Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:19

Gəncədə 400 yaşlı «Çökək hamam» sauna olacaq, yoxsa muzey...


Çökək hamam
Çökək hamam
-

Gəncədə XVII əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amilin inşa etdiyi qədim «Çökək hamam»da təmir-bərpa işlərinə başlanıb.

Tarixi abidənin kim tərəfindən təmir edildiyini, təmirdən sonra abidənin özəlliyinin qorunub-qorunmayacağını aydınlaşdırmaq qərarına gəldik. Məlum oldu ki, abidə Milli Elmlər Akademiyasının razılığı əsasında, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bərpa edilir. Ancaq abidənin bərpası ilə bağlı xüsusi bir rəsmi sənəd yoxdur. AMEA-nın Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə isə deyir ki, əsas görülən iş və nəticədir:

«AMEA RƏY VERİB»

«AMEA rəy verib. Hər bir tarixi abidəyə fərdi qərar verilmir. Gəncədə Elm Mərkəzi var, etnoqrafiya şöbəsi var. İcra Hakimiyyəti akademiya ilə birgə bu işi aparır. Belə bir abidənin restavrasiya olunması üçün çox vəsait lazımdır. Ancaq hamamın daxilində xəttatlıq, yazı nümunələri olmadığına görə, bir o qədər də vəsait tələb olunmur. Onun əsas problemi su və kanalizasiyadır. Şəhərimizdə kifayət qədər köhnə kərpiclər var. O binada əhəng suvağı ilə iş görülüb».

Samir Pişnamazzadə
Samir Pişnamazzadə
Samir Pişnamazzadə deyir ki, hamamın sauna kimi istifadə ediləcəyi haqda söz-söhbət ona da çatıb. O bildirir ki, məscidin yanında saunanın olması dini inanclara sığımır. S. Pişnamazzadənin dediyinə görə, hamam bərpadan sonra muzey kimi istifadə edilə bilər. Və əlavə edir ki, hamamda əsas təmir işləri kanalizasiya xətti ilə bağlıdır, qədimilik qorunub saxlanacaq:

«SİZCƏ MƏSCİDİN YANINDA SAUNA OLA BİLƏRMİ?»

«Təmir-bərpa işləri aparılandan sonra muzey kimi istifadə oluna bilər. Onun hamam kimi istifadə olunmağının mümkünsüz olduğunu demirik. Hal-hazırda aktual deyil. Bu gün onun hamam kimi istifadə olunması üçün daha çox iş görülməlidir. Şah Abbas məscidinin yanında sauna tikilməsi söhbəti göstərir ki, bu, şayiədir. Sizcə məscidin yanında sauna ola bilərmi?».

Son günlər Gəncədə bu hamamı bir sahibkarın bərpa edərək, sauna kimi istifadə edəcəyi barədə söhbətlər gəzir. Belə söz-söhbətə əsas verən amillər də var. Belə ki, hamamdakı bərpa işlərini aparan MGM Group abidənin yaxınlığında 4 mərtəbəli otel binası da tikir. Bu şirkətin ərazidə olan nümayəndələri isə bununla bağlı suallarımıza cavab verməyib və hər hansı çəkilişə imkan yaratmayıblar.

Şah Abbas Məscidinin yanında tikilmiş bu hamam sovetlər dönəmində məscidlə birgə bağlanıb və dağıdılıb. Sonralar ümumşəhər hamamı, 1961-ci ildən isə tarixi abidə kimi istifadə olunub.

ZİYALILAR NARAHATDIR...

Qalib Bağırov
Qalib Bağırov
«Çökək hamam»dakı bərpa işlərindən şəhər ziyalıları da narahatlıq keçirir. Hamamda illərdir dekorativ tətbiqi sənətini nümayiş etdirən Rəssamlar İttifaqının Gəncə şəhər təşkilatının sədri Qalib Bağırov deyir ki, buranın başqa məqsədlə istifadə olunması yanlış olar. Üstəlik, bərpa işləri müzakirə edilmədən həyata keçirilir:

«O hamamın üstündə tarixi abidə olmasını göstərən lövhə var. Bu, namaz üçün təmizliyə xidmət edir və Şah Abbas məscidinin yanında kompleks bir abidədir. Məscidlə əlaqəli xidmət göstərib».

Qalib Bağırov deyir ki, «Çökək hamam»da qızıl kəsişmələr sistemindən istifadə edilib. Onun fikrincə, bu abidə memarlıq nümunəsi kimi çox qiymətlidir:

«İndi o hamamı müxtəlif cür rekonstruksiya edirlər. Tarixi abidə onda abidə sayılır ki, onun ilkin forması, materialı qorunur və saxlanılır. Ancaq onu dəyişdirsələr, müasir sauna etsələr o tarixi abidəliyindən çıxacaq».

Əbülfəs Qarayev
Əbülfəs Qarayev
Bir həftə öncə Gəncədə olarkən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev də AzadlıqRadiosunun bu məsələ ilə bağlı suallarına cavab verib. Nazir bildirib ki, belə bir abidə kortəbii təmir edilə bilməz. Bərpa işlərinə mütəxəssislər cəlb ediləcək:

«TƏMİR ÜÇÜN YENİ MÜTƏXƏSSİSLƏR CƏLB EDİLMƏLİDİR»

- «Çökək hamam»da bərpa işləri aparılır. Ancaq kortəbii təmir olması düzgün deyil.

- Bu o deməkdir ki, təmir dayanacaq?

- Yox dayanmayacaq, ancaq təmir üçün yeni mütəxəssislər cəlb edilməlidir».

Hamamın təmirdən sonra necə istifadə olunacağı barədə isə nazir danışmayıb. Hazırda hamanda bərpa işləri davam edir.
XS
SM
MD
LG