Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:46

E. İsmayılov: «Bağırov 1937-ci ildə plenumda deyir: «Bu faktı mənə kim çatdırdı? Səməd Vurğun...» [Video]


Azerbaijan - Azeri historian Eldar Ismayilov, Baku, 18Jun2013.
Azerbaijan - Azeri historian Eldar Ismayilov, Baku, 18Jun2013.
-

Müşfiqi, Cavidi «vuran» yazıçılar: bunu könüllü edirdi, yoxsa başqa yolu yoxuydu?

Azadlıq Radiosunun «Pen klub» proqramında tarixçi Eldar İsmayılov, yazarlar Səlim BabullaoğluSeymur Baycan bu suala cavab verdilər.

Eldar İsmayılov:

- Mən bu məsələləri araşdırmışam və çox maraqlı məqamlara rast gəlmişəm. O dövrdə sinfi mübarizə pərdəsi altında yazıçılar, şairlər, ədəbiyyatçılar arasında çox kəskin mübarizə gedirdi, hətta mübarizə yox, çəkişmə gedirdi. Bu prosesə ziyalılar könüllü qoşulmuşdular. Bunu biz açıq şəkildə deməliyik. Biz deyirik o vaxt Müşfiqimiz, Cavidimiz var idi. Amma eyni zamanda, onların əleyhdarları da var idi. Əleyhdarları sonradan çox böyük şöhrət qazanmış, orden-medallar qazanmış adamlarıydı... 1934-cü ildə Mərkəzi Komitənin katibi Mircəfər Bağırov qurultayda çıxış edib. Mən düşünürdüm ki, o sərt danışmalıdır. Ancaq xeyr! O yazıçılardan danışanda deyib ki, bəziləri bizim mövqedə durmurlar, məsələn, Cəfər Cabbarlı, Hüseyn Cavid, amma son vaxtlar bizim yolla gedirlər. Bunu 1934-cü ildə deyib. Bir il sonra Cabbarlı vəfat edib, daha sonra da repressiyalar başlayıb. Bu proses bütün ölkədə gedirdi, Azərbaycandan da yan keçə bilməzdi. Bütün günahları bir adamın üstünə atmaq da olmazdı.

SƏLİM BABULLAOĞLU: «O PROSESDƏ İŞTİRAK ETMƏMƏK OLARDI»

Şahnaz Bəylərqızı:

- Bu prosesdən sığortalanmaq olardı?

Səlim Babullaoğlu:

- Məlum üç cavab var. Əlbəttə o prosesdə iştirak etməmək olardı. Necə ki, Hüseyn Cavid. Ola bilsin haradasa ifadə verib, amma barmağını uzadıb kimisə nişan vermədi. Belə olmasa bu adamlar güllələnməzdi. Eyni zamanda, məcburiyyət qabağında qalıb ifadə verənlər oldu. Mən o adamları nə qınamaq, nə də ittiham etmək istəyirəm. Bir də üçüncü qrup vardı ki, dövlət siyasəti pərdəsi altında öz həmkarlarına qarşı paxıllıqlarını, həsəd, qibtə hisslərini də məsələyə qatdılar və orda canıyananlıqla iştirak etdilər. Biz xalqımızın, ədəbiyyatımızın, mədəniyyətimizin ağ yerlərini obyektiv şəkildə doldurmalıyıq. Amma qətiyyən biz o dövrdəki üçüncü qəbil adamlar kimi emosiyalarımızı bura qatmamalıyıq.

SEYMUR BAYCAN: «MƏN İNANMIRAM Kİ, KİMSƏ KİMİSƏ SÜRGÜNƏ GÖNDƏRMƏKDƏ VƏ YAXUD GÜLLƏLƏMƏKDƏ CANFƏŞANLIQ GÖSTƏRSİN»

Seymur Baycan:

Səlim Babullaoğlu
Səlim Babullaoğlu
- Düşünürəm ki, qorxu mühiti insanlara təsir edib. Qorxu olmasaydı heç kim heç kimi o dərəcədə satmazdı, üzünə durmazdı. Amma bir məsələ var ki, biz balaca ölkədə yaşayırıq. Üzdə olan insanlar bir-birini tanıyır. O dövrdə adı hallananların övladları bu gün vəzifədədirlər, hakimiyyətə çox yaxındırlar. Bu söhbətlər kimsə kimdənsə inciyəndə ortaya çıxır. Məncə, biz xalq olaraq bunu axıra qədər müzakirə etməkdən, sözümüzü bir-birimizə deməkdən, uşaq vaxtından şeirini əzbərlədiyimiz, yazılarını oxuduğumuz adamların prosesdə iştirakını araşdırmaqdan qorxuruq. Bu yaxınlarda mən bir yazı paylaşmışdım, Yusif Vəzir Çəmənzəminlinin müsavatçıya cavabı haqqında. İki-üç nəfər məni qınadı ki, nə ehtiyac var, olan-olub, keçən-keçib. Görün, bu söhbətlər tam açılsa, geniş ictimai müzakirəyə çıxarılsa nə olar. Bunun səbəbi azadlığın olmamasıdır. Bu adamların övladları çəkilib getməlidirlər, bəlkə bundan sonra kimsə cəsarət edib danışar.

Ş. Bəylərqızı:

- Belə fikirlər var ki, keçmişi qurdalamaq lazım deyil, yəni kim kimdir, kim kimdən yazıb, nədən yazıb və s... Siz nə fikirləşirsiz?

S. Baycan:

- Araşdırmaq lazımdır ki, bu söhbət də bitsin. Məsələn, Əkrəm Əylislinin Anarla davası olanda danışmağa başlayır. Və ya Şamo Arif bir dəfə bu məsələni açdı vəssalam. Daha çox inciklik olanda bu söhbətlər açılır. Ayrı vaxt heç kim danışmaq istəmir. Əlbəttə müzakirə olmalıdır, mütəxəssislər araşdırma aparmalıdırlar. Bilməliyik kim nə edib, niyə edib. Bəlkə o adamlara haqq qazandıracağıq? Mən araşdırılmasının, müzakirə edilməsinin tərəfdarıyam. Amma obyektiv şəkildə. İnciklik notları üstündə yox. Mən inanmıram ki, kimsə kimisə sürgünə göndərməkdə və yaxud güllələməkdə canfəşanlıq göstərsin. Hətta nə qədər pis adam olsa da. O prosesdə adı hallanan insanlar var ki, nə yaradıcılıqlarına, nə də özlərinə simpatiyam var. Amma insafsızlıq olar deyəsən ki, kimsə kimisə sürgünə göndərməkdə canfəşanlıq edib. Ola bilsin qorxu mühiti buna məcbur edib. Hətta sevinirəm ki, nə yaxşı bir çoxları o dövrə qədər dünyalarını dəyişdilər. Yoxsa onların özlərini necə aparacaqları sual altında qalardı. Məsələn, Cəfər Cabbarlı, o vaxtında öldü. Mən istəməzdim elə bir yazıçının adı bu söhbətlərdə hallansın.

ELDAR İSMAYILOV: «BAĞIROV 1937-Cİ İLDƏ PLENUMDA DEYİR: «BU FAKTI MƏNƏ KİM ÇATDIRDI? SƏMƏD VURĞUN...»

Ş. Bəylərqızı:

- Seymur bəy dedi ki, inanmıram kimsə kimisə sürgünə göndərməkdə canfəşanlıq etsin. Bu haqda nə düşünürsüz.

E. İsmayılov:

- Qəti şəkildə o fikirlə razı deyiləm. Bu mülahizə Seymur bəyin cavanlığından irəli gəlir. Həqiqətən də bizim görkəmli nümayəndələrimiz çox böyük həvəslə bu prosesdə iştirak ediblər. Bəzən buna onları məcbur edən də olmayıb. Siyasi Büro üzvü olan Mikoyan xatirələrində yazırdı: «Mı vse bıli merzavtsami». Yeri gəlmişkən, Mircəfər Bağırov yazıçı Böyükağa Talıblıdan çox narazı idi. Ona qarşı təqiblər başlanmışdı. Onda Talıblı Mikoyanın yanına qaçdı ki, onu müdafiə etsin. Ancaq Bağırov buna əhəmiyyət də vermədi. Talıblı tutuldu. O, Xalq Komissarlar Şurasının üzvü, tanınmış yazıçı idi. Onun «Qorxmaz» əsərini əks-inqilabi xətt kimi götürüb, həbs edib, güllələdilər. Bağırov 1937-ci ildə plenumda deyir: «Bu faktı mənə kim çatdırdı? Səməd Vurğun... Mən elə bilirdim ki, Səməd Vurğun özü güllələnməlidir. Sən demə günahlarını dərk edib və bizə kömək edib». Bu faktdır... Səməd Vurğun cavan yaşında vəfat edib. Onun 1954-55-ci ildə qurultayda çıxışları var, bu insan o işlərə görə vicdan əzabı çəkirdi. Az sonra da vəfat etdi. Biz bunu yada salmırıq. Həqiqətən o əzab çəkib. Amma vicdan əzabı çəkməyənlər də olub.

Ş. Bəylərqızı:

- Eldar bəy, Səməd Vurğunun 1937-ci ilin iyununda çap olunan bir məqaləsi var. Orda yazır: «Hüseyn Cavid, Mikayıl Müşfiq kimi alçaqlar kontrrevolusyon fikirlərini ədəbiyyat sahəsində də aparıblar...» Deyirsiz ki, vicdan əzabı çəkirdi, vaxtsız vəfat etdi. Bəs bu cür tonda məqalə yazmağa onu vadar edən nəydi?

E. İsmayılov:

- Açıq danışaq. Qorxu böyük faktordur. Niyə biz elə düşünürük ki, bu adamlar qəhrəmandırlar? Adi insanıydılar. Qorxu rəvac verirdi bu cür alçaq addımlar atmağa. Bayaq dediniz ki, bu məsələni açmaq lazımdırmı? Əlbəttə açmaq lazımdır. Bunlar təkrar olunur. Bəyəm bu gün bu cür hadisələrə rast gəlmirik? Dünən bir söz deyirdi, bu gün başqa, dünən bir partiyanın üzvüydü, bu gün başqa... Daban-dabana zidd fikirləri də utanmadan, çəkinmədən söyləyirlər. İctimai qınaq olmalıdır. Yoxsa insanları vicdana dəvət etmək mümkün olmayacaq.

SƏLİM BABULLAOĞLU: «ƏLBƏTTƏ O ADAMLAR SƏHV EDİBLƏR. FƏRQİ YOXDUR BU SƏMƏD VURĞUNDUR, MƏMMƏD RAHİMDİR VƏ YA SÜLEYMAN RÜSTƏM»

S. Babullaoğlu:

- Əlbəttə o adamlar səhv ediblər. Fərqi yoxdur bu Səməd Vurğundur, Məmməd Rahimdir və ya Süleyman Rüstəmdir. Bunun da kimisi acısını çəkib, kimisi də çəkməyib, mən bunu bilmirəm. Amma düşünmürəm ki, tarixi araşdırmaq, ona qiymət vermək gələcəkdə hansısa fəsadların qarşısını alacaq. İnanmıram. Bu gün bir otaqdan o biri otağa xəbər aparan, bir-birinə paxıllıq edən yazıçıları görürəm. Əminəm ki, balaca şərait yaransa, o adamlar donos verəcəklər... Məni o düşündürmür ki, həmin adamlar qorxaqlıq və şəxsi canlarını hifz etmək üçün belə addım atıblar. Mən buna təbii baxıram, instinktiv qərar veriblər. Məni pəjmürdə edən ayrı şeydir. Peşəkar mənada qısqanclıq edib, donos verənlər məni daha çox narahat edirlər. Bu daha kədərli faktdır. Mən Mikayıl Müşfiqlə bağlı kitabı hazırlayanda bir xeyli yazı oxudum. Onda anladım ki, Hüseyn Cavidlə Mikayıl Müşfiqi niyə öldürüblər. Qısqanclıq bunun üzdə olan tərəfi idi. Müşfiqin Leninə, Stalinə həsr olunan şeirləri var. Bunlar onun ən istedadsız şeirləri idi. Onun həmkarlarının Leninə, oktyabra, partiyaya həsr olunan şeirləri daha istedadlı, daha pafoslu idi. Müşfiqin ideologiya zəminində yazdıqları istedadsız və sönükdür. Bax, Müşfiqi ona görə öldürdülər.

Ş. Bəylərqızı:

- Dinləyici soruşur: «1937-ci ilin hadisələri tam açılıb ifşa olunmadığı üçün bu hadisələr təkrar-təkrar baş vermirmi?».

S. Babullaoğlu:

- Xeyr. Rus yazıçıları, tarixçiləri öz tarixlərinə həm ictimai müzakirə baxımından, həm də tədqiqat aparmaq baxımından daha çox yer verirlər. Rusiya mühitində oxşar hadisələr baş vermirmi? Verir... Mən insanın özünü islah etməyincə tarixə obyektiv qiymət verib, düzəlməsinə inanmıram. Sabah barmağı qapı arasında qalanda instinktlər başlayır danışmağa. Özü də ifşa etmək yox, tarixə obyektiv qiymət vermək lazımdır.

SEYMUR BAYCAN: «BURDA ƏSAS İKİ FİQUR VAR: SƏMƏD VURĞUN VƏ RƏSUL RZA. BU ADAMLAR SATQIN OLUBLAR»

S. Baycan:

Seymur Baycan
Seymur Baycan
- Hakimiyyət dəyişikliyi baş verməyib. Həmin adamların övladları bu gün də hakimiyyətdədirlər. Adı hallananlardan biri Rəsul Rzadır, onu oğlu Anar Yazıçılar Birliyinin sədridir. Həmin Birliyə də həm o donos verənlərin şəkli vurulub, həm də sürgünə göndərilənlərin, güllələnənlərin. Nə bilmək olar, bəlkə də bir balaca həmin dövr olsaydı bu adamlar həmin hərəkətləri təkrar edərdilər, yenə sürgünə göndərər, güllələtdirərdilər. Ola bilsin dövr o dövr deyil, əlləri çatmır. Bu mənada hakimiyyət dəyişməlidir. Yoxsa mənim işim deyil deyim ki, Rəsul Rza, Səməd Vurğun satqındır. Bunu tarixçilər araşdırıb qiymət verməlidirlər. Ancaq o dövrdə baş verənlərin səbəbi ölkədəki ab-hava idi. Bizim tarixçimiz deyir ki, yox, canfəşanlıq da ediblər. Onda soruşuram, bu prosesdə Rəsul Rzanın rolu nə qədər olub? O canfəşanlıq edib, yoxsa mühit ona təsir göstərib? Dördüncü, beşinci dərəcəli fiqurların adalarını çəkmək asandır. Burda əsas iki fiqur var: Səməd Vurğun və Rəsul Rza. Bu adamlar satqın olublar. Onları vadar ediblər yoxsa qanlarında olub?

E. İsmayılov:

- Qərəzli sualdır.

S. Baycan:

- Niyə qərəzli sualdır? Söhbət bu adamlara çatanda sual qərəzli oldu? Amma iki dəqiqə əvvələ kimi tarixçimiz deyirdi ki, canfəşanlıq göstərənlər də olub. Ona görə deyirəm ki, hakimiyyət dəyişikliyi olmalıdır. Bu adamlar getməlidir ki, biz də sözümüzü rahat deyək.

E. İsmayılov:

- Niyə elə düşünürsən ki, sənin sözün düz sözdür? Bunu isbat eləmək lazımdır. Siz cavan oğlansız, cürət edib mənə qarşı ittihamlar irəli sürürsüz. Mən Anarı heç tanımıram, Rəsul Rzanı da görməmişəm. Mən sizin yazıları oxumuşam, heç də bütün hallarda obyektiv mövqedə durmursuz. 1938-ci ildə Rəsul Rza təsadüfən tutulmayıb. O vaxt Kinematoqrafiya Komitəsinin sədri Sultanovu ittiham ediblər ki, o, Rəsul Rzanı - bəy nəslindən olan adamı Kinematoqrafiya Komitəsinə işləməyə göndərib. Yəni siz güman edirsiz ki, 1938-ci ildə günahkar Rəsul Rzayla Səməd Vurğun idi? Elə deyil. Tamam başqa simalar vardı meydanda. Onların oynadığı rol o qədər də böyük deyildi. Düzdür, Səməd Vurğun artıq tanınmış şair idi, ancaq Rəsul Rza o qədər də tanınmırdı. Ola bilsin Anarla narazılığınız var deyə, elə deyirsiz. Cavan oğlansan, ehtiyatlı danış...

S. Babullaoğlu:

Mikayıl Müşfiq
Mikayıl Müşfiq
- Mən o dövrün mütəxəssisi deyiləm. Ancaq Müşfiqlə bağlı yetərincə material oxumuşam. Müşfiqin məsələsində Rəsul Rzanın heç bir canfəşanlığı, ifadəsi-filan olmayıb. Bu dəqiqdir. İllər sonra Rəsul Rza «Qızılgül olmayaydı» poemasında da bunu yazıb. Tarixi sənədləri toplu şəklində çap etmək lazımdır. Məsələn, filankəsin işi, filan sənədlər, filankəsin məqaləsi... Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq eyni gündə tutulublar, bir saat fərqlə. Ertəsi gün haqlarında onlarla məqalə çıxıb, amma orda Rəsul Rzanın məqaləsi yoxdur. Kimsə kiminsə qohumudur, qohumu deyil, ikinci dərəcəli məsələdir.

S. Baycan:

- Bu gün baş verənlər o vaxt baş verənlərə işıq sala bilər. Həmin birlikdir, təxminən o üslubda idarə olunur. Mən ad çəkən kimi Anarla münasibətimin pis olmasına bağladılar. Mən də əvvəldə başqa söz deyə bilərdim. Demədim, haqq qazandırdım ki, canfəşanlıqdan çox, bunu mühit tələb edirdi. Bu gün də mühit bunu tələb edir. Bu gün susanlar da var, eləsi də var ki, nəsə əldə etməkdən ötrü məcburdur bu işi görməyə. Məncə, biz cəmiyyət olaraq bu cür söhbətlərə hazır deyilik. Həm də buna imkan vermirlər. Həmin proseslər yenə davam edir.


İzlə
XS
SM
MD
LG