Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:40

Zirzəmidə yaşamış jurnalistə mənzil düşmədi


Jurnalistlər üçün tikilən yaşayış evi
Jurnalistlər üçün tikilən yaşayış evi
-
«Yeni Müsavat» qəzetinin əməkdaşı Röya Rəfiyeva ailə qurandan bəri, 11 ildir kirayədə yaşayır. Səkkiz və iki yaşında iki oğlu da var. Doqquz ildən sonra mənzil şəraitini evi dəyişməklə yaxşılaşdıra bilib, ancaq:

«Ayda 320 manat kirayəpulunu ödəməyə imkanımız yoxdur, bir tanışımız verir. Daha əvvəl zirzəmivarı bir yerdə qalırdıq. Heç dostlarımı-tanışlarımı o evə apara bilmirdim. Siçanlarla dolu idi. Siçovul balalarından qorxduğumuzdan çıxıb divanın başında otururduq uşaqlarla. Yaşaması mümkün olmayan bir ev idi. Torpaq döşəmənin üstünə linoleum sərilmişdi. Beton belə yox idi. Doqquz il iki uşaqla o şəraitdə yaşamışam».

İyulun 22-də – Milli Mətbuat Günü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış evinin açarları sahiblərinə paylanıb. Bəzi mənzil yiyələrinin adı bir gün əvvəldən mediada açıqlanmış, özəlliklə baş redaktorlardan siyahıya düşənlər ciddi müzakirə və narazılıqlara yol açmışdı.

Ancaq Röya çalışdığı «Yeni Müsavat» qəzetində bölgünün ədalətli aparıldığını, siyahıya üçüncü düşdüyünü deyir. O bu qəzetdə 4 ildir çalışır, yəni iş stajı mənzil alan həmkarlarından azdır.

10 İLLİK İŞ TƏLƏBİ NƏYİ GÖSTƏRİR?

Xanım jurnalist ev alan 156 həmkarından cəmi beşdə, ya da altıda birinin «başı üstdə çətiri» olmadığını düşünür. O, Bayıldakı binaya son ümid yeri kimi üz tutduğunu söyləyir. Xanım jurnalist dövlətdən mənzil alanların hamısını qaralamaq fikrindən uzaqdır, axı mənzil almaq üçün əsas meyar 10 illik iş təcrübəsi və evsizlikdir ki, bu da mətbuatın durumunu göstərir. Röya, sadəcə, siyahının necə və hansı prinsiplərə dayanaraq təsdiqləndiyinin qaranlıq qaldığını bildirir:

«Ən azından Mətbuat Şurasının nümayəndəsi redaksiyalardakı iclaslarda otururdu. O nümayəndə qalxıb deyə bilərdi ki, ay vicdansız, sənin, axı, evlərin var, buna iddia etməyə bilərsən».

Mətbuat Şurasının sədri Əflatun Amaşov bir gün əvvəl AzadlıqRadiosuna müsahibəsində prezident sərəncamında «evsiz» sözünün yazılmadığını, ayrılan vəsaitin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldildiyini xatırlatmışdı.

«ONLARIN ELƏDİYİ NƏDİR?»

«525-ci qəzet»in redaktor müavini Aydın Bağırov iyulun 22-də mənzil almasını özü üçün simvolik hadisə sayır:
İlham Əliyev jurnalistlər üçün binanın açılışında
İlham Əliyev jurnalistlər üçün binanın açılışında

«1993-cü ilin bu günləri idi, Ağdamdakı evimizi itirdik. 20 il sonra Bakıda mənzillə təmin olundum. Bu, mənim üçün xeyli əlamətdardır».

Aydın daha çox siyasi iddialı şəxslərin mənzillərin ədalətli bölüşdürülməməsi məsələsini qabartdığını düşünür:

«Dövlət mətbuata ildə 2 dəfə pul ayırır. O cümlədən də silahlarını götürüb üstümüzə gəlməyə çalışanların işlədiyi qəzetlərə. Onlar da həmin pulla qəzet çıxarır, işçilərin maaşını verirlər. Bizim elədiyimiz jurnalistikaya xəyanətdirsə, onların elədiyi nədir?».

Prezident İlham Əliyev jurnalistlər üçün binanın açılışında deyib ki, həmin binada 150 jurnalist yaşayacaq və mediaya dəstək davam edəcək:

«Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər. Mətbuat təmsilçiləri ilə görüşdə ortaya çıxan təşəbbüsə dərhal dəstək verildi».

Beynəlxalq hüquq-müdafiə təşkilatları isə Azərbaycanda medianın durumunun getdikcə pisləşdiyini düşünür. Onların fikrincə, jurnalistlərə qarşı zorakılıqların artması, informasiyaya çıxışın get-gedə məhdudlaşdırılması bunu göstərir.

«NİYƏ ÖZ MAAŞI İLƏ OLMASIN?»

«Bizim yol» qəzetinin əməkdaşı İdrak Abbasovun bir müddət öncə çəkiliş zamanı aldığı yaraların yeri hələ də ağrısa da, son 4-5 ayda müalicə almağa maddi imkanının çatmadığını deyir. Özünə ev tikdiyindən mənzil təklifini qəbul etməyib, üstəlik, jurnalistə ev hədiyyə etməkdənsə, evi ala bilmək üçün normal iqtisadi şərait yaradılmalısını vacib sayır. «Niyə jurnalist öz maaşı ilə ev ala bilməməlidir» sualına İdrak Abbasov belə cavab verir ki, mətbuatın özünü dolandırması üçün şərait olmalıdır:
İdrak Abbasov
İdrak Abbasov

«Yadımdadır, Gürcüstandakı müharibə vaxtı orada təxminən bir həftə qalıb «Zerkalo» qəzeti üçün reportaj hazırladım. 400 manat yolpulu vermişdilər. Gələndən sonra çox cüzi məbləğdə də qonorar yazmışdılar. Jurnalist həyatı ilə risk edir informasiya almaq üçün. Bizə təzyiq olunur, hədələnirik. Ancaq hazırladığı məhsula, informasiyaya qiymət verən yoxdur».

İqtisadi inkişaf tempinə görə öndə gedən Azərbaycanda mətbuatın niyə bu inkişafdan kənarda qalması İdrak Abbasovu düşündürür. O, çıxış yolunu qəzetlərin reklam bazarının və satışının gücləndirilməsində görür:

«Normal ölkələrdə reklama görə vergi güzəşti tətbiq olunur. Sahibkarlar vergi yükünü azaltmaq üçün mətbuata reklam verməkdə maraqlı olurlar. Bizdə də bu tətbiq olunsa, qəzetlər, media holdinqləri özləri bina tikib işçilərini evlə təmin edə biləcəklər».

VƏFAT ETMİŞ JURNALİSTİN AİLƏSİ

Sağlığında kirayədə qalan, üç il əvvəl vəfat etmiş jurnalist İbrahim Bayandurlunun yeddi yaşlı qızı dayısının evində qalır. İbrahimin xanımı Səidə deyir ki, mənzil bölgüsünə qatılmaq üçün sənədlərini təyin olunmuş vaxtdan gec təhvil verib:

«Mən, düzü, sənədləri bir az gec verdim. Mənə gec dedilər, mən də gec topladım. Amma qəbul ediblər. Əvvəl eşitmişdim jurnalistlər üçündür və düşünmüşdüm ki, bizə düşməz, – İbrahim yoxdur axı. Sonra dedilər ki, ailəyə də düşür. Adımın siyahıda olub-olmamasından xəbərim yoxdur».

Mediada açıqlanmış siyahıda Səidə (Əliyeva) Bayandurlunun adına rast gəlmədik.
XS
SM
MD
LG