i n a. Bilmirəm, Mina, bilmirəm… (Qışqırır) Çıx get, mənim söhbətə, mübahisəyə halım yoxdur. (Hönkürür)
M i n a. Yazıq qızım, bədbaxt qızım… (Heyrətlə) O səni tilsimləyib, o səni… Bəlkə o sənə tiryək-nəşə verir?..
E l m i n a. Bəsdi, mama, heç nə soruşma.
M i n a. O səni pullarıyla satın alıb, səni quluna-kənizinə çevirib.
E l m i n a. (Sakitləşir) Elədir, mən onun kəniziyəm… (Güzgüyə baxır) Gərək təzədən makiyac eləyim.
M i n a. Kişiyə etibar yoxdu, qızım, atma özünü ayaqlar altına, başım çox çəkib.
E l m i n a. (Gülür) Əlbəttə, beş dəfə ərə gedənin başı çox çəkər də.
M i n a. Kim beş dəfə ərə gedib, az, mən?
E l m i n a. Nədi, bəlkə yalan deyirəm.
M i n a. Sən məndən yaxşı bilirsən, qızım?
E l m i n a. Yaxşı, olsun dörd?
M i n a. Mən neyniyə bilərdim, bu da mənim taleyimdi, kimə gedirdim ölürdü, mən belə istəməmişdim ki, taleyim belə deyibmiş.
E l m i n a. Gördün, mən deyənə gəlib çıxdın. Bu da mənim taleyimdi, amma mən xoşbəxtəm, onu sevirəm, yox, sevirəm yox, ölürəm. İndi isə get, ürəyini də buz kimi saxla, qızın xoşbəxtdi.
M i n a. Bəs onda niyə belə əsirsən, niyə titrəyirsən?
E l m i n a. Get, mama, getsən yaxşıdı.
M i n a. Maşını əzmişəm, yerindən güclə tərpənir.
E l m i n a. Arxayın ol, zəng eliyərəm düzəldərlər. Ehtiyatlı sür.
M i n a. Getdim…

Öpüşürlər. Mina gedir.

E l m i n a. Şükür, bu da getdi.
Otağı həyəcanla, bir qədər də ümidsiz dolanır. Saatın zəngi səkkiz dəfə vurur. Başını tutub dayanır. Hər zəng səsinə diksinir. Axırıncı zəngdən sonra səhnəyə dərin sükut çökür. Pauza uzun çəkir. Birdən yerindən sıçrayıb mobil telefonunu tapır. Tələsik nömrə yığır.

E l m i n a. İndi deyəcəklər telefon ya söndürülüb, ya da… Sənsən? Tanıdım. (Əsəbi) Saat neçədi? Əlbəttə, doğru deyirsən, sən həmişə doğru deyirsən, saatı öyrənmək üçün yüz altını yığmaq lazımdır, ya da, elədir, dönüb arxaya baxmaq lazımdır. (Dönüb arxasındakı divar saatına baxır) Səkkizdir… amma mən soruşmaq istəyirəm hardasan? Mən bir həftədir səni gözləyirəm, hardasan?
Q a l i b. (Gəlir. Mobil telefona deyir) Burda.
E l m i n a. (Onu görmür) Burda? Bura haradır? Mən oranı görmürəm.
Q a l i b. (Telefonu cibinə qoyur) Bura haradır? Bura sənin evindir. Yaxşı bax.
E l m i n a. (Kəskin çönür və onu görür) Aman Allah! Sən burdasan? Doğrudan burdasan? Gəlmisən? (Ehtirasla, vəcdlə qucaqlayır) Bir az da gec gəlsəydin ölmüşdüm, gerçəkdən ölmüşdüm. Yaxşı ki, mama gəldi, bir az deyişdik-döyüşdük. Fikrimi yayındırdı səndən… saatdan.
Q a l i b. (Qadından aralanır) Gördüm, yel kimi ötdü yanımdan, həmişəki kimi də protiv, az qalmışdı vursun məni, deyəsən maşını da əzib. (Həvəssiz gülür) Yava arvaddı.
E l m i n a. Özündən danış, kənar sözlərlə başımı qatma, özündən danış. Acsan yəqin, gəl otur, süfrə səni gözləyir. (Kənara çəkilib vurğun-vurğun baxır ona) Mən səndən doymuram, elə dayanıb baxmaq istəyirəm sənə.
Q a l i b. Bu istək başa düşüləndi.
E l m i n a. Narkoman eləmisən məni, qəribə asılılıqdı bu. Bayaq Şöləyə də deyirdim, bilmirəm bu mənim xoşbəxtliyimdi, ya bədbəxtliyim.
Q a l i b. Nə Şölə? Şölə kimdir?
E l m i n a. Heç, boş şeydir, haçansa rəfiqəm olub, it ilində. Azıb gəlmişdi, Minadan qabaq. Soruşma nəyə gəlmişdi, bilmədim.
Q a l i b. Mən soruşmadım. (Süfrəyə baxır) Pis deyil, hətta gözəldir.
E l m i n a. Soyun pencəyini… (Pencəyini soyundurur) Mən səni həmişə ağ köynəkdə görmək istəyirəm, ancaq səni, qalan adamlar mənim üçün maraqsızdır, bilirsən niyə, çünki mənim ruhum səndədir. Bilirəm mənim sözlərim səni əsəbiləşdirir, amma neynəyim, bacarmıram özümlə. İndi mən ruhunu itirmiş boş, mənasız bədən kimiyəm. Məni məzmunla sən doldurursan. (Ehtirasla arxadan qucaqlayır)
Q a l i b. Mən acmışam.
E l m i n a. (Təşvişlə) Sən məni sevmirsən?
Q a l i b. (Onun əllərini çiynindən götürür, bir növ açır) Yandıraq şamları.
E l m i n a. Sən mənim sualıma cavab vermədin.
Q a l i b. Ac olanda kişiyə mürəkkəb suallar verməzlər. Kibrit hanı? Şamsız süfrə ölüdür.
E l m i n a. Onda dirildək süfrəni. (Şamı yandırmaq istəyir) Yox, sən yandır. (Kibriti ona verir) Mən də baxım sənin hərəkətlərinə. Sən şamı elə gözəl yandırırsan, məni yandırdığın kimi. Doğru deyiblər məhəbbətsiz qadın yandırılmamış şam kimidir.
Q a l i b. Əcəb gözəldir. (Şamları yandırır)
E l m i n a. O sözü sən demisən mənə. Yadından çıxıb?
Q a l i b. Ağıllı demişəm.
E l m i n a. Sən o sözü deyəndə mənim ad günümdü.
Q a l i b. Hansı ad günün? Yazdakı, yaydakı?
E l m i n a. Xeyr, payızdakıydı. Onda… yox, yox, qışdakıydı. Qar da yağmışdı, nə tez unutdun?
Q a l i b. Unutmamaq çətindir. İldə dörd ad günü! Yadda saxlamaq üçün…
E l m i n a. Yəni belə çoxdur? İldə cəmi dörd dəfədir.
Q a l i b. Etiraf eləyək ki, normal adamın doğum günü ildə bir dəfə olur.
E l m i n a. (Təəccüblə) Mənəm normal adam?
Q a l i b. Bəs yox?
E l m i n a. Adam, özü də normal! Zəhləm «normal» sözündən gedir. Mən qadınam, sevən qadın.
Q a l i b. Dadlı salata oxşayır. (Yeyir) Göbələyi də var.
E l m i n a. (Onunla üz-üzə oturur) Sən mənim bişirdiklərimi yeyəndə sevinirəm, hətta ləzzət alıram, utanmasam deyərdim ki… yox, susmaq yaxşıdır, necə deyərlər danışmaqdansa çeynəmək yaxşıdır. (Nəsə götürüb çeynəyir)
Q a l i b. Bu salat əvvəlkindən də dadlıdır.
E l m i n a. Elə bilirəm xörəyi yox, məni yeyirsən… (Əli ilə ağzını tutur)
Q a l i b. (Çeçəyir) Axı, çörək yeyirəm…
E l m i n a. (Kürəyinə vurur) Pis dedim, birdən çıxdı ağzımdan. Bu salatın da dadına bax, adı məhəbbətdir.
Q a l i b. Hiss eləyirəm.
E l m i n a. Necədir?
Q a l i b. Məhəbbəti çox düşüb.
E l m i n a. Nədən bildin?
Q a l i b. Duzu çoxdur.
E l m i n a. Hələ harasıdır, mən səni…
Q a l i b. (Sözünü kəsir) Yadıma düşdü, qışdakı ad günündü. düz deyirsən, möhkəm qar yağmışdı.
E l m i n a. Sən o gecəni unuda bilməzdin. Soyuq gecəydi. Çöldə külək vıyıldayır, qarı göyə sovururdu. «Külək qarı püskürür, Yerdən göyə yağır qar. Qışın öpüşü kimi, şaxta yapışır üzə». Pəncərədən o yan ögey, qorxunc, qəddar, içəri isə isti, rahat, havada məhəbbət, ehtiras ətri. Bir azdan hər şey reallığını itirdi, var olan bir biz idik, bir də sənin dodaqlarından qopan qaynar pıçıltılar. Bax onda sən mənə dedin ki, məhəbbətsiz qadın yandırılmamış şam kimidir, soyuq, bədbəxt, mənasız və məzmunsuz…
Q a l i b. Yəqin mən bu sözləri kimdənsə eşitmişəm.
E l m i n a. Nə fərqi? İndi bu şam mənə oxşayır, bir fərqi var ki, mən sönmürəm, gecə-gündüz yandırır məni sənin məhəbbətin.
Q a l i b. Çox şişirdirsən. Bu sözlər artıq hirsləndirir məni.
E l m i n a. Bəlkə mən doğrudan narkomanam?
Q a l i b. Boşla bu sözü, Elmina!
E l m i n a. Sən mənə Elmina dedin?
Q a l i b. Məgər adın Elmina deyil?
E l m i n a. Axı sən məni başqa cür çağırırdın.
Q a l i b. Söz güləşdirmə.
E l m i n a. Mənə elə gəlir ki, uçurum qarşısındayam, bu saat yıxılacam, amma bu ən qorxulusu deyil.
Q a l i b. Nə demək istəyirsən?
E l m i n a. Məni o uçuruma sən itələyəcəksən.
Q a l i b. (Gülür) Sən doğrudan məni şeytan, nə bilim sən deyən kimi iblis hesab eləyirsən?
E l m i n a. Sən çörəyini ye, mənə baş qoşma, mən qorxudan çox danışıram. Hərdən mənə elə gəlir ki, qapı arxasında dəhşətli, qorxulu bir nəsə dayanıb, gözlənilməz xəbər kimi içəri girməyə fürsət axtarır. Qəsdi də içimə hakim kəsilmiş məhəbbət işığını ovcunun ortasıyla basıb söndürməkdir. Səndə belə hiss yoxdur?
Q a l i b. Mən heç kimdən, heç nədən qorxmuram. Hisslərimi də özüm idarə eləyirəm.
E l m i n a. Sən necə xoşbəxtsən, özünə inanırsan. Bəlkə səni sevməyimin ilkin səbəbi elə budur. Kişi gərək qorxmasın, qadın qarşısında çaşmasın. Kişi qadını öz kölgəsinə, əlavəsinə çevirməyi bacarmalıdır. Axı qadın kişinin qabırğasından yaranıb, deməli kişiyə məxsusdur, onun əlavəsidir. Kişi plyus.
Q a l i b. (Gülümsəyir) Bunu necə başa düşək?
E l m i n a. Çox sadə. Elə götürək ikimizi, mən kiməm, sənə əlavəyəm də. Qalib plyus.
Q a l i b. «Birca plyus» kimi?
E l m i n a. Həri, təxminən elə bir şey. Heç şərab içmədin.
Q a l i b. (Salfetlə ağzını silir) İstəməz.
E l m i n a. İstəməz? Sən mənə nəsə demək istəyirsən?
Q a l i b. Həri, sözüm var sənə.
E l m i n a. Nəsə olub, işdə… Bəlkə… Fəridlə bağlıdır? Qorxma, de, mən sən biləndən dözümlüyəm. Fəridə nəsə olub? Xəbər gəlib?
Q a l i b. (Darıxmış kimi) Sakit ol.
E l m i n a. Mən sakit deyiləm?
Q a l i b. Fərid sağ-salamatdır, sözüm sənə aiddir.
E l m i n a. Mənə? Tək mənə?
Q a l i b. Elə ikimizə də.
E l m i n a. Sən məni qorxudursan.
Q a l i b. Bəlkə şərab içək?
E l m i n a. İçək, əlbəttə… içək. Mən sənə tabe olmaqdan həzz duyuram. (Tələsik və həyəcanla qədəhlərə şərab tökür) Bu bir həftədə sən çox dəyişmisən.
Q a l i b. Bu dünyada dəyişməyən nədir ki? (Şərabdan bir qurtum alır)
E l m i n a. Doğrudan da! O gün bir pyesdə oxudum, deyir, dəyişməyən dəyişmələr haqqında qanundur.

Hər ikisi heç nə demədən və qədəhləri toqquşdurmadan şərab içirlər.
E l m i n a. Nə gözəl! Alma soyum… (Alma və bıçaq götürüb soyur) Şərab seçməkdə sənin zövqünə söz ola bilməz.
Q a l i b. Mən hər şeyin gözəlini seçirəm, amma uzatmayaq, mən tələsirəm.
E l m i n a. (Tutulur) Necə, tələsirsən? Sən gedirsən? (Almanı sürətlə soymaqda davam edir)
Q a l i b. (Qətiyyətlə) Biz münasibətlərimizə son qoymalıyıq.
E l m i n a. Ah! (Diksinir və barmağını kəsir) Barmağımı kəsdim…
Q a l i b. (Salfeti uzadır) Ala, sıx yaraya.
E l m i n a. Yox, duz səpəcəm. (Yaraya duz basıb inildəyir)
Q a l i b. Sən neynirsən, yaraya duz basarlar?
E l m i n a. (Gözlərindən yaş axır) Bu elə bir ağrı deyil. (Gözlərini yumub inildəyir. Hiss olunur ki, özünü ələ almaq üçün vaxt qazanır)
Q a l i b. Bərk yandırır?
E l m i n a. Keçir, adam hər ağrıya alışır. Bir az vaxt lazımdır, bir az vaxt…
Q a l i b. Sən məni eşitdin?
E l m i n a. Eşitdim, hələ anladım da,onu da başa düşdüm ki, bizim aramızdakı sevgi-məhəbbət yox, münasibət imiş.
Q a l i b. Amma reaksiyan anlaşılmaz oldu.
E l m i n a. Barmağımı kəsməyimi deyirsən? Ya yarama düz səpməyimi?
Q a l i b. Barmağını, duzun bura nə dəxli var?
E l m i n a. Sən bilən bu azdır?
Q a l i b. Bilmirəm, azdı, çoxdu, amma mən belə gözləmirdim… (Pauza) Əslində belə yaxşıdı: göz yaşları olmadan, qara-qışqırıqsız, fırtılıqsız, tüpürcəksiz.
E l m i n a. Səni qorxudan bu saydıqlarındı?
Q a l i b. Mən heç nədən qorxmuram, Elka, amma ayrılanda da gözəl ayrılmaq lazımdır. O xoşbəxt beş ili niyə fırtılığa, çirkaba batıraq?
E l m i n a. Doğrudanmı sən gözəl ayrılacağını düşünürsən?
Q a l i b. Əlbəttə! Sevdik, evləndik, ayrıldıq.
E l m i n a. Nə asan dedin: sevdik, evləndik, ayrıldıq. Məgər bu variant mümkün deyil: sevdik, evləndik, öldük?
Q a l i b. Nə demək istəyirsən?
E l m i n a. Heç, ayrılığın mümkün variantlarını düşünürəm. Bir qəbir daşında üç kəlmə söz yazılmışdı: gəldim, gördüm, getdim.
Q a l i b. Harda? Kimin qəbrinə?
E l m i n a. Ölənin nə adı, nə şəkli, nə də ölüm-dirim tarixi vardı daşda. Eləcə, üçcə kəlmə həkk edilmişdi: gəldim, gördüm, getdim.
Q a l i b. Allah rəhmət eləsin, amma sən fikrini bildirmədin. Biz ayrılırıq, hər şey artıq düşünülüb.
E l m i n a. Vəsiyyət eləyəcəm, mənim də qəbir daşıma o üçcə kəlmə yazılsın. Ən əziz adamım üçün də yarayacaq o sözlər. (Dolaba yaxınlaşır və arxası Qalibə dayanıb siyirtməni çəkir)
Q a l i b. Kimdi sənin əziz adamın?
E l m i n a. (Dolabın açıq siyirtməsinə baxır və elə bil düşünür) Əlbəttə sən, sənsən mənim əziz adamım.
Q a l i b. Mənim gözlənilməz bəyanatımdan sonra da?
E l m i n a. (Nəhayət, dolabdan nəsə götürür və əli arxasında üzünü Qalibə çevirir) Hətta o bəyanatdan sonra da.
Q a l i b. Nə güclü məhəbbət! Özümə paxıllığım tutdu.
E l m i n a. Güclü demək azdır, o məhəbbət xərçəng xəstəliyi kimi məni yeyib qurtarıb, elə şaxələnib ki, onu sözlə, amansız bir bəyanatla, hətta bıçaqla da kəsib götürmək mümkünsüz. Ondan xilas olmağın bircə yolu var.
Q a l i b. Sənin radikalizmin, daimi gərginliyin məni həmişə çaşdırır. Hə ilə yox arasında, məhəbbətlə nifrət arasında bir addım nədir, heç bir qarış da məsafə yoxdur. Sənin hədd-hüdud bilməyən məhəbbətin məni yordu, türklər demiş, bıqdım, tamam bıqdım.
E l m i n a. Bəlkə qorxduğunu deyəsən.
Q a l i b. Mən heç kimdən, heç nədən qorxmuram.
E l m i n a. Nahaq! Qorxmağın məsləhətdir.
Q a l i b. Sənin səsində hədə var. Əlindəki nədir? Bəlkə məni öldürmək istəyirsən? Sənə hədiyyə etdiyim tapançayla?
E l m i n a. Düz tapmısan. (Əlini arxasından çıxardıb tapançanı ikiəlli tutur və Qalibə tuşlayır)
Q a l i b. Güldürmə məni. (Qəhqəhə çəkir)
E l m i n a. Gülmə!!!
Q a l i b. Sən o zibilin heç qoruyucusunu açmamısan. Kömək eləyim? (Yaxınlaşmaq istəyir)
E l m i n a. Dayan! Tərpənmə! (Qoruyucunu açır)
Q a l i b. Mən tərpənmirəm, qaçmıram da.
E l m i n a. Sənin qəbrinə, qara mərmərə ağ hərflərlə bilirsən nə yazdıracam?
Q a l i b. Bildim, bayaq dedin.
E l m i n a. Xeyr, ora sevdik, evləndik, öldük yazdıracam. (Nişan alır) Hazır ol!
Q a l i b. (Arxayın oturur və qədəhə şərab tökür) Tutaq ki, cəsarətin çatdı, məni öldürdün, nə qazanacaqsan? Səni atdım, ya öldüm? Fərqi nədir? Hər iki halda məni itirəcəksən.
E l m i n a. Elə bilirsən mən səni belə asanlıqla buraxacam, sənə azadlıq verəcəm?
Q a l i b. Mənim azadlığım həmişə öz əlimdədi. Bizi qarşılıqlı məhəbbət, lap elə ehtiras birləşdirirdi, o da ta yoxdu, bitdi, sən ki, bunu bilirsən, mənim bəyanatımı da xeyli vaxtdır gözləyirsən.
E l m i n a. Mən səni sevirəm.
Q a l i b. Bu azdır, mən sevmirəm. Onu da sal aşağı. Məgər məni itirmək azdır, həbsə alınmaq istəyirsən? Mən axı dedim, hər şey düşünülüb. Fəridin təhsil haqqı axıracan ödənilib. Hesabında kifayət qədər pulun var, yaşa, sən hərtərəfli təmin olunmuş qadınsan, özün də hələ cavansan, gözəlsən, yaşa mənsiz.
E l m i n a. Mənə saydıqların yox, sən lazımsan.
Q a l i b. (Tapançanı alıb masanın üstünə qoyur) Gəl ağıllı olaq, bu ayrılığı faciəyə çevirməyək. O xoşbəxt dediyin beş ilin xatirinə gözəl ayrılaq ölümsüz, qansız, tapançasız. Mən səni yaxşı, gözəl xatırlamaq istəyirəm.
E l m i n a. (Sakit) Mən səni itirmək istəmirəm.
Q a l i b. Heç kəs heç kəsi itirə bilməz, çünki heç kəs heç kəsə məxsus deyil.
E l m i n a. Gəldim, gördüm, getdim?
Q a l i b. Elədir, sən deyəndir. Sabah uzunmüddətli səfərə çıxıram. Görüşməyəcəyik. Mənimlə rastlaşmağa çalışma, telefonlarımı da dəyişəcəm. Unut məni, axtarma.
E l m i n a. (Qışqırır) Mən səni axtaracam?
Q a l i b. Bax belə!
E l m i n a. Sənə görə göz yaşları tökəcəm? (Ağlayır)
Q a l i b. Yox, nəyə lazımdır?
E l m i n a. (Daha bərk qışqırır) Elə bilirsən aləmi dağıdıb, şivən qoparacam, əlimə gələni sındırıb tökəcəm? (Əlinə gələni vurur, sındırır, süfrəni tutub dartır, üstündə nə var yerə dağılır) Elə bilirsən öləcəm sənsiz? (Hönkürür)
Q a l i b. Bu artıq fizoterapiyadır.

Elmina Qalibin sakit-soyuq münasibətini görüb yumruqlarını göyə qaldırır, üstünə cumur, ancaq onun tərpənmədiyini və soyuq baxışlarını görüb boynunu qucaqlayır. Qalib əllərini yanlara açır. Elmina heç bir reaksiya görməyib onun üstü ilə sürüşüb döşəməyə düşür.

Q a l i b. Əlvida! (Qəti addımlarla gedir)

Mina tələsik gəlir.

M i n a. Elmina, səni mən doğmamışam? (Səhnədəki qarışıqlığı görur) Elka, Ella, Minaşka… (Döşəməyə düşmüş Elminanı görür) Bu nədi, Mina, noolub sənə? Vurdu səni? Az, o döyüb səni, əl qaldırıb? Dur ayağa, anan ölsün, dur…
E l m i n a. Mama, o getdi.
M i n a. Gördüm də, yanımdan yel kimi keçdi, guya tanımır məni. Dur ayağa! Qalx! (Elminanı qaldırır) Danış görüm nə olub? O həmişə gedir də. Buranı ev saymır ki.
E l m i n a. Mama o həmişəlik getdi. (Hönkürür)
M i n a. Getdi getdi də, kişi qəhətliyidi? Yerinə olsaydım özüm qovardım onu. Bissimillah, bu tapanca nədi, az? Miniş, o səni vurmaq istəyirdi?
E l m i n a. Tapanca? (Qəfil tapançanı götürür) Mən elə bunu axtarırdım.
M i n a. Mina!!!
E l m i n a. Sus, mama, sus! Heç nə demə, yaxın gəlmə. Onu öldürməyə cəsarətim çatmadı… Bu ən yaxşı çıxış yoludur, mama.
M i n a. Sən dəli olmusan, kopaqqızı? (İrəli cumur tapançanı alsın) Ver bura o zəhrimarı. (Süpürləşirlər)
E l m i n a. Çəkil, mama! (Tapançanı qucağına sıxır) Özün də get, mən tək qalmaq istəyirəm.
M i n a. Elika, sən bir kişiyə görə özünə qəsd eləmək istəyirsən?
E l m i n a. Sus, mama, sus! O adi kişi deyildi, o, mənim taleyimdi. (Ağlayır)
M i n a. (Yalvarır) Eliçka, sənin balan var, qəriblikdə, uzaq yerdə, internatda… (Ağlayır) Mən ona nə cavab verəcəm, qızım?
E l m i n a. Mən ölməliyəm, mama… Bircə qurşunla əzablarıma, dəhşətli ağrılardan parçalanan ürəyimin döyüntüsünə son qoya bilərdim, amma bu da mümkün deyil… (Tapança əlindən düşür) İlahi, mən necə gözəl ölə bilərdim…
M i n a. Yox, Miniş, ölmək nədir?
E l m i n a. Mama! (Hönkürüb Minanı qucaqlayır)
M i n a. Can mama!

Hər iki qadın qucaqlaşır.
İşıq sönür.


İKİNCİ HİSSƏ

I hissədəki məkandır. Mina və Şölə masa arxasında
oturublar. Mina kartlarla fal açır.

Ş ö l ə. Nə göstərir, Mina xala?
M i n a. Çox qaranlıqdır, görə bilmirəm… Vay-vay, vaxsey, bu kimdir, ağəz? Arvaddı arvad deyil, kişidi… yox, arvaddı, şəksiz-şübhəsiz arvaddı.
Ş ö l ə. Mina xala, mən arvadı neynirəm, yaxşı bax, bəlkə kişidi?
M i n a. Həri, kişidi, amma bekara kişidi. Uşaq zəng eləyib, qərib yerdi də, deyir mamayla danışmaq istəyirəm, nə deyim, uşaqdı, qəlbi yuxadı. Bu hardan çıxdı? Deyirəm, Fərid, nənə qurban, kinoya çəkilir mama, uzaq yerdədir. Bu mobil telefon çıxardanın da dədəsi dərin getsin, yalan danışmaq da olmur. Deyirəm söndürüb telefonu syomkaya mane olur. Danışıram, gözümdən də yaş axır sel-su kimi. Bu necə kişidi, ağəz?
Ş ö l ə. Necə yəni necə kişidi? (Dikəlib kartlara baxır) Kişidi də, ta bunun necəsi yoxdu ki, bığı, saqqalı.
M i n a. Sən danışma, Şölə, qulaq as, indi mənə öyrədəcəksən bığ-saqqalı? Bu əsas məsələ deyil. (Kartları qarışdırıb bir də dəstələyir və fal açmaqda davam edir) Bu arvaddan heç gözüm su içmir, qaralayıb səni. Nə yeyir, nə içir, budu iki aydı…
Ş ö l ə. İki aydan çoxdu, Mina xala.
M i n a. Hə də, elə susur, fikirləşir, özünə də baxmır, o xalatdan çıxmır. Aha, Şölə, yaxşı gəldi. Bura bax, bu kişini görürsən…
Ş ö l ə. Kişidi, həri, kişidi. Pulludu, Mina xala, cavandı?
M i n a. Cavan olmağına, cavandı, pulu… pul görünmür, görmürəm. Vay-vay, vaxsey, lütün biridir, Şölə, lüt-lütqom.
Ş ö l ə. Cəhənnəm olsun, lütü də, pullusu da! Bəxt olmayandan sonra kart neynəsin. Teatrda da deyinirlər. Nə gəlir, nə zəng eləyir, deyirlər. Oturub evdə ki, məhəbbətinin matəmini saxlayır. İndi gedib də, gedənlə getmək olmaz ki.
M i n a. Oxşamadı də mənə, oxşamadı. Olaydım yerində… Mən heç ağlayardım, göz yaşı töküb yas saxlayardım? Acığa gülərdim, qəhqəhə çəkib gülərdim. Kişi qəhətliyidir?
Ş ö l ə. O sevgi deyildi, Mina xala, tilsimiydi, düşmüşdü tilsimə, deyirdi ki, mən sevgi narkomanıyam.
M i n a. Qələt eləyirdi, elə deyə-deyə qudurtdu onu. Yox, bu gün gətirmir, heç görə bilmirəm. Situasiya mürəkkəbdi, kişi arvad qarışıb bir-birinə. (Kartları dəstələyir) Hövsələm də bir tikə oldu, sabah baxaram.
Ş ö l ə. Proqramı qara gələnə kart neynəsin? Qəzetlər də ağzına gələni yazır. Hərə bir zurna çalır.
M i n a. Bəs telefon? O gündən çıxartmışam xətdən, yoxsa zəng zəng dalınca. Dünən taxmışam ki, uşaq zəng eliyər, onsuz da o qəriblikdə bağrıdalaq olub. Polis çağırdım, əlli dollar verdim ki, qov bu müxbirləri, qapını sındırırlar, günümüz yoxdu əllərindən.
Ş ö l ə. Ona görə yazırlar ki, Elmina xanımın evi polis nəzarətindədir.
M i n a. Ciyəri yansın onların, camaatın dərdindən ləzzət alırlar.
Ş ö l ə. Vallah, sevmək də bir şey deyil.
M i n a. Bə nədi, Şölə, sevmək nədi, qoy səni sevsinlər, gedəndə də cəhənnəmə getsin de. Niyə yayınırıq, elə mən özüm, dörd dəfə boşanmışam, uf da deməmişəm, heç tüküm də tərpənməyib. Çünki niyə, sevməmişəm, ağıllı arvad nə sevər, nə də vurular. Sevən qadın beş gün sevinər, on beş gün ağlayar.
Ş ö l ə. Dörd dəfə ərə getmisən, Mina xala, kəbinlə, zaqsla?
M i n a. Bəs kəbinsiz? Mən ismətini qoruyan qadınam, qızım. Məni istəyənə şərtim bu olub: əvvəl kəbin, sonra sevgi-məhəbbət.
Ş ö l ə. Mina xala, bəs məni niyə almırlar? Sevirlər, nazımla oynayırlar, amma bir pasportunu verən olmur. Özləri də kasıb, ac-yalavac.
M i n a. Kasıbın pasportu hardandı, ağəz? Bir də hər kəsin öz taleyi var, qızım. Bax, bu yaşımda, ərim ola-ola biri təpib özünü maşina ki, bəs Mina xala, boşan alıram səni.
Ş ö l ə. Mina xala?
M i n a. Bax, Elkanın, Fəridin canı üçün, elə belə də deyir. Dedim, adə, əvvəla, kişi sevdiyi, evlənmək təklif etdiyi qadına xala deməz, ikincisi, namuslu qadınam, ərim ola-ola sən deyən qələti eləyə bilmərəm.
Ş ö l ə. Bəs o nə dedi, Mina xala?
M i n a. Nə deyəcək? Özü də divar kimi enlikürək, yaraşıqlı bir oğlandı ki, adam gözünü çəkə bilmir, amma mən ərli, namuslu qadınam, qızım. Olam yüngülxasiyyət, yelbeyin bir qadın, nə bilim, arvad… Şükür ki, o barədə möhkəməm.
Ş ö l ə. Mən heyrət edirəm sizə, Mina xala?
M i n a. Bəs nədi, dedim çıx maşından, bala, belə xam xəyala düşmə. İnan, Şölə gədə gözündən belə-belə yaş tökdü. Elə ağlaya-ağlaya da getdi. Hələ dedi ki, özümü öldürəcəm. (Qəhqəhə ilə gülür)
Ş ö l ə. (Gözünün yaşını silir) Siz necə insafsızsınız, Mina xala.
M i n a. Bəs nədi? Başım daşdan-daşa dəyib. Səni quru yerdə qoyan elə əliaçıqlığın, ürəyiyumşaqlığındı də. Çox sıyıqsan.
Ş ö l ə. Neyniyim, Mina xala, yox deyə bilmirəm də.
M i n a. Gör bəs mən nə dedim. (Gülür) Dedim, öldür, oğlum, amma burda yox, maşının çxollarını təzə dəyişdirtmişəm. (Qəhqəhə çəkir)

Şölə də gülür. Telefon zəng vurur. Hər iki qadın diksinir.
M i n a. Bissimillah! Şoqərib nə bərk mələdi.
Ş ö l ə. (Başına əl-ayaq qoyur) Mən də qorxdum.
M i n a. (Telefona yaxınlaşır) Görüm kimdi? (Dəstəyi qaldırır) Alo! Kimdi? Yoxdu, xeyr, yoxdu evdə. Yox, heç sabah da. (Dəstəyi qoyur) İndi biz nə edək, Şölə, telefonu qapadaq birdəfəlik?
Ş ö l ə. Qəzetdəndimi?
M i n a. Dünəndən bəri beş dəfə zəng eləyib, səsindən tanıyıram. Ölmüşün yaxşı səsi var.
Ş ö l ə. Qızdı?
M i n a. Nə qız, ağəz? Qızın yaxşı səsi olur? Kişidi, belə qatı səsi var, qınayan olmasa deyərdim ki, o gedənin səsinə oxşayır.

Elmina asta, biganə addımlarla gəlir. Əvvəlki qadından çox fərqlidir. Saçı qarışıq, makiyacsız, səliqəsiz. Əynində əzik-üzük olmuş xalat var, altından gecə köynəyi bir qarış çıxıb. Ayağındakı şəpidləri az qala sürüyür. Elə bil on il qocalıb.

Ş ö l ə. Eliş?
E l m i n a. Kimiydi?
M i n a. Dedim birdən Fərid olar, uşaq səninlə danışmaq istəyir, neçə dəfə zəng vurub. Telefonun da bağlı.
E l m i n a. Mən heç kimlə danışmaq istəmirəm, heç kimi görmək də istəmirəm.
Ş ö l ə. Elişka, qurban olum, belə olmaz.
E l m i n a. Mənə heç kəsin məsləhəti lazım deyil, Mina, mən heç kimi görmək istəmirəm.
Ş ö l ə. Axmağam də, mən… Allah ağıl verməyib də! (Sumkasını götürüb deyinə-deyinə tələsik gedir)
M i n a. Belə olmaz, Elmina, qızı niyə incitdin, xətrinə dəydin? Onun nə taqsırı?
E l m i n a. Hamı mənim bədbəxt vəziyyətimi görməyə susayır. Qəzetlər də, televiziyalar da, elə oxucular, tamaşaçılar… Mən bədbəxt doğulmuşlar üçün təsəlli yeri olmaq istəmirəm.
M i n a. Bəs o tifilin taqsırı nədir? Ata baş götürüb hansı dərədədir bilmirik budu beş ildir, elə o vaxtdan ana da onu atıb getmiş sevgili ərinə görə matəm saxlayır. O qəriblikdə ürəyi bir tikə olmuş (ağlayır) körpənin günahı nədir?
E l m i n a. Heç kəsi görmək, eşitmək istəmirəm! (Ağlayır) Mənim ürəyim ölüb, ruhum yoxdur, azıb gedib.
M i n a. Allaha ağır gedər, qızım.
E l m i n a. Mənim Allahım oydu, mama, o da getdi.
M i n a. Əstəfurullah de, qızım, ağzın əyilər.
E l m i n a. O apardı mənim ruhumu, o məni tamam məhv elədi, əzdi…
M i n a. Sən naşükürsən, Elmina, naşükür!
E l m i n a. Mən nəyə şükür eləməliyəm, Mina, nəyə?
M i n a. Az, sənin nəyin yoxdu. Ev-eşiyin, cavanlığın, sənətin, gül kimi oğlun! Adama ta nə lazımdı? Bəlkə ayrı kişi yoxdu Bakıda?
E l m i n a. Bu saydıqların onsuz mənasız şeylərdir, Mina. Onsuz mən yoxam, ölüyəm.
M i n a. Doğrudan da, sən narkomansan, nəşəxorsan.
E l m i n a. O varıydı, Allahım da varıydı, mən gündə yüz dəfə, min dəfə şükür eləyirdim, mən Allahı da onun simasında sevirdim.
M i n a. Allah, keç günahından, onun ağlı azıb.
E l m i n a. Onu itirdim, Allahımı da itirdim. Mən indi mənasız, məzmunsuz boş bir şeyəm, söndürülmüş şam kimiyəm, his basmış, ərimiş, əyilmiş kifir bir şam. Düz altmış səkkiz gündür mən sınıram, əzilirəm… O getməsəydi, ölsəydi, bəlkə də mən bu qədər əzab çəkməzdim.
M i n a. Nə fərqi, öldü, itdi, getdi?
E l m i n a. Fərqi çoxdu, Mina. O ölməyib, sağdır, indi o məni yox, başqasını sevir, oxşayır, əyləndirir.
M i n a. Acığa sən də başqasını istə, nədi istəyənin yoxdu? Oxşa də anova.
E l m i n a. Yeri çıx get, mama, sevməyən qadın məni başa düşə bilməz. (Telefon zəng vurur. Mina telefona sarı getmək istəyir) Cavab vermə!
M i n a. Az, uşaqdan nigaranam.
E l m i n a. Dedim, yox, özün də tək burax məni, yeri get, lazım olsan zəng eləyərəm.
M i n a. Neynək, gedərəm. (Getməyə hazırlaşır) Gedərəm, amma balana yazığın gəlsin, bil ki, ölənlə ölmək, gedənlə getmək olmaz. Heç bir kişiyə etibar yoxdu, görə-görə gəlmişik, görə-görə də gedəcəyik, inşallah! Di salamat qal. (Öpür) Özünü, gələcəyini, Fəridi düşün. İndi sevgi-məhəbbət aktual deyil, hamı var-dövlət davasındadır. Heç nəyi olmayan da vətən deyib mələyir. Sən Cülyetta yaşında deyilsən, dünyaya ağılın gözü ilə bax. Qulaq as anova, hamının mənim kimi anası yoxdu, qədrini bil. (Gedə-gedə) Gəl qapını bağla, ağlını yığ başına. (Gedir)
Telefon zəng vurur.

E l m i n a. Onsuz da mən yoxam. Bu evdə bu telefonun yiyəsi yoxdur. (Telefon aramsız zəng çalır) Axı məndən nə istəyirsiniz, nə deyəcəm mən? (Dəstəyi qaldırır) Alu! Fərid? Sənsən, Fərid? (Kövrəlir) Yox, mama qurban, qurtarmışam, həri, ta getməyəcəm, yox ağlamıram… (Ağlayır) Gələcəm, lap yaxınlarda. Yox, Fərid, tək gələcəm. Papa? (Ağlayır) Yoxdu papa, necə deyim, Fərid… Papa öldü… Həri, nə bilim, maşın qəzasında, həri, avariya. Yox, sən ağlama, gələcəm, özüm gələcəm. Nənə? Səni qorxutmaq istəməyib, elə indicə getdi. Yox, heç nəyin fikrini çəkmə, əlbəttə, hər şey okeydi. Öpürəm… (Dəstəyi qoyur, göz yaşlarını silir) Ah, hər şey göründyü kimi sadə olsaydı. (Qəmli musiqi səslənir. Elmina aramsız axan göz yaşlarını silir) O məni atdı, özü də necə gözəl atdı. O hər şeyi gözəl, effektlə etməyi sevirdi. Əla maşın, göz qamaşdıran ağ köynək, şam işığı, al şərab, sirli təbəssüm… O hər şeydə qalib idi. O məni bir göz qırpımında məğlub elədi, beş il əsirlikdə saxladı, sonra atdı, başına buraxdı. Qul ağaya öyrəşən kimi necə alışdırdı məni özünə, indi azadlıqda yaşaya bilmirəm. Daima gözləyirəm, bir daha qayıtmayacağını bilsəm də gözləyirəm.

Müxbir asta, oğrun addımlarla gəlir. Zahirən Qalibə çox oxşayır, amma xeyli gəncdir. Sürtülmüş cins şalvarda və köhnə kurtkadadır, ayağında krassovka var. Boynundan fotoaparat, çiynindən çanta asılıb. Bir müddət qadını müşahidə edir. Fotoaparatı tuşlayıb şəklini çəkir. Elmina diksinir, musiqi kəsilir.

E l m i n a. Ah! Siz kimsiniz? Nə edirsiz, şəklimi niyə çəkirsiz? Nə ixtiyarla?
M ü x b i r. Üzr istəyirəm, qorxutdum sizi?
E l m i n a. Əlbəttə qorxutduz! Təklifsiz, icazəsiz özgə adamın evinə soxulur, şəklini çəkir, sonra da üzr istəyirsiz. İndi bu nə deməkdir?
M ü x b i r. Mən heç bilmirəm nədən başlayım.
E l m i n a. Necə yəni nədən başlayım, siz neynəmək istəyirsiz ki?
M ü x b i r. Heç nə, nə edəcəm ki, elə sizi görmək istədim.
E l m i n a. Məni görmək istədiz? Əcəb! Məgər biz tanışıq?
M ü x b i r. Xeyr, tanış deyilik, telefonda danışmışıq, siz mənə söz vermişdiniz. Mən…
E l m i n a. Dayanın! Yaxın gəlməyin, elə orda dayanın. Səsiniz mənə tanış gəlir. Siz mıxbirsiniz, mətbəx curnalından?
M ü x b i r. Mıxbir yox, müxbir, «Məişət»də, curnal deyil, qəzetdir.
E l m i n a. Olsun, qəzet, amma mən sizi çağırmamışam, heç kimi də görmək istəmirəm. Necə gəlmisiz elə də gedin.
M ü x b i r. Yalvarıram, qovmayın məni, taleyim sizdən asılıdr.
E l m i n a. Əcəb!
M ü x b i r. Tək mənim yox, xəstə anamın, tələbə bacımın. (Diz üstə düşüb qəfil əllərindən yapışır) Qovmayın! Rəhm edin mənə.
E l m i n a. (Heyrətlə baxır) Aman allah necə oxşayır ona. Səsi, gözləri, əlləri… buraxın əllərimi! Özünüz də qalxın ayağa. Bu nə şoudur?
M ü x b i r. Onda siz mənə söz vermişdiniz, iki ay bundan əvvəl. Telefonda.
E l m i n a. İki ay əvvəl?
M ü x b i r. Bəli, iki ay əvvəl… söz vermişdiniz.
E l m i n a. İlahi, iki ay. Onda mən özgə adamdım, indi… İndi heç özüm də bilmirəm kiməm. Özüm özümü tanımıram.
M ü x b i r. Heç mən də o saat tanımadım. Çox dəyişmisiniz.
E l m i n a. (Sakitləşir) Başqa cür ola bilərmi? Baxın, xəyanətdən sınmış, atılmış, ayaq altda tapdanmış dərdli qadına, baxın.
M ü x b i r. Dərd qadını nəcibləşdirir, ona yeni məzmun gətirir.
E l m i n a. (Təəccüblə baxır müxbirə) Siz mənə təsəlli verirsiz?
M ü x b i r. Nə danışırsız, təsəlliyə mənim ehtiyacım daha çoxdur.
E l m i n a. Onda bilin, dərd qadını nəcibləşdirirsə, kişiyə heç yaraşmır, onu düşkün göstərir, yazıq, zavallı görkəm kişini alçaldır. İçəri necə girdiz, yoxsa eyvandan qalxmısız?
M ü x b i r. Qapı açıq idi, bir balaca itələdim…
E l m i n a. Deməli, qapı bağlı deyilsə, onu açmaq, döymədən içəri girmək olar sizcə? Bəlkə siz oğrusuz?
M ü x b i r. Hardan? Oğurluq gəlsəydi əlimdən inanın oğurlayardım, düşünmədən, tərəddüd eləmədən. Təəssüf!
E l m i n a. Oğru olmadığınıza görə təəssüflənirsiniz?
M ü x b i r. Ana xəstə, əməliyyata pul yox, bacını institutdan qovurlar, dərsə buraxmırlar.
E l m i n a. Bacını niyə qovurlar institutdan?
M ü x b i r. Təhsil pulunu verə bilmədiyinə görə. Qardaş da curnalist, siz demiş mıxbir, özü də «Məişət» qəzetində. İndi siz deyin hansı yaxşıdı? Bütün bunlara dözmək, yoxsa oğru olmaq?
E l m i n a. Əslində… Bütün bunların mənə nə dəxli? Bura sosial, nə bilim… fonddu, nədi?
M ü x b i r. Bağışlayın, dərd məni çaşdırır.
E l m i n a. Dərdə bax! Bu dərddir? Gənc, sağlam, kifayət qədər yaraşıqlı kişinin dərdinə bax.
M ü x b i r. Əlbəttə, adlı-sanlı, pullu, gözəl, gənc qadın üçün bu dərd deyil, amma hər gün kirayə evə gedəndə, ağrıdan qovrulan ananın sual dolu baxışlarını görəndə, bacının dərsə buraxılmadığını eşidəndə, cibində də siçanlar oynaşanda… Yalvarıram kömək edin mənə.
E l m i n a. (Təəccüblə) Kömək? Mən nazirəm, çinovnikəm – nəyəm? Siz məni təəccübləndirirsiniz.
M ü x b i r. Yalvarıram, əllərinizdən öpürəm…
E l m i n a. Əl çəkin məndən! Axı mən demişdim sizə, mənim yalvaran kişilərdən zəhləm gedir. Göz yaşlarınızı da silin. Qəribə zamanda yaşayırıq. Kişilər arvadlaşır, arvadlar kişiləşir, özü də sürətlə. Qorxuram bir beş-on ildən sonra yeni bir cins əmələ gəlsin, necə deyərlər homos-universales.
M ü x b i r. Bağışlayın, zəiflik göstərdim. (Gözlərini-burnunu masa üzərindəki süfrənin ətəyinə silir)
E l m i n a. Siz nə edirsiniz?
M ü x b i r. Həmişə belə olur, düşünməydimi deyirəm, istəmədiyimi eləyirəm.
E l m i n a. Keçin ora, vanna otağıdır, üzünüzə su vurun, süfrəni batırmayın.
M ü x b i r. Təşəkkür edirəm. (Vanna otağına keçir)
E l m i n a. Nə qəribə adamlar çıxır qabağıma. Bilmirsən dəlidir, axmaqdır, ya sadəlövhdür. İlk dəfə gördüyü adamdan yardım istəyir, özü də qadından. Belə şeyləri görəndə adamın öz dərdi çıxır yadından. (Su şırıltısı eşidilir) Bu nədir? Yoxsa… indi aləmi su basar… Siz orda neynirsiz? (Səhnə arxasına keçir və qışqırır) Bu nədir? Siz niyə soyunmusunuz?
M ü x b i r. (Səsi gəlir) Bu saat çıxıram.
E l m i n a. (Səsi gəlir) Axı siz niyə soyunmusunuz?
M ü x b i r. (Səsi gəlir) Üzr istəyirəm, paltarlı çimməyəcəm ki, onsuz da köynəyim yaş oldu, vannaya düşdü.
E l m i n a. Bu dəlidir! (Şaşırmış vəziyyətdə gəlir) Mən dedim üzünə su vur, bu çimir, lüt-üryan girib hamama çimir. Qapı da açıq. Bu cəsarətdir yoxsa həyasızlıq? Axı indi adamlar həyasızlıqla cəsarəti qarışdırırlar.
M ü x b i r. (Başını qurulaya-qurulaya gəlir. Qurşağacan lütdür) Çox sağ olun, savab oldu, düz bir aydı çimmirdim, başım məni yeyirdi.
E l m i n a. Siz… siz…
M ü x b i r. Kasıblığın üzü qara olsun.
E l m i n a. Qurtarın bu camaşırı, köynəyinizi geyinin, bura hamam deyil, özü də kişi hamamı.
M ü x b i r. Siz allah, elə bilməyin ki, mən naxalın biriyəm… (Məhrəba ilə bədənini örtməyə çalışır)
E l m i n a. Mənim dəsmalımdır!
M ü x b i r. Bilmədim, duşu açdım, köynəyimi islatdım, sərdim istiyə indi quruyar.
E l m i n a. Siz dəlisiniz, yoxsa bu curnalist reketinin təzə növüdür, xəbərim yoxdur mənim.
M ü x b i r. İnanın mən nə oğruyam, nə reket, mən başını itirmiş adi bir insanam, uğursuzluqlar məni daima izləyir. Üşüdüm… (Məhrəbaya bürünür) Nə gözəl qoxusu var bu dəsmalın.
E l m i n a. Əcəb!
M ü x b i r. Siz narahat olmayın, köynəyim bir az təpisin gedəcəm, soyuq tez tutur məni… (Asqırır) Ya haqq Allah! Soyuqladım deyəsən. (Titrəyir)
E l m i n a. Mən söz tapa bilmirəm. (Gedir və əlində ağ köynək gətirir) Alın geyinin.
M ü x b i r. Çox sağ olun. (Geyinir) Lap əynimədir.
E l m i n a. (Heyrətlə ona baxır) Aman Allah! Bu ki… (Sözünü bitirmir)
M ü x b i r. Niyə elə baxırsız mənə? Sabah gətirərəm, yudurtdurub, ütülətdirib gətirərəm.
E l m i n a. Lazım deyil, qoy sizin olsun, onsuz da yiyəsi yoxdur, ölüb.
M ü x b i r. (Köynəyi sığallayır) Allah rəhmət eləsin. Bir stəkan su olmaz sizdə?
E l m i n a. Su? Məndə? (Narazı qrimas eləyir) Nə bilim, keçin mətbəxə, soyuducuda olmalıdı.
M ü x b i r. Soyuducuda? Mənə soyuq su olmaz, boğazım gəlir o saat.
E l m i n a. Krandan için.
M ü x b i r. Qaynanmamış su?
E l m i n a. (Hövsələsiz) Çaydandan su tökün istilədin, vproçem həkim necə deyir elə də için. Amma xörək bişirmək fikrinə düşməyin.
M ü x b i r. Hamamda çimməyimə işarə edirsiz? (Mətbəxə keçir)
E l m i n a. Kişiyə bax! (Gülür) Bu taleyin mənə istehzasıdır, amma qəribə bir yüngüllük gəldi içimə. Yaxşı deyiblər özündən yuxarı deyil, aşağı bax. Təsəlli oradadır. Səndən aşağıda.
M ü x b i r. (Gəlir) Çox sağ olun, ürəyim yanırdı, həmişə beləyəm, ağlayanda tez susayıram.
E l m i n a. Yaxşı, çimib kirinizi tökdünüz, əyninizi dəyişdiniz, suyunuzu içdiniz…
M ü x b i r. Çox gözəl mətbəxiniz var, hələ hamamınız… İlahi, mən Elmina xanımın hamamında çimmişəm.
E l m i n a. Bəlkə qəzetə çıxardasınız, yaxşı sensasion məqalə olardı.
M ü x b i r. Ümumiyyətlə, eviniz superdir.
E l m i n a. Super evlər görməmisiz, bir daşı qızıl, o biri gümüş.
M ü x b i r. Mənim kimi cındır yataqxana otağında üç nəfərlə yaşasaydınız nə deyərdiniz?
E l m i n a. Allah eləməsin!
M ü x b i r. Əlbəttə, Allah eləməsin! On kvadratlıq otaq, ana yorğan-döşək xəstəsi, bacı yekə yetişmiş qız, mənim də yaşım keçir, evlənmək istəyirəm, evlənə bilmirəm, perspektiv qaranlıq, maaş bir ay verilir, o biri ay yox, redaktor deyir xərcini özün çıxart, qazan, mənə də gətir. İnanın, özümü asmaq istəyirəm. (Kövrəlir) Yaşamaq istəmirəm.
E l m i n a. Siz yenə başladız?
M ü x b i r. Anam-bacım olmasa öldürərdim özümü, onlara yazığım gəlir. (Ağlayır)
E l m i n a. Siz mənim ürəyimi partlatmaq istəyirsiniz?
M ü x b i r. İki aciz qadın ümid dolu gözləri ilə mənə baxır. Heç xəbərləri də yoxdur ki, mən bir aydır işsizəm.
E l m i n a. Niyə işsiz? Bəs «Mətbəx»?
M ü x b i r. Ordan da məni qovdular. (Hönkürür)
E l m i n a. Bəsdirin! Kişinin ağlamağına dözmək olmur. (Ağlayır)
M ü x b i r. Məni bağışlayın, ağlatdım sizi də.
E l m i n a. Eyb etməz, hərdən ağlamaq da lazımdır.
M ü x b i r. Əlbəttə, kişiyə qadın qarşısında göz yaşı tökmək yaraşmaz, amma dolmuşdum, dözə bilmədim, indi yüngülləşdim.
E l m i n a. Nə gizlədim, elə mən də ağlamaq istəyirdim. Yaxşı deyiblər, bədbəxt ailələr hərəsi bir cürə bədbəxtdir.
M ü x b i r. Siz ağlayanda daha da gözəlləşirsiniz. O necə ağılsızdır.
E l m i n a. Kim?
M ü x b i r. Ərinizi deyirəm, o sizi atıb gedən kişini.
E l m i n a. Bu barədə danışmaq istəmirəm.
M ü x b i r. Nahaq, mən sizin necə əzab çəkdiyinizi görürəm.
E l m i n a. Siz yanılırsınız, mən sizin dərdinizə ağlayıram, özümünkü çıxıb yadımdan. Özünüz də ağlayıb qurtardınızsa gedin, çox ləngidiniz burda.
M ü x b i r. Bəzən adam ən gizli hisslərini, ona əzab verən duyğularını açıb ikinci adama deyəndə yüngülləşir. Dərdi danışdıqca o öz çəkisini itirir. Görün mən necə yüngülləşdim, hətta gülürəm də. (Gülür)
E l m i n a. Doğrudur, amma mən susuram, danışmıram. (Gülümsəyir) Mən çox xoşbəxt qadındım. O mənim həyatıma qalib kimi gəldi, qalib kimi də getdi, məni məğlub eləyib getdi. Onun məhəbbəti dağıdıcı idi, mən bunu son günlər anladım, onun məhəbbəti yaratmırdı, yaradıcı deyildi, ona görə bu beş ildə övladımız da olmadı, əslində o bunu heç istəmirdi də.
M ü x b i r. Niyə istəmirdi? Bu ki səadət olardı.
E l m i n a. Əlbəttə, bu sənin kimi kişiyə səadət gətirərdi. O isə istəmirdi. Övlad səni kiməsə bağlayır, istədin-istəmədin, ona isə sərbəstliyi, müstəqilliyi daha qiymətliydi. O kişiliyini övladla, uşaqla sübut eləməyə ehtiyac duymurdu. O əsl kişiydi.
M ü x b i r. Siz yanılırsınız, o həmişə getmək haqqında düşünürmüş.
E l m i n a. Xeyr, o bu qərara bir günün içində gəldi. Mənim buna şübhəm yoxdur. Sənə bir sirr də açım.
M ü x b i r. Sirr? Mənə?
E l m i n a. Zahirən sən ona çox oxşayırsan, ona görə səni qovmadım, yoxsa sən mənim hamamımda çimib, onun köynəyini geyə bilməzdin. Amma sən danışdın, ağladın, o bənzərlik də itdi. İndi onun köynəyini geysən də onu heç xatırlatmırsan.
M ü x b i r. Bəlkə mənim pulum yoxdu ona görə?
E l m i n a. O da şərtdir, kişinin pulu, geniş imkanları olmalıdır. Pul qazana bilməyən kişi… zəifdir.
M ü x b i r. İndi siz mənə ikrah edirsiniz ya nifrət?
E l m i n a. Yox, maraqlıdır ki, nə ikrah, nə də nifrət.
M ü x b i r. Biganəlik daha pis.
E l m i n a. Nə gizlədim, mərhəmət hissi var məndə.
M ü x b i r. Mərhəmətdən məhəbbətə yol görünür.
E l m i n a. Məhəbbət? (Qəhqəhə çəkir) Mərhəmətdən yaranan məhəbbət sənin nəyinə lazımdır?
M ü x b i r. Məhəbbətin nədən yaranması az əhəmiyyətlidir, təki məhəbbət olsun.
E l m i n a. O, belə məhəbbəti qəbul etməzdi.
M ü x b i r. Bu onun öz problemidir. Mən sizin məhəbbəti qazana bilsəydim özümü xoşbəxt hiss edərdim.
E l m i n a. Əlbəttə, ev-eşik, qayğısız yaşamaq üçün özgə kişidən qalmış kifayət qədər pul, çox gənc olmasa da gözəlliyi ilə göz qamaşdıran qadın…
M ü x b i r. Siz məni incitmək, təhqir etmək istəyirsinizsə bilin, keçməz.
E l m i n a. Bu az vaxt içərisində sən elə sürətlə dəyişirsən, elə cilddən-cildə girirsən ki, çaşıb qalmışam. Nə istədiyimi, nə etdiyimi özüm də bilmirəm.
M ü x b i r. Unudun onu, hesab eləyin ki, ölüb, dünyasını dəyişib, yoxdu. Bəlkə ondan yaxşısına rast gəldiniz.
E l m i n a. Ondan yaxşısını göstərin mənə.
M ü x b i r. Ondan yaxşısını? Bilirsiniz, Elmina xanım, mən…
E l m i n a. Sən?
M ü x b i r. Bəli, mən… mən acından ölürəm, səhər yediyim bir yaxmacın üstündəyəm, başım gicəllənir.
E l m i n a. Mən neynəyim?
M ü x b i r. Ümumiyyətlə, mən axır vaxtlar daim yemək haqqında düşünürəm, həmişə aclıq hiss edirəm.
E l m i n a. Amma mən acmıram, o gedəndən xörək də bişirmirəm.
M ü x b i r. Bəs mətbəxdə bir qab peraşki gördüm, üstünə də nəsə qırmızı səpiblər.
E l m i n a. Peraşki! Yox bir ponçik. Gördüyün Şamaxı qutabıdı, anam gətirib, üstünə də şəkərlə sumağı qarışdırıb səpib.
M ü x b i r. (Udqunur) Fərq eləməz, mən daşdan yumşaq nə olsa yeyirəm. Bayaqdan sizinlə ordan-burdan danışıram, fikrim ordadı, peraşkilərin yanında.
E l m i n a. Fikrin ordadır, özün də gedə bilərsən ora. Keç mətbəxə, qəzetinizin adı havayı yerə «Mətbəx» deyil ki.
M ü x b i r. İkicə dənəsini yeyəcəm, müsaidənizlə. (Tələsik mətbəxə keçir)
E l m i n a. Müsaidənizlə! Sənin yerin elə mətbəxdir. Mən də durub buna haralardan danışıram.
M ü x b i r. (Yeyə-yeyə əlində qutab dolu qabla gəlir) Çox ləzzətlidir, adamın ağzında əriyir.
E l m i n a. Anam yaxşı bişirir. O da xoşlayardı.
M ü x b i r. (Qabı masanın üstünə qoyur) Siz də yeyin, hələ istidirlər.
E l m i n a. (Acgözlüklə yeyən oğlana baxıb udqunur) Qəribədir, bir az əvvəl mənə elə gəlirdi ki, əlacı olmayan çıxılmaz vəziyyətdəyəm, tupikdə.
M ü x b i r. Çıxılmaz vəziyyəti biz özümüz yaradır, çox vaxt da ondan çıxmaq istəmirik. Bəzən dadlı bir Şamaxı qutabı yaşamaq eşqini qaytarır.
E l m i n a. Baxıram sənə, bilmirəm nə düşünüm? Ağıllısan, özünü axmaq göstərmək istəyirsən, yoxsa əksinə, axmaqsan, ağıllı görünmək iddiasındasan.
M ü x b i r. Xeyli vaxtdır mənə siz yox, sən deyirsiz. Bunu necə başa düşək? Bu yaxınlıq əlamətidir, ya saymazlıq?
E l m i n a. Əcəb! Hamamımda çimib qətfəmlə qurulanır, köynəyimi geyinib qutabımı yeyirsən, hələ istəyirsən sənə sizlə müraciət eləyim?
M ü x b i r. Mən təslim. (Qaba işarə ilə) Qutab yeyin.
E l m i n a. (Qutab götürür) Doğrudan da acam.

Hər ikisi bir-birinə baxa-baxa yeyir.
M ü x b i r. Mən günortaya çox vaxt kartof peraşkisi alıram, o da qıcqırtma verir, turşuluğum çoxdur.
E l m i n a. Yəqin pis yağda qızardırlar.
M ü x b i r. Orda qrafində qırmızı kampot da gördüm.
E l m i n a. Kampot niyə, o çaxırdır, şərab. O içərdi, şam işığında.
M ü x b i r. Olar dadına baxım?
E l m i n a. (Ah çəkir) Olar, turşumayıbsa. İki aydır qalıb orda, amma xarab olmasın gərək, bahalı şərabdı, neçə markası medalı var.
M ü x b i r. Moment! (Mətbəxə qaçır)
E l m i n a. Görək ta nə istəyəcək?
M ü x b i r. (Podnosda qrafin və iki fucerlə gəlir) İndi yoxlayarıq. (Qrafini açıb iyləyir) Əla iyi var. (Qədəhini doldurub, dadına baxır) Bomba! (Bir dəfəyə içir)
E l m i n a. Şərabı araq kimi içməzlər.
M ü x b i r. (Ağzını marçıldadır) Ləzzət! Necə rahat… pəh, başıma vurdu…
E l m i n a. Əcəb!
M ü x b i r. Birini də içim… Bəlkə siz də içəsiniz, çox ləzzətlidir.
E l m i n a. Niyə də yox?
M ü x b i r. Əla! (Qədəhləri doldurur) İnanın, məndə elə bir hiss yarandı ki, guya bütün problemlərim həll olundu. Doğrudan da həqiqət çaxır çəlləyinin dibindədir. (Qədəhin birini Elminaya verir) Pliz, madam.
E l m i n a. (Qədəhi alır) Bəli, istina v vine! (Bir qurtum içir) Bir beşcə dəqiqə bundan öncə bilməzdim ki, hələ adını bilmədiyim mıxbirlə çaxır içəcəm. Doğrudan da Allah biləni bəndə bilməz.
M ü x b i r. Siz Allaha inanırsınız?
E l m i n a. Bu nə axmaq sualdır? Şəraba görə soruşursan?
M ü x b i r. Yox, şərab əsas məsələ deyil, məgər xristianlar allahsızdır?
E l m i n a. Mən dünən dua eləyirdim.
M ü x b i r. Nə istəyirdiniz ondan?
E l m i n a. İstəyirdim Allah onu qəlbimdən çıxarsın, mənə azadlıq versin, mənə yaşamaq eşqini, yaşamaq sevincini qaytarsın. İstəyirdim Allah ürəyimi başqa məhəbbətlərlə doldursun: yenidən sevim oğlumu, anamı, sənətimi, insanları, millətimi, vətənimi, evimi-eşiyimi… (Gözlərindən yaş axır)
M ü x b i r. (Onun gözlərindən axan yaşı ehtiyatla silir) Curnalistləri, ekranı, qəzetləri…
E l m i n a. Yox bir səni! (Qəhqəhə ilə gülür) Deyəsən sərxoş oldum.
M ü x b i r. Məni sevməzsiz.
E l m i n a. Nə ümidsiz dedin!
M ü x b i r. Axı kim sevəcək məni? İşsiz, pulsuz, xəstə ana, yaşı ötmüş tələbə bacı…
E l m i n a. Bəlkə yenə dəsmal çəkib ağlayasan? Sən cavansan, görürəm ki, qüvvətlisən, turşuluğun çox olsa da sağlamsan, nəhayət, kişisən…
M ü x b i r. Doğru sözünüzdü?
E l m i n a. Əlbəttə, doğru sözümdür, niyə özünü gözdən salırsan?
M ü x b i r. Siz məni sevə bilərdiniz?
E l m i n a. Hələ demirəm ki, kifayət qədər həyasızsan, naxalsan. İndiki vaxtda da çox vacib, qiymətli keyfiyyətdir.
M ü x b i r. Siz mənim sualıma cavab vermədiniz.
E l m i n a. Tutaq ki, sevdim, bəs sən? İki dəfə ərdə olmuş yanı uşaqlı, cavanlığı ötmüş, adı qeybət qəzetlərindən düşməyən ərköyün bir qadının, aktrisanın təpkilərinə dözə bilərsən?
M ü x b i r. Siz bəzi məqamları unutdunuz.
E l m i n a. O hansı məqamlardır?
M ü x b i r. O qadının şəhərin mərkəzində yeddi otaqlı mənzili, dediyinə görə kifayət qədər pulu, hər qapını aça biləcək populyarlığı, şöhrəti…
E l m i n a. Sən göründüyün qədər də… sadə deyilsən.
M ü x b i r. Mən sürprizlərlə dolu adamam.
E l m i n a. Ta nə deyə bilərsən?
M ü x b i r. O qadın həm də çox gözəldir, mənim kimi arvada həsrət yetimə ta nə lazımdır ki?
E l m i n a. Sənin kimi üzlü yetimə yaxşı bir şillə də lazımdır. (Vurur) Avantürist! (Vurur) Rəzil!! (Vurur) Tsinik!!!
M ü x b i r. (Qorunmur) Vurun, vurun, ürəklə vurun! Həyat məni döyürsə, siz niyə geri qalasınız, vurun! (Üzünü əlləri ilə tutmadan hönkürür)
E l m i n a. (Bir də vurmaq üçün qaldırdığı əli boşalır) Bağışla, deyəsən mən ağ elədim. (İstər-istəməz başını sığallayır)
M ü x b i r. Əgər mənim günümdə olsaydınız, adi məişət problemləri içərisində çapalasaydınız…
E l m i n a. Sözə bax. Məişət problemi! Ona görə «Məişət» qəzetində küllənirsən?
M ü x b i r. (Üz-gözünü köynəyinin qolları ilə silir) Mən bu evə gələndə, o hamamda çimib, mətbəxə girəndə, kamfortu, rahatlığı canımda hiss edəndə insanların mənliyini, mənəviyyatını satıb, arını-namusunu yeyib niyə pul dalınca qaçdıqlarını başa düşdüm, qandım.
E l m i n a. Bütün bunlardan sonra sən məndən məhəbbət də istəyəcəksən?
M ü x b i r. Keçmir, bu dünyada səmimiyyət keçmir.
E l m i n a. Səmimiyyət! Hər şeyə, hər cür rəzilliyə, miskinliyə səmimiyyətlə bəraət qazandırmaq istəyirsən? Çıx get, itil! Bir də buralarda görünsən polis aparacaq səni.
M ü x b i r. İcazə verin…
E l m i n a. Danışma, bu saat get! Nədi, polis çağırım?
M ü x b i r. (Qorxur) Yox, yox, gedirəm. Olar o peraşkiləri götürüm?
E l m i n a. Nəyi? (Bir müddət başa düşmür kimi ona baxır və birdən qəhqəhə ilə gülür. Bu acıqlı gülüş deyil, həqiqi gülüşdür)
M ü x b i r. (İncikdir) Çox gülməli şey dedim? (Elmina daha bərk gülür) Mənim xəstə anam var, bacım var…
E l m i n a. (Gülməyini kəsir və yaşarmış gözlərini silə-silə) Götür apar, apar, yəqin torban da var.
M ü x b i r. (Sevinir) Var, əlbəttə… (Çantasından sellofan paket çıxardır və boşqabı ora boşaldır) Çox sağ olun! Çox təşəkkür edirəm, siz mənə…
E l m i n a. (Kəskin) Əlvida!
M ü x b i r. Əlvida. (Tələsik gedir)
E l m i n a. İndi bu nə deməkdir, bu nəyin cəzasıdır? Yox, bu cəza deyil, istehzadır, Allahın naşükür bəndəsinə istehzasıdır. (Gedir)

İşıq sönür.

Həmin məkandır. Səhnə boşdur. Telefon zəng çalır. Elminanın səsi ilə avtosəs cavab verir.

T e l e f o n. Evdə yoxam, siqnaldan sonra mesacınızı söyləyin.
M i n a. (Səsi telefondan gəlir) Bilirəm ki, evdəsən, kor deyilik, cavab ver, sözüm var sənə. Zəng elə, gəlməyə vaxtım yoxdur, maşın ştrafnoydadır. Kişinin halı yaxşı deyil, ögey də olsa sənə doğmadan artıq olub, çox əziyyət çəkir, bezdirib məni. Axırda bunun ah-ufu öldürəcək məni.

Elmina gəlir. Xeyli dəyişib, geyimi səliqəlidir. Əvvəlki yaraşığı demək olar ki, yerindədir. Əlində qəzet var, ora-burasını – hiss olunur ki, təkrar-təkrar oxuyub – indi də oxuyur. Qəzeti gah bükür, gah açır. Bir sözlə, hövsələsizlik göstərir. Telefon zəng çalır.

T e l e f o n. Evdə yoxam, siqnaldan sonra mesacınızı söyləyin.
Ş ö l ə. (Telefondan səsi gəlir) Minaşka, sən Allah, söndür o otvetçiki. Elə bil adamın üzünə qapı çırpır. Oxumusan qəzeti, ciyəri yansın onu yazanın, aləm dəyib bir-birinə. Teatrda hamı bu cındır qəzeti oxuyur. Bilirəm ki, hamısı yalandır, heç vecinə də alma. Kimdi indi qəzet oxuyan? Amma xeylək gülmüşəm, o curnalist deyil ey, sən demiş avantürüstün biridir, mən deyərdim şarlatandır, şantacistdir. (Elmina qulaqlarını tutur) Axı niyə buraxırdın onu evə, bilmirsən onlar adamın ağzından söz qapırlar. (Elmina sürətlə telefona yaxınlaşır) «Məişət» adında qəzet olar, kimdi onu… (Elmina naqili dartıb çıxardır)
E l m i n a. Alçaq, rəzil, həyasız… (Hər sözü dedikcə qəzeti harasa çırpır) Haram olsun sənə…
Qapının zəngi çalınır. Elmina diksinir, tələsik qapıya gedir və tez də qayıdıb səhnənin dibinə çəkilir. Arxası zala dayanır. Müxbir çiynində çanta asta və qorxaq addımlarla gəlir. Bir müddət ev-eşiyə baxır, sonra arxası ona sarı dayanmış Elminanı görür.

M ü x b i r. Elə bildim məni evə buraxmazsınız. Sizin zənginiz məni həm qorxutdu, həm də sevindirdi.
E l m i n a. Sevindirdi?
M ü x b i r. Salam! Bağışlayın, o saat salam vermədim, başımı itirmişəm.
E l m i n a. (Birdən dönür) Bunu sən yazmısan? Şənol sənin imzandır?
M ü x b i r. Nədir ki, pis imzadır?
E l m i n a. Pis deyil, təbii istəkdir. Kasıb itinin adını gümüş qoyar.
M ü x b i r. Siz səni yaxşı başa düşürsünüz. (Çantasından bir dəstə qəzet çıxardır) Beş nüsxə də sizə gətirmişəm, hələ birinə avtoqraf da qoymuşam. Redaktorumuz dedi ki, bu sənin ən yaxşı məqaləndir. Hələ məni işə də bərpa elədi, geri götürdü, siz mənə uğur gətirirsiniz.
E l m i n a. Heç cür anlaya bilmirəm, sən doğrudan axmaqsan, yoxsa özünü axmaqlığa vurursan? (Qəzetləri alıb dəstələyir)
M ü x b i r. Deyəsən məndən inciksiniz!
E l m i n a. Nədi, bəlkə sevinməliyəm?
M ü x b i r. Axı, mən heç nəyi uydurmamışam, olanları yazmışam. Bəlkə düz demirəm? Hər şey diktofondadır, biz yoxlaya bilərik.
E l m i n a. Diktofon? Sənin cibində diktofon varıymış, gizlicə yazırdın, şpion kimi, oğru kimi? Nə qədər alçaq, rəzil priyom!
M ü x b i r. Niyə alçaq, niyə rəzil, bu adi cürnalist əməlidir.
E l m i n a. Axı nə haqla sən mənim şəxsi həyatımı qəzetə çıxardırsan? Məgər sən məndən icazə almısan? Mən sənə intervü vermişəm?
M ü x b i r. İcazə? İcazə vacib deyil, curnalistin gördüyünü, bildiyini yazmaq hüququ var. Biz azad cəmiyyətdə yaşayırıq, mətbuat haqqında qanun qoruyur bizi, hələ mətbuat şurasını demirəm.
E l m i n a. Onda qoy qorusunlar görüm necə qoruyacaqlar. (Qəzeti yumurulayır)
M ü x b i r. Necə yəni qorusunlar, siz məni döymək istəyirsiniz?
E l m i n a. Həri, döymək, vurmaq istəyirəm, amma burda yazdığın kimi şillə ilə yox, bax elə bu mənfur məqalənin özü ilə. (Harasına gəldi qəzetlə vurur) Əclaf, alçaq, yaltaq, acgöz, qarınqulu, şərəfsiz insan…
M ü x b i r. (Özünü müdafiə eləməyə çalışır) Siz nə edirsiz, bu cinayətdir, mən sizi məhkəməyə verəcəm, cərimə tələb edəcəm…
E l m i n a. Həri, cərimə alacaqsan… Mən atılmışam, özümü pula satmışam, narkomanam…
M ü x b i r. Özünüz demişdiniz…
E l m i n a. Mən sənin qabağında ağlamışam, haram olsun sənə o şərab, anamın bişirdiyi Şamaxı qutabı! Mən səni hamama salıb çimizdirdim, demə səsinə vurulmuşam sənin, xoşum gəlib səndən? (Vurur) Sən bunu nədən bildin?
M ü x b i r. Bəsdirin, mənim burnum qanaya bilər.
E l m i n a. Niyə cavab vermirsən? Bəlkə ağlayırsan o dəfəki kimi… (Qəzetlər əlindən cırılıb düşür) Vurulmuşam buna… Mən peraşkini torbasına yığıb aparan zavallıya vurulmuşam, Ondan sonra… (Qəhqəhə çəkir) Həri, vurulmuşam. Dur ayağa, sevin, daha bir məqalə üçün materialın var. Səni necə cəzalandırdığımı yazarsan. (Siqaret tapıb yandırır)
M ü x b i r. (Yerindən qalxır, özünü səliqəyə salır) Nəyi necə yazmaq ixtiyarı özümdədir, mən sifarişlə işləmirəm. Olar bir siqaret götürüm?
E l m i n a. Götür, amma qutusuyla yox, sonra elə bilərsən vurulmuşam sənə.
M ü x b i r. Təkəbbürlü insanları Allah sevməz. (Siqaret götürüb yandırır)
E l m i n a. Əcəb! Qurandan da xəbəri var.
M ü x b i r. Nə yumşaq siqaretdir, Ondan qalıb?
E l m i n a. (Gülür) Ha istəyirəm hirslənim sənə, alınmır.
M ü x b i r. Alınmır! Az qala öldürmüşdüz məni. Yaxşı ki, tapançanız yoxdu.
E l m i n a. Sevinmə, tapançam da var, amma qabil deyiləm mən. Onda öldürmək istədim, onu da, özümü də. İlahi, mən necə gözəl ölə bilərdim.
M ü x b i r. Gözəl ölüm?
E l m i n a. Lap teatrda, səhnədə olduğu kimi. Bacarmadım.
M ü x b i r. Peşmansınız?
E l m i n a. Yox, peşman deyiləm. Bundan sonra heç nə vecimə deyil. İnsanın dərdi, faciəsi, draması bütün aləmə faş olandan sonra bir azadlıq hissi gəlir. Heç nədən qorxmursan, çəkinmirsən, heç utanmırsan da, arsızlaşırsan.
M ü x b i r. Deməli, mən sizə azadlıq verdim.
E l m i n a. Nə qədər aldın bu yazıya görə, cənab Şənol?
M ü x b i r. Döyülməyə dəyməzdi.
E l m i n a. Bilirsən niyə kasıbsan sən?
M ü x b i r. Mən kasıb deyiləm, pulsuzam.
E l m i n a. Ağlın yoxdu.
M ü x b i r. Məni təhqir eləməkdən ləzzət alırsınız?
E l m i n a. Bax, elə götürək bu mənfur yazını. Sən mənə zəng eləyib desəydin ki, belə bir məqalə yazmısan, mən onu alardım. Anan sağalardı, bacın təhsilini davam elətdirərdi.
M ü x b i r. Doğru sözünüzdür?
E l m i n a. Mən sənin kimi yalançı deyiləm.
M ü x b i r. Mənim yalana, hiyləyə əl atmağımın səbəbi çoxdur, siz hər şeyi bilmirsiz. Mən hiss eləyirəm, görürəm ki, batıram, çapalayıram, xilas olmaq istəyirəm, nədənsə yapışıb üzə çıxmağa çalışıram, təəssüf ki, əlimə yalan, kələk, hiylə gəlir.
E l m i n a. Nəticəsi nə olur?
M ü x b i r. Mən onlardan yaxşı istifadə eləyə bilmirəm, çünki mən onlara köklənməmişəm. İstəsəm də mən öz qəlbimə tüpürə bilmirəm, amma batmaqdan, məhv olmaqdan da qorxuram, özümə görə yox, axı mənim xəstə anam, bacım var, onların qarşısında öhdəliyim var. Bilsəniz bu necə ağırdır.
E l m i n a. Başa düşmədim, ağır olan nədir?
M ü x b i r. Öz qəlbinə tüpürmək.
E l m i n a. Qulaq asıram sənə, təəccüblənirəm, özüm özümə heyrət edirəm. Niyə səni qovmuram? Məni bütöy ölkədə yenidən qeybət, istehza, kinayə yerinə çevirmiş insana niyə səbrlə qulaq asıram.
M ü x b i r. Siz məni sevə bilməzsiniz?
E l m i n a. (Gülümsəyir) Hələ mənə eşq də elan eləyir.
M ü x b i r. Birinci görüşümüzdən sonra siz xeyli dəyişmisiniz, hələ pamada çəkmisiniz.
E l m i n a. Nə demək istəyirsən?
M ü x b i r. Bu mənim xidmətim deyil?
E l m i n a. Əcəb!
M ü x b i r. İndi siz yenidən yandırılmış şam kimisiniz.
E l m i n a. Orda bunu da yazmısan, amma unudursan ki, əfəndim, o şamı odlu məhəbbətlə sevən qüdrətli kişi yandıra bilər.
M ü x b i r. Siz bilən qüdrətli olmayan kişi sevə bilməz?
E l m i n a. Sən məndən intervü alırsan? Hanı diktofonun?
M ü x b i r. Siz mənim sualıma cavab vermədiniz.
E l m i n a. Bunu qoy o zavallı kişi özü desin, mən vəkil deyiləm.
M ü x b i r. Mən sizi sevirəm! (Ona yaxınlaşır)
E l m i n a. (Geri çəkilir) Bu axmaq etirafı elə ordan da eləmək mümkündür.
M ü x b i r. Mən sizi çoxdan sevirəm. Lap çoxdan, səhnədə ilk dəfə görəndən.
E l m i n a. Səhnədə?
M ü x b i r. Onda siz Əli Əmirlinin «Kişi və qadın» əsərində oynayırdınız, Emmanı.
E l m i n a. Doğrudur, Emmanı, amma… Bəs niyə indi deyirsiniz bunu?
M ü x b i r. Onda siz mənə gülərdiniz.
E l m i n a. İndi gülmürəm? (Teatral qəhqəhələrlə gülür) Nədi? Niyə elə baxırsan?
M ü x b i r. Gülə bilmirsiniz, çünki siz indi çox şeyi başa düşmüsünüz. Əslində siz onu sevmirdiniz, onun var-dövləti, mersedesi, parlaq ağ köynəyi tutmuşdu gözünüzü, o sizin ruhunuzu satın almışdı. O sizin şəxsiyyətinizi məhv eləmişdi, siz təhlükəli, qorxulu bir yuxudaydınız. O gedişi ilə sizi buxovdan qurtardı, siz indi azadlığa çıxmısınız, çaşqınlıq dövrü də qurtarıb artıq. Siz özünüzə qayıdırsınız.
E l m i n a. Bunları da yazmısan orda, mənim dilimdən iri hərflərlə: Aktrisanın etirafı.
M ü x b i r. O yuxu nə qədər uyuşdurucu olsa da, ondan ayılmaq, nəhayət oyanmaq qaçılmazdır.
E l m i n a. Ah, hər şey göründüyü kimi sadə olsaydı.
M ü x b i r. Onu da demisiniz, bilirəm.
E l m i n a. Yox, bilmirsən, bunu anlamaq, bilmək üçün mənim kimi qadın olmaq lazımdır, sevən qadın.
M ü x b i r. (Acıqla) Bağışlayın ki, mən arvad ola bilmərəm, heç istəmirəm də.
E l m i n a. (Gülür) Səndə ağılla sarsaqlıq daima mübarizə aparır.
M ü x b i r. Çünki mən hər kəslə öz dilində danışıram.
E l m i n a. Sən həm də kobud, ədəbsiz, cığal, nəhayət xuliqansan.
M ü x b i r. Siz də başqasının pullarından havalanmış qudurğan qadın.
E l m i n a. Sən məni evimdə təhqir edirsən? (Əlini qaldırır ki, vursun, oğlan onun biləyindən yapışır) Burax!
M ü x b i r. Bir şərtlə!
E l m i n a. Burax, sındı qolum.
M ü x b i r. Bir də mənə əl qaldırmayacaqsan.
E l m i n a. Səndə ayı gücü var. (Biləyini ovuşdurur) O heç vaxt mənə əl qaldırmayıb.
M ü x b i r. O səni pulu ilə, dolları ilə döyüb nakauta salıb.
E l m i n a. Yaxşı! Danışdıq, fikir mübadiləsi elədik, güclərimizi sınadıq. (Biləyini ovuşdurur) Necə deyərlər, gəldin, gördün, get də! (Qapını göstərir) Niyə tərpənmirsən? Qutab da yoxdu. Bəlkə qonorarını da mən verməliyəm?
M ü x b i r. Həri, verməlisən.
E l m i n a. Aman Allah, bu kasıb adamlar niyə belə həyasız olurlar?
M ü x b i r. Bəli, mən kasıbam, həyasızam, bayaq dediyiniz kimi ədəbsizəm, xuliqanam, xəstə anam, yaşı ötmüş tələbə bacım… (Dedikcə üstünə yeriyir)
E l m i n a. Dayanın! (Əli ilə onu sinəsindən saxlayır) Yaxın gəlmə! Hamısını bilirəm, ananı, bacını soxma gözümüzə. Bir şey fikirləşərəm.
M ü x b i r. Bəs mən?!
E l m i n a. (Qorxur) Nə mən? Nə istəyirsən? Mən sənin tərbiyəni dəyişə bilmərəm, bu sahədə təcrübəm yoxdur, bir oğlum var, onu da ingilislər tərbiyə edir.
M ü x b i r. Siz məni dolamısınız?
E l m i n a. Bəs onda… (Qorxur)
M ü x b i r. Mən sizi sevirəm!
E l m i n a. Onu bildik də, sevin, mən bunu qadağan eləyə bilmərəm.
M ü x b i r. Siz mənə gülürsüz, məni ələ salırsız, sataşırsız mənə… (Hönkürür)
E l m i n a. Yenə başladı ağlamağa.
M ü x b i r. Mən sizin üçün heç nəyəm? Zavallı, evsiz-eşiksiz mıxbirəm, mətbəxdən? Anası xəstə, bacısı… (Daha bərk hönkürüb Elminanı qucaqlayır, üzünü çiyninə söykəyib bütün bədəni ilə titrəyir. Bu, isterik, ümidsiz hönkürtüdür)
E l m i n a. (Ondan xilas ola bilmir) Axı… aman Allah, sakit olun…
M ü x b i r. (Üzü Elminanın çiyninə söykənmiş vəziyyətdə nalə çəkir) Siz məni ayaqlarınız altına salıb tapdayırsınız, ləzzət alırsınız… Niyə?.. Sizi sevdiyimə görə?
E l m i n a. Buraxın… Sakit olun… Çiynimi islatdınız…
M ü x b i r. Mən sevirəm…
E l m i n a. Axı… ağlaya-ağlaya… Belə sevgi olar? (Əlindən çıxır)
M ü x b i r. Bəli, mən belə sevirəm, ağlaya-ağlaya, hönkürə-hönkürə… Hələ harasıdır...
E l m i n a. Yaxşı, sakit olun, keçin ora üzünüzə su vurun, amma siz Allah çimməyin, rica edirəm. (Mobil telefonu zəng vurur) Ah, telefonu da söndürməmişəm, yadımdan çıxıb.
M ü x b i r. (Burnunu-üzünü masanın üstündəki süfrənin qulağına silə-silə) Kimdir ki?
E l m i n a. (Telefona baxır və diksinir) Aman Allah! Alu! Sən? Gördüyün kimi sağam, hələ ölməmişəm. Bəli, mən çox gözəl ölə bilərdim… Görünür qismət deyilmiş… Elədir… Qadının ağlı iti olmasa da, kişilərdən fərqli olaraq yaddaşı güclü olur… Əlbəttə, iki aydır təkəm, görünür, mən həmişə tək olmuşam.
M ü x b i r. Niyə təksən, mən adam deyiləm?
E l m i n a. Televizorun səsidir… (Müxbirə) Susun! (Telefona) Nə əcəb, nəsə yadından çıxıb qalıb?.. Bunu sən deyirsən?.. Bilmirəm, amma qadın su kimidir, axıb-axıb haradasa itməlidir, lap elə çaylar dənizə qovuşub itən kimi. Biganəyəm? Nə bilim, ola bilər… Niyə, buyur, gəl… (Telefonu söndürür) Sözə bax, deyir səsində sevinc hiss eləmirəm.
M ü x b i r. Odur?
E l m i n a. Gəlhagəlimdir, burda sən məhəbbətin şiddətindən hönkürtü çalırsan, o da orda məni heç cür unuda bilmir, guya mən demişdim unut məni.
M ü x b i r. Sevinirsən?
E l m i n a. Bilmirəm sevinim, ya kədərlənim, bir onu bilirəm ki, sakitəm, hətta buz kimiyəm: həyəcan, intizar, qorxu, sevinc, heç kədər də yoxdu. Doymuş maye kimiyəm.
M ü x b i r. Bəs sevgi, məhəbbət?
E l m i n a. Nə çox sual verirsən, intervü alırsan?
M ü x b i r. Bəs niyə dedin təksən? Məni saya salmırsan?
E l m i n a. Sən gedəcəksən. Köynəyin də ordadır, qapının ağzında.
M ü x b i r. Mən getməyəcəm.
E l m i n a. (Gülümsəyir) Mənə baxma, mən zəif qadınam, Onunla zarafat keçməz. O səni öldürər, uf da deməz.
M ü x b i r. (Qorxur) Öldürər? Niyə? Nəyə görə?
E l m i n a. Onun tapançası, cangüdənləri, nəhayət pulu var, göz yaşlarına da məhəl qoymaz. Xəstə ana, tələbə bacı mənim ürəyimi yumşalda bilər.
M ü x b i r. Qoy öldürsün! (Özünü kresloya salır) Onsuz da yaşamayacam, məni qovsan. Yaşaya bilmirəm. Heç olmasa ölümüm pulsuz başa gələr. Düzdür, bu sizin dediyiniz gözəl ölümdən olmayacaq, amma mənim nəyim gözəldir ki, ölümüm də gözəl olsun.
E l m i n a. Niyə, sən… yaraşıqlı kişisən, təzə qoyduğun bu bığ da tutur səni, yaraşır. Ona da çox oxşayırsan, amma sən…
M ü x b i r. Əfələm, fərsizəm, siz deyən kimi qüdrətli kişi deyiləm, eləmi?
E l m i n a. Cənab Şənol, yordun məni.

Qapının zəngi çalınır.

M ü x b i r. (Diksinir və həyəcanla) Odur?
E l m i n a. (Biganə) Gəldi. Belə yerdə deyiblər, bildir gedən bildirçin, hanı sənin bir qıçın?
M ü x b i r. (Həyəcanla) Qoy gəlsin!
E l m i n a. Gedim qapını açım? (Getmək istəyir, dayanır)
M ü x b i r. (Yerindən qopur) Bəlkə mən gizlənim? (Təlaşla yer axtarır) Harda? Harda gizlənim?
E l m i n a. Vurnuxma, otur! Səsini də çıxarma, heç qorxma da.
M ü x b i r. Axı o…
E l m i n a. Dedim, otur!
M ü x b i r. Siz… siz nə etmək istəyirsiniz? (Oturur)
E l m i n a. Ah, hər şey göründüyü kimi sadə olsaydı… (Müxbirlə üz-üzə oturur)
Qapının zəngi çalınır. Elmina əlini dodaqlarına yaxınlaşdırıb narahatlıq göstərən müxbirə susmaq işarəsi verir. Bir az çəkən sükut yaranır. Mobil telefon zəng çalır. Qadın telefonu götürüb söndürür. Yenə də qapının zəngi çalınır, bu zəng ara vermədən, işıqlar sönənədək davam edir və getdikcə güclənir. Səhnənin işığı tədricən azalır və sönür.
Pərdə.

İyul, 2004
XS
SM
MD
LG