Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:13

Əli Əmirli. M.S.S. – Mən səni sevirəm


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


M.S.S. – Mən səni sevirəm

(2 hissəli məktəb dramı)


Müəllimlər:
Sabah
Qətibə
Gülər
Valideynlər:
Zümrüd
Nəcəf
Mələk
Səkinə
Şagirdlər:
Orxan
Reyhan
Lalə
Tofiq
Səməd
Nazı
Marlen

BİRİNCİ HİSSƏ

Böyük pərdə açıqdır. Üstü müxtəlif həndəsi fiqurlar, riyazi tənliklər, düstürlar, fizikaya aid cihaz şəkilləri ilə dolu kiçik pərdə bağlıdır. Pərdənin çox yerində
müxtəlif xətlərlə «M.S.S.» yazılıb. Bu abbreviaturadan yazı taxtasında da var. Bir neçə yerdə «O+R=Love» yazısına da rast gəlmək olar. Tamaşa çox ritmik rəqs musiqisi ilə başlayır.

Kiçik pərdə qalxır. Sinifdir. Lalə, Səməd, Marlen və Nazı bu musiqi altında
coşqun rəqs edirlər. Hər kəs öz rəqsini oynayır. Köynəyi şalvarının üstündən salınmış, yaxası boğazına, qolları biləklərinədək bağlı, təzə tüklənmiş
çənəsində o saat bilinməyən xətt saxlamış Tofiq bir kənardan onlara tamaşa edir.
Oynamasa da rəqsdən məmnun olduğu hiss edilir.

Güclü zəng səsi eşidilir, musiqi kəsilir. Uşaqlar yerlərini tuturlar: 1-ci sırada Marlenlə
Nazı, 2-ci sırada Səmədlə Lalə, 3-cüdə Orxanla Reyhan, 4-cüdə isə Tofiq tək oturur.

L a l ə. İstiləndim (Çantasından pamada çıxarıb dodağına yaxır və Səmədə).Necədir?
S ə m ə d. Onsuz da qəşəngsən (Yanında oturur).
L a l ə. Qəşəng Nazadı, mən gözələm.
N a z ı. Mənim adım Naza deyil.
L a l ə. Neynək, qoy olsun Nazı, nənövün adı.
S ə m ə d. Nazı, sevin ki, nənənin adı Marlena olmayıb, yoxsa bu yazıq kimi bədbaxt olardın (Arxadan Marlenin kürəyinə şapalaq salır).
M a r l e n. Əlini, özündə saxla! Bəlkə Səbət yaxşıdı?
S ə m ə d. Əlbəttə yaxşıdı, amma səbət yox, Səməd Allahın doxsan doqquz adından biridir. İnanmırsan soruş molla Tofiqdən desin. Mən də gəlirəm o deyib qurtarınca(Qaçaraq gedir).
T o f i q. Bismillahirrəhmanirrəhim…
M a r l e n. Həri, bu saat deyəcək.
L a l ə. Hələ harasıdı, dəstamaz da alacaq bir söz deyincə (Öz sözünə gülüb uğunur).
T o f i q. Gülməyin, ağzınız əyilər.

Reyhanla Orxan gəlir.

L a l ə. Bu da Leyli-Məcnun!
R e y h a n. Lala, pamadan çox düşüb.
L a l ə. Eybi yox, bu gün heç kimlə öpüşməyəcəm.
N a z ı. Lalə, bəsdi də!
L a l ə. Oy, unutdum ki, burda başı bantlı baxça uşağı var.
O r x a n. Bu sinfi də bitirsəydik Lalə ərə gedərdi, o da dincələrdi, biz də.
L a l ə. Belə yerdə nənəm deyərdi ki, çaqqal var gödən yırtar, qurdun adı beddamdır.
R e y h a n. Nənən çox mürəkkəb deyib.
T o f i q. Allah rəhmət eləsin nənövə, çox düz buyurub.
S ə m ə d. (Gəlir). Tofiq, deyib qurtardın?
L a l ə. Tofiqə macal verdik ki, qurtarsın.

Sabah müəllimə gəlir. Bütün simasında bir nəciblik var.
Şagirdlər bir nəfər kimi ayağa qalxır.

S a b a h. (Sayğı ilə baxır uşaqlara) Əyləşin, təşəkkür edirəm. Bu gün sizi əməlli-başlı yordum. Bir gündə üç dərs dalbadal eyni müəllimi dinləmək də çətindir, görmək də.
L a l ə. Özü də ola riyaziyyat, fizika, həndəsə. Nənəm demiş zülümdü.
T o f i q. Allah rəhmət eləsin nənövə.
L a l ə. Ölənlərin rəhmətlik, Tofiq qardaşımız.

Hamı gülür. Sabah da gülümsəyir.

S a b a h. Fizika-riyaziyyatı deyə bilmərəm, amma məni gələn həftədən az-az görəcəksiz. (Sinifdən narazı uğultu keçir). Yaxşı gənc bir müəllimə bir müddət məni əvəz eləyəcək, tələbədir, təcrübəni bizim sinfimizdə keçəcək.
R e y h a n. Axı biz istəmirik.
U ş a q l a r . (Hamı yer-yerdən) Biz istəmirik.
S a b a h. Sakit! Hər şey biz istəyən kimi olmur. Keçək dərsə. (Yerinə keçməzdən əvvəl yazı taxtasına baxır). Bura da «emeses» yazılıb. Ölkədə bir ememes, esemes, nə bilim mesaj xəstəliyi yayılıb (Taxtanı silir).
S ə m ə d. O esemes deyil, müəllimə, telefona da dəxli yoxdur.
O r x a n. Səməd!
S ə m ə d. Susdum! (Əli ilə ağzını qapayır).
S a b a h. Hər nədi! Daş-divarı yazmaq yaxşı deyil. Qəzənfər müəllim əhəng-rəng almaqdan bezar olub.
L a l ə. Biz də o əhəngə-rəngə pul verməkdən bezar olmuşuq.
Hamı gülür.

S a b a h. Təəssüf ki, bəzən adam başqalarının əməllərinə görə qızarmalı olur.
R e y h a n. Siz heç kəsin əməlinə görə cavabdeh deyilsiniz.
S a b a h. Bir az dərinə getsək, Reyhan, mən də, siz də, elə onlar da ümumi bir günahın şərikləriyik.
O r x a n. Bəs pislə yaxşının fərqi yoxdur?
S a b a h. Əlbəttə var, amma pis çox pisdir, yaxşı isə, görünür kifayət qədər yaxşı deyil. Bu dünyada hər şey bir-birilə qırılmaz tellərlə bağlıdır. Səbəbsiz nəticə yoxdur, olmur. Bu uzun və çətin bir söhbətin mövzusudur, amma biz dərsə keçməliyik (Eynəyini taxıb jurnalı açır). Maraqlı mövzudur maqnit sahəsi, həm də asandır. Kimdən soruşaq? Kim çoxdandır dərsə cavab vermir?
L a l ə. (Yığışır, Marlenin arxasında gizlənməyə çalışır və Tofiqə pıçıldayır). Molla, çətinə düşəndə xristianlar xaç çevirir, bəs biz neyniyək?
T o f i q. Dərs oxuyaq, Lalə bacım.
S ə m ə d. Merlinin qiyməti yoxdur.
M a r l e n. Sən mollalıq eləmə! (Tofiqi göstərir). Biri bəs eləyir.
N a z ı. Sabah müəllimə, mən hazıram (Əlini qaldırır). Məndən soruşun.
L a l ə. Bəxtəvərin qızı, həmişə ayağı...tü!.. əli göydədi.
N a z ı. Lalə, qudurma, sözünə sərhəd qoy.
S a b a h. (Jurnalı örtüb ayağa qalxır və sinfə baxır). Lalə nə xaç çevir, nə Nazıya həsəd apar, dərs soruşmalı olmadım, sizə sözüm var.
N a z ı. Qorxmaq sənə qaldı.
L a l ə. Qorxub eləmədim, Molla Tofiqin duası cibimdədi.
Hamı gülür. Sabah da gülümsəyir.
S a b a h. Baxıram sizə, təəccüblənirəm: niyə müəllimlər sizdən şikayətlənirlər, hətta sevməyənlər də var.
L a l ə. Guya biz onları sevirik?
S ə m ə d. Biz müəllimləri yox, bir-birimizi sevirik.
L a l ə. (Səmədə) Bəs mən niyə hiss eləmirəm?
Hamı gülür.
S a b a h. Heç bu söhbətə başlamaq istəmirdim, amma eləməliyəm.
M a r l e n. Yuxarıdan təzyiq var?
S a b a h. Nə təzyiq? Məsələ təzyiqdə deyil, Marlen, bu bir... necə deyim ki, çox pafoslu alınmasın...
M a r l e n. (Nazıya) Demişdim sənə, Qətibə müəllimə şikayət eləyib bizdən.
S a b a h. Bu bir vicdan söhbətidir deyimmi...
N a z ı. (Marlenə) Vicdanın Qətibəyə nə dəxli?
S a b a h. Ya mənəviyyat, əxlaq məsələsidirmi? Bilmirəm, amma sizə lazımdır, elə mənim özümə də. Hərdən mövqelərimizi aydınlaşdırmalı oluruq.
L a l ə. (Səmədə) Mən heç nə başa düşmürəm.
S a b a h. Lalə, müəllimlər sizdən çox gileylənirlər.
L a l ə. Bizim daşımız ağırdır.
Hamı gülür.
S a b a h. Hamı da şikayətini mənə eləyir. Bəziləri də açıq-aydın deyir ki, mən pis sinif rəhbəriyəm, sizin öhdənizdən gələ bilmirəm.
R e y h a n. Sizdən yaxşı sinif rəhbəri var?
O r x a n. Siz dünyanın ən yaxşı müəllimisiniz.
S a b a h. (Gülümsəyir). Arqumentsiz fikir söyləmək riyaziyyatçıya yaraşmaz , Orxan Məcidzadə. Məgər sən dünyanın bütün müəllimlərini tanıyırsan? Həmişə elə fikir söylə ki, onu asanlıqla təkzib eləməyək.
O r x a n. Üzr istəyirəm.
S ə m ə d. Yaxşı sinif rəhbəri necə olmalıdır, Qətibə müəllimə kimi?

Sinifdən narazı uğultu keçir.

S a b a h. Qoy bu suala… Kim cavab vermək istəyir?
S ə m ə d. Tofiq! O bizim hamımızdan ağıllıdır, müdrikdir.
T o f i q. Mmmən… İstəmirəm.
R e y h a n. İlişəndə həmişə dili dolaşır, kəkələyir.
Hamı yer-yerdən «Tofiq» deyib qışqırır.
L a l ə. (Tofiqə) Dur də!
T o f i q. (Ayağa durur. Hamı gülüşünü boğub ona baxır) Bbbismillahirrəhmanirrəhim… (Sinifdən sıxılmış gülüşlər, pıqqıltılar keçir). Yaxşı siiinif rəhbəri də, yaaaxşı müəllim də, yaxşı iiinsan da allahını-peyğəmbərini tanıyan, ibadəti, namazı-dəstəmazı olan əsil müsəlmandır. Dini-imanı olmayan adamın öyrətdikləri ancaq fəsad yaradar.
S ə m ə d. Allah səndən razı olsun!
T o f i q. Vəssalam aleykum və bərəkətu (Sinifdən gülüş keçir). Allah sözünə gülənin ağzı əyilər, inşallah!
L a l ə. Tofiq, qarğış eləyirsən?
T o f i q. Bu qarğış deyil, xəbərdarlıqdır, Lalə bacım.
O r x a n. (Qalxır).Əsl sinif rəhbəri, Sabah müəllimə, sizin kimi olmalıdır. Biz sizi sevirik.
S a b a h. Mən etiraz eləmirəm, amma gəlin sevgi-məhəbbət etiraflarını maqnit sahəsi kimi qoyaq bir qırağa, məsələni bir qədər aydınlaşdıraq: Qətibə müəlliməni niyə incidirsiniz? (Sinifdən narazılıq uğultusu keçir). Niyə o həmişə sizdən şikayət eləyir? Səbəb nədir?
S ə m ə d. Səbəb çoxdu, müəllimə, incidən də biz deyilik, o özüdü.
O r x a n. Sabah müəllimə, axı siz hər şeyi bilirsiniz. Sizin də onu sevmədiyiniz lap uzaqdan görünür.
S a b a h. Məndən belə etiraf eşitmisiniz?
O r x a n. Etirafa nə ehtiyac? Siz onu sevə bilməzsiniz.
S a b a h. Amma bu heç kəsə ixtiyar vermir ki, sevgiyə, nifrətə görə hərəkət eləsin. Münasibətlərdə bir dözümlülük, tolerantlıq da olmalıdır.
T o f i q. Müəllimə, elə tolerantlıq yıxır də bizi. Camaat gəlib kilsə tikir burda, ona dözürük, amma meçidi uçurduruq. Dözümlülük, tolerantlıq elə müsəlman üçündür bəgəmləri?
M a r l e n. Nə danışsa gətirib bir ucunu dinə bağlayır.
T o f i q. Hhhəri… elə indi danışdıqlarımız dinsizliyin nəticəsi deyilmi, Marlen qardaşımız? Dini olsaydı hansı müəllim şagirdindən pul umardı? Hansı imanlı şagird rüşvət verərdi oxumamaq üçün?
R e y h a n. Əsas olan da elə Tofiq deyəndi. Qətibə müəllimə nəinki bizə, heç öz peşəsinə də hörmət eləmir, əksinə, həmişə müəllimliyi pisləyir. O bizə də, məktəbə də gəlir mənbəyi kimi baxır. Bu, adamı iyrəndirir.
S ə m ə d. Sonra da ədəbiyyatın təbliğ-tərənnüm etdiyi yüksək ideallardan danışıb olan-qalan ətimizi də tökür. O danışanda şəxsən mən utanıram.
L a l ə. Sinifdə qalan şagirdin danışığına bax. Orxandan yaxşı qurur cümləni.
S ə m ə d. Mən sənə görə qalmışam sinifdə, bir partada oturmaq üçün.

Uşaqlar gülüşürlər.

S a b a h. Deyəsən məsələ çox ciddidir.
N a z ı. Hanı Nərmin, bir aydı dərsə gəlmir, heç kəs də qayib qoymur, hələ qiymətləri də yazılır, öz-özünə.
L a l ə. Nərmin niyə gəlsin, Qətibə müəllimə kimi bibişkası var. Oturub evdə repetitorlarla məşğul olur. Ona lazım olan dərsləri oxuyur.
N a z ı. Biz bir gün gəlməyəndə aləm dəyir bir-birinə.
O r x a n. Nazı, ona deyirlər ikili standart. Özü də Avropa standartları səviyyəsində.
S a b a h. Siz əsl ittihamçı kimi danışırsınız.
R e y h a n. Sizi isə müdafiəçi rolunda görmək istəməzdik.
L a l ə. Özü də kimi, rüşvətxoru, yalançını, məktəbi marketlə qarışıq salan bir… Lənət şeytana de də, Tofiq!
S a b a h. Susun, xahiş edirəm, susun… Halım lap xarab oldu. (Heysiz stula oturur) Boynuma alım ki, bu söhbəti sizinlə aparmaq istəmirdim, mənim üçün sizin dediklərinizi eşitmək ağırdır. Amma bir reallıq da var axı, onun üstündən belə asanlıqla keçə bilməzsən. Onunla hesablaşmağa məcbursan.
O r x a n. Yox, müəllimə, siz bizə başqa şeylər öyrətmisiniz, amma siz özünüz də bəzən öyrətdiklərinizə xəyanət eləyirsiniz.
R e y h a n. Orxan! (Qolundan dartır).
O r x a n. Nərmin üçdən artıq qiymətə layiq deyil, amma siz də o biri müəllimlər kimi beş verirsiniz ona. Hər saxta beşi yazanda sizin necə əzab çəkdiyinizi biz açıqca görürük. Onda mənim sizə rəhmim gəlir.
S ə m ə d. Qudurma, ala!
T o f i q. Bu gün beş verirlər, sabah qqqızıl medal, o biri gün… Bbbəs, hanı Qətibə müəllimənin bizə öyrətmək istədiyi düdüdü…
L a l ə. Düzlük?
T o f i q. Hə-hə-həəə…
L a l ə. Həqiqət?
T o f i q. Ə-ə-əddd…
L a l ə. Ədalət?

Hamı gülür.

T o f i q. Siz də deyirsiniz gı-gı-gı…
L a l ə. Adə, danışa bilmirsən sus də! (Hamı gülür). Bu dillə səndən molla olar?
Yenə də ümumi gülüş.
S a b a h. Sakit olun! Yaxşı ki, siz hər şeyi öz rəngində görə bilirsiniz, düzgün qiymətləndirirsiniz. Mənim üçün ağır olsa da etiraf edirəm ki, siz haqlısınız, amma mən öz həmkarlarımı müzakirəyə çıxarmaq istəməzdim.
N a z ı. Ona görə biz sizi sevirik.
S a b a h. Siz öz ittihamlarınızda haqlısınız, amma hər şeyin kökünə baxmaq lazımdır, allah insanı zəif yaradıb.
R e y h a n. Siz həmişə əksini deyərdiniz.
S a b a h. Şadam ki, dediklərimi unutmursunuz. Zəif deyəndə mən insanın nəfsini nəzərdə tuturam.
T o f i q. Allah-təala kitabında buyurur: və xuliqal-insani zəifə… Mən insanı zəif yaratdım.
S a b a h. Tək quranda deyil, bütün müqəddəs kitablarda insanın nəfsi ilə mübarizəsi önə çəkilir. Nəfsinə qalib gələn insan kamillik yoluna qədəm qoyur.
T o f i q. Allah sizdən razı olsun, müəllimə! Necə mübarək sözlər deyirsiniz.
S a b a h. (Gülümsəyir). İnsanın maddi ehtiyacları yaxşı ödənməyəndə nəfsi daha güclü olur, o, insanı dalınca çəkib aparır, haram yanına, pis yola.
O r x a n. Demək istəyirsiniz Qətibə müəllimənin maddi ehtiyacı yaxşı ödənsə, rüşvət almaz?
S a b a h. Gəlin özümüzdən danışaq, məsələni konkretləşdirməklə bəsitləşdirməyək. Biri rüşvət verir, biri alır... Bu alver səviyyəsində olan primitiv, ibtidai münasibətlər səbəb deyil, nəticədir. Hamı kimi olmağın, sürü psixologiyasının nəticəsi. Çətindir sürüdən ayrılmaq, şəxsiyyətin saflığını qorumaq, ləyaqət gözləmək. Ala qarğa olmaq çətindir, bunu mən hər addımda, oz praktikamda hiss eləyirəm. Səni sənin kimi olmayanlar daima dimdikləyirlər, əzirlər, sındırırlar, satın almağa çalışırlar. Tabe olmadığını görüb, nəhayət məhv edirlər. Amma bir həqiqət də var: mənəvi təmizliyini saxlamağı bacaran insan daha böyük zövq alır həyatdan, belə insanlar bütün hallarda qalibdirlər, çünki onlar haqqın, həqiqətin yanındadırlar. Haqq isə heç vaxt məğlub olmur, qələbə onun mahiyyətindədir.
M a r l e n. Amma həyat başqa şey göstərir: haqq özü gücün tərəfindədir.
S a b a h. Deməli, o haqq deyil, görüntüdür. Çalışın şərə tabe olmayın, heç bir qiymətə satılmayın, sürüyə uyğunlaşmayın, çoxun fikri həmişə haqlı olmur, hətta əksini deyə bilərdim. Ruhunuzun qayğısına qalın, onu öyrənin, qəlbinizə baxın, heç bir məqamda ona tüpürməyin.
O r x a n. Siz bizim konkret sualımıza cavab vermədiniz.
S a b a h. Özü burda olmayan adam haqqında pis danışmaq qeybətdir. Ümumiyyətlə, keyfiyyətindən asılı olmayaraq hər bir insanın toxunulmazlıq hüququ var, ona ehtiyatla, həssaslıqla yanaşmaq lazımdır
O r x a n. Mən bilən elə azadlıq da burdan başlayır.
S a b a h. Əlbəttə! Azadlıq elə şəxsiyyətin toxunulmazlığından başlayır. Hüquqi sivil cəmiyyətdə hər bir şəxsiyyətin iç dünyası onun özünə məxsusdur. İngilislər havayı yerə demirlər ki, mənim evim mənim qalam, istehkamımdır. O qalanın qapısı hamının üzünə açıq deyil.
S ə m ə d. Bəs o toxunulmaz şəxsiyyət, məsələn, müəllim rüşvət alırsa onda necə?
S a b a h. Təbii ki, rüşvət alan peşəsindən asılı olmayaraq cinayətkardır, amma rüşvət verənin günahı daha böyükdür. Belələri qanunu ayaqlayıb üstündən keçmək istəyənlərdir. Bu gün cəmiyyətimizdə sosial müdafiəsi ən zəif olan təbəqə müəllimdir. Çox təəssüf ki, millətin, xalqın bu gününə, gələcəyinə işləyən müəllim ehtiyacla, rüşvətlə sınağa çəkilir. Bu sınaqdan şərəflə, üzüağ çıxmaq çox çətindir.
L a l ə. Ah, mənim gözlərim yaşardı.
S a b a h. (Sərt) İstəsən gülə də bilərsən, Lalə xanım, amma bununla vəziyyət dəyişməyəcək, hər rübün sonunda anan yenə də məktəbə gəlib hansısa müəllimi sınağa çəkəcək.
N a z ı. Oxusun, anası da gəlməsin.
S ə m ə d. Bir-sıfır Nazının xeyrinə!
M a r l e n. Siz Qətibə müəllimədən varlısınız?
S a b a h. Müəllim ailəsi varlı ola bilməz, amma bu kasıblıq deyil, kasıb gözü doymayandır.
M a r l e n. Deməli, zəngin deyilsiniz, bəs niyə rüşvət almırsınız?
R e y h a n. Ehtiyacınız yoxdur?
L a l ə. Ən çətin dərslər də sizindir. Gör nə qədər… (Ağzını yumur).
T o f i q. Əuzi billahi minəş şeytanir-rəcim!
S a b a h. Başa düşdünüz Tofiq nə dedi? İlahi, şeytanın şərindən sənə sığınıram.
O r x a n. Onu bizə Tofiq tez-tez deyir, müəllimə, amma şəxsən mənim üçün də bunu bilmək çox vacibdir: niyə siz rüşvət almırsınız?
S a b a h. (Kiçik pauzadan sonra). Səbəb çox sadədir: mən müəlliməm!

Sinfə bir anlıq sükut çökür.

S ə m ə d. Buna görə sizi alqışlamaq lazımdır.
S a b a h. Rüşvət almamaq qəhrəmanlıq deyil, Səməd, adi həyat normasıdır. Onu alqışlamağa ehtiyac yoxdur.

T o f i q. (Vəcdlə) Allah sizdən razı olsun, müəllimə!
R e y h a n. Biz sizi sevirik!
O r x a n. Divarlarda nə qədər boş yer varsa hamısına emeses yazacağıq!
S a b a h. Yaxşı, sevirsiniz sevin, amma divarların nə taqsırı var?
O r x a n. O sirrdir, açılması tezdir.
S ə m ə d. Onun zamana ehtiyacı var.
N a z ı. Marlen, sən niyə danışmırsan??
S ə m ə d. Çünki o bizim kimi düşünmür, qoşulmağa sürü axtarır.
M a r l e n. Heyvan özünsən! Mənim həyat haqqında öz qənaətlərim var.
S ə m ə d. Pah, Marksla Leninin adını götürmüsən, elə bilirsən onlar kimi ağıllısan?
M a r l e n. Ay adam, niyə qanmırsan ki, nə Marksın, nə də Leninin mənə dəxli yoxdur. Mən babam Marlen kişinin adını daşıyıram, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Marlen Zorməmmədovun. Bu adla da fəxr eləyirəm.
T o f i q. Yaxşısı budur sən o kafir adını at, ol Məhəmməd.
M a r l e n. Kafir sənin aşyeyən mollalarındı!
S ə m ə d. Marlen Zorməmmədov! Adam nə qədər xiyar olmalıdır ki, bu ad-familiya ilə yaşaya bilsin, hələ fəxr də eləsin.
M a r l e n. Vaxt gələr salaram yadına bu sözlərini, elə hamınızın. Mənimlə bir sinifdə oxuduğunuzu fəxrlə qohum-qardaşınıza deyəndə. Hamınız fəxr edəcəksiniz. Sən də Orxan Məcidzadə.
O r x a n. Nədi, prezident olacaqsan?
M a r l e n. Beş-on günə bu məktəbdən ayrılırıq, ay bədbaxtlar, gələcəyinizi düşünün. Nə düşmüsünüz bir müəllimənin üstünə?
L a l ə. Aaa… biz düşmüşük, o?
M a r l e n. Sən sus, Lalə, səndə ictimai təfəkkür yoxdur.
L a l ə. (Sinəsini qabardır). Məndə hər şey var, sən görmürsən.
Hamı gülür. Sabah uşaqların deyişməsinə maraqla qulaq asır.
M a r l e n. Uymayın sözə, romantikaya. Düzlük, ədalət, mərdlik, nə bilim namus, şərəf, ləyaqət… Dünyamıza real gözlə baxın. Həqiqəti axtarmağa vaxt sərf eləməyin. İşdir tapsanız, onun nə qədər kifir, çirkin, üzgün olduğunu görüb qorxarsınız. Hələ ədaləti demirəm, qarnı belinə yapışıb.
L a l ə. Onda yalan nə gündə olar?
M a r l e n. Yalan şou ulduzları kimi bərli-bəzəkli, makiyajlı-şinyonlu, nazlı-qəmzəli bir qızdır, bax elə sənin kimi, Lalə xanım. İndi bir ağlınıza vurun, ey mənim monqol qardaşlarım, çirkin həqiqət, beli əyilmiş ədalət yaxşıdır, yoxsa Lalə kimi gözəl yalan?
L a l ə. Əlbəttə mən!
Hamı gülür.
O r x a n. Gülməyin uşaqlar, ağlamaq lazımdır bunun halına(Marleni göstərir). O Qətibə müəllimənin qurbanlarından biridir. İnanmayın ona!
M a r l e n. Özünüz bilərsiniz, mən sizə həqiqəti dedim.
R e y h a n. (Marlenə) Bu sənin həqiqətindir, özünə də oxşayır.
S ə m ə d. Müəllimə, bəlkə hər kəsin öz həqiqəti var?
.
S a b a h. Məgər mən demədim? Perelman nüfuzda Nobel mükafatından geri qalmayan əsrin riyaziyyat mükafatından imtina elədi. Həqiqət naminə!
O r x a n. Doğrudan da hər kəsin öz həqiqəti var.
S a b a h. Elə deyil, Səməd, bu vicdanı elastik insanların hər bir haqsızlığa, hətta cinayətlərə bəraət qazandırmaq üçün uydurduğu yalandan başqa bir şey deyil. Həqiqət nə Marlenin dediyi kimi çirkindir, nə də Reyhanın dediyi kimi şəxsidir ki, yiyəsinə oxşasın. Mütləq həqiqət heç kəsə, heç nəyə tabe deyil. Gözəl yalana gəldikdə isə, Marlen Zorməmmədov, həqiqətən o sizin şou ulduzları kimidir, uzaqdan çox parlaq, yaraşıqlı, yaxından isə çirkindir.
M a r l e n. Bəs o gözəl həqiqəti biz niyə görə bilmirik?
T o f i q. Həqiqət Allah yanındadır, imansızlar onu görə bilməzlər.
M a r l e n. Sənin terrorist həqiqətin mənə lazım deyil.
T o f i q. Mürtəd!
S a b a h. Yaxşı, mən bilən biz bir-birimizi başa düşdük. Yekun olaraq: ən gözəl məsləhətçi hər kəsin öz vicdanıdır, onun səsinə qulaq asın, o deyən kimi hərəkət eləyin.
O r x a n. Əgər vicdanın səsi adamı Marlen deyən yola çəkirsə, onda necə olsun?
S a b a h. Deməli, o, vicdanın səsi deyil…
T o f i q. Şeytanın səsidir. Lənət olsun onun özünə də, adına da, yolunu tutanlara da! (Marleni göstərir).
Zəng vurulur. Sabah jurnalı götürür. Uşaqlar ayağa qalxır.
Kiçik pərdə enir.

Orxan gəlir. Əlində bir şüşə su var. Ora-bura baxır,
kimisə gözlədiyi hiss olunur. Telefonunu çıxardır, baxır, nömrə yığır.
Birdən gələn Reyhanı görüb qabağına yeriyir.

O r x a n. Nə yaman tələsirsən?
R e y h a n. Tələsmirəm, becid yeriyirəm.
O r x a n. Becid nədi, ingiliscədir?
R e y h a n. Yox bir, yaponca? Becid tez deməkdir, bakılıların sözüdür.
O r x a n. Birinci dəfədir eşidirəm.
R e y h a n. Hardan eşidəcəksən, yerazsan də.
O r x a n. Yeraz yox, qərbi azərbaycanlı, bu bir, ikincisi və ən əsası – bunun nəyi pisdir?
R e y h a n. Mən demədim bu pisdir, faktı qeyd elədim.
O r x a n. Bəs telefona niyə cavab vermirdin, bayaqdan neçə dəfə yığmışam?
R e y h a n. Bilirdim sənsən, özün də burda dayanıb məni gözləyirsən.
O r x a n. Su içirsən?
R e y h a n. Yox, acmışam, evə gedirəm.
O r x a n. Bəlkə gedək kafeyə?
R e y h a n. Nə danışırsan? Anam öldürər məni.
O r x a n. Elə bil hirslisən… mənə? Nəsə olub?
R e y h a n. Heç nə! Bizə zəng eləyəndə danış, səsini çıxart.
O r x a n. Mən? Mən… sizə zəng eləyirəm. Mobili qoyub evə zəng eləyəcəm?
R e y h a n. Mobildə sənin nömrəni görəcəm də, ay çukça. Onda necə susa bilərsən?
O r x a n. Mənim gizli nömrəm də var.
R e y h a n. Bilirik, imkanlarınız genişdir.
O r x a n. Əlbəttə genişdir, yerazam də, bə! Özü də Naxçıvan motoru ilə.
R e y h a n. Yaxşı ki, kamaz deyilsən.
Hər ikisi gülür və bir-birlərinə çox yaxın dayanırlar.
R e y h a n. (Bir növ oğlanın nəfəsini dinləyir). Bax telefonda da nəfəsin az qala kəsilir, indiki kimi. O saat bilirəm ki, sənsən.
O r x a n. Nəfəsimdən?
R e y h a n. Anam da soruşur ki, kimdi, niyə danışmır?
O r x a n. Bəs sən nə deyirsən?
R e y h a n. Mən düzünü deyirəm.
O r x a n. Yəni nə deyirsən?
R e y h a n. Deyirəm hələ dili tamam açılmayıb, danışa bilmir (Gülür).
O r x a n. (Qızın əlindən tutur). Bəs o nə deyir?
R e y h a n. Nə tutmusan məni suala? Deyir eybi yox, bir sinifdə oxuyursunuzsa ondan təhlükə gəlməz.
O r x a n. Nə təhlükə? (Birdən başa düşür). Təhlükə gəlməz? Niyə gəlmir?
R e y h a n. (Gülür). Uşaqdı deyir. (Qəhqəhə ilə gülür). Uşaq…
O r x a n. Mənəm uşaq? (Qəfil öpür).
R e y h a n. Oy! (Diksinir, əli ilə yanağını tutur). Sən məni öpdün?
O r x a n. Öpdüm!
R e y h a n. Bir də…
O r x a n. (Sevincək) Bir də? (Öpmək istəyir).
R e y h a n. Orxan! Neynirsən?
O r x a n. (Təəccüblə) Demədin bir də?
R e y h a n. Durak! Deyirəm bir də elə iş tutsan bilirsən neynərəm?
Qətibə müəllimə gəlir. Xeyli yaraşıqlı, zövqlə, amma bir qədər
ekstravaqant geyimli qırx yaşlarında iddialı qadındır. Onları görüb
ayaq saxlayır, bir növ busur.
O r x a n. Neynərsən?
R e y h a n. Neynərəm? Əslində bu yerdə qız oğlana yaxşı bir şillə vurmalıdır.
O r x a n. Onda vur! (Üzünü şillə üçün tutur). Qoy hər şey sən istəyən kimi olsun. Vur! (Gözlərini bərk-bərk yumur).
R e y h a n. Qorxursan?
O r x a n. Vur də!
R e y h a n. Hazır ol!
O r x a n. (Hövsələsiz) Tez elə!
Reyhan Orxanın şillə üçün tutduğu yanağından çox ehtiyatla öpür. Oğlan
gözlərini açıb heyrət və sevinclə qıza baxır.
O r x a n. Sən məni öpdün?
R e y h a n. İstəmirdin?
O r x a n. İstəyirdim... (Qıza lap yaxın dayanır). Yenə istəyirəm.
R e y h a n. Mən də... (Gözlərini yumur).
Orxan qızı ehmalca qucaqlayıb dodaqlarından öpür.
Q ə t i b ə. Bərəkallah!
Öpüşənlər diksinib aralanırlar. Qətibə onlara yaxınlaşır. Orxan Reyhanın
əlindən tutub özünü irəli verir, bir növ qızı müdafiə etməyə hazır dayanır.

Q ə t i b ə. Əhsən! Bravo! Romeo-Cülyetta qələt eləyər yanınızda. Bərəkallah, Reyhan xanım, halal olsun, deyilmişcə varsan.
R e y h a n. Burax! (Əlini Orxanın əlindən qoparıb qaça-qaça səhnədən çıxır).
O r x a n. Reyhan! (Qətibəyə) Siz nə haqla...
Q ə t i b ə. Mane oldum?
O r x a n. Reyhan! (Dalınca qaçır).
Q ə t i b ə. Nə hayasız qızdı! Günün günorta çağı, müəllimin gözünün qabağında sarmaşıb oğlana. Yaxşı deyiblər, anası çıxan ağacı balası budaq-budaq gəzər (Tələsik gedir).


Orxangilin evidir. Xeyli zəngin interyer ev sahibinin geniş maddi imkanlarından xəbər verir. Qəfil varlanmış adamları xatırladan Nəcəf mobil telefonla danışır. Orxan da mobil telefonla danışa-danışa futbola baxır, hiss olunur ki, danışdığı kimdirsə o da futbola baxır. Zümrüd əsəbləri həmişə tarımda olan qadınlar kimi nəsə toxuyur, eyni zamanda çiyni ilə tutduğu mobil telefonla danışır. Hər üçü bir-birinə dəxli olmayan adamlar kimi öz aləmlərindədir. Nə danışdıqları eşidilməyə də bilər.

N ə c ə f. Köpəy oğlu idiot! Əlbəttə o həmişə tülkü kimi xəlvət... Lənət sənə şeytan! Onu kim qaldırıb o mərtəbəyə, kimin çörəyini tıxır o? Neynək gətirərəm burnundan.
Z ü m r ü d. (Telefona) Yox aaa… heç üzünə baxmaram. O da bir işdi…
O r x a n. Gördün? Ayaqları dolaşır bir-birinə…
Z ü m r ü d. Həri, Antaliyada tanış olmuşduq, oteldə yanaşı otaqlardaydıq. Allah eləməsin, kimdi indi Antaliyaya gedən? Onda dəbdə idi. Yox e, öz villam hər yerdən rahatdı. Həri, onda gözümüz təzə açılırdı…
N ə c ə f. (Hirslə) Köpəyoğlu idiot!
O r x a n. (Qəfil qışqırır). Qol! Gördün necə mıxladı? Sayılmır? O nə deyir, Səməd? Orda avsayd vardı?
N ə c ə f. Orxan, nə bağırırsan?
Z ü m r ü d. Oğlum, bura stadion deyil.
O r x a n. Nə axmaq hakimdi! Xiyardı də.
N ə c ə f. Belini qıracam onun, bankrot eləyəcəm. Elə bilir öz kölgəsində yatıb.
Ev telefonu zəng vurur.
Z ü m r ü d. Oğlum, telefona cavab ver.
O r x a n. O telefon mənlik deyil.
Z ü m r ü d. Sən allah, bağışla, Nənəş, böyük telefondu, görüm kimdi, sağ ol, qızın üzündən öp, de ki, o mənimdi, ağlı özgə yerə getməsin... Həri... əlbəttə...
Telefon zəng vurmaqda davam edir.
N ə c ə f. Zümrüd, eşitmirsən, telefon dağıtdı özünü? (Mobilə) Sabah gəl yanıma, yox, əsas ofisə, orda olacam.
Z ü m r ü d. (Dəstəyi qaldırıb səhnənin önünə gəlir). Bəli, Məcidzadənin evidir. Bəli, Zümrüd xanımdır. Əlbəttə tanıyıram, bu nə sözdür, bizim müəllimlərə hörmətimiz var.(Orxana baxır). Nə olub ki?.. Nə danışırsınız? Axı… Bu elə gözlənilməz… Kimin anası?.. Restoranda? Neynir ki, orda? Aaa… elə… Əlbəttə, əlbəttə… Sağ olun, təşəkkür edirəm… (Telefonu sinəsinə basıb hələ də televizora baxan Orxanı süzür və kresloya çökür).
O r x a n. (Qışqırır) Qol! Gördün effekti? Bu fantastikadır, Səməd, axırıncı saniyədə...Yavaş, ala, qulağım partladı… Sabah görüşərik. Yek!
N ə c ə f. Oturub dərslərinə baxsan, bundan min pay yaxşıdı. (Donub qalmış Zümrüdə) Mən bunun dərs oxuduğunu görmədim heç. Eşitmirsən, Orxan?
O r x a n. Eşidirəm, atacan.
N ə c ə f. Deyirəm bu gün-sabah məktəbi bitirirsən, institut da açıb ağzını əjdaha kimi.
O r x a n. Hansı ağzını?
N ə c ə f. Necə yəni hansı ağzını?
O r x a n. Əjdahanın üç başı olmur, atacan? Soruşuram hansı ağzını açıb?
N ə c ə f. (Gülür). Zümrüd xanım, bu uşaq bizi ələ salır, bu mən ölüm bizi dolayır.
O r x a n. Niyə ələ salıram, Nəcəf müəllim, informasiyanı dəqiqləşdirirəm.
N ə c ə f. A kopolu, çəkdin hazırcavablıqda rəhmətlik dədəmə. Kənddə hərəyə bir qotaz qoşardı. (Zümrüdə). Sən niyə dik qalmısan, az, o faciə qəhrəmanı arvad var ey, adı nədi, ə, onun?
O r x a n. Medeya?
N ə c ə f. Ə, yox, zəhləm Medeyadan gedir, bir erkəyə görə uşaqlarını öldürür. Mən deyən ayrısıdı, qeyrətli gəlindi... ə, o qardaşının ortalıqda qalmış ölüsünü basdırmaq istəyir ey, adı nədi, ə... dilimin ucundadı ey, Əntiqadı-nədi... (Qəfil) Antiqona! Sən öl, hələ ədəbiyyat dərsi çıxmayıb yadımdan. İndi (Gülür) bu da telefonu basıb bağrına, guya indi monoloq deyəcək. Kimdi zəng eləyən, Zümrüd xanım? Zümüş xanım... Eşitmir,ə!
Z ü m r ü d. Eşidirəm, Nəcəf, hər şeyi eşidirəm.
O r x a n. (Televizoru söndürür) İstəyəndə oynaya bilirlər. Mənimlə işiniz yoxdusa mürəxxəs olum, əziz valideynlərim?
N ə c ə f. İndi də gedirsən internetə, eləmi?
O r x a n. Bəli, atacan, bir müddət hörümçək toruna ilişmək fikrim var. Onda özümü bütün dünyaya inteqrasiya olunmuş kimi hiss edirəm. (Baş əyib gedir).
N ə c ə f. Qəşəng danışır kopolu! Bu yaşda mən belə danışa bilmirdim. Qoy məktəbi bitirsin göndərəcəm bunu İngiltərəyə. (Gərnəşir). Niyə dillənmirsən, Zümüş xanım, gedəkmi yatmağa? (Qımışır)
Z ü m r ü d. Səninki də yatmaq olsun? Müəlliməsiydi zəng eləyən. Qətibə müəllimə, ədəbiyyat.
N ə c ə f. Qətibə? İndi belə ada rast gəlməzsən, yadındadı «Qılınc və qələm» romanındakı Qətibə?
Z ü m r ü d. Bu da ondan geri qalmaz, intriqada.
N ə c ə f. Nə deyirdi ki?
Z ü m r ü d. Dilim də gəlmir deməyə, Nəcəf?
N ə c ə f. Niyə, ayrı vaxt adama macal vermirsən söz deməyə, indi nə olub?
Z ü m r ü d. O boyda holdinqin rəhbərisən, amma yerazsan ki, yeraz.
N ə c ə f. (Gülür) Nədi, yoxsa yeraz sənə pis baxır? (Qəfil qucaqlayır).
Z ü m r ü d. Bəsdi, Nəcəf! Burax, nökər-qulluqçu görər.
N ə c ə f. Yaxşı, buraxdım, di döşə gəlsin.
Z ü m r ü d. Orxan qızla görüşür.
N ə c ə f. Nədi, deyirsən Orxan qızla yox, oğlanla görüşsün?
Z ü m r ü d. Nəcəf, biznesə göstərdiyin ciddiyyətin onda birini oğluna göstər.
N ə c ə f. Yaxşı, danış görək nə olub? Görürəm əsas məsələni hələ deməmisən. Nə qızdı, kimin qızıdı, haralıdı?
Z ü m r ü d. Kimin qızıdı?! Atası məlumdu ki, biləm kimin qızıdı? Anası da… rəqqasə.
N ə c ə f. Balet oynayır? Xalq artistidi?
Z ü m r ü d. Nəcəf, balet olsa dərd yarıydı, bu oriyental oynayır.
N ə c ə f. Oriyental nədi? Göbək rəqsi?
Z ü m r ü d. Həri, göbək rəqsi, restoranlarda oynayır.
N ə c ə f. Afərin, Orxan Məcidzadə, afərin!
Z ü m r ü d. Hələ bu harasıdır, Nəcəf, onlar günün-günorta çağı küçənin ortasında, müəllimənin gözünün qabağında öpüşürmüşlər.
N ə c ə f. O Qətibənin gözünün qabağında?
Z ü m r ü d. Həri, əvvəl qız öpüb oğlanı, sonra oğlan qızı, sonra da…
N ə c ə f. (Sözünü kəsir) Qətibə öpüb hər ikisini?
Z ü m r ü d. Nəcəf, Qətibənin bura nə dəxli var? Oğlan, yəni Orxan qızın dodağından öpüb, öpüşüblər. Mat qalmalı işdir, Nəcəf.
N ə c ə f. Nahaq təəccüblənirsən, Zümrüd xanım, sevişəndə öpüşərlər, qucaqlaşarlar, hələ demirəm ki…
Z ü m r ü d. (Sözünü kəsir). Nəcəf! Bütöy məktəb bilir, müəllimlər xəbər tutub.
N ə c ə f. O Qətibə informasiya agentliyində işləyir?
Z ü m r ü d. Elə bilirsən, canı yananlıqdan zəng eləmişdi? O heç sevincini gizlətmirdi, əlinə girəvə düşüb, uşağı ləkələyəcək ki, qızıl medalı qardaşı qızına verdirsin.
N ə c ə f. Kimin qardaşı qızına?
Z ü m r ü d. Öz qardaşı qızına. Orxanla bir sinifdə oxuyur. Tupitsanın yekəsidir. O da namizəddir medala.
N ə c ə f. Medal mənim boynuma, puluna minnət!
Z ü m r ü d. Nə danışırsan, Nəcəf? Orxan bilsə ki, medal işində sənin əlin var, dünyanı dağıdar.
N ə c ə f. Neynək, o dağıtmaq istədiyi dünyanın yumruğu burnuna dəyəndə yüyürər üstümə. Sən də ağlayıb-sıtqama, zəng elə o burcudan arvada qızının ipini çəksin, bilsin ki, biz onun tayı deyilik, qoy gedib ayrı yerdə burcutsun. Lazım gəlsə sponsorluq da eləyərik.
Z ü m r ü d. Nəcəf, mən ona zəng eləyim? O şou milləti bilmirsən nə tayfadı? Jurnalistlərə bir göbək elər ki, bütün qəzetlər bizdən yazar. Sən o arvadı qatma işə, Orxanın özüylə danış bir ata kimi, başa sal ona hər şeyi yerli-yataqlı, yoxsa bağrım çatlar.
N ə c ə f. Sən bağrını gözlə hələ evlənib-boşanan yoxdur. Cavandı də, bəlkə elə əylənir.
Z ü m r ü d. Nəcəf, onun qızla əylənən vaxtıdır?
N ə c ə f. (Mobil telefonu götürür). Bura gəl… Əlbəttə evdəyəm… Yox, bu saat gəl!
Z ü m r ü d. Gedim çay gətirim.
N ə c ə f. Çay vaxtıdı, Zümrüd xanım? Aləmi qarışdırıb əkilmə.
Z ü m r ü d. Leksikonuna fikir ver, Nəcəf, bura ofis deyil, mən də katibə.
O r x a n. (Gəlir). Bu da mən!
Z ü m r ü d. Mən… (Getmək istəyir).
N ə c ə f. Zümrüd xanım, axı dedim əkilmə… yəni getmə, bu uşaq həm də sənindir.
O r x a n. Uşaq! Bəlkə bəbək deyəsiniz? (Gülür).
N ə c ə f. Nədi, uşaq deyilsən, bəs nəsən? Qızlarla gəzirsən, eşqbazlıq eləyirsən, elə bilirsən böyüksən, kişisən? Budu sənin verdiyin tərbiyə, Zümrüd xanım?
Z ü m r ü d. Yenə mən oldum günahkar?
O r x a n. Axı nə olmuşdur? Tərbiyənin bura nə dəxli var, anacan? Atacan mənim suçum nə?
N ə c ə f. Hələ dolayır da bizi.
O r x a n. Dolamaq niyə, Nəcəf müəllim, mən qeyzlənməyinizin səbəbini soruşuram. (Oxuyur). Allahım, nədir günahım?..
Z ü m r ü d. Orxan, mama qurban…
O r x a n. Ah, anacan? Çox pərişan görürəm sizi.
Z ü m r ü d. Orxan, gülmə, məsələ çox ciddidir.
N ə c ə f. Sən sus, Zümrüd xanım, sən artıq sözünü demisən. İndi növbə mənimdi. (Qəfil) Orxan, sənin sevişən yaşındır?
O r x a n. Yaşın nə fərqi var, atacan?
N ə c ə f. Bərəkallah! Buyur, Zümrüd xanım, bu da sənin tərbiyə verdiyin uşağın atasına cavabı! İstehza eləyir, sitatla danışır.
Z ü m r ü d. Dayan, Nəcəf, sən sakit söhbət eləyə bilmirsən. (Orxana) O arvada qulaq asma oğlum, yaşın çox fərqi var.
N ə c ə f. Arvad kimdi, Zümrüd xanım, qızın anasını deyirsən?
Z ü m r ü d. Nə arvad, Nəcəf, qızın bura nə dəxli var?
O r x a n. Bax yenə dolaşdırdınız bir-birinizi, çaşdırdınız. Tək-tək danışın. Anacan, söz sizindir, bizdə analara hörmət var, axı cənnət anaların ayaqları altındadır.
Z ü m r ü d. Çox sağ ol, oğlum, amma sənin qızlarla maraqlanmağın tez deyilmi?
O r x a n. Aman allah! Bunu demək üçün bu qədər söz, həyəcan? Bunu elə o saat deyə bilməzdinizmi, anacan?
Z ü m r ü d. Orxan…
O r x a n. Anacan, sizə elə gəlmirmi ki, mənim şəxsi işimə qarışırsınız, hüququmu pozursunuz? Axı şəxsiyyət toxunulmazdır.
N ə c ə f. Dolayıb, ə, bu bizi... Orxan, bəlkə biz səni yox, sən bizi əkib doğmusan?
Zümrüd. Aaa... bu nə sualdı verirsən uşağa, Nəcəf?
N ə c ə f. Nədi, çətin sualdı?
Z ü m r ü d. Guya Orxanı kimin doğduğu məlum deyil? Düz bir həftə ağrı çəkdim, öldüm ölümlərdən qayıtdım, qoymadım keserovo eləsinlər. O vaxtdan düz on səkkiz il keçib...
O r x a n. On yeddi.
Z ü m r ü d. Həri, on yeddi il , amma mən hələ də o doğuşun təəssüratları altındayam. Hər Orxanı görəndə...(Kövrəlir, danışa bilmir).
N ə c ə f. Allah üzümüzə baxıb ki, gücün bir dəfə doğmağa çatdı, yoxsa təəssüratlar içərisində boğulmuşduq.
O r x a n. Adam sizə qulaq asanda bilmir gülsün ya ağlasın?
N ə c ə f. Gül, oğlum, hələ gülən vaxtındı.
Z ü m r ü d. Oğlum, mən səni çox yaxşı başa düşürəm, oğlanın qızla dostluq eləməsi qəbahət deyil…
O r x a n. Mən də elə düşünürəm, anacan.
N ə c ə f. Bəs həmin oğlanla qızın müəllimin gözünün qabağında öpüşməsi necə, Zümrüd xanım? O da qəbahət deyil?
O r x a n. (Diksinir). Ata!
N ə c ə f. Nədi, niyə atacan demədin bə? O necə qızdır ki, küçədə, camaatın gözünün qabağında oğlana sarmaşır?
Z ü m r ü d. Nəcəf!
O r x a n. Ata, sən…
N ə c ə f. Mən yox, sən! Qız tapıb oğlum! Atası naməlum, bic, anası da, budu haaa… gəlir burcuda-burcuda. (Göbək rəqsini imitasiya eləyir).
O r x a n. Ata, mən sənə nifrət eləyirəm!
N ə c ə f. Nifrət? Mənə?
O r x a n. (Gözlərindən yaş sıçrayır). Sənə! Sənə!!!
Nəcəf Orxana karlı bir şillə vurur. Orxan kresloya düşür.
O gözləmədiyi zərbədən çaşqındır.
Z ü m r ü d. Nəcəf!
N ə c ə f. (Zümrüdü kənara itələyir və çaşqın qalmış Orxana). Köpəy oğlu idiot! Sən mənə, atana nifrət eləyirsən? Bir… bir... paçal qıza görə?
Z ü m r ü d. Əlin qurusun, Nəcəf! (Nəcəfi qırağa çəkə bilir). Orxan, mama qurban… (Şillə yerinə əl vurmaq istəyir). Əlin qurusun, Nəcəf, necə qıydın balama? (Hönkürür).
Orxan qəfil anasının əlindən çıxır və qaçaraq gedir.
Z ü m r ü d. Orxan! (Dalınca çıxır). Orxan!
N ə c ə f. Qudurub köpəyoğlu… (Peşmanlığı hiss olunur). İt oğlu!
Dəhşətli maşın qıjıltısı eşidilir.
Z ü m r ü d. (Gəlir). Nəcəf, qaytar onu, özünə xətər yetirəcək, maşını divara vuracaq… (Halsız kresloya düşür).
N ə c ə f. Hər şeyin baiskarı sənsən, Zümrüd. Guya biz sevişməmişik bu yaşda? Niyə çıxıb yadından? Neçə yaşındaydın mən səni aparanda?
Z ü m r ü d. Qaytar uşağı, Nəcəf, partlayacaq ürəyim (Ürəyini tutur).
N ə c ə f. Durduğumuz yerdə… (Telefona) Orxan getdi… acıq eləyib qaçdı… maşında… nə bilim hansında? Qaraja bax də! Gözdən qoyma, çalış evə gətir, tələs… (Telefonu bağlayır). Köpəy oğlu idiot! Mənə nifrət eləyir.
Z ü m r ü d. Sən də tutma sözün ucundan, o hirsindən dedi. Bilmirsən, söz götürən uşaq deyil. Öz oğlunla dil tapa bilmirsən.
N ə c ə f. Taqsırkar mənəm də, Zümrüd xanım? Öpüşən o, müəlliminə rişxənd eləyən o, mənə, doğma atasına nifrət eləyən o! Günahkar da mən?
Z ü m r ü d. Bilmirəm günahkar kimdir, tez elə uşağı qaytar evə, yoxsa öldürrəm özümü(Gedir).
Nəcəf telefonda nömrə yığır.
İşıq sönür.

Zəng vurulur. Sinifdir. Uşaqlar yerlərini tuturlar. Səs-küydür.
S ə m ə d. Uşaqlar, sakit! Rica edirəm, dinləyin. (Sakitlik çökür. Guya dinşəyir). Odur! Onun kabluklarının səsidir: bir az əsəbi, bir az hikkəli, bir az da səksəkəli. Səs yaxınlaşır, qapı açılır, o, içəri daxil olur.
Səməd sözünü bitirən kimi qapı açılır, Qətibə müəllimə əlində sinif jurnalı gəlir.
Q ə t i b ə. Salam! (Siniflə üz-üzə dayanır, hamının ayağa qalxmasını gözləyir). Qalxın! Qalx, Səməd bəy, sənə də aiddir. Lalə, bir-bir deyim? Belini düzəlt, qırılmaz, qorxma.
L a l ə. (Pıçıldayır). Öz belin qırılsın.
Q ə t i b ə. Donquldanma, sözün var, açıq de. Bax belə! İndi əyləşin. (Öz yerinə keçir və sinif jurnalını açır, nəsə yazır).
S ə m ə d. (Pıçıldayır). Hamı başını aşağı salsın!
O r x a n. Niyə?
S ə m ə d. Bu etirazın təzə formasıdır.
Q ə t i b ə. Sakit! Kim gəlməyib? Sinif nümayəndəsi!
M a r l e n. (Müəllimin qabağına kağız qoyur). Gəlməyənlərin siyahısıdır.
R e y h a n. İçxəbər!
Q ə t i b ə. (Siyahıya baxır). Nə çox gəlməyən var?
M a r l e n. Nərmini yazmamışam.
Q ə t i b ə. Onun icazəsi var.
L a l ə. (Pıçıldayır) Dekretə çıxıb.
Sinifdən xısın gülüş keçir.
Q ə t i b ə. Keçək dərsimizə! (Ayağa qalxır). Bu nədir, başınızı niyə sallamısınız aşağı? Eyib işiniz var, yoxsa bar gətirmisiniz, ağırlıq eləyir? Marlon! Sinif nümayəndəsi!
M a r l e n. (Ucadan, aydın) Marlen!
Q ə t i b ə. Nə olub? (Partaların arası ilə gəzir, Marlenin yanında ayaq saxlayır). Sən də başını aşağı sallamısan? Nədi, Nazı? Boynun başını saxlaya bilmir? Raxit xəstəliyinə tutulmaq gecdir mən bilən. Səməd, bəlkə sən bilirsən, təcrübən böyükdür, iki ildir bir sinifdə qalırsan. Hə, molla Tofiq, bəlkə bir bismillah eləyəsən düzəlsin bunların boynu, elə səninki də?
T o f i q. Əstafurullah!
Q ə t i b ə. Qaldır başını, Marlon!
M a r l e n. Mənim adım Marlendir, Qətibə müəllimə.
Q ə t i b ə. Bəs mən nə deyirəm?
M a r l e n. Üzr istəyirəm, Qətibə müəllimə, mən sizə Qotiba müəllimə desəm xoşunuza gələr?
Q ə t i b ə. Əlbəttə yox.
M a r l e n. Adım təhrif olunanda mənim də xoşuma gəlmir.
S ə m ə d. (Pıçıldayır) Qotiba!
Sinifdən sıxılmış gülüş keçir.
Q ə t i b ə. Siz hələ gülürsünüz də? Orxan Məcidzadə və Reyhan xanım, sizin başınızı aşağı salmanızın səbəbi mənə məlumdur. Bəs bu qalanlara nə olub? Onlar ki... Yaxşı, bu sonranın söhbətidir. (Sərt) Qaldır başını, Merlin, sən sinifkomsan.
M a r l e n. Lənət şeytana! (Ayağa qalxır) Bilirsiniz...
Q ə t i b ə. Əlbəttə bilirəm, əyləş, iyirminci əsr Azərbaycan ədəbiyyatında romantizm asan mövzu deyil, amma istəsəniz, çox çalışsanız öyrənə bilərdiniz. İstəmirsiniz, çalışmırsınız. Başınız qarışıb esemesə, telefona, internet-çatlara, feysbuka, nə bilim, sevgi-məhəbbətə, dərs çıxıb yaddan. (Jurnala baxır). İlin axırıdır, gör neçə adamın qiyməti yoxdu.
L a l ə. (Yığışıb Marlenin arxasında gizlənir). Belə dur, adə!
Q ə t i b ə. Lalənin taxta qarşısına çıxdığı mənim yadıma gəlmir.
S ə m ə d. Mənim də.
L a l ə. (Səmədə bir dürtmə vurub başını qaldırmadan) Hazır deyiləm.
Q ə t i b ə. Təzə söz de, onu çox eşitmişəm. Ayağa dur! (Lalə qalxır). Niyə hazır deyilsən, səbəbini de.
L a l ə. Dərs çox çətindi, başıma girmədi, vaxtım da olmadı.
Q ə t i b ə. Yalan danışırsan, özü də çox asanlıqla. (Ona yaxınlaşır) Makiyaja, pamadaya vaxtın çatır, dərsə yox?
L a l ə. Pamadanı Nərmindən almışam.
Q ə t i b ə. Otur! Özün də yalan danışma. Nərmin pamada çəksə dodaqlarını qopardaram.
T o f i q. Əstəfurullah!
Q ə t i b ə. Bilmirəm nəyə, kimə arxayınsınız? Bəlkə pulunuz çox düşüb?
S ə m ə d. Keçdik əsas məsələyə.
L a l ə. Anam gələcək də yanınıza.
Q ə t i b ə. Sənin əvəzinə anan danışacaq romantizmi?
L a l ə. İndi bir şey danışar də.
Q ə t i b ə. (Qeyri-ixtiyari gülür). Hirsimdən gülürəm. Dərs oxumaq, müəllimə qulaq asmaq əvəzinə şayiələr uydurursunuz. Sənin ananı mən çağırıram məktəbə, Lalə xanım? Dərsini oxu gəlməsin də! Mən kimi məktəbə dəvət eləmişəm, Nazı?
N a z ı. Mən? Mən… (Ayağa qalxır).
Q ə t i b ə. Otur! (Jurnala baxır). Orxan! Çıx qabağa. (Yazı taxtasına baxır). Kim yazıb bu emesesi? Hara baxırsan, bu üç hərfdi. Ağılları ancaq buna çatır. (Taxtanı çevirir). Bura da yazıblar. Məktəb deyil ki, sevgi-məhəbbət yuvasıdır. Hə, Orxan bəy? Sinfin lideri! Sənsən də bunların başbiləni? Gəl danış romantizmi, bu sənə doğma mövzu olmalıdır.
O r x a n. İcazə verin sizin dərsinizdən gedim.
Q ə t i b ə. Nə tez? Hələ nə demişəm ki? Əyləş!
O r x a n. Mən sizin dərsinizdə oturmayacam. (Getmək istəyir).
Q ə t i b ə. Bəs niyə gəlirdin?
O r x a n. Bunu sizə demək üçün! Mən sizin dərsinizdə iştirak etmək istəmirəm. (Getmək istəyir).
Q ə t i b ə. Dayan! Bu cəsarətin səbəbi mənə yaxşı məlumdur, amma ata da olsa başqasına güvənmək kişiyə şərəf gətirməz.
O r x a n. Siz yanılırsınız, mən ancaq özümə güvənirəm, özümə də inanıram.
Q ə t i b ə. Axı nə olub, mənə qarşı təşkil olunmuş bu mənfi münasibətin səbəbi nədir? Bu nə qiyamdır? Merlin, sən sinif nümayəndəsisən, hər şeyi bilməlisən.
O r x a n. Niyə Marlon, mən özüm deyəcəm.
M a r l e n. (Deyinir). Nə tutublar Merlin, Marlon, nə bilim Monro…
O r x a n. Sizin dediklərinizlə əməlləriniz bir-birindən yüz səksən dərəcə fərqlidir.
Q ə t i b ə. Sən bunu nədə görürsən?
O r x a n. Hər əməlinizdə. Siz bizi ələ salır, lağa qoyur, təhqir edirsiniz.
L a l ə. İyrəndim ey bu məktəbdən!
S ə m ə d. Siz şagirdlərdən rüşvət alırsınız.
Q ə t i b ə. (Sarsılır). Siz dəli olmusunuz? Siz bilirsiz nə deyirsiniz? Bu iyrənc böhtana görə mən sizi məhkəməyə verə bilərəm.
T o f i q. Bəəəlkə o məhkəmədən qalib çıxdınız. Bəs Allah məhkəməsi necə olsun?
M a r l e n. Uşaqlar, ağ eləməyin də! Dərs oxumursunuz, havayı da qiymət istəyirsiniz? Bir az realist olun də!
R e y h a n. Bizim hisslərimizi çirkaba batırırsınız.
O r x a n. Şəxsi həyatımıza qarışırsınız.
L a l ə. (Pıçıldayır). Özü min oyundan çıxır direktorla… (Bərkdən) Ağzımızı açdırır ey…
S ə m ə d. Niyə Nərmin dərsə gəlmir?
L a l ə. Qoy elə gəlib realizmi o danışsın də. Üç aydır yoxdur, bəlkə dekretdədir?
S ə m ə d. Heç kəs də ona qayib qoymur, hələ özü gəlmədən, dərs danışmadan beş də yazdırırsınız.
N a z ı. Biz bir gün gəlməyən kimi…
S ə m ə d. Mühasibat işə düşür.
T o f i q. Bismillahirrəhmanirrəhim! Dinimizə-imanımıza sayğısızlıq göstərirsiniz, mürtəd şairlərin allahsız şeirlərini tədris edirsiniz, əzbərlətdirirsiniz. Adamın ağzı əyilər, müəllimə anamız. Vəssalam aleykum və bərəkətu!
R e y h a n. Bütün bunlar azmış kimi hələ evimizə telefon açıb bizi şantaj edirsiniz. Nə ixtiyarla?
Q ə t i b ə. Nəhayət susun! Sus, Reyhan, sus! Bu ittihamların hamısı yalandır, böhtandır. Bilirəm kimlərin işidir, bu təşkil olunmuş qiyam. Sizə dil verənləri də tanıyıram. Kim oxumaq istəmir gəlməsin məktəbə, gedin direktorla danışın, axı hər şeyin bir sivil yolu var, özbaşınalıq deyil ki?
L a l ə. Bilirik o nə sivil yoldur. (Pıçıldayır). Günü üç manat.
Q ə t i b ə. Siz oxumursunuz oxumayın, amma qalanlara mane olmayın. Axı burda Merlin...
M a r l e n. (Ucadan tənə ilə). Mar-len!
Q ə t i b ə. Bəli, Marlon, Nərmin, Nazı kimi oxumaq istəyən uşaqlar var. Niyə onlara mane olursunuz?
N a z ı. (Ayağa qalxır). Mənə heç kəs mane olmur.
Q ə t i b ə. Otur aşağı, az! Buna heç kəs mane olmur. Ona görə hər rübün axırı anan yanımı kəsdirir?
N a z ı. Yalandır! Mən özüm çalışıram…(Ağlayır).
Q ə t i b ə. Məktəbliyə yaraşmayan tərbiyəsiz hərəkətlər görürəm. Öz gözlərimlə görməsəydim, Reyhan xanım, inanmazdım.
O r x a n. Siz sevgiyə tərbiyəsizlik kimi baxırsınız?
Q ə t i b ə. Mən gördüyüm sevgi deyildi, tərbiyəsizlikdi!
R e y h a n. Amma mənim fikrimcə tərbiyəsizlik, siz deyən kimi, sivil yolla şagirddən rüşvət almaqdır, riyakarlıqdır.
Q ə t i b ə. Mən sənin yerinə olsaydım, səsimi də çıxarmazdım, yer yarılsaydı yerə girərdim. Axı sən küçədə... Lənət sənə şeytan!
T o f i q. Mmmin lənət!
R e y h a n. Amma mən susmuram, heç kəsdən də çəkinmirəm. Qoy hamı bilsin: mən Orxanı sevirəm (Yaxınlaşıb mat-məəttəl qalmış Orxanın üzündən öpür. Sinifdən heyrət və heyranlıq nidası keçir. Qətibə əlini üzünə aparır). Gördünüzmü? Əgər bunu etiraf eləməyə Orxan Məcidzadənin cəsarəti çatmırsa, bu onun öz problemidir! (Çantasını götürüb çıxanda müəllimənin yanında ayaq saxlayır). Bundan sonra danışmağa sözünüz çox olacaq, lap ölənəcən! (Sürətli addımlarla gedir).
Hamı heyrət içindədir. Gözlər çaşqın vəziyyətdə qalmış Orxana yönəlir.
Orxan baxışlara dözməyib yerindən qopur və sinifdən çıxır.
Q ə t i b ə. Bundan sonra o pozğun qızı sinfə buraxmaq olar?
S ə m ə d. Siz niyə təhqir edirsiniz?
N a z ı. Sevmək pozğunluqdur? Məcnun, Leyli, Romeo, Cülyetta əxlaqsızdırlar?
Q ə t i b ə. Nazı xanım, hiss edirəm ki, sənin də məhəbbət problemin var, bu barədə az sonra! Sənin sualına gələndə isə, Məcnunu, Leylini deyə bilmərəm, amma Cülyetta əxlaqsız idi, özü də lap yekəsindən.
M a r l e n. Uşaqlar, həyat ayrı, ədəbiyyat ayrı. Məcnunun da, Romeonun da, elə qızların da ataları milyonçu idilər, nə etsələr keçirdilər onlara. Elə Orxanın da...
Q ə t i b ə. (Marlenin sözünü kəsir). Bəsdir! Durun gedin, bundan sonra mən dərs deyə bilmərəm, gedin siz də avaralanın! (Əlləri ilə başını tutur).
Uşaqlar çıxırlar, axıra Marlen qalır. O da bir qədər tərəddüddən sonra
qapıya yönəlir.
Q ə t i b ə.(Başını qaldırmadan). Səndəmi, Brut?
M a r l e n. Brut yox, müəllimə, Marlen.
Q ə t i b ə. Fərq eləməz...
M a r l e n. Axına qarşı üzmək məğlubiyyətə bərabərdir, müəllimə. Sizin sözünüzdür (Gedir).
Kiçik pərdə enir.
Coşğun rəqs musiqisi. Uşaqlar bir-bir gəlib rəqsə qoşulurlar. Tofiq namaz xalçasını yerə sərir və namaza dayanır. Reyhan yoxdur. Orxan telefonda nömrə yığa-yığa gəlir, hiss olunur ki, bu işlə çoxdan məşğuldur. Nəhayət telefonu bağlayıb rəqsə qoşulur. Onun rəqsi indi daha fərqlidir: əsəbi, coşğun, bir qədər də çaşqın.

S ə m ə d. (Dayanır). Bəsdirin!
Musiqi kəsilir. Uşaqlar dayanır. Bir Tofiq öz işindədir.
O r x a n. (Tofiqə işarə ilə) Yenə kayfdadı.
L a l ə. Durub beləsinə ərə gedəsən. Adamı elə namaz üstdə...öldürər. (Qulağını çəkir). Kiş-kişlər olsun...
M a r l e n. Bir qulağı burdadı, Lala, ehtiyatlı ol!
T o f i q. (Narazılıqla). Allahu əkbər!!!
S ə m ə d. Qorxun, bəd dua eləyər.
T o f i q. (Ucadan). İlahiamin! Ya rəbbülaləmin, sən bütün imansızları dinə gətir! (Namaz xalçasını büküb çantasına qoyur) Allah hamınızdan razı olsun.
M a r l e n. Molla, olmaz evdə qurasan bu namazı?
T o f i q. Namazı qurmazlar, a mürtəd, qılarlar, allah keçsin günahlarından. Xeyli qəza namazım yığılıb, gərək ramazanacan bitirəm.
N a z ı. Uşaqlar, biz neynədik? Orxan? Axı hər kimdi, necədi, müəllimdi.
L a l ə. Əcəb elədik! Neçə ildir yazıq anamın qanını sorur, zəli kimi.
S ə m ə d. Qoy bilsin ki, şagird həm də şəxsiyyətdir. Çelovek zvuçit qordo!
M a r l e n. Ala, iki ay qalıb məktəblə qudbaylaşmağa, indi qandın ki, şəxsiyyətsən? Qoyun bu zibildən sakitliklə çıxaq də.
S ə m ə d. Məktəbi zibilə çevirən elə sənin kimi zibillərdir.
M a r l e n. Zibilə sən daha çox oxşayırsan.
L a l ə. Pulumuz qudurdub onu. (Dodağına pamada çəkir). Pamadam girib gözünə.
N a z ı. Dərsini oxu, pul da vermə. Özün də yığışdır pamadanı, gecə barında deyilsən, tərbiyən olsun.
L a l ə. Oy öldük! Bəlkə sənin kimi başıma bant bağlayım? Qonşumuzun qızı səndən bir yaş balacadı, ay yazıq, iki oğlu, bir qızı var, beş-altı ilə də nəvəsi olacaq, inşallah!
T o f i q. Bbbəs nədi, qız nə qədər tez getsə, bir elə yaaaxçıdı, Nazı bacım.
S ə m ə d. Bu da Nazını bişirir, bismillah deyə-deyə.
T o f i q. (Gülümsəyir). Ay mürtəd!
L a l ə. Biz də burda oturub inşa yazırıq: Mən vətənimi sevirəm. Camaat ərini sevir, biz də vətəni.
T o f i q. Kim istəsə kəbinini kəsə bilərəm, din-şəriət qaydasıyla, Lalə bacımız.
L a l ə. Sən onu, molla, mənə yox, Orxanla Reyhana de, mənim namizədim yoxdu.
M a r l e n. Onlara kəbin-zaqs lazım deyil, onlar qrajdanski brakda yaşayırlar, özü də realiti-şouda olduğu kimi.
Orxan qəfil Marlenin üstünə atılır. Süpürləşirlər. Qızlar qışqırışır. Səməd
araya girib onları aralayır. Marlenin burnu qanayır.
N a z ı. Orxan, neynədin, burnun qanatdın?
O r x a n. Dilini saxlamasa cırıq-cırıq eləyəcəm onu.
L a l ə. (Marlenə) Adə, vuruşa bilmirsən, dilini saxla də! Həm döyülürsən, həm söyülürsən. Ala mənim dəsmalımı. (Dəsmalı Marlenin burnuna sıxır). Başını əy.
M a r l e n. (Dəsmalı burnuna sıxır). Neynək, qalsın qulluğunda, Orxan.
S ə m ə d. Prezident olanda hayıfını çıxacaq.
T o f i q. Lənət şeytana deyin! Barışın getsin… Biz hamımız Məhəmməd hümməti, din qardaşıyıq.
S ə m ə d. Elə din qardaşları qırmır bir-birlərini?
T o f i q. Allah şeytana lənət eləsin!
S ə m ə d. Merlini incitməyin, qədrini bilin, yaxşını tanımaq üçün pisə də ehtiyac var. (Marlenin başından öpür).
L a l ə. Uşaqlar, o biri dərslərə də getməyək.
N a z ı. Orxan, nə oldu sənə, niyə danışmırsan?
M a r l e n. Nə danışsın? Reyhan Sevil çadrasını Balaşın üzünə çırpan kimi sözləri Qətibə müəllimənin üzünə çırpıb da getdi. Romeo isə qorxdu.
O r x a n. Bayaqkı az oldu?
S ə m ə d. Ah, yavrum… (Orxanı çiynindən qucaqlayır) Reyhan kimi mələksima bir nazənin hamının yanında mənə «ay lav yu» deyib, üzümdən öpsəydi, mən nəinki Marleni, lap Qətibəni də sevərdim, hələ Qəzənfəri müəllimi demirəm.
O r x a n. İndi nə deyirsən durum Marlonun prişikli üzündən öpüm?
S ə m ə d. Yox, elə iş eləmə, camaat səni pis başa düşər.
Hamı gülür.
T o f i q. Uşaqlar, cihad eləmək lazımdır.
L a l ə. Cihad nədi, molla, terror?
T o f i q. Cihad terror deyil, Lalə bacım, terror lənətə gəlmiş qərbin islama iftirasıdır. Cihad müsəlmanın haqsızlığa, ədalətsizliyə, cəmiyyətə, lap özünə qarşı etirazıdır, üsyanıdır. Bizim cihadımız isə ikiüzlü, rüşvətxor, yalançı müəllimlərə, o dinsiz-imansız Qətibə müəllimə kimi insanlara qarşı olmalıdır.
L a l ə. Nazı, fikir verdin, heç kəkələmədi. Adə, sən ki aratorsan!
M a r l e n. Ay yazıqlar, siz vicdansızlar görməmisiniz, rüşvətlərdən xəbəriniz yoxdur. İndi bədbaxt bir müəllimin acından ölməmək üçün aldığı qəpik-quruşa rüşvət deyirsiniz?
T o f i q. Biz gördüklərimizdən başlamalıyıq, Məhəmməd!
N a z ı. Təzə adın mübarək, Marlon!
S ə m ə d. Yox, bu ad ona yaraşmır, elə Merilin yaxşıdır.
O r x a n. Bəs bu cihad nə şəkildə olmalıdır, molla? Piket eləyək, mitinqə çıxaq?
T o f i q. Ərizə yazaq direktora.
S ə m ə d. Pah! Qətibə müəllimədən Kamran müəllimə ərizə?
L a l ə. Mənim yardan yara şikayətim var.
T o f i q. Onda bir az da yuxarı yazaq, nazirə. Yazaq ki, Qətibə müəllimənin bizə dərs deməsini istəmirik.
M a r l e n. Molla, sənin də başın xarab oldu? Deyərlər istəmirsən xoş gəldin!
S ə m ə d. Deməzlər, Marlon Brando, indi başqa zamandı, qəzet var, jurnalist var, hələ Avropa Şurasını demirəm. Qəzetlərin manşetinə çıxır: «Şagirdlər üsyan edir!»
L a l ə. Getdikcə inanıram ki, Səməd mənə görə qalıb sinifdə. Yoxsa bu başla...
O r x a n. Molla, super ideyadır. Mən bu cihada qoşuluram.
N a z ı. Orxan, bu təhlükəli deyil?
O r x a n. Bu bizim hüququmuzdur, Nazı.
S ə m ə d. Mən də qoşuluram bu cihada.
M a r l e n. Uşaqlar, Tofiqə qulaq asmayın, o fanatikdir, vahabidir. Vapşe islamın axırı aqressiyadır, terrordur.
T o f i q. Allah o sözü deyənə lənət eləsin! İlahamin!
O r x a n. Kim ərizəyə tərəfdardır, əlini qaldırsın.
Marlendən başqa hamı əlini qaldırır.
S ə m ə d. Əksəriyyət razıdır.
T o f i q. Bbbəs, kim yaaazacaq ərizəni!
O r x a n. Mən yazacam, elə indi! Nazı, kağız-qələm ver.
N a z ı. (Həvəslə) Bu saat! (Kağız-qələm verir). Al, Orxan.
S ə m ə d. Yaz: hörmətli, rüşvətxor və əxlaqsız cənab direktor!
N a z ı. Mane olma, Səməd, Orxan necə yazmağı hamıdan yaxşı bilir.
S ə m ə d. Ooo… pardon, Naza xanım.
L a l ə. Naza, nahaq yerə zəhmət çəkmə, Orxanın qəlbində ikinci qıza yer yoxdur.
N a z ı. Lalə, sən… axmaqsan!
L a l ə. Axmaqdan eşidirəm.
M a r l e n. Qızlar, sevgi çox xırda və ötəri hissdir, onun üstündə savaş açmağa dəyməz.
O r x a n. Bu da bizim ərizəmiz!
M a r l e n. Oxu görək nə yazmısan?
N a z ı. Sən ki qol çəkməyəcəksən.
«Oxu», «Oxu» səsləri eşidilir.
T o f i q. Bismillah de, sonra…
O r x a n. (Skamyanın üstünə çıxır). Bismillah! «Şagirdlər arasında ayrı-seçkilik saldığına, tədris etdiyi fənnin təbliğ etdiyi mənəvi keyfiyyətləri öz əməlləri ilə təhqir etdiyinə görə bizə ədəbiyyatdan dərs deyən Qətibə müəllimənin başqası ilə əvəz edilməsini tələb edirik.
M a r l e n. Ərizədə tələb edirik yazmazlar.
S ə m ə d. Xeyr, biz tələb edirik. Di qol çəkin!
N a z ı. Elə indi, belə tez?
O r x a n. Hə, indi qol çəkməliyik. Bu mən! (Qol çəkir).
S ə m ə d. Bu da mənim qolum.
T o f i q. Bismillah! (Qol çəkir).
L a l ə. Bax gülməyin, uşaqlar, mən birinci dəfədir qol çəkirəm. (Çəkir).
N a z ı. Marlen qaldı.
M a r l e n. Bəs sən özün?
N a z ı. Çəkim?
L a l ə. Çürükçüdü də bu qız!
S ə m ə d. Keç irəli, Naza, çək! (Qələm verir). Qol çək, Balaş!
N a z ı. (Qələmi götürür). Əlim əsir… Orxan…
L a l ə. Şəkil çəkmirsən ey, qol çəkirsən. Bir «nı» yaz, quyruq qoy, vəssalam!
N a z ı. (Çəkir) Bu «nı», bu da quyruğu! Çəkdim!
O r x a n. Super!
N a z ı. Doğrudan, Orxan?
S ə m ə d. Ey, Marks, axına qarşı üzmə! Bu kimin sevimli sözüdü?
O r x a n. Əlbəttə, onun sevimli müəlliməsi Qotiba xanımın.
Hamı gülür.
M a r l e n. (Ərizəni alıb baxır və birdən qol çəkir). Mən onun sözünə əməl elədim.
L a l ə. Qaldı Reyhan! Bəlkə sən özün çəkəsən, Orxan!
O r x a n. Lalə, istəyirsə çəkərəm.
S ə m ə d. Olmaz, o saat deyərlər ki, ərizə saxtadır.
N a z ı. Biz qonşuyuq də. Zəng eləyərəm, gəlib çəkər, ya da… sabahı gözləyək.
L a l ə. Elə ki o getdi, sabah gəlməz dərsə.
O r x a n. (Ərizəni Nazıya verir). Möhkəm saxla, düşmən əlinə keçməsin.
T o f i q. Taaarixi sənəddir.
N a z ı. Heç kəs onu məndən ala bilməz.
T o f i q. Cihad, ya Əli! Cihad, ya Hüseyn! (Kövrəlir və yaşarmış gözlərini silir).
N a z ı. Elə qorxuram.
O r x a n. Heç nədən qorxma, onlar qorxacaqlar bizdən.
M a r l e n. Uşaqlar, Sabah müəlliməylə məsləhətləşmək lazımdır.
O r x a n. Yox, onu bu işə qatmaq olmaz.
S ə m ə d. Uşaqlar, bir şərtə əməl etməliyik. Ərizə nazirliyə verilənəcən hər şey sirr altında qalmalıdır. Eşitdin, Marlon?
M a r l e n. Get özünə!
S ə m ə d. Razısınız?
H a m ı. Razıyıq!
S ə m ə d. Onda əlinizi verin, sağ əlinizi (Əlini açıq tutur. Uşaqlar əllərini onun əlinin üstünə qoyurlar). Sirri açana nifrət!
H a m ı. Nifrət!
S ə m ə d. Yarı yoldan qaçana nifrət!
H a m ı. Nifrət!
S ə m ə d. Satqına ölüm!
H a m ı. Ölüm! Ölüm!! Ölüm!!!

Çılğın musiqi. Uşaqlar əlləri bir-birinin üstündə musiqinin taktı altında dingildəyirlər və birdən əlləri götürüb coşgun rəqsə başlayırlar. Bu, əvvəlki rəqslərdən fərqlənir. Burda hər kəs istədiyi kimi deyil, eyni rəqs quruluşuna – xoreoqrafiyaya uyğun rəqs edir.

İşıq sönür.
I hissənin sonu.
İKİNCİ HİSSƏ

İstəyi ilə imkanları üst-üstə düşməyən, dəbdəbəni yamsılayan, zahiri parıltısı çox olan zövqsüz interyerli otaqdır. Pərdə ritmik ərəb musiqisi altında açılır. Mələk uzun yubkada və əyninə kip oturmuş sinəsi və kürəyi çox açıq qara maykada rəqs eləyir. Kifayət qədər gözəl qadındır. Yaşı qırxa yaxındır. Əslində bu məşqdir. O güzgüdə baxa-baxa hərəkətlərini tənzimləyir. Rəqs bir müddət davam edir.
Qapının zəngi çalınır. Musiqi kəsilir və Mələk dəsmalı götürüb tərini qurulaya-qurulaya qapıya gedir.

M ə l ə k. Gəldim! (Səhnə arxasına keçir). Qızımdır, duzumdur, gözümün işığıdır. (Qapını açır). Reyhan? Oy, sən allah bağışla, elə bildim qızımdır. Gəl, gəl, içəri gəl. (Qabaqda Mələk, dalınca bir qədər sıxıla-sıxıla Orxan gəlir). Gəl, sıxılma, öz evindi.
O r x a n. Mən…
M ə l ə k. Bilirəm, Orxansan, şəklini görmüşəm, Reyhan göstərib təzəlikcə. Düzmü tapdım? Orxansan də?
O r x a n. Bəli, düz dediniz, Orxanam, Məcidzadə. Reyhanla bir sinifdə oxuyuruq.
M ə l ə k. Məcidzadə. Yaxşı familiyadı, atan da tanınan adamdı. Bilirəm, hər şeydən xəbərim var.
O r x a n. Reyhan dərsə gəlmir, telefonu da bağlıdır…
M ə l ə k. İnciyib səndən, vapşe Reyhanın xasiyyəti tünddür, o mənim kimi üzüyola deyil, tərsdir. Heç mənim sözümə baxmır.
O r x a n. Evdə yoxdur?
M ə l ə k. İndi gələr, çörəyə göndərmişəm. Birovuz oturma, sərbəst ol, rahat otur, indi çay içəcəyik.
O r x a n. Çox sağ olun, mən çay içmirəm.
M ə l ə k. İçəcəksən, indicə dəmləmişəm, ciyərim yanır, məşq eləyəndə çox su itirirəm.
O r x a n. Məşq? Yəni…
M ə l ə k. İncəsənət qurban tələb eləyir. (Qəhqəhə ilə gülür). Ölüsü gündə iki saat məşq eləməliyəm, yoxsa formanı itirərik. Konkurensiya da böyükdür. Gedim çay gətirim.
O r x a n. Mən gedirəm (Ayağa qalxır). Çay da istəmirəm, sağ olun.
M ə l ə k. Reyhanı gözləmirsən? (Ərklə) Otur! Çay da içəcəyik, söhbət də eləyəcəyik. Otur, sözüm var sənə. (Gedir).
O r x a n. (Ətrafa baxır). Nahaq gəldim. (Telefonu zəng çalır). Nədi, ana? Nə izləyirsən məni? Nə olsun bir saatdı? Gələcəm. Ana mən uşaq deyiləm.
M ə l ə k. (Sinidə çay, limon və sair gətirir). Bu da bizim çayımız. Bir müştərim var Lənkərandan gətirir. O vaxtlar Seylon çayı gəzərdik, indi Lənkəran çayı axtarırıq.
O r x a n. Zəhmət çəkirsiz, sağ olun.
M ə l ə k. Sağam. (Gülür). Çayı tək içmək ləzzət vermir, kampaniyada içəndə də söhbət gəlir. İndi mən də sənə bir-iki söz deyəcəm, amma gərək inciməyəsən, həm də söhbət öz aramızda qalsın, heç Reyhan da bilməsin.
O r x a n. Sirdir?
M ə l ə k. (Pauza. Mələk diqqətlə baxır Orxanın gözlərinə). Mat-odinoçka bilirsən nədir?
O r x a n. Tək ana?
M ə l ə k. Bilmirsən, sovet hökuməti olanda belə bir zümrə vardı – mat-odinoçka, yəni atasız uşaq saxlayan tək ana. Bax, mən həmin qadınlardanam, mat-odinoçka.
O r x a n. Reyhanın atasız olduğunu mən bilirəm, amma…
M ə l ə k. Atasız deyəndə ki… Olub atası, amma kişiliyi çatmayıb ki, əkdiyinə atalıq eləsin, qaçıb.
O r x a n. Bu necə ola bilər? Hara qaçıb?
M ə l ə k. Cəhənnəmə! Sən hələ çox şeyi bilmirsən, oğlum. Hə, yadıma düşmüşkən, atan-anan bilirmi sən kimi sevirsən? (Orxan susur). Dillənmirsən.
O r x a n. Heç kəs mənə mane ola bilməz!
M ə l ə k. Deməli, bilirlər, özləri də narazıdırlar. Çox təbiidir. Onların yerinə olsaydım, mən də etiraz edərdim. Bir düşün, Orxan Məcidzadə, siz kim, biz kim?
O r x a n. Dəxli yoxdur, mən Reyhanı sevirəm.
M ə l ə k. Sev də! Biz bunu sənə qadağan eləyə bilmərik ki! O da səni sevir, bəlkə səndən də çox, amma bu heç nəyi dəyişmir. Valideynlər xeyir-dua verməsə xoşbəxt olmaq çətindir.
O r x a n. Bəlkə də çətindir, amma mümkündür.
M ə l ə k. Zəhləm öyüd-nəsihətdən gedir, amma deməliyəm: yenə də deyirəm, sevməyi biz qadağan eləyə bilmərik, amma gen dur qızımdan, sındırma onun taleyini. İki aydan sonra məktəbi bitirirsiz, yollarınız ayrılır.
O r x a n. Mən ondan ayrılmayacam.
M ə l ə k. Siz yaşda adamın hissləri tez-tez dəyişir. Yetkinləşdikcə min xəyala, min eşqə düşür. Elə Reyhan da sənin kimi. Bir vaxt küçədə rastlaşanda keçmişi xatırlayıb güləcəksiniz də. Bəlkə heç salamlaşmadınız da. Mənim qızıma olsa-olsa səndən solğun bir xatirə qalacaq, əvəzində isə adına söz çıxacaq, elə çıxıb da. O müəllimin zəngindən də xəbərdarsan. Bir sözlə, mən xahiş yox, tələb eləyirəm, əl çək Reyhandan. Mənim qızım heç kəsin aşnası olmayacaq!
O r x a n. Siz nə danışırsınız? Aşna nədir?
M ə l ə k. Nədi, sən Reyhanla evlənmək fikrindəsən? Sakit ol, acığın da tutmasın. Başa düş məni, sizin sevməyiniz hələ çox-çox uzaqdadı, bu uşaqlıqdır, şıltaqlıqdır.
O r x a n. Xeyr, bu nə uşaqlıqdır, nə də şıltaqlıq!
M ə l ə k. Bilirəm, Orxan, bilirəm, bu sevgidir, bəlkə də əsl sevgidir, fikrin də ciddidir. Bir az da dərinə getsək sən Reyhanla evlənmək istəyirsən. Köhnə sovet kinolarında olduğu kimi.
O r x a n. (Nifrətlə) Yox, elə deyil, sovet kinolarında olduğu kimi yox. (Qəfil ürək bulanmasından əli ilə ağzını tutur).
M ə l ə k. Nə oldu sənə?
O r x a n. (Başını bulayır). Heç nə!
M ə l ə k. Məni məcbur eləyirsən hər şeyi deyim açıq açığına. Oğlum, sənin atan bizi milçək kimi əzər. Mən onu bir az tanıyıram. Bizim sakit həyatımıza problem gətirmə. Mən cəhənnəm, qızımı bədbəxt eləyər.
O r x a n. Elə deyil! Siz yanılırsınız, hamınız! Heç birinizin ağlına gəlmir ki, sizə dəxli olmayan işə qarışırsınız.
M ə l ə k. Başa düş, sən ağıllı oğlansan, hər şey sevginin başında deyil, o əslində müvəqqəti bir xəstəlikdir, sağalır, özü də tez sağalır, bir az aralı durun, keçib gedəcək. Birindən soruşublar ki, əgər Məcnun Leyli ilə evlənsəydi əhvalat nəylə bitərdi. Cavab verir ki, bir həftədən sonra kürək-kürəyə yatardılar. (Pis gülür və qəfil dayanır) Sən allah, bağışla, söz gəldi dedim… (Orxan yenə də əlini ağzına aparır). Görürəm ürəyin bulanır, amma hələ nə demişəm ki? (Ayağa qalxır) Yəqin bilirsən ki, mən rəqqasəyəm… (Yavaş-yavaş qurşaqdan aşağısını tərpətməyə başlayır, buna uyğun olaraq musiqi səslənməyə başlayır. Mələk oynaya-oynaya xeyli ucadan danışır). Səninkilər restoranlarda göbək rəqsi oynayan rəqqasənin qızına elçi gələcək, toy vurduracaq? Cavab ver, gələcəklər? Yox, əgər gələcəklərsə mənim etirazım yoxdur. (Rəqs eləyə-eləyə oğlanın üstünə yeriyir). Qoy gəlsinlər…
O r x a n. (Qəfil yerindən qalxır) Yox, yox, yox… (Əli ilə ağzını tutub qaçır).
Musiqi güclənir, Mələk hirs və hikkə ilə rəqs edir. Bu əsil oriyental, qəddar-qaba göbək rəqsidir. Rəqsin fonunda Orxan səhnənin önündən qaça-qaça keçmək istəyəndə Reyhanla üz-üzə çıxır. Reyhanın əlində çörək torbası var.
R e y h a n. Orxan? Ağzını niyə tutmusan? (Orxan geriləyir). Niyə dinmirsən, nə olub sənə? Hardan gəlirsən?
O r x a n. (Əlini ağzından götürmədən bərk udqunur). Ürəyim bulanır, ürəyim… (Biləyini qızın əlindən kobud şəkildə çıxarır). Ürəyim bulanır! (Daldaya qaçıb öyüyür)
R e y h a n. Orxan! Sən bizdən gəlirsən? Orxan… (Qaçaraq gedir və otağa daxil olur. Hələ də rəqs eləyən anasına baxır). Mama!
Musiqi kəsilir. Mələk Reyhanın üstünə yeriyir.
M ə l ə k. Gəldin? Nə olub? Rəngin niyə qaçıb?
R e y h a n. Nə dedin ona?
M ə l ə k. Əvvəl bir toxta! (Çiyninə toxunmaq istəyir).
R e y h a n. Əl vurma mənə!
M ə l ə k. Sakit ol, özün də qudurma! Ağzından süd iyi gələn uşaqdan ər olacaq sənə?
R e y h a n. Mama!
M ə l ə k. Zəhrimar mama! Sən onun tayısan? Atası bizi pulla satın alar. Kimin qızı olduğunu yadından çıxartma! Sən rəqqasə Mələyin qızısan. (Aşağısını burcudur).
R e y h a n. (Ağlayır). Mənim taqsırım nədir, mama!
M ə l ə k. Onu qaçqın atandan soruş, məni hamilə qoyub ilim-ilim itən, qaçqın düşən atandan.
R e y h a n. O da mənim taqsırım deyil.
M ə l ə k. Əslində heç kimin nə taqsırı, nə də günahı var, hər kəs tanrının cızdığı taleyini yaşayır. Bu da bizim taleyimizdir.(Reyhanı qucaqlamaq istəyir).
R e y h a n. Dəymə mənə! Toxunma!(Arxası Mələyə dayanır).
M ə l ə k. Neynək, anana arxa çevir, amma o çevirməyəcək ata-anasına kürəyini. O milyonları qoyub səni tutmayacaq, yetimxanadan çıxmış, atasız-anasız Mələyin qızına ərlik eləməyəcək. O Mələyin ki, aldandı şirin dilə, sevgiyə-nağıla, axırda da oldu, baaax…
Musiqi səslənir, işıq azalır, Mələk rəqs edir. Bu çox kəskin göbək rəqsidir.
Həm gözəl, həm bayağı, həm də ədəbsiz bir ifadır. Reyhan yavaş-yavaş
çönüb rəqs eləyən anasına baxır. Üzündə təəccüb və heyrət var…
İşıq sönür.

Nazıgilin evidir. Sadə bəzənmiş otaqdır. Nazı kresloda oturub açıq kitaba baxır. Məktəb çantası da jurnal masasının üstündədir. Səkinə gəlir. Müstəntiq formasındadır. Nazı onun gəldiyini görmür, daha doğrusu hiss eləmir.

S ə k i n ə. Nazı? Qaranlıqda niyə oturmusan? (Böyük işığı yandırır). Nə oxuyursan? (Kitabı alıb baxır).
N a z ı. Ana, nə yaxşı tez gəldin?
S ə k i n ə. Bunu hardan almısan? (Kitabı vərəqləyir). Heç sənin yaşına uyğun deyil. Məhəbbət haqqında düşünmək çox tezdir, özü də olmayan məhəbbət haqqında.
N a z ı. Necə yəni olmayan məhəbbət? Sevgi, məhəbbət yalandı, yoxdu?
S ə k i n ə. Əlbəttə yoxdu. Məhəbbət yelbeyin adamların işidir, qızım.
N a z ı. Bəs «Leyli-Məcnun», Bəs Romeo, Cülyetta?
S ə k i n ə. (Gülür). Kim dedi ki, onlar ağıllıdırlar? Yelbeyinin ən yekəsi elə onlardır. Nəticəsi də göz qabağında. Bəlkə Leyli xoşbəxt oldu, yoxsa o tərbiyəsiz Cülyetta?
N a z ı. Elə danışma, ana.
S ə k i n ə. Necə danışıram ki?
N a z ı. Nə bilim, sən danışanda hər şey öz gözəlliyini, romantikasını itirir. Həyat rəngsiz, ağ-qara kinoya oxşayır.
S ə k i n ə. Maraqlıdır. Mən bilməzdim ki… (Susur və qıza diqqətlə baxır). Sən dəyişmisən.
N a z ı. Mən?
S ə k i n ə. Birdən dəyişmisən, heç xəbərim olmayıb. Sən məndən nəyisə gizlədirsən.
N a z ı. Yox, ana, mən… Nəyi gizlədirəm ki?
Səkinə kresloda oturmuş Nazının qabağında diz üstə
oturur və qızın gözlərinə baxır.
S ə k i n ə. Düz deyirəmmi? (Nazının çənəsindən tutur). Gözümün içinə düz bax. Elə yox, düz gözümün içinə bax. (Qalxıb masaüstü lampanı yandırır və işığı qızın üzünə yönəldir). Üzümə bax!
N a z ı. Neynirsən, ana, işığı niyə üzümə salırsan? (Gözlərini əli ilə qapayır).
S ə k i n ə. Hə, sən məndən nəyisə gizlədirsən? Şək əlini! (Kobudluqla qızın əlini gözündən kənar eləyir). Sən vurulmusan? Görüşürsən?
N a z ı. Ana, götür bu işığı, mən dustaq deyiləm, gözüm qamaşdı.
S ə k i n ə. Əl çəkməyəcəm, Nazı, sən məni tanıyırsan.
N a z ı. Ana, kimdi mənimlə görüşən? O cür qızlar ola-ola…
S ə k i n ə. Nə cür qızlar? Kimdi o qızlar?
N a z ı. Nə bilim, Reyhan, Lalə, elə Nərmin.
S ə k i n ə. Sənə nə olub ki?
N a z ı. Bilmirəm. (Üzünü çevirir). Ana, sevmirəm də sənin bu daprosunu. İndi sən müstəntiqsən deyə həftədə bir məni istintaq eləyəcəksən?
S ə k i n ə. Müstəntiqliyin bura nə dəxli var, Nazı, mən sənin ananam, hər şeyi də bilməyə ixtiyarım var! Sən belə sözlərlə məni azdıra bilməzsən. Heç nədən çəkinmə, düzünü de. Bəlkə məktəbdə sənə bir söz deyən olub, bəlkə kimsə nəsə bir təklif eləyib, oğlanlardan.
N a z ı. Ana, heç kəs mənə heç nə deməyib, heç nə də olmayıb.
S ə k i n ə. Neynək, gedərəm məktəbə, orda özgələrdən, yad adamlardan soruşaram.
N a z ı. Yox, ana, getmə, lazım deyil!
S ə k i n ə. Niyə məktəbə getməyim qorxudur səni? Sabah müəlliməylə görüşərəm. Yox, Qətibə yaxşıdı, onunla aramız açıqdır, o qədər pul basmışam sumkasına.
N a z ı. Nahaq yerə! Mən rüşvətlə qiymət istəmirəm. Mənə halal dördüm bəsdir.
S ə k i n ə. Həri, halal dördü guya özün alırsan? Bilirsən nə qədər minnət qoyur. O məndən heç nəyi gizlətməz. Qoy desin görək o nə sevgidi, nə sözdü!
N a z ı. Getmə, ana, yalvarıram, getmə.
S ə k i n ə. Getmərəm, əgər özün hər şeyi açıb desən.
N a z ı. Axı, bu tək mənim sirrim deyil.
S ə k i n ə. Gördün? Mən bir öldüyüm günü bilmirəm. Kimdi o? Tez de, Nazı, ürəyimi partlatma.
N a z ı. Sakit ol, ana… (Susur).
S ə k i n ə. Danış, susma!
N a z ı. Qətibə müəllimədən ərizə yazmışıq.
S ə k i n ə. Ərizə? Kim yazıb? Nə barədə?
N a z ı. Kim yazıb? Biz, özümüz…
S ə k i n ə. Axı nə yazmısınız?
N a z ı. Yazmışıq ki, Qətibənin bizə dərs deməsini istəmirik.
S ə k i n ə. Sən də istəmirsən?
N a z ı. Həəə... istəmirəm. Qol da çəkmişik.
S ə k i n ə. (Heyrətdədir). Sən də çəkmisən? (Nazı başını tərpədir). Anandan icazəsiz? (Əlini qaldırır şillə vursun, amma saxlayır özünü). Lənət şeytana! Kim səni məcbur elədi? (Çiyinlərindən tutub silkələyir). Kim?
N a z ı. Heç kəs , özüm çəkdim.
S ə k i n ə. Axmaq qız! (Telefona sarı gedib dəstəyi götürür).
N a z ı. Neynirsən?
S ə k i n ə. (Dəstəyi yerinə qoyur, həyəcanla əllərini ovuşdurur). Sənin üstündə nəzarəti zəiflətmişəm. Bir günün içində mən nələr eşidirəm? Leyli-Məcnun, Romeo-Cülyetta, məhəbbət, sevgi. Burdan demaqogiya, ərizə, şikayət… Bütün bunlar barədə sonra… Bəs ərizəni kimə verdiniz? Direktora?
N a z ı. Yox.
S ə k i n ə. Bəs kimə? Yoxsa nazirliyə?
N a z ı. Hələ heç kimə verməmişik.
S ə k i n ə. Bəs kimdədi? Orxanda? Banderoldu-nədi, ondadı?
N a z ı. (Qəfil gülür). Nə Banderol, ana? Marlendi adı.
S ə k i n ə. Gülürsən? Anana gülürsən?
N a z ı. Ana, bəsdi də, dünya dağılıb?
S ə k i n ə. (Qışqırır). Kimdədi ərizə? (Masa üzərindəki çantaya baxır).
N a z ı. (Diksinir və çantasını götürüb sinəsinə sıxır). Ana…
S ə k i n ə. (Təəccüblə) Səndədi? Burda? (Çantanı qızın əlindən almaq istəyir).
N a z ı. Dəymə!
S ə k i n ə. Burax! (Çantanı dartıb alır, ağzını açıb içini eşələyir, hövsələsi çatmır, ağzı üstə çevirir, çantadan dəftər, kitab, qələm və sair məktəb əşyaları döşəməyə tökülür). Hanı, hardadı?
N a z ı. (Ağlayır). Ana, dəymə… Sənin ixtiyarın yoxdu…
S ə k i n ə. Mənim ixtiyarım yoxdu? Budur? (Dəftərin qoşa vərəqinə yazılmış ərizəni tapır və tələsik gözdən keçirir). Qol da çəkiblər.
Nazı qəfil yerindən qopub ərizəni Səkinənin əlindən qapmaq istəyir,
Səkinə cəld tərpənib ərizəni arxasında gizlədir.
S ə k i n ə. Sən dəli olmusan, Nazı?
N a z ı. Ana, o bizimdir, sənin ixtiyarın yoxdur onu götürməyə.
S ə k i n ə. Nəyə ixtiyarım çatdığını mən daha yaxşı bilirəm.
N a z ı. Yox, bilmirsən! Bilmirsən!!
Səkinə Nazıya bərk şillə vurur. Nazı üzünü tutub döşəməyə çökür və hönkürür.
S ə k i n ə. Sən qudurmusan! (Telefonun dəstəyini götürür). Alo, Qətibə müəllimə, mənəm, Səkinə xanımdır, bəli… Təcili görüşməliyəm sizinlə… çox vacibdir. Telefon söhbəti deyil. (Dəstəyi qoyur, plaşını götürür). Dur ayağa üzünə su vur, axmaq qız. Qətibə müəlliməni istəmir, sən qələt eləyirsən! Dur dedim sənə!
N a z ı. (Ayağa qalxır, üz-gözünü əllərinin arxasıyla silir). Ana, əgər ərizəni Qətibə müəlliməyə versən, mən o məktəbə ayaq basmayacam.
S ə k i n ə. (Tərəddüdlə dayanır) Sən ananı hədələyirsən? (Nazı yerə dağılmış dəftər-kitabı tələsmədən çantaya yığır). Eşitmirsən? (Çantanı dartıb əlindən alır). Sən məni hədələyirsən, qabağıma şərt qoyursan? Sən belə qudurmusan?
N a z ı. (Ayağa qalxır və ləng hərəkətlə döşəməyə dağılmış dəftər-kitabın üstü ilə addımlayır və bir növ öz-özünə danışır). Bu xəyanətdi… Mən uşaqlara xəyanət elədim… Mən onlara xəyanət elədim. Xəyanətin cəzası nifrətdir, satqının cəzası ölümdür.
S ə k i n ə. (Çaşqındır). Dayan görüm nə deyirsən… Nə nifrət, nə xəyanət? Ölüm nədi? Sən dəli olmusan?
Nazı gedir, Səkinə bir müddət tərəddüd içərisində dayanır, sonra qəti qərar qəbul eləmiş adam kimi dəftər-kitabı çantaya yığıb Nazı gedən səmtə gedir.

İşıq sönür.

Zəng vurulur. Nazıdan başqa hamı sinifdədir. Çılğın rəqs musiqisi altında uşaqlar rəqs edir. Bu rəqsdə hiddət çoxdur. Nazı ürkək-ürkək gəlir, bir müddət rəqs eləyən uşaqlara baxır, yerində – dayandığı yerdə dingildəyir və nəhayət rəqsə qoşulur, amma dəstə ona əl-ayaq açmağa imkan vermir. Onlar rəqs havasında Nazını hiddətlə oyundan kənarlaşdırmağa çalışırlar, qızı bir küncə sıxışdırırlar.

H a m ı. Satqına nifrət! Nifrət! Satqına ölüm! Ölüm! Ölüm… Ölüm!..
Nazı təzyiqə davam gətirməyib qaçır və səhnədən çıxır. Rəqs pozulur.
Kimi dayanır, kimi oturur, kimi hələ oynamaqda davam edir.

T o f i q. Uşaqlar, qəddar olmayın. Allahın bir adı da Rəhim Allahdır.
M a r l e n. Gördünüz onun qorxaq gözlərini? Əsl satqın gözüdür.
S ə m ə d. Sən mumla Merlin! Hələ məlum deyil kim birinci satıb bizi, sən ya Nazı?
M a r l e n. Satqın özünsən!
R e y h a n. Səməd, Nazını təmizə çıxarmağa çalışma, hər şey məlumdur.
S ə m ə d. Nazı satqın ola bilməz, onu aldadıblar, anası aldadıb.
L a l ə. Ah, necə istərdim məni də bir aldadan olaydı.

Bu yerdən rejissorun yazdığı səhnə başlayır. Sabah gəlir və
Uşaqlarla birlikdə Nazını xilas etməyə gedirlər və Sabahın
monoloqu : “Vı druzğə naveki i odnoy krovi i dalee…”

İşıq sönür
Hamı sinifdədi. Həyəcan bir qədər səngiyib. Nazı da yerindədir.
S ə m ə d. Məni niyə sevən yoxdu, Lalə? Hamı elə Orxana vurulur?
L a l ə. Adə, Orxanın atası milyonçudu, o nədi, oliqarxdı, sənin nəyin var? Bir jurnalist atan var, onu da hər yazısından sonra ya döyürlər, ya da məhkəməyə çəkirlər.
Hamı gülür.
O r x a n. Lalə xanım, nə xoşuna gəlmir?
L a l ə. Qələt eləyərəm, qərdeş. Mən yerini bilən qızam, başqaları kimi xam xəyala düşmərəm!
R e y h a n. Narahat olma, Lalə xanım, biz də ta xam xəyala düşmürük, heç kəsi də sevmirik, səhv eləmişik.
T o f i q. Qadın sevməz, ey mənim müsəlman bacılarım, qadın sədaqətli olar, haram hisslərlə doldurmayın qəlbinizi. Allahı sevin, ona pənah aparın.
L a l ə. Molla yaman dil açıb, heç kəkələmir də.
T o f i q. Allah hər şeyə qadirdir, Lalə bacım.
S ə m ə d. Bu da bizim ərizəmiz, lap yolun başlanğıcında məhv edildi.
N a z ı. Uşaqlar, mən...
S ə m ə d. Nazı, məsələni həll elədik də, sənin heç bir tqasırın yoxdu.
O r x a n. Uşaqlar, biz təzəsini yaza bilərik, nə çətin işdir?
L a l ə. Orxan, nə ərizə ey, niyə bizi dağa-daşa salırsan, atova de müəllimi dəyişdirsin, direktoru tutdursun, lap elə bağlatdırsın bu məktəbi k çortu.
Hamı gülür.
M a r l e n. Bu qız bizim hamımızdan ağıllıdır.
L a l ə. İstəyirsiz satqın deyin, istəyirsiniz xain deyin, mən bundan sonra heç nəyə qol çəkən deyiləm. Qətibə müəllimə zəng eləyəndən sonra anam ətimi kəsirdi, hələ atam bilsə tikə-tikə doğrayar məni.
S ə m ə d. Atan qəssabdır?
L a l ə. Yox, morqda işləyir, ölüləri yarır.
Hamı gülür.
R e y h a n. Mən də çəkməyəcəm.
O r x a n. Sən kimdən çəkinirsən?
R e y h a n. Elədir, məni tikə-tikə doğrayacaq atam yoxdur, anam da oliqarx deyil, rəqqasədir. Ürəyim də bulanmır həyat həqiqətlərini eşidəndə.
O r x a n. (Yavaşdan) Sən məni düzgün başa düşməmisən.
R e y h a n. Heç başa düşmək istəmirəm də!
Sabahla Gülər gəlir. Uşaqlar ayağa qalxır.
S a b a h. Əyləşin, təşəkkür edirəm! (Müəllim yerini Gülərə göstərir). Bu gündən o yer sənindir.
G ü l ə r. Axı… icazə verin partada oturum. (Arxa sıradakı boş yeri göstərir).
S a b a h. Yox, Gülər müəllimə, bax elə burda.
G ü l ə r. (Əlacsız qalıb oturur). Təşəkkür edirəm.
S a b a h. Uşaqlar, Gülər müəllimə bu il universiteti bitirir, fizika-riyaziyyatı, mənim kimi. Praktikanı bizdə keçməlidir. Sizə demişdim. Düz iki ay məni əvəz eləyəcək.
Sinifdən narazı uğultu keçir.
R e y h a n. İki ay?
S ə m ə d. Elə dərslər də bitir də iki aya.
O r x a n. Biz ta sizi görməyəcəyik?
S a b a h. Niyə? Mən özgə şəhərə köçmürəm ki?
R e y h a n. Axı niyə bizə? Biz sizdən ayrılmaq istəmirik.
S a b a h. Mən də sizdən ayrılmaq istəmirəm, amma hər şey həmişə biz istəyən kimi olmur. Mən getməliyəm, səbəbini də soruşmayın. Allah Güləri yetirdi ki, dərsləriniz kəsilməsin. Həm də Gülər hərtərəfli yaxşı qızdır. Riyaziyyatçı olmasına baxmayın, hekayələr də yazır, gənc yazıçıdır.
G ü l ə r. Sabah müəllimə…
S a b a h. Niyə gizlədək, hekayələri mətbuatda çap olunur.
O r x a n. Amma biz sizi sevirik.
S a b a h. (Gülümsəyir). Mənim heç etirazım yoxdur.
S ə m ə d. Biz sizi itirmək istəmirik, özü də bu böhranlı çağımızda.
S a b a h. İtirmək dediniz, yadıma düşdü. O gün Gülər mənə bir hekayəsini vermişdi. Çox təsirli yazıydı, istərdim, siz də oxuyasınız. Hekayənin məğzi belədi ki, insan qazana-qazana gəlir və bir müddətdən sonra itirə-itirə gedir. Gəncliyini, gözəlliyini, sağlamlığını, yaxın dostlarını, tanıdığı adamları, nəhayət…
M a r l e n. Var-dövlətini?
S a b a h. Nəhayət, türklər demiş, insan həyatını kayb edir, itirir.
T o f i q. Bəli, fani dünyanın qanunlarına görə elədir. Bu zahirən görünəndir, müəllimə, batində isə başqadır. İnsan imanlıdırsa, Allah deyənlə durub oturursa, itirdiklərinin əvəzində heç vaxt itirməyəcəyi əbədi həyat qazanır, inşallah.
S ə m ə d. Burda bir salavat çevirək.
S a b a h. Gülməyin, Tofiqin sözlərində böyük hikmət var. Son anda hər şeyini itirəcəyini bilən adam bu itkilərə hazır olmalıdır. Heç vaxt itirməkdən qorxmamalıdır. Bu kədərli olsa da, qaçılmazdır.
G ü l ə r. Sabah müəllimə, siz mənim yazımı bircə cümlə ilə çox yaxşı şərh elədiniz, amma mən… (Tofiqə) Sizin…
S ə m ə d. Molla Tofiq!
G ü l ə r. Çox şadam… Molla Tofiqin… (Uşaqlar gülüşür).
T o f i q. Əstafurullah!
G ü l ə r. Sizin sözləri eşitmiş olsaydım, o hekayəni başqa cür yazardım.
R e y h a n. Danışanda hər şey gözəldir, işə gələndə isə...
N a z ı. İnsanlar çox qəddardır.
S a b a h. Beş ildir sizə dərs deyirəm, hamınızı da, fikrimcə, yaxşı tanıyıram. Həmişə də sizə fizika-riyaziyyatdan da vacib olan nəyi öyrətməyə çalışmışam?
O r x a n. Ədalətli və mərhəmətli olmağı.
S a b a h. Bəlkə mən istəyimə nail ola bilməmişəm?
R e y h a n. Çətindir, müəllimə, reallıq adamı qəddar olmağa məcbur edir.
L a l ə. Bu məktəbdə biz nələr görmədik?
S ə m ə d. Heç məktəbdə ədalətli ola bilmirsən.
S a b a h. Gülər müəllimə, görün kimlərlə işləyəcəksiniz.
G ü l ə r. Mənim üçün çox maraqlıdır.
O r x a n. Qətibə müəllimənin pis işlərindən hamının xəbəri var, amma hamı ərizəyə görə bizi qınayır, imkanı olan danlayır, hələ hədələyirlər. Bir müəllim demir ki, yaxşı eləmisiniz.
L a l ə. Adə, Qətibə müəllimə təkdi? Elə əksər müəllimlər onun tayı deyil? Öz canlarından qorxurlar, ona görə də bizi hədələyirlər də, qınayırlar da.
S a b a h. Yox, uşaqlar, mən orda da, burda da sizi qınamıram. Dərinə getsək Qətibə müəlliməni bir müəllim kimi qəbul eləmirəm, amma o qədər qınaya da bilmirəm. (Sinifdən narazı səs keçir). Hövsələ eləyin… Sakit! Axı demişəm sizə. İstənilən cəmiyyətdə hər şey bir-biri ilə bağlıdır, əlaqəlidir, səbəb-nəticə münasibəti var, bunu unutmaq olmaz. Bu gün dünənin, sizin görmədiyiniz eybəcər bir rejimin nəticəsidir. Zahirən çox şey yeni görünür, mahiyyət isə elə o mahiyyətdir. Biz indi pulun hər şeydən, bütün mənəvi dəyərlərdən yüksək yerə qoyulduğunu görəndə çaşırıq, özümüzü itiririk. Bax əsl səbəb burdadır.
G ü l ə r. Sabah müəllimə, o gün internetdə oxudum. Bir məktəbdə oxşar hadisə baş verib, Rusiyada.
R e y h a n. Orda da ərizə yazıblar?
G ü l ə r. Yox, ərizə deyil. Uşaqlardan birinin atası kimya müəllimini çağırtdırıb öz ofisinə deyib ki, bu qədər sənə pul verirəm, bir-iki illik maaşından çoxdu, özünü də başqa məktəbə işə düzəldirəm, bir şərtlə ki, bu məktəbdən çıxasan. Müəllim dərhal, hətta düşünmədən razılaşır, pul konvertini alanda soruşur ki, yaxşı, səbəb nədir, niyə mən çıxmalıydım bu məktəbdən? Ata cavab verir ki, sənin bir gözün göydür, o biri qəhvəyi, bu, oğlumun xoşuna gəlmir.
L a l ə. İnsaflı olub ki, vurub gözünü çıxartmayıb.
Hamı gülür.
S ə m ə d. İndi neynəyək, müəllimə, gözləyək görək gözümüzü nə vaxt çıxaracaqlar?
G ü l ə r. Mən inanıram ki, vaxt gələcək varlı da, elə kasıb da anlayacaq ki, məktəbin işinə insafsız müdaxilə etmək olmaz. Nəhayət, insanlarımız başa düşəcəklər ki, oxumamaq üçün pul, rüşvət vermək nonsensdir, absurddur. Mən buna inanıram.
L a l ə. Sizi bilmirəm, o günü görməyə mənim ömrüm çatmayacaq.
S ə m ə d. Niyə belə ümidsizsən, Lalə?
L a l ə. Mən cavan öləcəm.
Hamı gülür.
S a b a h. Siz artıq tanış oldunuz. Yenə nəsə qəribə bir iş tutmaq istəsəniz Gülər müəllimədən soruşun. Gənc olmasına baxmayın, çox ağıllıdır, həm də oğlanları xəbərdar eləyim ki, Gülər nişanlıdır.
S ə m ə d. Artıq gecdir, Marlen vurulub.
M a r l e n. (Gülərə) Fikir verməyin, müəllimə, başında problemi var.
Hamı gülür.
O r x a n. (Sabaha) Biz sizi bir də nə vaxt görəcəyik?
S a b a h. Çətin sualdır… hər şey, Tofiq qardaşımız demişkən, Allahın istəyindən asılıdır.
T o f i q. Hər namazda sizə dua eləyəcəm, müəllimə!
S a b a h. Mən harda olsam o duaları eşidəcəm, molla Tofiq. Hər birinizin səsi daima qulağımda olacaq, sizi istəsəm də unuda bilmərəm.
S ə m ə d. Müəllimə, biz sizi sevirik.
R e y h a n. Çox sevirik! Siz bizim üçün… mənim üçün… söz tapa bilmirəm, amma mən bu məktəbə sizə görə gəlirdim, sizi görmək, sizin səsinizi eşitmək üçün. (Qəfil ağlayır).
S a b a h. Siz məni ağlatmaq istəyirsiniz? (Yaxınlaşıb əlini Reyhanın titrəyən çiyninə qoyur) . Sən xoşbəxt olacaqsan, mən bunu hiss eləyirəm, mütləq xoşbəxt olacaqsan. Buna sənin gücün çatacaq.
S ə m ə d. Bizim bir sirrimiz var, müəllimə, and içmişdik ki, o sirri ancaq buraxılış gecəsində açıb deyəcəyik sizə, hamının yanında, bütün məktəbin gözü qabağında.
S a b a h. O sirrin mənə dəxli var?
S ə m ə d. Uşaqlar, indi deməliyik. Orxan!
O r x a n. (Çox həyəcanlıdır). Sabah müəllimə, neçə dəfə soruşmusunuz, deməmişik daş-divara yazdığımız o emeseslərin mənasını. Baxın… (Keçib yazı taxtasını çevirir). Burda da emeses yazılıb. Kimin xəttidir bilmirəm.
S ə m ə d. Di uzatma də!
O r x a n. Siz heç bilirsiniz o hərflərin açmasını?
S a b a h. (Tərəddüdlə) Mən səni sevirəm olar də. Hə, Gülər müəllimə?
G ü l ə r. Biz də yazardıq məktəbdə.
O r x a n. Yox, müəllimə, onun açılışı… (Uşaqlara him eləyir).
H a m ı. (Xorla) Mən Sabahı sevirəm!
S a b a h. (Çaşqındır) Siz… (Halsız stula çökür). Necə sadə… asan… (Kövrəlir). Axır məni ağlatdınız. (Ağ dəsmalını gözlərinə sıxır).Gəlin qurtaraq... nə dərsi oldu bu?
G ü l ə r. Bu həyat dərsidir.
S a b a h. Bəlkə də, amma mən də bir etiraf eləyim: em.de.es.es., yəni mən də sizi sevirəm. Sizin gələcəyinizə inanıram. Siz bizdən fərqli olacaqsınız, siz hər cəhətdən gözəl olacaqsınız. Ömrümün bu böhranlı çağında sizin emeses mənə qanad verdi. Bu gün bir daha müəllim olmağımla fəxr elədim. Bu gözəl hissləri mənə yaşatdığınıza görə sizə təşəkkür edirəm (Yüngül təzim edir).

Əvvəl Gülər, sonra uşaqlar əl çalır.

İşıq sönür.
Sinifdir. Gülər əlində bir dəstə qoşa dəftər vərəqi gəlir. Müəllim yerində
oturur. Vərəqlərdən birini götürüb baxır, hərdən dodaqları səssiz tərpənir.
Üzündə təbəssüm var, arada dəsmalını çıxarıb gözünə sıxır.
Qətibə müəllimə gəlir. Çiynindən sumka asılıb.

Q ə t i b ə. Tək niyə oturmusan? Dərslərin bitmədi?
G ü l ə r. Bir azdan gedəcəm.
Q ə t i b ə. Necə keçir praktikan? Səni görəndə iyirmi il qabaqkı vaxtım düşür yadıma. Hayıf ki, pis sinfə düşmüsən.
G ü l ə r. Pis niyə?
Q ə t i b ə. Bilmirsən onlar məndən ərizə yazıblar, bəzi müəllimlərin fitvası ilə? Yaxşı ki, valideynlərdən biri gətirib verdi mənə. Çox tərbiyəsiz, həyasız uşaqlardır, qudurğandılar.
G ü l ə r. Mən elə deməzdim.
Q ə t i b ə. (Kinayə ilə) Bəs necə deyərdin?
G ü l ə r. O sinifdə çox ağıllı, düşünməyi bacaran əsil şəxsiyyətlər var.
Q ə t i b ə. Kimdi o şəxsiyyət? Atasının pullarından quduran Orxandı, yoxsa anası göbək oynadan o həyasız, tərbiyəsiz Reyhandı, gözümün qabağında elə o Orxan şəxsiyyətə sarmaşmışdı. Hələ o zınqırovlu-qotazlı Laləni demirəm, oğlanların yanında pamada yaxır dodaqlarına.
G ü l ə r. Siz elə mənzərə cızdınız ki, eşidən elə bilər söhbət bir yığın cinayətkardan gedir.
Q ə t i b ə. Bunlar hamısı faktdır, Gülər xanım.
G ü l ə r. Fakt hələ həqiqət deyil.
Q ə t i b ə. Bəs nədir həqiqət?
G ü l ə r. Həqiqət odur ki, siz dərs dediyiniz şagirdləri sevmirsiniz.
Q ə t i b ə. Sevmək? Mən onlara nifrət eləyirəm.
G ü l ə r. Bəs nifrət elədiyiniz adamlardan nifrət görəndə niyə hiddətlənirsiniz? Mexanikanın qanunudur: təsir əks-təsirə bərabərdir.
Q ə t i b ə. Görürəm, sən də Sabah müəllimənin çaldığına oynayırsan, işi-gücü başqa müəllimlərin dalınca danışmaqdı.
G ü l ə r. O çox xoşbəxt müəllimdir.
Q ə t i b ə. Getdi o xoşbəxt! Bir adama da demədi niyə gedir, hara gedir?
G ü l ə r. Görün, sizin nifrət elədiyiniz o tərbiyəsiz uşaqlar onun haqqında nə yazırlar?
Q ə t i b ə. Nə yazırlar?
G ü l ə r. İnşadır: «Mənim arzum».
Q ə t i b ə. Bilirəm, yazmağın var, amma sən ədəbiyyat müəllimi deyilsən axı.
G ü l ə r. Mən uşaqlarla tanış olmaq istədim, ona görə də dərsdən kənar belə bir tapşırıq verdim, könüllü. Əvəzində onlar da mənim həmin mövzuda inşa yazmağımı istədilər. (Gülümsəyir).
Q ə t i b ə. Demədim, onlara üz vermə?
G ü l ə r. Bu çox maraqlıydı. Onların da məni tanımaq istəmələri təbiidir.
Q ə t i b ə. Yazdın?
G ü l ə r. Yazdım, onlar da yazdılar. (Qoşa vərəqləri göstərir). Mən bu yazıları oxuyanda ağladım.
Q ə t i b ə. (Təəccüblə) Ağladın?
G ü l ə r. Bilirsiz, hərə öz istəyindən, gələcəyindən, arzularından çox şey yazıb, amma hər biri sonda inşanı eyni bir arzu ilə bitirib.
Q ə t i b ə. (Səmimi maraqla). Mənim ölümümü istəyiblər?
G ü l ə r. (Gülür). Bu hardan gəldi ağlınıza?
Q ə t i b ə. (İstər-istəməz gülür). Nə bilim, onlardan nə desən çıxar.
G ü l ə r. Bəlkə birini oxuyasınız?
Q ə t i b ə. Ver görüm.

Qətibə eynəyini taxıb vərəqlərdən birini oxumağa başlayır. İşıq azalır.
Reyhan işıq haləsində görünür.

R e y h a n. Mən atasız böyüyürəm, bu kimin səhvidir, anamınmı, adını bilmədiyim, üzünü görmədiyim atamınmı? Bilmirəm! Bəlkə də çox adamın günahı var, amma meydanda yalqız qalan anamdır. Mən heç kəsi qınamıram, anama, onun peşəsinə görə tənə, bəzən rişxənd yeri olsam da, onu da taqsırlandırmıram, hər kəs bu dünyada öz taleyini yaşayır, amma bizim taleyimizi dəyişmək imkanımız var, bunu çox sevdiyim dostumuz molla Tofiq deyir. Mən anamın səhvlərini təkrar etməyəcəm, mən şərəfli, namuslu gözəl bir ömür yaşayacam, buna mənim gücüm çatacaq, çünki bu yolda mənim üçün parlaq bir nümunə var. O mənim Sabah müəlliməmdir. Mən onu anamdan çox sevirəm desəm, yəqin ki, günah eləmiş olaram, amma nə gizlədim, bu belədir. Biz hamımız onu sevirik, məhəbbətimizi bildirmək üçün hara gəldi M.S.S. yazırıq. Bu bizim sevgi parolumuzdur. Çoxları elə bilir ki, M.S.S. – mən səni sevirəm deməkdir…
Q ə t i b ə. (Qeyri-ixtiyari) Bəs nədir?
R e y h a n. M.S.S. – Mən Sabahı sevirəm deməkdir. Mənim arzularım çoxdur, bu yazıda heç birini dilimə gətirməyəcəm, çünki mənim ən güclü istəyim Sabah müəlliməyə oxşamaqdır, o mənim idealımdır.
O r x a n. (Gəlib işıq haləsinə girir və Reyhanın əlindən tutur). Mən bu dünyada çox adamı sevirəm, arzum onlar üçün yaxşı oğul, insan, əsl kişi, ər, vətənim üçün qeyrətli vətəndaş olmaqdır, ancaq bu yazımda sevdiyim iki adamın adını çəkəcəyəm, birinin adını ürəyimdə deyəcəm, çünki o mənim yanımdadır, əli əlimdədir. O birisinin adını isə yazmaq yox, ucadan qışqırmaq, hayqırmaq istəyirəm: Mən Sabahı sevirəm!
S ə m ə d. (Gəlir).Mən hələ ki iki qadını sonsuz məhəbbətlə sevirəm: biri anamdır, o biri müəlliməm Sabahdır. Onu yenidən sinfimizdə görmək istəyirəm.
L a l ə. (Gəlir). Arzularımı yazsam bir kitaba sığışmaz, ona görə də qələmi saxlayıram. Kimdi mənim arzumu vecinə alan? Kim kimədi? Bu dünyada haqq-ədalət olsaydı pis adamları qoyub…
Q ə t i b ə. (Pıçıldayır). Məni deyir.
L a l ə. …Sabah müəlliməni bizdən ayırmazdı. Allahım, molla Tofiq deyir ki, sən eşidənsən, eşit səsimi, harda olur olsun Sabah müəlliməni pis adamlardan qoru! (Ağlayır).
M a r l e n. (Gəlir) Nə gizlədim, dünyaya baxışlarımız fərqli olsa da, mən Sabahı sevirəm, mənim ona mənəvi ehtiyacım var.
N a z ı. (Gəlir. Göz yaşlarını silə-silə danışır). Məndə yaxşı nə varsa, Sabah müəllimədəndi. O mənə necə insan olmağı öyrətdi, məni ölümdən, pis adla xatırlanmaqdan xilas elədi. Mən ömrüm boyu emeses deyəcəm. Qızımın adını Sabah qoyacam. Bu mənim gizli arzumdur.
T o f i q. (Gəlir). Bismillahirrəhman irrəhim! Mənim bu fani dünyada bir arzum, bir istəyim var. Allahıma yaxın olum, əsil müsəlman ömrü yaşayım, inşallah! Bütün ömrüm boyu yaxşı, əməli-saleh insanlara dua edəcəm. Mənim indiki dualarım isə qadınlar içində mələk, müəllimlər içində ali mərtəbədə olan Sabah anamızadır. O dinsiz-imansızlar arasında, şərəfsizlər içərisində müəllim adını uca tutmağı bacardı, müəllim peşəsinin istənilən şəraitdə şərəfli olduğunu sübut elədi. İlahi, eşit sənə daim ibadətdə olan aciz bəndənin səsini, qəbul et dualarımı, Sabah müəlliməni hifz elə…
İşıq yanır. Uşaqlar bir topa kimi səhnədədirlər. Gülər yazıları xeyli sarsılmış
Qətibədən alır. Qətibə heyrətlə, Gülər heyranlıq və məhəbbətlə baxır uşaqlara.
Orxan uşaqlardan aralanıb yazı taxtasına iri hərflərlə «M.S.S.» yazır.
O r x a n. Mən Sabahı sevirəm.
R e y h a n. Mən Sabahı sevirəm.
N a z ı. Mən Sabahı sevirəm.
S ə m ə d. Mən Sabahı sevirəm.
M a r l e n. Mən Sabahı sevirəm.
T o f i q. Mən Sabahı seee…
L a l ə. Sevirəm!
Qətibə gedir. Gülər uşaqlara baxmaqda davam edir.
H a m ı. (Xorla) Mən Sabahı sevirəm… Mən Sabahı sevirəm…
İşıq sönür. Pərdə.


İyul-avqust, 2009
XS
SM
MD
LG